• XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Azərbaycanda neft sənayesi

    neft sənayesi

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Azərbaycanda neft sənayesi

XIX əsrin 60-cı illərinin ortalarında Azərbaycan neft təsərrüfatı əvvəlki illərə nisbətən daha sürətlə inkişaf etməyə başladı. Neft hasilatında yüksəlişin əsas səbəbi ağ neftə - kerosinə tələbatın artması idi. Artıq ağ neftdən təkcə işıqlandırma vasitəsi kimi deyil, həm də əsasən sənayedə yanacaq kimi istifadə edilməyə başlanılmışdı. Bakı mədənlərində neft hasilatının artmasına xeyli təsir göstərən buruqların və əl nasoslarının meydana gəlməsi məhz bu dövrə aiddir.

Neft işinə kapital yatırmaq istəyən şəxslərə daha geniş imkanlar yaradılmasının vacibliyini nəzərə alan Rusiya imperiyasının hökuməti Qafqazda neft sənayesinin inkişafı naminə mövcud iltizam sistemini neft mənbələrinin özəl əllərə verilməsi ilə əvəzləmək qərarına gəldi. 1872-ci ildə iltizam sisteminin ləğv edilməsi haqqında verilən fərman Bakı neft sənayesi tarixində dönüş nöqtəsi oldu. Bundan sonra neft mənbələrinin müzayidələr vasitəsilə ayrı-ayrı şəxslərə satılması başlandı. Bakıda əsl “neft həyəcanı” yarandı: hamı heç olmazsa kiçik neftli torpaq almağa çalışırdı. “Əkinçi” qəzeti o dövrün abu-havasını olduqca dəqiq səciyyələndirmişdi: “Küçə və bazarlarda məhz neft və cövhər sözü danışılır. Natariusxanalarda neft yeri aldı-satdı kağızlarını yazmağa növbət çatmır. Badkubədə sakin olanlar – keşişdən tutmuş qulluq əhlinin ədna bəcərinəcən, tacirdən tutmuş ədna papaqçıya və şam tökənəcən öz işlərini tullayıb, bir neçə adam şirakət edib, olan-olmazlarını yığıb Sabunçu bəylərinin yanına yer almağa və Qara şəhərdə zavod tikdirməyə gedir ki, bir ya iki ilə sahibi milyon olsun”.

1872-ci ildən sonra buruq üsulunun geniş yayılması nəticəsində quyular öz yerini buruqlara vermiş və 1878-ci ildə tamamilə istifadədən çıxmışlar. Buruqlardan nəhəng gücə malik, sutkada on minlərlə pud neft verən fontanların vurması nəticəsində dünənə qədər heç kimin tanımadığı insan böyük varidata sahib olurdu. Bakı neft sənayesinin coşğun inkişafı xarici kapitalın da diqqətini cəlb etdi. Qısa zaman ərzində yerli neft sənayeçiləri – Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov, Vasili Kokorev, Sidor Şibayevlə yanaşı Bakıda “qara qızıl”a kapital qoyan və ondan böyük gəlirlər qazanan Nobel, Rotşild, Vişau və başqalarının firmaları yarandı.

Neft hasilatı elə sürətlə artırdı ki, 1870-ci ildə ABŞ-ın neft sənayesindən 20 dəfə az neft verən Bakı 1890-cı ildə 5,6 mln. ton neft verərək, Amerika sənayesinin səviyyəsilə bərabərləşdi, sonrakı illərdə isə onu ötüb keçdi.

Neft hasilatının cəmləşdiyi Abşeron yarımadası Volqa-Xəzər su yolu vasitəsilə həm Rusiya, həm də Mərkəzi Asiya və İranla birləşmişdi. Gəmilər neft və neft məhsullarını Rusiyaya və xaricə yalnız ilin müəyyən vaxtında – altıaylıq naviqasiya müddətində daşıya bilirdilər, bu isə kifayət etmirdi. Xam neft ehtiyatına malik olmayan Rusiyanın və Avropanın neftayırma zavodları payızın sonu və bütün qış boyu fəaliyyətsiz qalırdılar. Eyni zamanda, 1880-1881-ci illərdə Bakıda o qədər xam neft yığılıb qalmışdı ki, sahibkarlar bir müddət neftin çıxarılması və zavodlarda emalını dayandırmağa məcbur oldular, hətta onu dənizə axıdır və yaxud yandırırdılar.

1883-cü ildə Abşeron yarımadasını Cənubi Qafqaz və Qara dəniz, onların vasitəsilə isə Mərkəzi Rusiya və xariclə birləşdirən Bakı-Tiflis dəmir yolunun çəkilməsi başladı. Beləliklə, Bakının satış bazarlarına artıq iki çıxış yolu var idi – dəniz və dəmir yolu. 1907-ci ildə Bakı-Tiflis dəmir yolu boyu Bakını Qara dəniz limanı Batumla birləşdirən ağ neft kəməri çəkildi.

Bakı neft sənayesinin sürətli yüksəlişi “qara qızıl”ın dünya bazarlarına fəal müdaxiləsinə səbəb oldu. Neft ixracatının coğrafiyası xeyli genişləndi: 1886-cı ildə Bakı nefti İngiltərə, Avstriya-Macarıstan, Hollandiya, Hindistan, 1887-ci ildə Çin, 1888-ci ildə Yaponiya, 1889-cu ildə Yava adası, Siam və Filippinə ixrac olunmuşdu. Əgər 1888-ci ildə Avropa ölkələrinin ağ neftlə təchizatında Bakı neft rayonunun payına 15,7 % düşürdüsə, 1896-cı ildə bu rəqəm artıq 17,85 % təşkil edirdi. Buna müvafiq olaraq, Amerika ixracatının xüsusi çəkisi 84,3 %-dən 82,5 %-ə enmişdi. Azərbaycan neftinin həmin illərdə ixrac həcminə dair müqayisəli məlumat da mühüm əhəmiyyət kəsb edir: 1877-ci ildən 1882-ci ilədək ixrac 5 dəfə, 1883-cü ildən 1900-cü ilədək 13 dəfə artmışdı.

Bakı neft sənayesinin yüksəlişi XX əsrin əvvəllərində dayandırıldı. 1900- 1903-cü illər iqtisadi böhranı, Rusiyada inqilabi hadisələr, Birinci Dünya müharibəsi neft sənayesinə mənfi təsir göstərdi. Ümumiyyətlə, qeyd olunmalıdır ki, XX yüzilin başlanğıcında, xüsusilə avtomobil və aeroplanların kütləvi istehsalının başlanması, dəniz donanmasının mazuta keçməsi ilə əlaqədar olaraq neftin əhəmiyyəti daha da artmışdı. Neft təkcə minlərlə motoru hərəkətə gətirən enerji mənbəyi deyil, kimya sənayesinin bir çox sahələri üçün qiymətli xammal rolunda çıxış etməyə başladı.

Bütün bu amillər dünyanın aparıcı neft regionlarından olan Bakının böyük dövlətlərin kəskin mübarizə obyektinə çevrilməsinə gətirib çıxardı. Neft mənbələri uğrunda mübarizə bu dövrün beynəlxalq münasibətlərinin başlıca məqamlarından birinə çevrildi. Siyasət neftlə o dərəcədə bağlı idi ki, nefti o zaman, indiki kimi haqlı olaraq “ən siyasi məhsul” adlandırırlar. Bu xammal növünün strateji əhəmiyyəti dünyanın aparıcı dövlətlərinin “qara qızıl”ı ələ keçirmək uğrunda kəskin mübarizəsini şərtləndirmişdi.

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Azərbaycanda neft sənayesi

© Milli Azərbaycan Tarixi Muzeyi