Şimali Azərbaycanın işğalından sonra Y.V.Kankrin, A.S.Qriboedov, R.D. Zavileyski ərazilərin iqtisadi baxımdan inkişaf etdirilməsi layihələrini təqdim etdilər. 1836-cı ildə Azərbaycanın iqtisadi potensialını əks etdirən “Qafqaz dağlarının arxasında Rusiya ərazilərinə baxış” (“Обозрение российских владений за Кавказом”) adlı toplu çap edildi.
Hərbi əməliyyatların sona çatması və çarizmin köçürmə siyasəti əhalinin sayının artmasına səbəb olmuşdur. Məhsulun bir hissəsinin satış üçün istehsal edilməsi, əmtəə-pul münasibətlərinə keçid, natural vergi əvəzinə pul vergisinin tətbiq edilməsi kənd təsərüfatı, sənətkarlıq və ticarətinin inkişafına səbəb oldu. XIX əsrin 40-cı illərinin islahatları və 1865-ci il kənd icmaları haqqında qanun Şimali Azərbaycanın sosial-iqtisadi əlaqələrinin imperiyanın digər ərazilərində mövcud olan əlaqələrlə uzlaşdırılmasına imkan yaratdı. Manufaktura müəssisələrinin yaranması kapitalizmə keçidi sürətləndirdi.
XIX əsrin 70-ci illərinə qədər iqtisadiyyatın inkişaf templəri əsasən kənd təsərrüfatında nəzərə çarpırdı. 1870-ci il 14 may islahatının məhdud xarakter daşımasına baxmayaraq feodal-asılı münasibətlərinə güclü zərbə vuruldu, kapitalizmin inkişafı sürətləndi. Yeyinti sənayesi, balıqçılıq və duz istehsalında, həmçinin yüngül sənayedə əhəmiyyətli dəyişikliklər baş verdi. Kapitalist sənayesi və kənd təsərrüfatının, eləcə də nəqliyyatın inkişafı ticarət kapitalının həcminin və mal dövriyyəsinin artmasına səbəb oldu.
İqtisadiyyatın sürətlə ikişaf edən sahələrindən biri yeyinti sənayesi idi. Abşeronun 27 gölündən, eləcə də Cavad və Ağcabədinin göllərindən ildə 400 min pud duz istehsal olunurdu. Naxçıvanda ildə 120 min puda qədər daş duz istehsal olunurdu. Tədricən göl duzlarının istehsal həcmi azalır, daş duzunun isə artırdı. 1899-cu ildə Naxçıvanda 300 min pud duz istehsal edildi. 1886-cı ildən yeyinti sənayesində əlavə qatqı kimi istifadə edilən biyan kökünün emalı zavodlarınn inşasına başlandı. Bakıda bir neçə iri dəyirman inşa edildi. 1900-cu ildə ölkədə 1000-dən artıq şərab zavodu var idi. Şərab, təmizlənmiş spirt, konyak, pivə və araq köçürülmüş əhali tərəfindən istehsal edilirdi.
Balıqçılıq da sürətlə inkişaf edirdi. 40-cı illərdə Kür çayı və göllərdən ildə 660 min pud balıq tutulurdu. Ən böyük gəliri nərə balıqlarının satışı gətirirdi. İldə istehsal edilən 30-40 min pud balıq kürüsünün satışı da böyük gəlir verirdi. XIX əsrin 90-cı illərindən dəniz balıqçılığı inkişaf etməyə başlayır: 1913-cü ildə balıqçılar artıq 5900 gəmi və qayıqlara malik idilər. Ən iri balıq sənayeçiləri sırasında H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov, TəSəfərəliyev, A. Quliyev və b. var idi.