Mezolit (yunan sözü olub, μέσος “orta”, λίθος isə “daş” deməkdir) “orta daş” dövrü deməkdir. Təxminən e.ə. XIII-VIII minilliklərə, son buzlaşma dövrünün qurtarmasına təsadüf edir. Mezolit dövründə ox və yay kəşf olunmuş, daş alətlər təkmilləşmişdir. Mezolit dövrünün izlərinə Azərbaycanda Avey dağında, Damcılı mağarasında (Qazax) və Qobustanda rast gəlinmişdir. Bu abidələrdən mikrolitlər, ox ucları, alət hazırlamaq üçün karandaşvari nüvəciklər və əhliləşdirilmiş heyvan sümükləri tapılmışdır.
Qobustan şərqi Azərbaycanda, Qafqaz dağlarının cənub-şərq ətəkləri ilə Xəzər dənizi arasında 100 km-ə qədər diametri olan, çoxlu qobularla (qədim çay yataqları və yarğanlar) kəsilən, yarımsəhra dağətəyi böyük coğrafi rayondur. Qobustan sözü «Qobu» və «stan» kimi ərazi bildirən şəkilçidən əmələ gəlmiş qobuluq, qobular diyarı, qobular olan yer deməkdir. Bakıdan 50-60 km cənub-qərbdə, Xəzər dənizindən ən uzağı 6-7 km aralıda qədim insan məskənlərindən olan və qayaüstü təsvirlərlə zəngin olan Qobustan abidəsi yerləşir. Qobustanda 16 qayaaltı düşərgə, 4 tunc dövrü yaşayış yeri, pirlər, 40-a qədər kurqan qazılıb öyrənilmişdir. Qobustanda qazıntılarla yanaşı qayaüstü təsvirlərin axtarılması, qeydə alınması da davam etdirilmişdir. Qayaüstü təsvirlər Qobustanın cənub-şərqində (Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları və Yazılıtəpə) aşkar edilmişdir. Hazırda 1000-dən artıq qaya və daş üzərində 6000-dən artıq təsvir qeydə alınıb öyrənilmişdir. Elm aləminə 1939-cu ildən məlum olan Qobustan qayaüstü təsvirlərinin ilk dəfə öyrənilməsinə azərbaycanlı arxeoloq İshaq Cəfərzadə 1947-ci ildən başlamış, onun ölümündən sonra digər mütəxəssislər tərəfindən davam etdirilmişdi. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu (“Qobustan Qaya Sənəti Mədəni Landşaftı”) 2006-ci ildə milli status alıb, 23 iyun - 2 iyul 2007-ci il tarixində Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci Sessiyası çərçivəsində Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmişdir.
İlk mikrolit (yunan sözü olub, μικρός - kiçik, λίθος – daş deməkdir) alətlər üst Paleolitin son inkişaf mərhələsində meydana gəlməyə başlasa da, daha çox mezolit dövrü üçün səciyyəvi olmuşdu. Mezolitə keçid dövründə Ön Asiya və Qafqazın bir çox Mezolit dövrü abidələrində olduğu kimi, Qobustanda da mikrolitlər tapılmışdı. Bu, başlıca olaraq, həmin dövrdə ox və yayın geniş yayılması ilə əlaqədar olmuşdur. Mikrolitlər əsasən dişli yığma alətlərin, ox, mizraq, nizə tipli silahların və biçin bıçaqlarının hazırlanmasında istifadə olunmuşdur. Mikrolit alətlər Qobustanın ancaq “Qayaarası” düşərgəsindən tapılmışdır. “Qayaarası” düşərgəsinin daş məmulatı içərisindən 54 ədəd mikrolit alət qeydə alınmışdır. Onların əksəriyyəti çaxmaqdaşından hazırlanmışdır. Lakin dəvəgözündən hazırlanmış mikrolitlər də tapılmışdı.
Qobustanda daş toxaların, sürtgəclərin, dənəzən daşların, bıçaqvari lövhədən biçin bıçağı tipli alət nümunələrinin tapılması əkinçiliyin yaranacağını xəbər verən əlamətlərdir. Bu alətlər yabanı dənli bitkilərin biçilməsi, döyülməsi, əzilməsində istifadə olunurdu. Burada bəzi heyvanların əhliləşdirilməsinə doğru addımlar atılır. Qobustan abidəsinin ilk tədqiqatçısı İ.M.Cəfərzadə hesab edirdi ki, burada heyvanların əhliləşməsi öküzdən başlayıb. Bu baxımdan Qobustanda 45 nömrəli daşın cənub üzündə boynuna ip bağlanmış öküz təsviri böyük maraq doğurur. Ancaq bu daşın arxa üzündə təsviri eyni texniki üslubda işlənmiş öküz ovlanma səhnəsi də təsvir olunmuşdur. Neolit dövründə Qobustanda ovçuluq, balıqçılıq və yığıcılıq böyük rol oynayır və əsas təsərrüfat sahələri olaraq qalırdı.
Azərbaycanın Mezolit dövrü əhalisinin mənəvi aləmi haqqında qayaüstü təsvirlər müəyyən təsəvvür yaradır. Qobustanın qayalarına beli kəmərçinli, hündür qamətli, aralı qoyulmuş güclü baldırlara malik kişi, iri döşlü, incə belli, iri ombalı, yoğun qıçlı və bəzən bədəni tatuirovka edilmiş qadın təsvirləri, real və mütənasib verilmiş öküz, ceyran və gur rəsmləri, kollektiv rəqs, kollektiv əmək, balıq ovu səhnəsi və qayıq təsvirləri həkk edilib. Kişilərin öndən verilmiş, qadınların oturmuş və yarımoturmuş olmaqla yandan verilmiş siluet təsvirləri Qobustanda ən qədim rəsmlərdir. Qaya rəsmlərində iri döşlü, bütün bədəni tatuirovka ilə örtülmüş qadın təsvirlərinə də rast gəlinir. Bu qadın təsvirləri məhsuldarlıq rəmzi sayılır. Azərbaycanda minilliklər ərzində qadına – “ulu anaya” pərəstiş çox inkişaf etmişdir. Təbii qüvvələrə sitayişi burnunda günəş olan gəmi rəsmləri və astral işarələrdə görmək olar. Qayaüstü təsvirlərdə öküz və maral təsvirlərinin çoxluq təşkil etməsi isə qədim Qobustan əhalisinin pərəstiş və totemik görüşləri ilə izah olunur.