• Azərbaycan Paleolit Dövründə

    Ən Qədim İnsan Məskəni: Azıx

ƏN QƏDİM İNSAN MƏSKƏNİ: AZIX

Paleolit (yunan dilində παλαιός “qədim”, λίθος “daş”) “qədim daş” dövrü deməkdir. Təxminən insanın yaranmasından e.ə. XIII minilliyə qədər davam etmişdir. Bu dövr alt paleolit (1,5 milyon – 100 min il əvvəl), orta paleolit (100 min – 40/35 min il əvvəl), üst paleolit (40/35 min il əvvəl – e.ə. XIII minillik) mərhələlərinə bölünür. Qədim daş dövründə insanlar əvvəlcə sürü, sonralar qəbilə icmaları halında yaşamış, yığıcılıq və ovçuluqla məşğul olmuşlar. İbtidai insanlar əmək alətlərini və silahlarını daşdan və ağacdan hazırlamış, zaman-zaman təkmilləşdirmişlər. Azərbaycan ərazisində 30-dan çox paleolit mağarası və düşərgələri aşkar edilmişdir. Onlardan ən qədimi Azıx mağarasıdır.

İbtidai icma cəmiyyəti, habelə qədim insanların həyat tərzi, onların keçdiyi inkişaf yolu paleolit düşərgələri və onlardan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri vasitəsi ilə tədqiq olunur. Belə qədim insan məskənlərindən biri də 1960-cı azərbaycanlı arxeoloq Məmmədəli Hüseynov tərəfindən qeydə alınmış və arxeoloji baxımdan tədqiq edilmiş Azıx paleolit düşərgəsidir. Düşərgə Qarabağın Quruçay dərəsində, çaydan 3 km aralıda olub, onun müasir yatağından 200-250 m yüksəklikdə yerləşir. Mağaradan ibarət olan həmin düşərgə Azıx və Salakətin kəndləri arasında olub, dəniz səviyyəsindən 950 m yüksəklikdədir. Azıx mağarası özünün böyüklüyünə görə Qafqazda ən möhtəşəm karst mağarası sayılır. Mağara 5 salondan ibarət olub, uzunluğu 230 metrdir. Kiçik çıxış yolları və karst quyusu ilə birlikdə mağaranın uzunluğu 600 m-ə bərabərdir. Ümumi sahəsi 1250 kv.m-dən bir qədər çox olan Azıx mağarası karst mənşəlidir. 1960-cı ildən başlayaraq 1987-ci ilədək çoxtəbəqəli Azıx paleolit düşərgəsinin cənub giriş yolunda və birinci salonunda arxeoloji qazıntılar aparılıb. Mağara düşərgəsinin cənub giriş yolunda arxeoloji qazıntılar zamanı 10 arxeoloji təbəqə qeydə alınmışdır. Çöküntünün ümumi qalınlığı 13,5 metrə bərabərdir. Düşərgənin çöküntülərində qədim paleolitin bütün dövrlərini ardıcıl əks etdirən təbəqələr qeydə alınmışdır. Belə ki, birinci təbəqədən Orta əsrlər, Tunc və Eneolitə, sonuncu - onuncu təbəqədən isə paleolitin ən erkən mərhələlərinə aid maddi nümunələr və sümük qalıqları tapılmışdı.

Şəkili böyütmək üçün üstünə basın

QURUÇAY MƏDƏNİYYƏTİ

Tarixi dövrlə bağlı ən qədim arxeoloji tapıntılar Azıx mağara düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuşdur. Bu təbəqələrdən 300-dən artıq daş məmulatı əldə edilmişdir. Əmək alətləri içərisində əsas yeri kobud çapma alətləri tutur. Daş məmulatı arasında kobud çapacaqlar, kubvari alətlər, kobud qaşovlar, vurma səthi yaxşı saxlanmış qəlpələr və s. qeydə alınmışdır. Bu materiallar mağarada qədim insanların ilk məskunlaşmasından xəbər verir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın mühüm rolu olmuşdur. Ona görə də Azıx mağarasının VII-X təbəqələrdən aşkar olunmuş yeni arxeoloji mədəniyyətin maddi mədəniyyət qalıqlarına Quruçayın adı verilmişdir. Mədəniyyətin ilkin mərhələsində əmək alətləri olduqca bəsit hazırlandığı halda, sonrakı mərhələlərdə onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri yaranmağa başlamışdır. Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Lakin əmək alətlərinin tipologiyasında fərqli cəhətlər də vardır ki, bu da Azıxın aşağı təbəqə materialları əsasında yeni arxeoloji mədəniyyətin aşkar olunmasına səbəb olmuşdur. Aparılan kompleks elmi tədqiqatlar nəticəsində Quruçay mədəniyyətinin Azıxda 1,5-1,2 milyon il bundan əvvəl başlayıb və 700 min il əvvəl sona çatması müəyyən olunmuşdur.

Şəkili böyütmək üçün üstünə basın

GİQANTOLİT

Azıx paleolit düşərgəsindən tapılmış daş alətlər içərisində VIII təbəqədən tapılmış 4-5 kq ağırlığında olan nəhəng alət diqqəti cəlb edir. Bu cür daş alətlər şərti olaraq “giqantolit” və ya “çoppinq-giqantolit” adlandırılır. Ümumiyyətlə, Azıx düşərgəsindən 3 ədəd belə daş alət tapılmışdır ki, onlardan biri hazırda Muzeyin ekspozisiyasındadır. Bu alət mağarada qədim insanların ilk məskunlaşmasından və məşğuliyyətlərindən xəbər verir.

Şəkili böyütmək üçün üstünə basın

OCAQ YERLƏRİ

Çoxtəbəqəli Azıx mağara düşərgəsinin VI, V və III təbəqələrində aşkara çıxarılmış ocaq yerləri maraqlı tapıntılardan sayılır. Bu onu göstərir ki, mağara sakinləri ən böyük təbii qüvvə olan oda çox erkən (Quruçay mədəniyyətindən sonra) yiyələnmiş, onu uzun müddət mühafizə etməyi bacarmışlar. Azıx mağarasında müxtəlif minillklərdə yandırılan beş ocaq yeri müəyyən edilib. Bu mağarada od 700 min il əvvəl alovlanmağa başlayıb. Ən qədim ocaq yeri 1973-cü ildə VI təbəqədə, ən böyüyü isə V təbəqədə tapılmışdı. Ən böyük ocaq yeri “L” hərfi planında olub, 10 kv metr ərazini əhatə edir. Burada 150 kiloqramdan çox xalis kül və kömür yığılmışdır. Ocağın iki tərəfinə küldən sədd çəkilmişdir. Külün qalınlığı 1 metrdən çox olmuşdur. Ocaqların, külün və kömürün belə çoxluğu, ocağın ətrafında küldən sədd çəkilməsi və s. dünyada nadir tapıntılardandır.

İBTİDAİ İNSANLARIN MƏŞĞULİYYƏTİ

Yığıcılıq

Qədim Daş dövründə ibtidai insanların təsərrüfatında yığıcılıq əsas yerlərdən birini tuturdu. Daş dövrünün insanları düşərgələrinə yaxın ərazidə bitən göy-göyərti, göbələk, yer fındığı, yabanı bitkiləri və müxtəlif meyvələri yığmaqla gündəlik qida tələbatlarını ödəyirdilər. Bitki kökləri ağac və daşdan olan yerqazan alətlər vasitəsilə çıxarılır, dənli bitkilər isə bıçaqlarla yığılırdı. Yığıcılığın intensivləşməsi öz növbəsində dənli bitkilərin becərilməsinə də gətirib çıxarırdı. Bütün bunlar öz növbəsində istehsaledici təsərrüfat formasına keçid üçün imkanlar yaradırdı.

Ovçuluq

Qədim daş dövrü insanlarının mənimsəmə təsərrüfatında ovçuluğun da özünəməxsus yeri olub. İbtidai insana məxsus düşərgələrdən minlərlə ovlanmış heyvan sümükləri aşkar olunmuşdur. Arxeoloji qazıntılar zamanı təkcə Azıx düşərgəsinin III təbəqəsindən 6 mindən artıq ovlanmış heyvan sümükləri tapılmışdır. Sümüklər içərisində çoxlu at, ibtidai öküz, vəhşi qulan, Qafqaz maralı, qaban, mağara ayısı, kərgədan və s. heyvanların sümükləri qeydə alınmışdır. Bu tapıntılar sübut edir ki, düşərgə sakinlərinin məşğuliyyətində əsas yeri ovçuluq tutmuşdur.

Qədim daş dövrünün mənimsəmə təsərrüfatında ovçuluqla yanaşı balıqçılıq da mövcud olmuşdur.

DAŞ ALƏTLƏR

Qədim daş dövrünün maddi mədəniyyət nümunələri arasında daş alətləri xüsusi paya malikdir. Qədim aşel dövrünün daş məmulatı bəsit formada hazırlanmış əl çapacaqları, kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış əmək alətləri və diskşəkilli nukleuslarla (nüvələrlə) xarakterizə olunur. Əl çapacaqlarının meydana çıxması ibtidai insanların həyatında mühüm rol oynamışdır. Bununla əlaqədar olaraq ovçuluq təsərrüfatını daha da inkişaf etdirməyə başlamışlar. Qədim aşel dövrünə aid əmək alətləri içərisində əsas yeri çapma alətləri və qaşov tipli alətlər tutur.

Orta Paleolit-Mustye mədəniyyəti (100-35 min il əvvəl) dövründən başlayaraq ibtidai insanlar yeni tipli əmək alətləri hazırlamağa başlamışlar. Bu, onların inkişafı ilə əlaqədar olaraq meydana çıxmışdır. Artıq əvvəlki dövrlərdə hazırlanmış əmək alətləri - kobud çapma alətləri, əl çapacaqları insanların yeni tələbatını ödəyə bilmir və daha mükəmməl universal əmək alətlərinin hazırlanması əsas məsələ kimi qarşıda dururdu.

Üst paleolit dövründə isə prizmaşəkilli nukleuslardan yeni texniki üsullarla uzunsov bıçaqşəkilli çaxmaqdaşı lövhələr qoparılırdı. Həmin lövhələrdən isə qaşov, qaşovcuq, tiyə, biz, ucluq və s. kimi daş alətlər hazırlanırdı. Bu alətlərin çoxu sümük və ya ağac dəstəkli (saplaqlı) olurdu.

Şəkili böyütmək üçün üstünə basın

İBTİDAİ TƏSƏVVÜRLƏR

Əmək prosesində insanın özünün mahiyyətində, onun hissiyyat orqanlarında, qabiliyyətində, təfəkküründə, nitqində, aləmi dərk etməsində və s. mütərəqqi dəyişiklik baş verirdi. Bu dəyişiklik artıq ibtidai insan cəmiyyətinin inkişafının erkən mərhələlərində - erkən aşel mərhələsində baş verməkdə idi. Bütün bu dəyişikliklər özünü ibtidai təsəvvürlərdə və dünyagörüşündə də göstərirdi. Azıx mağarasında 4 ayı kəlləsinin saxlandığı xüsusi, gizli guşənin olması faktı aşkarlanmışdır. Azıx mağarasında aşkar olunmuş ayı kəlləsinin üzərində bir neçə çərtmə edilmişdir. Həmin çərtmələrdən 7-si paralel şəkildədir Azıxda təsdiqlənmiş "kəlləyə sitayiş" faktı azıxantroplarda ətraf mühitin hadisələri haqqında ən erkən təsəvvürlərin yarandığını göstərir. Sonralar həmin təsəvvürlər zəminində dinin ünsürləri meydana gəldi. Kəllə topaları, ümumiyyətlə heyvan sümükləri totemizmdən və ya onun rüşeymlərindən xəbər verir.

Azərbaycan Paleoli̇t Dövründə

© Milli Azərbaycan Tarixi Muzeyi