• Azərbaycan tikmə sənəti

    Tikmə sənəti

Azərbaycan tikmə sənəti

Azərbaycanda geniş inkişaf etmiş 50-dən çox ev peşəsi və sənət növü arasında tikmə sənəti özünəməxsus yer tutur. Tikmə sənətinin inkişafında ipəkçilik, bəzzazlıq, metaişləmə kimi sənət sahələi əsas rol oynamış, bu sənəti xammalla təmin etmişdir.

Muzeyimizin Arxeologiya fondunda mühafizə olunan parça nümunələri üzərində qalmış tikmə qalıqları xalqımızın bu sənətin sirlərinə çox qədim zamanlardan yiyələndiyini sübut edir. Tikmə nümunələri dəri parça üzərində ipək sapla icra olunmuşdur. Mingəçevir arxeoloji abidəsindən əldə olunmuş böyük tarixi və bədii əhəmiyyətə malik bu tikmə qalıqları Azərbaycan ərazisindən tapılan ən qədim nümunələrdir.

Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvandan XII əsrə aid qəbirdən aşkar edilmiş digər tikmə nümunəsi öz tarixi və bədii əhəmiyyəti baxımından olduqca qiymətlidir. Tikmə bu gün “qaytaq tikməsi” adı ilə tanınan üsulla tikilmişdir. Hal-hazırda bu tikmə texnologiyası yalnız Dağıstanda qorunub saxlansa da, onun ən qədim nümunəsinin Azərbaycan ərazisindən tapılması göstərir ki, bu yerlərin əhalisi onun sirlərinə çoxdan bələd olmuşlar. Güləbətin tikmə nümunələrində qaytaq tikmə üsulu XX əsrin ortalarına qədər qorunub saxlanmışdır.

Orta əsrlər dövründə Azərbaycanın Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bərdə şəhərləri tikmə sənətinin əsas istehsal mərkəzləri hesab olunurdu. Təbrizdə XVI əsrdə Səfəvi şahlarının xüsusi karxanaları var idi. Verilən məlumatlara görə, 1530- cu ildə Şah Təhmasibin kənizlərindən 20 nəfərinə Təbrizdəki xüsusi toxuculuq karxanasında güləbətin tikmə öyrədilmişdi. XVI-XVII əsrə aid tikmə sənətimizin misilsiz nümunələri Metropoliten, Viktoriya-Albert, Luvr, Ermitaj, Topqapı sarayı və s. onlarla məşhur muzey və şəxsi kolleksiyaların qiymətli eksponatları sırasındadır.

Azərbaycan tikmələri vaxtilə beynəlxalq sərgilərin də yaraşığı olmuşdur. Belə sərgilərdən biri haqqında məlumat verən A.S.Piralov yazırdı: Ümumdünya sərgisinin Qafqaz şöbəsində qızıl və gümüş tellərlə tikilmiş güləbətin tikmələr də yer almışdır. Onların arasında Şuşadan göndərilmiş çox maraqlı atlas namazlığı xüsusilə qeyd etmək lazımdır. XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanın Bakı, Şamaxı, Şuşa, Gəncə, Şəki kimi inkişaf etmiş şəhərlərində tikmə sənətinin ənənəvi sahələri olan “güləbətin”, “pilək”, “muncuq”, “təkəldüz”, “zərənduz”, “quşgözü”, “hamar”, “doldurma” və sair tikmə növləri geniş tətbiq edilməkdə idi. Bununla yanaşı, “məlilə”, “qondarma”, “şəbəkəbənd” tikmə növləri də yayılmağa başlamışdı.

Çöl-təsərrüfat işlərindən, ictimai həyatdan kənarda qalan qadınlar öz boş vaxtlarını tikmə ilə ötürürdülər. Demək olar ki, məişətdə istifadə olunan əksər ev müxəlləfatını qadınlar öz əlləri ilə ərsəyə gətirirdilər. Qızlar cehizliklərini, oğlan anaları nişan ehtiyatını görmək üçün əsasən tikmə və toxuma üsulundan istifadə edirdilər. Şəki bölgəsi üçün xarakterik olan təkəldüz tikmə isə adətən kişilər tərəfindən tikilirdi. Əmtəə münasibətlərinin inkişafı prosesində bazar tələbatının artması kişilərin tikmə sənətinin digər sahələri ilə də məşğul olmasına şərait yaratmışdır. Tikmə sənəti başmaqçılıq, çəkməçilik, sərraclıq sənətləri ilə daim qarşılıqlı əlaqədə olmuşdur. Adı çəkilən sənət sahibləri başmaq üzlüyü, uzunboğaz çəkmə və yəhər bəzəklərinin bədii tərtibatı üçün sifarişlə işləyən tikmə ustalarına müraciət edirdilər.

Bəzi hallarda bir neçə tikmə üsulu birlikdə tətbiq olunaraq məmulata hədsiz gözəllik və dəbdəbə bəxş edirdi. Xüsusən pilək- güləbətin- muncuq, pilək-məlilə- muncuq-güləbətin, hamar-güləbətin-pilək, pilək-qondarma-muncuq, güləbətin- quşgözü üsullarının birgə sintezindən yaranan tikmələr bədii cəhətdən daha kamil sənət əsərinə çevrilirdi.

Material kimi güləbətin tikmə üsulunda metal (qızıl, gümüş, mis) tellərdən, təkəldüz, doldurma, quşgözü və hamar tikmə üsulunda isə ipək sapdan, bütün tikmə növlərində mahud, məxmər, qanovuz, tirmə, atlas, qaz, satin kimi parçalardan istifadə edilirdi.

Təkəldüz tikmə əsasən mahud parça üzərində ipək sapla, bəzi hallarda qanovuz parça üzərində güləbətin tellərlə icra olunurdu.

Azərbaycan tikmə sənətində müxtəlif heyvan, insan və nəbati təsvirlər əsas yer tutur. Bu təsvirlərin əksəriyyəti dövr etibarilə çox qədimdir. Müxtəlif məişət əşyaları üzərində tikmə üsulu ilə salınmış, insanların dini inancları ilə bağlı bəd nəzərdən və şər qüvvələrdən qoruyucu amuletlər geniş yer alır. Tikmələrdə müşahidə edilən naxışlar digər tətbiqi sənət sahələri, xüsusən xalça naxışları ilə çox yaxındır.

Tikmələr

Milli Qadın geyimləri

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan tikmə sənəti

© Milli Azərbaycan Tarixi Muzeyi