• Qədim və orta əsrlədə Azərbaycanda neft hasilatı

    Neft hasilatı

Qədim və orta əsrlədə Azərbaycanda neft hasilatı

Neft Azərbaycanın əsas təbii sərvətidir. Antik və orta əsr mənbələrində onun çıxarılması və istifadəsi haqqında xeyli məlumat vardır. XIX əsrin ikinci yarısından – dünyanın qabaqcıl ölkələrində iqtisadiyyatın, o cümlədən sənayenin coşğun inkişafı, dəmir yolu tikintisinin genişlənməsi, yeni texniki kəşflərin tətbiqi ilə vəziyyət köklü şəkildə dəyişməyə başladı. Neft sənayesi də bu proseslərdən kənarda qalmadı. Həmin dövrdə dünyada neft sənayesinin əsas mərkəzləri Amerika Birləşmiş Ştatları və Rusiya imperiyasının tərkibinə daxil olan Azərbaycan idi. XIX əsrin sonuncu rübündə neft işində başlamış coşğun inkişaf Bakının simasını tamamilə dəyişərək, onu dünyanın ən sürətlə artan, yüzlərlə iş adamını özünə cəlb edən, minlərlə fəhləyə iş yeri verən şəhərlərindən birinə çevirdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı dünyada çıxarılan neftin 50, Rusiya imperiyasında hasil olunan neftin isə 95 %-ni verirdi. XX əsrin əvvəllərinədək Bakı neft hasilatı üzrə dünyada birinci yeri tuturdu. Təsadüfi deyil ki, İngiltərənin “Near East” jurnalı 1918-ci ildə qeyd edirdi: “Əgər neft kraliçadırsa, Bakı onun taxt-tacıdır”.

Neftin əhəmiyyəti XX əsrin əvvəllərində - avtomobil və aeroplanların kütləvi istehsalının başlanması, dəniz donanmasının mazutdan istifadəyə keçməsi ilə xüsusilə artdı. Neft təkcə minlərlə motoru hərəkətə gətirən enerji mənbəyi kimi deyil, həmçinin uğrunda müharibələrin və rəqabətin aparıldığı mühüm strateji ehtiyata çevrildi.

Azərbaycan nefti haqqında yazılı mənbələrdə olan ən qədim məlumat antik müəlliflərdən IV əsr Roma tarixçisi Ammian Marsellinə aiddir. Midiya Atropatenasından (indiki Cənubi Azərbaycan ərazisi) danışarkən o yazırdı: “...bu ölkədə “Midiya yağı” hazırlanır. Bu yağla sürtülmüş ox azacıq gərilmiş kamandan qopub nəyə isə sancıldıqda bərk alovlanır – sürətlə uçduqda alov sönmür, su ilə söndürmək istədikdə alov daha da şiddətlənir və onu söndürmək üçün yeganə çarə - üstünə torpaq tökməkdir”. A.Marsellinlə yanaşı bir çox digər müəlliflər də məlumat verirdilər ki, yunanlar, iranlılar, ərəblər müharibə vaxtı yanar neftdən istifadə edərək, düşmənə içərisində yanan kükürd və neft olan qablar atırdılar.

Şimali Azərbaycan – müasir Azərbaycan Respublikası ərazisində neft haqqında bəhs edən yerli müəlliflər sırasında VII əsr alban tarixçisi Musa Kalankatuklunu qeyd etmək lazımdır. O, özünün “Albaniya tarixi” əsərində ölkənin digər təbii sərvətləri sırasında neftin də adını çəkir. M.Kalankatuklu neft və duz istehsalı haqqında yanaşı məlumat verir. Bu məlumatın məhz Abşerona və Bakıya aidliyi sonrakı həm yerli, həm də ərəb müəlliflərinin xəbərləri ilə təsdiq olunur.

Artıq erkən orta əsrlərdə Bakı nefti daha bir funksiya – gəlir mənbəyi funksiyasını daşımağa başladı. III-VII əsrlərdə Azərbaycanda hökmranlıq etmiş Sasanilər, onlardan sonra isə ərəblər köçəri tayfaların, həmçinin xəzərlərin hücumlarından müdafiə məqsədilə şimal sərhədlərində istehkamlar qururdular. Həmin istehkamlarda yerləşdirilən qarnizonların saxlanılması üçün tələb olunan vəsaitin Bakı neftindən əldə edilməsi haqqında mənbələrdə məlumat vardır. IX əsr ərəb tarixçisi Əhməd əl-Bəlazuridə belə bir qeydə rast gəlinir: “Yəzid [Ərəb Xilafətinin Azərbaycandakı valisi, VIII əsrin ortaları] vergi toplamaq məqsədilə öz adamlarını Şirvan torpağında neft çıxaranların və duz istehsal edənlərin yanına göndərdi, sonra bu işi xüsusi vergi yığanlara tapşırdı”.

Azərbaycanda olmuş və ya Ərəb Xilafətinin işğalçı yürüşlərindən bəhs etmiş ərəb tarixçiləri və coğrafiyaşünasları Azərbaycan nefti haqqında olduqca maraqlı məlumatlar vermişlər. Onların bildirdiyinə görə, Dərbəndi ələ keçirən ərəblər burada neft ehtiyatı üçün anbarlar tikdirirdilər. Bakıdan buraya neft gətirilir, anbarlara yığılır, həmin neft sonra hərbi məqsədlər üçün işlədilirdi.

“Bakuh” adlandırdığı Bakının “ağ və başqa növ neft mədənləri”ndən bəhs edən X əsr ərəb coğrafiyaşünası əl-Məsudi yazırdı ki, dünyada Bakıdan başqa ağ neft (kerosin) olan başqa yer yoxdur. Bakını təsvir edən əl-Məsudi neft mənbələrinin yaxınlığında – “neftverən yerdə” vulkanların olduğunu yazır və hətta birini Siciliyadakı Burkan (Etna - ?) dağında püskürən vulkana bənzədir. Xəzər dənizindəki adaların birində püskürən vulkan haqqında əl-Məsudi belə yazır: “Orada ilin müxtəlif vaxtlarında fışıldayan böyük bir vulkan var. Ondan çıxan alov ən uca dağ hündürlüyü qədər havaya qalxaraq, dənizin böyük bir hissəsini işıqlandırır. Bu, təxminən 10 fərsəxlik (1 fərsəx – təqribən 5-6 km) məsafədən, qurudan da görünür”. Ərəb müəllifinin verdiyi məlumat bu günədək Azərbaycanın “Odlar yurdu” adlandırılmasının əsassız olmadığını təsdiqləyir.

Azərbaycanı qarış-qarış gəzən və ölkənin faydalı qazıntıları haqqında ətraflı məlumatları ilə fərqlənən X əsr ərəb səyyahı Əbu Duləfin ilk dəfə Bakı neftinin gündəlik icarə haqqı haqqında xəbəri xüsusi maraq doğurur: “...Burada neft mədəni gördüm, onun gündəlik icarə haqqı (qəbaləsi) 1000 dirhəmdir. Bunun yanında başqa bir mənbə də vardı, ağ neft zanbaq yağı kimi axırdı, nə gecə dayanırdı, nə də gündüz. Onun da icarə haqqı bu birisinki kimi idi”. Eyni məlumatı təkrar edən məşhur ensiklopedist Yaqut əl-Həməvi (XIII əsr) “zanbaq yağı” əvəzinə “civə yağı” ifadəsini işlədir, inandığı bir tacirin ona burada gecə-gündüz yanan torpaq haqqında verdiyi məlumatı oxucularına çatdırır və bunu həmin torpağın tərkibində mineral maddələrin olması ilə izah etməyə çalışır.

Azərbaycana gələn səyyahlar yalnız Xəzər dənizinin sahilində, Bakıda və eləcə də Abşeronun digər yerlərində olan neft mədənləri ilə yanaşı Xəzər dənizinin Bakı arxipelaqında olan adalardakı neft mənbələri haqqında da məlumat verirlər. XII əsrin məşhur coğrafiyaşünas-səyyahlarından olan əndəluslu Əbu Həmid əl-Qərnatinin bu barədə verdiyi xəbər neft tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir: “Bu dənizdə qır kimi qara ada vardır... Dəniz tərəfdə bu ada ilə üzbəüz qıra oxşar [başqa bir] qara torpaq var... Bu qara torpaqdan mazut [qır], qara və ağ neft çıxır. Həmin yer Şirvan ölkəsindən olan Bakuh yaxınlığındadır. Bu torpaq və adadan gecələr və kükürd alovuna bənzəyən od çıxır. Onun üstünə yağış yağırsa, yanmasını daha da artırır və alovun dilləri göyə ucalır. Adamlar alovu gecələr uzaqdan görürlər. Gündüz bunu görmək olmur”.

XIII əsrin sonu - XIV əsrin I yarısında yaşamış farsdilli kosmoqraf Həmdullah Qəzvini “Nuzhat əl-qulub” (“Ürəklərin əyləncəsi”) əsərində neft haqqındakı məlumatında yazırdı: “Neft quyuları çoxdur, ən çox yanacaq verəni Bakıdadır. Burada torpaqda dayaz quyular qazıb neftli laya çatırlar və bu quyulara vurulan su nefti basıb yuxarı qaldırır”. Həmdullah Qəzvininin verdiyi bu məlumat çox əhəmiyyətlidir. Belə ki, neft quyularına və laylarına su vurmaq üsulunun tətbiq edilməsi haqqında XIV əsrə aid mənbədə məlumat verilməsi Azərbaycanda neftçıxarma işinin qədim ənənəsi olduğunu bir daha təsdiq edir.

Bakı nefti haqqında XIV əsrin, əsli Bakıdan olan məşhur alimi Əbdürrəşid əl-Bakuvinin verdiyi xəbər isə daha ətarflı və bir neçə məqamına görə xüsusi əhəmiyyətlidir. Onun yazdığına görə, “burada gündə 200 dəvə yükündən artıq [məhsul] verən qır yataqları və neft mənbələri vardır. Onların yanında fasiləsiz, gecə-gündüz zanbaq yağı kimi ağrəngli neft verən digər mənbə də yerləşir, onun icarə haqqı təqribən 1000 dirhəmə çatır. Mənbələrin yanında şam kimi yanan sarı rəngli bərk torpaq var. Ondan parça-parça qopararaq, şəhərə evləri və hamamları qızdırmaq üçün aparırlar. Şəhərin bir fərsəxliyində heç vaxt odu sönməyən yer var. Şəhərə yaxın [dənizdə] məskun ada vardır, burada suiti ovu ilə məşğul olurlar. Onların dərisini soyur, yağını əridir və çıraqlarda yağ kimi istifadə edirlər. Dərilərindən isə torbalar düzəldir, onları neftlə doldurur və gəmilərlə başqa ölkələrə aparırlar. Bəzi illərdə burada dənizdən çıxan bir günlük və daha çox məsafədən görünən hündürlüyə qalxan böyük alov görünür. Bu od uzun müddət yanır və nəhayət sönür”.

İtaliyalı Marko Polo (XIII əsr) yazırdı ki, Gürcüstanla sərhəddə zəngin yağ (neft) mənbəyi var. “Həmin yağla bir dəfəyə yüzədək gəmini doldurmaq olar. Bu yağ üçün çox uzaq yerlərdən gəlirlər, hər yerdə yalnız onu yandırırlar”. XVI əsrin məşhur səyyahı İosofat Barbaro yazırdı: “Dənizin bu hissəsində Bakı (Baku) adlanan başqa şəhər var ki, Bakı dənizinin adı onun adından götürülüb. Dənizin yaxınlığında dağlar var. Həmin dağlardan qara, çox pis iyi olan yağ axır, onu gecələr çıraqlarda istifadə edir və ildə iki dəfə dəvələrə sürtürdülər, çünki əks halda onlar xəstələnirlər”.

Antik və orta əsr mənbələrinə əsaslanan bütün bu məlumatlar göstərir ki, o vaxtlar Bakıdan neft dəvə karvanları və ya at qoşulmuş arabalarla, eləcə də dəniz vasitəsilə gəmilərlə tuluqlarda daşınırdı.

Yuxarıda adını çəkdiyimiz əl-Məsudinin Xəzər hövzəsi ölkələri arasında dəniz əlaqəsinin mövcud olması haqqında məlumatı ilə digər müəlliflərin (məs., əl-Bakuvi) Bakı neftinin gəmilərdə daşınması məlumatına görə belə qənaətə gəlmək olar ki, ticarət gəmiləri Bakıdan İrana və başqa ölkələrə müxtəlif məhsullarla yanaşı neft, duz və s. daşıyırdılar. X əsrin sonuna aid anonim İran müəllifi Deyləmdə istifadə olunan neftin hamısının Bakıdan gətirildiyini bildirməsi də bu baxımdan əhəmiyyətlidir.

Bakı neftinin nəqlinə dair sonrakı məlumatlar daşınmanın coğrafiyasının genişləndiyini müşahidə etməyə imkan verir. Məsələn, məlumdur ki, artıq 1637-ci ildə neftin xeyli hissəsi Rusiya dövlətinə daşınmış və o “Xəzinə palatası”nda (güman ki, Moskva Kremlinin anbarlarında) mis çənlərdə saxlanılırdı. İngilis səyyahı və yazıçısı Çarlz Marvin 1877-ci ildə yazırdı ki, hələ 2500 il əvvəl neftin Bakıdan İrana, İraqa, Hindistana və digər ölkələrə ixrac olunmasına dair təkzibedilməz dəlillər var.

Mütəxəssislərin mənbələrə əsaslanan rəyinə görə qədim vaxtlardan Abşeronda nefti bir qayda olaraq, yuxarıdan aşağıya doğru genişlənən quyulardan çıxarırdılar. Hasil olunan neftin keyfiyyətinə görə birinci yeri ağ neftin çıxarıldığı Suraxanı quyuları tuturdu. İkinci yerdə tünd yaşıl rəngdə neft verən Balaxanı və Bibi-Heybət yataqları gəlirdi. Abşeron yarımadasının digər yerlərində isə qara neft çıxarılırdı. Neft quyuları yerli hakimlərin əlində idi. Eyni zamanda, mülki şəxslərə və dini idarələrə məxsus quyular da vardı; həmin quyular onlara şah təliqələri (fərmanları) əsasında keçmişdi.

Hakimlər əhalidən vergi toplanılması, boyaqxanaların saxlanılması ilə yanaşı neft quyularını da iltizama verirdilər. İltizamçı geniş hüquqlara malik olsa da, xəzinənin quyulara nəzarət edən xüsusi məmuru var idi. Həmin nəzarətçi neftin hasilatı və satışı işlərinə baxırdı.

Neft işində tətbiq olunan istehsal texnikası olduqca primitiv səviyyədə idi. Bu gerilik nəticəsində ən zəngin quyular belə sutkada yalnız 1,6 tonadək neft verirdilər. Tələbat və istehlak az olduğundan neft məhsullarının istehsalı xeyli aşağı idi. 1818-ci ildən 1852-ci ilə qədər, yəni 32 il ərzində neft hasilatında demək olar ki, irəliləyiş nəzərə çarpmırdı. Bununla belə, həmin dövrdə Bakı neft sənayesinin tarixində çox əlamətdar hadisə baş verdi: 1848-ci ildə Bibi-Heybətdə dünyada mexaniki üsulla ilk neft quyusu qazıldı.

Qədim və orta əsrlədə Azərbaycanda neft hasilatı

© Milli Azərbaycan Tarixi Muzeyi