• Azərbaycan Xalkolit Dövründə

    Qədim Yaşayış Məskəni: Leylatəpə

QƏDİM YAŞAYIŞ MƏSKƏNİ: LEYLATƏPƏ

Xalkolit (yunan dilində χαλκός - “mis”, λίθος - daş) “mis-daş” dövrü deməkdir. Bu dövr e.ə. V minilliyin ikinci yarısından VI minilliyin ortalarına qədər davam edən zaman kəsiyini əhatə edir. Azərbaycanın xalkolit dövrü üçün Mesopotamiya ərazisindən tayfaların Qarabağ düzənliyinə köçü, yerli əkinçi-maldar tayfalarının qonşu bölgələrlə əlaqələrinin artması, ev sənətkarlığında, dəfn adətlərində və digər sahələrdə inkişaf meyllərinin artması səciyyəvidir. Arxeoloji qazıntılar bu tarixi mərhələdə Azərbaycan ərazisində Leylatəpə arxeoloji mədəniyyətinin yayıldığını sübuta yetirmişdir.

Azərbaycanın xalkolit dövrünə aid yaşayış yerlərində aparılan qazıntılar zamanı müəyyən edilmişdir ki, bəzi abidələrdə çiy kərpicdən (Leylatəpə, Berikldeebi) evlər tikilmiş digərlərində isə möhrə, çubuqhörmə, daş tikililərdən və yarımqazmalardan (Böyük Kəsik, Poylu) istifadə edilmişdir. Qalayerində isə tikililər gil qatlarından qurulmuşdur. Leylatəpə yaşayış məskəni Qarabağda, Ağdam rayonu ərazisində, Xındırıstan və Quzanlı kəndləri arasındakı düzənlik ərazidə yerləşir. Abidə 50-60 m diametri və 2 m hündürlüyü olan təpədən ibarətdir. Ötən əsrin 80-ci illərinin əvvəllərində Leylatəpədən toplanmış yerüstü materiallar onun Cənubi Qafqazın digər Eneolit abidələrindən fərqli olduğunu göstərmişdir. 1984-cü ildən başlayaraq görkəmli arxeoloq İdeal Nərimanovun rəhbəri olduğu Mil-Qarabağ arxeoloji ekspedisiyası tərəfindən orada stasionar tədqiqatlara başlanılıb. Bir neçə il ərzində Leylatəpədə 324 kvadratmetr sahə öyrənilib. Leylatəpə yaşayış yerinin saxsı qablarının əksəriyyəti dulus çarxında hazırlanıb. Daş məmulatı əsasən dən daşları, sürtkəclər, həvəngdəstələr, obsidiandan və çaxmaqdaşından hazırlanmış müxtəlif alətlərdən ibarətdir. Sümük alətlər Leylatəpə yaşayış yeri üçün səciyyəvi deyildir. Metal əşyalardan isə biz, bıçaq fraqmenti və digər kiçik əşyaları qeyd etmək olar.

Şəkili böyütmək üçün üstünə basın

UBEYD TAYFALARI AZƏRBAYCANDA

Azərbaycanın Mesopotamiya ilə əlaqələri xalkolit dövründə də davam etmişdi. Bu daha çox özünü Ubeyd mədəniyyəti materialları ilə oxşarlıq təşkil edən maddi nümunələrin Azərbaycan ərazisində tapılmasında göstərir. Qarabağ düzənliyindəki Leylatəpə abidəsində memarlıq formaları, dulusçuluq kürələri, dulus məmulatı bu ərazidə əsrlərlə davam edən yerli mədəniyyətdən tamamilə fərqlənir. Belə ki, iki boğazlı qablar, boğazlarında üfüqi gözlər olan küpələr və bu qəbildən digər tapıntılar Şimali Mesopotamiyanın, III Yarımtəpə Ubeyd yaşayış yerindən tapılmış maddi nümunələrlə oxşardır. Bütün bunlar isə e.ə. IV minilliyin birinci yarısında Mesopotamiyadan köç etmiş qəbilələrin Qarabağ düzənliyində məskunlaşdığını təsdiq edir.

DULUSÇULUQ

Xalkolit dövründə nəzərə çarpacaq nailiyyətlərdən biri də saxsı qabların hazırlanması ilə bağlıdır. Belə ki, məhz bu dövrdə saxsı qabların hazırlanmasında dulus çarxından geniş istifadə olunmuşdu. Dulus çarxı ilk dəfə Ön Asiyada – Mesopotamiya və Şərqi Anadoluda e.ə. V minilliyin sonu-IV minilliyin əvvəlində tətbiq edilmişdir. Leylatəpə mədəniyyəti də öz növbəsində həmin bölgənin mədəniyyətləri ilə bağlı olduğundan onun daşıyıcıları keramika istehsalındakı bu yeni texnologiyanı Cənubi Qafqazda yaymışlar. Belə qablar yüksək keyfiyyətlə bişirilmiş və əsasən qırmızı rənglidirlər. Bəzi qabların səthi bütövlükdə yaşımtıl rəngli anqobla oxra ilə örtülmüşdür. Eyni zamanda solğun yaşıl, sarı, ağ və qırmızı anqoblu qablar da aşkar edilmişdir. Qabların yuxarı hissələrində dulus çarxının izləri saxlanmışdır.

Şəkili böyütmək üçün üstünə basın

DƏFN ADƏTİ

Xalkolit dövründə əkinçi-maldar tayfalarının kurqan, küp və torpaq tirli qəbirlərdə dəfnetmə adətləri geniş yayılmışdı. Bu dövrün qəbir abidələrinə Soyuqbulaq, Seyidli, Kavtisxevi və s. kurqanlar aiddir. Soyuqbulaq qəbir abidələri Cənubi Qafqazda Leylatəpə mədəniyyətinə aid ən qədim kurqanlardır. Bu kurqanların qəbir avadanlığı olduqca zəifdir. Əsasən məhdud sayda saxsı qablardan, mikrolitlərdən və digər arxaik səciyyəli daş alətlərdən barətdir. Xalkolit dövründə, xüsusilə də Leylatəpə mədəniyyəti abidələrində saxsı qablarda dəfn adətinə də rast gəlinir. Küp, küpə, boşqab, qazan tipli müxtəlif saxsı qablarda körpə uşaqlar dəfn edilmişlər. Qablarda cəmi bir neçə aylıq yaş və ya təqribən bir yaş həddində vəfat etmiş uşaqların dəfn edildiyi müəyyən olunmuşdur. Leylatəpə mədəniyyətinə aid digər qəbir tipi – torpaq qəbirləri ilk dəfə 2005-ci ildə II Poyluda qazıntılar zamanı aşkar edilmişdir. Burada, yaşayış məskənində iki belə qəbir qazılmışdır. Onların hər ikisində dəfn arxası üstdə, ayaqlar zəif (yarıbükülü) və sıx bükülü vəziyyətdə, birincidə əllər çiyinlərə yönəlmiş, ikincidə isə əllər qurşaqda olmaqla icra edilmişdir.

Şəkili böyütmək üçün üstünə basın

TREPANASİYALI KƏLLƏ

İnsana məxsus qədim sümük qalıqları arasında rast gəlinən maraqlı tapıntıların kiçik bir hissəsini üzərində bir və ya bir neçə dəlik açılmış kəllələr təşkil edir. Həmin dəliklər kənar şəxs tərəfindən məqsədyönlü şəkildə açılmışdır. Kəllə üzərində rast gəlinən bu cür dəlik trepanasiya dəliyi adlanır. Trepanasiya əməliyyatının aparılması da vaxtilə bir çox xalqlarda geniş yayılmış adətlərdən biri olmuşdur. Trepanasiyalı kəllələr əsasında təbabət tarixi haqda müəyyən təsəvvürlər əldə etmək mümkündür. Bununla yanaşı bu tip paleoantropoloji materiallar qədim əhalinin ibtidai dini-fəlsəfi dünyagörüşü və adət-ənənələri özündə ehtiva edir.

Arxeoloq İdeal Nərimanovun başçılığı altında Ağdam rayonunun Əfətli kəndindən şimalda Çalağantəpədə aparılan arxeoloji qazıntı işləri zamanı 1985-ci ildə 27 saylı oval formalı torpaq qəbirdən 4 m dərinlikdən trepanasiyalı kəlləyə malik insan skeleti tapılmışdır. Həmin qəbirdə skelet bükülü vəziyyətdə uzadılmışdı. İlkin tədqiqatlara əsasən burada dəfn olunan fərdin qadın olduğu müəyyən olunmuşdur. Həsirə bükülmüş cəsədin üzərinə oxra səpilmişdir.

Çalağantəpə kəlləsinin yaşına gəldikdə, onun 7 min il yaşı olduğu ehtimal edilir. Belə ki, Çalağantəpədən əldə olunmuş ağac kömürünün padiokarbon üsulu ilə öyrənilməsi əsasında bu yaşayış məskəninin e.ə. V minilliyə aid olması müəyyən edilmişdir.

Kəllədə maraq doğuran digər məqam isə onun üzərində trepanasiya əməliyyatının nəticəsi olan 2x2 sm ölçüdə dəliyin olmasıdır. Əməliyyatın izlərini trepanasiya dəliyinin ətrafında da müşahidə etmək mümkündür. Trepanasiya əməliyyatı əmgək nahiyəsində dəvəgözündən və ya çaxmaqdaşından hazırlanmış bıçaq vasitəsilə aparılmışdır. Çox ehtimal ki, əməliyyat zamanı digər alətlərdən – sümük və mis bizlərdən də istifadə olunub. Bunu deməyə Çalağantəpədən adı çəkilən alətlərin tapılması əsas verir.

Əksər tədqiqatçılar bu qəbildən olan əməliyyatların cərrahi məqsədlə həyata keçirildiyini söyləyirlər. Hesablamalar göstərir ki, bu tip cərrahi əməliyyatlar canlı insan üzərində aparılmasına baxmayaraq əksəriyyəti uğurla nəticələnmiş, həmin insanlar əməliyyatdan sonra da yaşamaqda davam etmişlər. Trepanasiya əməliyyatının aparılmasına isə adi baş ağrılarından tutmuş, ruhi xəstəliklərə qədər müxtəlif səbəblər ola bilərdi.

Digər mülahizəyə görə isə trepanasiya əməliyyatı insan dünyasını dəyişdikdən sonra aparılmışdır. Məqsəd isə həmin insanın bədənində, xüsusilə başında olan “şər qüvvəni” buraxmaq olmuşdur. Hətta İllinoys hinduları son dövrlərə kimi trepanasiya əməliyyatını dünyasını dəyişmiş insandan ruhun rahat çıxması üçün icra edirdilər. Əlbəttə ki, bunu müxtəlif dövrlərdə mövcud olmuş dini təsəvvürlərlə və inanclarla da əlaqələndirmək olar.

Trepanasiya dəliyinə malik kəllə Azərbaycanın həmdövr abidələri içərisində İsmayılbəytəpə yaşayış yerinin qazıntıları zamanı tapılmışdı. Lakin İsmayılbəytəpə abidəsindən tapılmış trepanasiyalı kəllə üzərində iki dəliyin olması və pasiyentin əməliyyatdan sonra uzun müddət yaşaması ilə fərqlənir.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan Xalkoli̇t Dövründə

© Milli Azərbaycan Tarixi Muzeyi