• Həsirçilik sənəti

    dekorativ-tətbiqi

Həsirçilik sənəti

Azərbaycan ənənəvi xalq sənətkarlığının mühüm bir qolunu toxuculuq sənəti təşkil edir. Toxuculuğun qədim dövrün ilkin sənət sahəsi kimi meydana gəlməsini şərtləndirən başlıca amil Azərbaycan ərazisinin təbii şəraitilə əlaqədar burada bitən lifli bitkilərin olması ilə bilavasitə bağlı olmuşdur. Xammal məmulatı və məişət xüsusiyyəti toxuculuğun ayrı-ayrı sahələrinin yaranmasının əsas şərti olduğuna görə, bu sahələrin hər biri müəyyən etnoqrafik bölgələr və sənətkarlıq mərkəzləri üçün xarakterik olmuş, özünəməxsus ənənələr və əmək vərdişləri ilə fərqlənmişdir. Beləliklə, Azərbaycanda toxuculuq sənətinin kətançılıq, həsirçilik, şalbaflıq, şərbaflıq, xalçaçılıq kimi ənənəvi toxuculuq sahələri meydana gəlmişdir.

Azərbaycanda toxuculuğun başqa sahələri kimi, həsirçilik sənətinin də qədim ənənələri vardır. XIX-XX əsrin əvvəllərində bu sənət sahəsi, başlıca olaraq Lənkəran-Astara etnoqrafik bölgəsi üçün xarakterik olmuşdur. XIX əsrin sonlarında Lənkəran qəzasının iqtisadi məişətini öyrənmiş rus müəllifi D.Kistenyevin, XX əsrin 30-cu illərində burada olmuş Q.Çursinin əsərlərində sənətkarlığın bir çox sahələri ilə yanaşı, həsirçilik sənəti haqqında da məlumatlara rast gəlinir. Həmin məlumatlardan aydın olur ki, bu sənət sahəsi bölgənin, əsasən, düzənlik əhalisinin məişətində geniş yayılmışdır ki, bunun başlıca səbəbi düzənlikdə bataqlıq bitkilərinin zənginliyi ilə əlaqədar olmuşdur.

Milli Azərbaycan Tarixi Muzeyində qorunan müvafiq materiallar göstərir ki, xalqımız istər iqtisadi, istərsə ailə-məişət təyinatlı ən müxtəlif forma və üslublarda həsirçilik sənəti nümunələrini məişət zərurəti kimi yaratmışdır. Azərbaycanda başlıca olaraq talışların məişətində istifadə edilən həsirin keçmişdə gəlin köçürülən qıza cehiz kimi verilməsi adəti də göstərir ki, keçmişdə xalçası, palazı olmayan ailələr həsirə ilk növbədə vacib ev avadanlığı kimi baxırdılar.

Həsirçilik bir sənət sahəsi kimi özündə həsir, hörmə səbət toxuma və bir çox başqa toxuma məmulatlarının hazırlanması işini birləşdirirdi. Həsirlər bir qayda olaraq bataqlıq yerlərdə bitən və “dəlo” (cil), “leğ//lığ”, “pizə//puzə” adlanan bitkilərdən toxunmuşdur. Məhz, buna görə də toxunduğu bitki növlərinə uyğun olaraq, həsirlərin “dəloə tımon//tomon” – yəni, “cil həsir”, “leğə tımon//tomon” – yəni, “lığ həsir”, eləcə də, pizələrin irili-xırdalı olmasına görə, “kələ pizə tımon//tomon” (iri pizəli həsir) və “hırdə pizə tımon//tomon” (xırda pizəli həsir) növləri mövcud olmuşdur.

Həsirlər və həsir məmulatları təkcə materialına görə deyil, həm də məişətdə istifadə edilməsindən asılı olaraq ayrı-ayrı növlərə bölünürdü. Belə ki, döşəməyə salmaq, divara sarımaq, taxıl, çəltik, meyvə kimi məhsulları saxlamaq və daşımaq üçün həsir və müxtəlif növ hörmə səbətlər hazırlanmışdır.

Həsirdən olan hörmə səbətlər ərzaq məhsullarının daşınması, həsir qablar isə, bir qayda olaraq, onların saxlanmasında istifadə edilmişdir. Fondun materialları həsir səbət və qabların da müxtəlif çeşidlərdə hazırlandığını deməyə əsas verir. “Leğə zanbül” – yəni, “lığ zənbil” adlanan səbətlər, adından göründüyü kimi, lığdan dairəvi formada və iki qulplu, həsir qablar isə adətən “hırdə pizə”dən toxunardı. Bununla yanaşı, fondda qorunan lığdan dairəvi formada hazırlanmış həsir tərəzilər və yenə də lığdan olan asma cibənd nümunələri həsirçilik sənətinin xalqımızın iqtisadi və ailə məişətində əhəmiyyətli rol oynadığını sübut edir.

Həsirlərin toxunması üçün dəzgahlar isə şaquli və üfüqi olmaqla iki tipdə mövcud olmuşdur. Lakin onun toxunma texnologiyası, əsasən, fərqlənməmişdir; hər iki dəzgahın “si” adlanan döyəc taxtası ilə toxuma prosesi həyata keçirilirdi.

Beləliklə, həsirçilik tarixi inkişafın müxtəlif mərhələlərində əhalinin məşğuliyyətinin əsas və ayrılmaz sənət sahələrindən biri olmuşdur. Ağır zəhmət tələb edən sənət sahəsi olmasına baxmayaraq, bu gün də həsir məmulatlara maraq itməmişdir. MATM-ın Etnoqrafiya fondunda qorunan və çöl-etnoqrafik materiallarına əsasən demək olar ki, həsirçilik sənəti əsrlər boyu ənənəvi şəkildə davam etdirilərək, Azərbaycan xalqının həyatında çox mühüm yer tutmuş, istər keçmişdə, istərsə də müasir dövrdə əhalinin məişətində öz əhəmiyyətini qoruyub saxlamışdır.

Həsirçilik sənəti

© Milli Azərbaycan Tarixi Muzeyi