• Azərbaycan Ərazisi Qədim Dövrdə

    Azərbaycan Ərazi̇si̇ Dördüncü Dövrdə

AZƏRBAYCAN ƏRAZİSİ DÖRDÜNCÜ DÖVRDƏ

Azərbaycan ərazisində dördüncü dövrü əhatə edən və bəşəriyyətin bütün əsas inkişaf mərhələlərini səciyyələndirən maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Geoxronoloji bölgüyə əsasən dördüncü dövr üç epoxaya - eopleystosen, pleystosen və holosen epoxalarına bölünür. Azərbaycan ərazisində eopleystosen epoxası 1,8 mln il bundan əvvəl başlanan Abşeron əsrinə müvafiq gəlir. 700 min il əvvəl eopleystosen epoxası başa çatır, onu pleystosen epoxası əvəz edir. Pleystosen epoxası üç yerə bölünür: erkən, orta və üst. Azərbaycanda erkən pleystosenə Bakı əsri (700-400 min il əvvəl), orta pleystosenə alt Xəzər əsri (400-130 min il əvvəl), üst pleystosenə üst Xəzər və erkən Xvalın əsrləri müvafiq gəlir. Pleystosen epoxası Yer kürəsi tarixində buzlaşma dövrü kimi məlumdur.

Dördüncü dövrün sonuncu epoxası olan holosen son 10 min ili əhatə edir. Holosen epoxası Yer kürəsində iqlimin ümumi qlobal istiləşməsi ilə səciyyələnir. Bu istiləşmə Azərbaycan ərazisində dağ buzlaqlarının tam əriməsi, qar xəttinin və landşaft qurşaqlarının yuxarı qalxması ilə müşayiət olunur. Bu dövrdə, yəni 8-5 min il əvvəl Xəzərin səviyyəsi indikindən 6-7 m yuxarıda idi. Bütün Kür-Araz ovalığı yarımsəhra və səhra landşaftlarına malik düzənlik olmuşdur.

Ümumiyyətlə, holosen dövrünün təbii-iqlim şəraiti indikindən az fərqlənirdi.

Şəkili böyütmək üçün üstünə basın

BİNƏQƏDİ QIR GÖLÜ

1938-ci ildə Azərbaycan geoloqu Ə.S.Məstanzadə Binəqədidə qır hasil olan sahənin yaxınlığında yerləşmiş kiçik bir təpənin qədim heyvan qalıqlarının mövcud olduğu məkan olmasını müəyyən etmişdir. Həmin təpə uzun dövr ərzində, bəlkə də bir neçə min il müddətində burada tələf olmuş dördüncü dövr heyvanlarının “məzarlığı” olmuşdur. Tapıntılar qumla qarışmış, neftlə hopmuş və üstdən qırla örtüldüklərinə görə yaxşı qalmışdır. Binəqədi tapıntıları Abşeron yarımadasının pleystosen faunası, hətta florası (təxminən 180 min il əvvəl) haqqında aydın təsəvvür verir. Burada aşkar edilən 50000 onurğalı heyvandan 40-ı məməli, 110-u quş, 2-si sürünən və 1-i suda-quruda yaşayan növə aiddir. Həmçinin 107 növ həşarat və 22 növ bitki qalığı tapılmışdır.

Şəkili böyütmək üçün üstünə basın

ƏN QƏDİM EKSPONATLAR

Ən qədim eksponat: daşlaşmış ağac qalığı

Milli Azərbaycan Tarixi Muzeyinin paleontoloji kolleksiyasının ən qədim nümunəsi daşlamış ağac qalığıdır. Uzunluğu 52,5, eni 12 sm olan bu qalıq azərbaycanlı geoloqlar tərəfindən Şamaxı rayonu ərazisində Maykop çökünütüləri təbəqəsindən tapılaraq götürülmüşdür. Olihosen və alt miosen geoloji dövrlərini əhatə edən həmin təbəqə təqribən 33,9-23 milyon il bundan qabaq formalaşmışdır.

Binəqədi kərgədanı

Binəqədidə tapılmış kərgədanın qalıqları tamamilə təzə bir növə, ən çox Merka kərgədanına yaxın olan növə mənsubdur. Pliosendə yaşamış Etrus kərgədanı skeletinin quruluşuna görə Merka kərgədanına yaxın olaraq, bilavasitə onun əcdadı sayılır. Binəqədi kərgədanının uzunsov başı, bir-birinin ardınca yerləşən iki buynuzu olmuşdur. Böyük buynuz başın ön, kiçiyi arxa tərəfindədir. Kərgədanlar axar su ilə zəngin olan və ya bataqlıq yerlərdə, göllərin kolluqlu sahillərində yaşayırdılar. Gecələr daha çox fəaliyyətdə olur, ağac və kol budaqları, qamış, ot və müxtəlif bitkilərin kökləri ilə qidalanırdılar.

Binəqədi atı

Binəqədi vəhşi atı kompakt bədən quruluşu, böyük başı, düz və yoğun boynu, qısa beli, enli və dərin sinəsi ilə seçilir. Atın düz möhkəm dırnaqları olmuşdur. At sürülərinə 10-15 at daxil idi. Səhə və axşam vaxtlarında yem axtarır, günorta isə yırtıcı heyvanların tapa bilməyəcəyi yerdə istirahət edirdilər.

Şəkili böyütmək üçün üstünə basın

BİNƏQƏDİNİN DÖRDÜNCÜ DÖVR FAUNASI

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan Ərazisi Qədim Dövrdə

© Milli Azərbaycan Tarixi Muzeyi