• Azıxantrop

AZIXANTROP

Dünyanın müxtəlif ölkələri ərazisində aparılan qazıntılar zamanı paleolit düşərgələrindən digər arxeoloji materiallarla yanaşı, paleoantropoloji tapıntılar da aşkar olunmuşdur. Belə tapıntılardan biri Azərbaycan Respublikasının Xocavənd rayonu ərazisindəki çoxtəbəqəli Azıx paleolit düşərgəsindən məlumdur. 1968-ci ilin iyununda M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin Orta Aşel dövrünə aid V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı ibtidai insana məxsus çənə aşkar etmişdir. Azıx mağara düşərgəsinin Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insan qalığına şərti olaraq “azıxantrop”, yəni “Azıx adamı” adı verilmişdir. V təbəqədən çənə ilə birlikdə daş alətlər və heyvan sümükləri də tapılmışdır. Bu təbəqədən eyni zamanda çoxlu mətbəx tullantıları, ocaq yerləri, xəlvət yer, qaya daşlarından düzülmüş ibtidai tikinti hissəsi və s. aşkar olunmuşdur.

Çənənin xüsusiyyətləri

Çənə azərbaycanlı mütəxəssislər, paleoantoloq Dəmir Hacıyev və antropoloq Rəbiyyə Qasımova tərəfindən öyrənilib. Azıxdan tapılmış bu paleoantropoloji tapıntı ibtidai insana məxsus alt çənənin sağ hissəsidir, daha doğrusu, çənənin demək olar ki, sağ hissəsi tam vəziyyətdədir. Tamamilə daşlaşmış və rəngini nisbətən dəyişmiş həmin çənənin əsası və onun üzərində olan üç azı dişinin yerləşdiyi çənə şaxəsinin çox hissəsi yaxşı qalmışdır. Belə ki, çənə üzərində olan dişlərdən sonuncusu tam vəziyyətdə, ikisi isə qazıntı zamanı sınması məlum olur. Eyni zamanda şaxənin yuxarı hissəsi ilə birlikdə çənə oyması, çənə tacı və oynaq çıxıntısı qədim zamanlarda sınmışdır. Çənənin alveol hissəsində üçüncü azı (ağıl) dişi tam şəkildədir. İkinci azı dişinin üst hissəsi isə sınmış, lakin orta və kök hissələrinin qırıqlarına rast gəlinmişdir. Azıxantropun çənəsinin aşağı hissəsi qırılıb düşdüyündən onun qalınlığı ikinci azı (A2) ilə üçüncü azı (A3) aralığı bərabərliyindəki qalınlıqla ölçülmüşdür. Həmin sahədə onun qalınlığı 19,5 mm-dir.

Çənə sahibinin antropoloji tipi

Aparılmış paleoantropoloji tədqiqatlar zamanı müəyyən edilmişdir ki, azıxantropun çənəsi ölkəmizin ərazisində ən qədim insana məxsus olub, 350-400 min il bundan əvvəl Azərbaycan ərazisində yaşamış 18-22 yaşlı qadına məxsusdur.

Azıx paleolit düşərgəsindən tapılmış alt çənənin tam olmadığına baxmayaraq, onun qalmış hissəsi Azıx adamının fiziki quruluşunun müəyyən olunmasında ən mühüm paleoantropoloji tapıntı hesab olunur. Belə ki, azıxantropun çənəsinin morfologiyası, qalınlığı, dişlərinin quruluşu və ölçülərinin paleoantropoloji müqayisə üçün çox mühüm elmi əhəmiyyətə malikdir. Azıxdan tapılmış alt çənə avstralopitek, arxantrop, sinantrop və pitikantropla müqayisə edilmişdir. Aparılmış elmi araşdırmalar maraqlı elmi nəticələr vermişdir. Belə ki, Azıxdan tapılmış çənə üzərində aparılan elmi araşdırmalar zamanı məlum olmuşdur ki, çənə quruluşundakı özünəməxsus əlamətlərə görə bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən isə bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış preneandertal tipli insanlara daha yaxındır. Azıx insanına məxsus çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıx mağara düşərgəsindən tapılmış çənə avstralopitek tipli adamlardan fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların arasında xüsusi yer tutur. Fiziki tipinə görə Azıx düşərgəsindən aşkar edilmiş çənə sinantrop tipli insanla neandertal adamı arasında keçid mərhələsindədir.

Ən qədim insan qalıqları arasında yeri

Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilib. Azıxantropun qalığı paleoantropoloji cəhətdən Azərbaycan və Qafqaz ərazilərində Aşel dövrü adamlarının fiziki quruluşunun elmi tədqiqində mühüm əhəmiyyəti vardır. Belə bir mülahizə də irəli sürülür ki, Azərbaycan və Qafqaz dağlarında yaşamış Aşel dövrü adamları azıxantrop tipli insanlar olmuşlar.

Şəkili böyütmək üçün üstünə basın

Azixantrop

© Milli Azərbaycan Tarixi Muzeyi