• Azərbaycanda ipəkçilik

    ipəkçilik

Azərbaycanda ipəkçilik

Bu gün Azərbaycan iqtisadiyyatında neftin oynadığı rolu bütün orta əsrlər və XIX əsrin sonlarına qədərki dövrdə ipək istehsalı oynamışdır. Azərbaycanda erkən orta əsrlərdə meydana gələn ipəkçilik təsərrüfatı tezliklə məişətə daxil oldu və əhalinin iqtisadi həyatında mühüm əmtəə vasitəsinə çevrildi. Ənənəvi toxuculuq sənəti o vaxta qədər misli-bərabəri olmayan yeni bir xammal növü əldə etdi. Tezliklə Azərbaycan ipəyi beynəlxalq ticarətin ən mühüm məhsuluna çevrildi. Ərəb xilafəti dövründə Azərbaycan ipəyinin şöhrəti xeyli artmış, yüksək keyfiyyətinə görə o, dünya ticarətində görkəmli yer tutmağa başlamışdır. Azərbaycanda ipək istehsalının həcmi o həddə çatmışdı ki, daxili bazarın tələbatını xeyli dərəcədə ötüb keçdiyindən xarici bazara külli miqdarda ipək ixrac olunurdu. Məhz ipək məhsulunun sayəsində Azərbaycan özünün daxili və beynəlxalq ticarətini xeyli dərəcədə genişləndirmək imkanı əldə etmişdi. Ərəb müəllifləri İbn Hövqəl, Əl-İstəxri, Əl-Müqəddəsi və b. Azərbaycan ipəyinin çox məşhur olduğunu, Bərdə şəhərində ipək ticarəti məqsədilə “Kürkiyə” adlı həftəbazarının təşkil edildiyini qeyd edirlər. XII-XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi Bərdədən külli miqdarda ipək ixrac olunduğunu və həmin ipəyin böyük qisminin fars və Xuzistana göndərildiyini yazır.

Bütün orta əsrlər dövü boyunca Təbriz bir paytaxt şəhəri olaraq həm zəngin çeşiddə ipək məmulatı hazırlanmasına görə, həm də toxuma texnologiyasının inkişaf səviyyəsi cəhətdən şərbaflıqla məşğul olan Azərbaycan şəhərlərinin ön sırasına çıxmışdı. Təbrizdə toxunan atlaz, kimxa, diba, xitayi çox məşhur idi. Diba və xitayi qızıl və gümüş tellərlə toxunurdu. Yaxın və Orta şərqin ən əzəmətli ticarət şəhərinə çevrilən Təbriz şəhərində ipək toxuculuğu başlıca yer tuturdu. O dövrün İstər daxili bazar, istərsə də beynəlxalq ticarətdə ipək toxuculuğu qədər yüksək məbləğdə qazanc verən digər istehsal sahəsi yox idi. Avropa ölkələrində manufaktura toxuculuğunun inkişafı xammala böyük tələbat yaratdığından Hollandiya, İngiltərə, İspaniya, Portuqaliya, və b. dövlətlər o zamankı beynəlxalq ticarətdə başlıca tədavül vasitəsi olan xam ipək əldə etmək üçün XV əsrin sonu- XVI əsrin əvvəllərindən etibarən şərqə, o cümlədən Azərbaycana üz tutmuşdular. Bu bazarları ələ keçirmək marağı XVI-XVII əsrlərdə Avropa dövlətləri arasında gərgin mübarizəyə gətirib çıxardı. Səfəvi dövlətinin xarici dövlətlərlə, o cümlədən Avropa dövlətləri ilə diplomatik münasibətlərinin formalaşmasında xam ipək və ipək məmulatı ixracatı həlledici rol oynayırdı. Təsadüfi deyil ki, Azərbaycan Səfəvi dövlətinin bütün tarixi ərzində Avropa ölkələri və Rusiya ilə onun diplomatik danışıqlarında ipək ticarəti məsələsi həmişə başlıca müzakirə obyekti olmuşdur.

Xam ipək və ondan hazırlanan zəngin çeşidli ipək məmulatı dövlət xəzinəsinin başlıca gəlir mənbəyinə çevrildiyindən barama istehsalına dövlət əhəmiyyətli mühüm təsərrüfat sahəsi kimi baxılırdı. Xam ipək ticarətini şəxsi inhisarına alan Şah Abbas 1599-cu ildə qoyduğu yeni qaydaya görə, ölkədə istehsal olunan xam ipəyin hamısı yalnız şah nümayəndələrinə satılmalı idi. Orta əsrlərdə Azərbaycan ipəkçiliyinin digər mühüm mərkəzi Şamaxı şəhəri idi. Avropalılar Şamaxını ipək anbarı adlandırırdılar. İpək almaq üçün dünyanın hər yerindən buraya tacirlər axışıb gəlirdilər. Venesiya və Kenuya tacirləri hələ XIII-XIV əsrlərdən Şamaxıya ayaq açmışdılar. XV əsrin II yarısından etibarən rəsmi diplomatik tapşırıqlar alan Şirvan tacirləri tez-tez elçi sifətilə Moskva çar sarayının qonağı olurdular. Şirvandan Rusiyaya külli miqdarda xam ipək və ipək parçalar istehsal olunurdu. Mənbələrin verdiyi məlumata görə, XV əsrdə rus bazarlarında ən çox satılan mallar Şamaxı, Şəki, Gəncə, Təbriz, Ərdəbil və digər Azərbaycan şəhərlərində istehsal olunan xam ipək və ipək məmulatı idi və onlar Rusiya şəhərlərində geniş şöhrət qazanmışdı.

Səfəvi şahlarından sonra bəylərbəylər də ipək ticarətini öz nəzarətləri altında saxlayır və bilavasitə bu ticarətlə özləri məşğul olurdular. Antoni Cenkinson Şirvan bəylərbəyi Abdulla xanın köməyi ilə Şamaxıda ingilis ticarət faktoriyasının əsasını qoya bilmişdi. XVIII əsrin ikinci yarısında Şirvanda olmuş akademik S.Q.Qmelin yazırdı ki, Şamaxı keçmiş şöhrəti və varidatı üçün özünün bol ipəyinə borcludur. XVIII əsrdə rus çarları hər vəchlə çalışırdılar ki, Azərbaycan ipəyi yalnız Rusiyaya ixrac olunsun. Məhz bu səbəbdən onlar Rusiyaya ipək ixrac edən tacirləri şirnikləndirmək üçün ipək alverini gömrükdən azad edirdilər.

Azərbaycan Rusiyaya birləşdirildikdən sonra mütləqiyyət hökuməti iqtisadiyyat sahəsində əsas diqqətini ipəyi xam şəkildə ixrac etməyə yönəltmişdi. Əhalidən vergi şəklində toplanan xam ipək Mərkəzi Rusiyanın ipəksarıma fabriklərində emal edildikdən sonra hazır kələf halında geri qaytarılır, yerli şərbaflara baha qiymətə satılırdı. Bu yolla yerli toxuculuq emalatxanaları sıxışdırılaraq aradan çıxarılırdı.

N.N.Şavrov XIX əsrin 50-60-cı illərini “Qafqaz ipəkçiliyinin qızıl əsri” adlandıraraq göstərirdi ki, bu müddət ərzində o, elə bir inkişaf zirvəsinə çatmışdı ki, həmin yüksəkliyə nə o vaxta qədər, nə də ondan sonra qalxa bilməmişdir.

XIX əsrin sonlarına doğru yerli parça toxuculuğu artıq tənəzzülə uğramış, yalnız kəlağayı istehsalı XX əsrin ortalarına qədər öz fəaliyyətini davam etdirmişdir. Azərbaycanda mövcud olan sənət sahələri arasında yeganə olaraq ipəkçilik manufaktura səviyyəsinə yaxınlaşmış, lakin onu keçə bilməmişdir. Azərbaycanda toxunmuş dünyaca məşhur ipək parça nümunələri ilə indi yalnız muzey kolleksiyalarında tanış olmaq olar.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanda ipəkçilik

© Milli Azərbaycan Tarixi Muzeyi