Peşəkar sənətin şifahi ənənəsinin bir qolunu aşıqların, müğənnilərin, dastan şairlərinin musiqi-poetik yaradıcılığı təşkil edir. Azərbaycanda aşıqların sələfləri ozanlar olmuşdu. Aşıqlar dastanları sazda ifa edirdilər. Onların sənəti aşıq havası kimi məşhur olan və asan tanınan melodiyalardan ibarətdir. Aşıq sənətinin daha çox yayılan janrları bunlardır: dastan (qəhrəman-epik rəvayət), deyişmə (yarış), ustadnamə (nəsihət mahnıları), qəzəlləmə (mədhiyyə mahnıları), şikəstə, misri (lirik mahnılar).
Peşəkar aşıqlar iki kateqoriyaya bölünür: ifaçı-aşıqlar və şair- aşıqlar. İfaçı- aşıqlar fərdi qabiliyyətlərinə görə öz dastanlarına, xüsusilə onların nəsr formalarına müxtəlif dəyişiklərlə müdaxilə edirlər. Şair-aşıqlar ifaçılıq fəaliyyətilə yanaşı poetik yaradıcılıqla da məşğul olurlar. Belə aşıqları “ustad”, görkəmli sənətkar adlandırırlar. Ustadların öz məktəbləri olurdu.
2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun Mənəvi-Mədəni İrsinin Reprezentativ siyahısına daxil edilmişdir.