• Azərbaycanda şəhərlər

    Şəhərlər

Azərbaycanda şəhərlər

İqtisadi inkişafın sürətli templəri Azərbaycan şəhərlərinin böyüməsində və şəhər əhalisinin sayının artmasında özünü göstərmişdir. Belə ki, 1833-cü ildə şəhərlərdə 70 min, 1856-cı ildə 110 min, 1897-ci ildə isə 270 min əhali yaşayırdı. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda 11 şəhər vardı – Bakı, Şamaxı, Yelizavetpol (Gəncə), Quba, Lənkəran, Nuxa (Şəki), Şuşa, Naxçıvan, Ordubad, Zaqatala, İrəvan. Onlardan Bakı çox sürətlə inkişaf edirdi: 1856-cı ildə burada 8 min nəfər yaşayırdısa, 1897-ci ildə şəhər əhalisinin sayı 112 mini keçmişdir (onlardan 60 %-i fəhlə idi). İqtisadi mərkəz sayılan Bakı 1859-cu il Şamaxı zəlzələsindən sonra inzibati mərkəz rolunu da oynamağa başladı. 1878-ci ildə Azərbaycanda şəhər özünüidarəsini nəzərdə tutan şəhər islahatı keçirildi. Lakin Şəhər Duması yalnız Bakı şəhərində yaradıldı, sonralar məhdud şəkildə özünüidarə forması Yelizavetpol (Gəncə) şəhərinə də verildi.

Dəmir yollarının çəkiliməsi, dəmir yolu stansiyalarının inşası bu stansiyalar ətrafında yeni şəhərlərin yaranmasına səbəb oldu. Belə iri yaşayış məntəqələrinə Ağstafa, Yevlax, Ləki, Kürdəmir, Ucar, Hacıqabul aid idi.

Lakin şəhərlərin kor-təbii inkişafı onlarda bir çox hallarda antisanitariyanın yayılmasına, yaşayış sahələrinin çatışmazlığına, infrastrukturun zəif inkişafına səbəb olurdu.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanda şəhərlər

© Milli Azərbaycan Tarixi Muzeyi