• Azərbaycanda təhsil, elm və mədəniyyət

    Təhsil

Azərbaycanda təhsil, elm və mədəniyyət

XIX əsrin əvvəllərində Şimali Azərbaycanda təhsil sistemi tənəzzül vəziyyətində idi. Yeni inzibati orqanların milli dəyərlərdən və mənəvi-dini ənənələrdən imtina etməsi ölkədə müsəlman təhsil sisteminin dağılmasına səbəb oldu. Məktəblərin tədricən bərpa edilməsi yalnız müstəmləkə orqanları üçün zəruri olan yerli kadrların hazırlanması sahəsində həyata keçirilirdi. Lakin maliyyə çatışmazlığı, zəif maddi baza, müəllim kadrların və dərsliklərin olmaması bu prosesi də ləngidirdi.

XIX əsrin ortalarından milli ziyalıların Avropa təhsili almış yeni nəsli yaranmağa başladı. XIX əsrin 50-ci illərindən mətbəələrin meydana çıxması, mətbuatın yaranması və inkişafı təhsil və mədəni proseslərə həlledici təsir göstərdi.

Rusiyanın tərkibinə daxil ediləndən sonra Azərbaycanda təhsil sistemi aşağıdakı şəkildə idi: ənənəvi təhsil verən məktəb və mədrəsələr çoxluq təşkil edirdi. 1829-cu ildə ilk qəza məktəbləri, 1872-ci ildən pullu şəhər məktəbləri, 1874-cü ildən kənd ibtidai məktəbləri açılırdı. Tam orta təhsil verən ilk kişi məktəbi 1865-ci ildə, ilk qız məktəbi 1874-cü ildə açılmışdır. 1869-cu ildə ilk üsuli-cədid (yeni üsul) məktəbi açılmışdır. 1887-ci ildə ilk rus-tatar (rus-azərbaycan) məktəbi açıldı.

Müəllimlərin hazırlanması Qori müəllimlər seminariyasının 1879-cu ildə açılmış Azərbaycan şöbəsində həyata keçirilirdi. H.Z.Tağıyev tərəfindən 1901-ci ildə Bakıda ilk rus-müsəlman qız məktəbi açılmışdır, 1914-cü ildə Gəncədə, 1916-cı ildə Bakıda Müəllimlər seminariyaları fəaliyyət göstərirdi.

İlk dəfə tam Azərbaycan tarixi Abbasqulu ağa Bakıxanov tərəfindən 1841-ci ildə “Gülüstani-İrəm” əsərində yazılmışdır. Mirzə Kazımbəy təkcə Azərbaycanda deyil, Rusiya və Avropada da tanınır, ona “Rusiya şərqşünaslığının atası” deyilirdi.

1875-ci ildə ilk Azərbaycan qəzeti olan “Əkinçi” qəzeti Həsən bəy Zərdabi tərəfindən dərc olunmağa başlamışdır. Azərbaycanda bütünlüklə qadınlara həsr olunan qəzet “İşıq” qəzeti idi (redaktoru – Xədicə Əlibəyova). 1906-cı ildə nəşrinə başlanan “Molla Nəsrəddin” jurnalı ilə bütün Yaxın Şərqdə ilk dfə satirik mətbuatın əsası qoyuldu. Milli ictimai fikrin formalaşdırılmasında “Kaspi” qəzetinin rolu böyük idi.

Azərbaycan ədəbiyyatı çoxəsrlik milli ənənələri davam etdirir, ölkədə yaranan yeni şəraitlə sıx əlaqədə yeni ideya- estetik meyllər meydana çıxır, yeni bədii istiqamətlərin əsası qoyulurdu. Dövrün məhşur şairləri Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Şəfi Vazeh mədəniyyətin inkişafına böyük töhfə vermişdilər. Azərbaycan və müsəlman Şərqinin dramaturgiyasının banisi Mirzə Fətəli Axundovdur. Realist nəsrin banisi Cəlil Məmmədquluzadə, realist şair Mirzə Ələkbər Sabir, yazıçılar Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, mütərqqi romantizm nümayəndələri Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq dövrün problemlərini ədəbi formada çatdırmağa çalışırdılar.

Azərbaycan milli teatrının əsası 1873-cü ildə qoyuldu. 1883-cü ildə H.Z.Tağıyev Bakıda ilk teatr binasını tikdirdi. 1895-ci ildə “Bakı Artistlər cəmiyyəti” yaradıldı.

İlk mlli opera Üzeyir bəy Hacıbəyov tərəfindən yaradılan “Leyli və Məcnun” operasıdır (1908-ci il yanvarın 12-də Bakıda tamaşaya qoyulub).

Azərbaycan mədəniyyətinin vacib tərkob hissələri – təsviri və tətbiqi incəsənət, memarlıq inkişaf edirdi. XIX əsr Azərbaycanın görkəmli rəssamları Mirzə Qədim İrəvani, Mir Mövsüm Nəvvab, Qəmbər Qarabağlı idi, onlar ənənəvi Şərq üslubunda yaradırdılar. Azərbaycanın ilk peşəkar rəssamı Bəhruz Kəngərli idi. Dövrün ən görkəmli memarı Qasım bəy Hacıbababəyov olmuş, ali memarlıq təhsili almış ilk azərbaycanlı memarlar Zivər bəy Əhmədbəyov, İsmayıl bəy Hacınski idi.

XIX əsrin sonlarından xalqın mədəni inkişafında ciddi dəyişikliklər baş vermişdir. Mütərəqqi mədəniyyət xadimləri və milli burjuaziya nümayəndələri maarifçilik və mədəniyyət sahəsində qətiyyətli addımlar atırdılar. Milli bədii ədəbiyyta, publisistika, dramaturgiya, mətbuat çarizmin müstəmləkə siyasətinə baxmayaraq özün yol açmışdı.

Kapitalizmin inkişafı, ümumi bazarın yaradılması, iqtisadi və mədəni mərkəzlərin meydana gəlməsi, cəmiyyətin strukturunun dəyişməsi Azərbaycan millətini formalaşdırdı. Azərbaycanın tərəqqipərvər ziyalılarının milli özünədərkin oyanışına yönəlmiş yorulmaz fəaliyyəti Azərbaycan millətinin formalaşmasında böyük rol oynadı.

Milli ziyalılar aşağıdakı istiqamətlərdə fəaliyyət göstərirdilər: xalqı maarifləndirmək; milli şüuru oyatmaq; milli dili inkişaf etdirmək.

XIX əsrin II yarısında Azərbaycanda millətin formalaşmasına şərait yarandı: davamlı iqtisadi birlik mövcud idi; dil, ərazi, mədəni birlik mövcud idi. Bu dövrdə Azərbaycanda burjua zümrəsi meydana gəlmişdir. Muzdlu işçilərdən isə fəhlə zümrəsi formalaşırdı. Mirzə Fətəli Axundov “millət” anlayışını işlətməyə başlamış, 1883-cü ildə “Kəşkül” qəzetində “Azərbaycan milləti” ifadəsi işlədilmişdir.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanda təhsil, elm və mədəniyyət

© Milli Azərbaycan Tarixi Muzeyi