• Azərbaycanda xalçaçılıq sənəti

    Xalça

Azərbaycanda xalçaçılıq sənəti

Azərbaycanda xalçaçılıq sənətinin tarixi olduqca qədimdir. Eneolit dövrünə aid toxuculuq alətləri və Erkən Orta Əsrlər dövrünə aid Mingəçevir ərazisindən tapılmış hana hissələri, xalça və palaz qalıqları qədim zamanlardan Azərbaycan əhalisinin məişətində xalçaçılığın mühüm yer tutduğunu göstərir.

Azərbaycanda xalçaçılığın inkişafı bilavasitə xammal mənbəyinin zənginliyi ilə əlaqədar olmuşdur. Xalça toxumaq üçün əsasən qoyun və dəvə yunundan istifadə olunardı. Bəzən isə ipəkdən xalçalar da toxunurdu.

Xalçalar toxunma texnikasına əsasən iki qrupa ayrılır: xovlu və xovsuz. Xovlu xalçaların kompozisiyası müxtəlif formalı elementlərdən qurulmuşdur. Xovlu xalçalar ilmə-düyün texnikası ilə toxunur və xalça sənətinin yüksək inkişaf dövrünü təşkil edir. Hazırda Azərbaycanda xalçaçılıq məkəblərini yeddi qrup üzrə qruplaşdırmaq olar: Quba, Şirvan, Bakı, Qarabağ, Gəncə, Qazax və Təbriz. Bu məktəblərin hər biri özünə məxsus tipoloji və ornamental xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Məktəblərin demək olar ki, hamısında (Təbriz istisna olmaqla) daha çox ornamental naxışlar üstünlük təşkil edir. Təbriz məktəbinə xas xalçalarda isə, əsasən, süjetli təsvirlərdən daha çox istifadə olunurdu. Qarabağ qrupu öz növbəsində 3 yarımqrupa bölünür.

1 Bərdə-Ağcabədi yarımqrupu: Bu ərazi “Bərdə”, “Xanqərvənd”, “Aran”, “Qoca”, “Çələbi”, “Buynuz”, “Dəryanur”, “Açma-yumma”, “Şabalıdbuta”, “Balıq” kimi xalçaları, həmçinin şəddə, vərni, zililəri ilə məşhur idi.

2 Şuşa yarımqrupu: Bu yarımqrupa geniş şöhrət qazanmış “Malıbəyli”, “Ləmpə”, “Bağçada güllər”, “Bulud”, “Saxsıda güllər”, “Nəlbəkigül”, “Güllü- yaylıq”, “Muncuq” və “Zərməxmər” xalçaları daxil idi.

3 Cəbrayıl yarımqrupu: Bu qrupa aşağıdakı məşhur xalçalar: “Xanlıq”, “Qaraqoyunlu”, “Qubadlı”, “Kürd”, “Qasımuşağı”, “Bəhmənli”, “Muğan” və “Talış” xalçaları daxil idi (Abdulova, 2013:9).

Quba qrupunun “Qollu çiçi”, “Qımıl”, “Qədim Minarə”, “Hacıqayıb”, “Alpan”, “Sirt çiçi”, “Qonaqkənd”, “Orduc”, “Afurca”, “Səlməsöyüd”, “Pirəbədil”, “Köhnə Quba”, “Quba”, “Xırdagül çiçi”, “Alçagül çiçi” “Zeyvə”, “Zağlı”, “Əlixanlı”, “Mollakamallı”, “Ləcədi”, “Herat-Pirəbədil”, “Bilici”, “Ugah”, “Çarax”, “Cek”, “Cimi”, “Xaşı”, “Arsalan” xalçaları və sumaxları kimi xalçaları bütün dünyada məşhurdur.

Şirvan xalçaçılıq məktəbinə “Şamaxı”, “Ərciman”, “Qobustan”, “Mərəzə”, “Nabur”, “Çuxanlı”, “Cəyirli”, “Cəmcəmli”, “Bico”, “Qəşəd”, “Pirhəsənli”, “Sor- sor”, “Şilyan”, “İsrafil”, “Hacıqabul”, “Şirəlibəy” xalçaları, müxtəlif naxışlı kilim və palazlar daxildir.

Bakı qrupuna daxil olan “Bakı”, “Xiləbuta”, “Xiləəfşan”, “Suraxanı”, “Novxanı”, “Gorədil”, “Qala”, “Fatmayı”, “Fındığan”, “Gədi” xalça və zililəri bütün dünyada məşhurdur.

Qazax qrupuna “Şıxlı”, “Qazax”, “Salahlı”, “Kəmərli”, “Dəmirçilər”, “Qaymaqlı”, “Göyçəli” xalçalarını, “Dağkəsəmən”, “Öysüzlü”,“Borçalı”, “Qarayazı”, “Qaçaqan”, “Qaraçöp”, “Qaraqoyunlu” xalçalarını və xovsuz xalçalardan vərni və zililərini, Təbriz qrupuna “Təbriz”, “Baxşayış”, “Görəvan”, “Heris”, “Ləçəkturunc”, “Əfşan”, “Ağaclı”, “Ovçuluq”, “Dördfəsil”, “Ərdəbil”, “Şeyx Səfi”, “Şahabbası”, “Sərabi”, “Zəncan”, “Mir”, “Açma-yumma”, xovsuz xalçalardan isə vərni, palaz, kilim və zililərini misal çəkə bilərik.

Xovsuz xalçalar sırasına kilim, palaz, şəddə, vərni, cecim, zili və sumax daxildir. Vərni əsrlər boyu Qarabağın Bərdə, Ağcabədi, Lənbəran, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər kimi rayonlarında toxunmuşdur. Şəddə və vərnilərin ən çox toxunduğu rayonlar Qazax, Qarabağ və Qaradağ (Cənubi Azərbaycan) olmuşdur.

Xalça toxunan zaman müəyyən alətlərdən istifadə olunardı. Bunlar həvə, toxmaq, daraq, kirkid, bıçaq, qayçıdan ibarət idi. Hana isə xalça toxunmasında istifadə olunan mühüm dəzgahlardan biri olmuşdur.

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında xalça məktəblərinə məxsus 750-dən çox xalça və xalça məmulatı mühafizə olunur. Muzeyin kolleksiyasında müxtəlif ölkələrin xalçalarına da rast gəlmək mümkündür.

Qarabağ xalçaları

Bakı xalçaları

Şirvan xalçaları

Quba xalçaları

Xalça məmulatı

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanda xalçaçılıq sənəti

© Milli Azərbaycan Tarixi Muzeyi