• Azərbaycan musiqi alətləri

    Zərb

Zərb alətləri

Qaval (dəf)

Qaval – Azərbaycan zərb musiqi alətidir. Qədim dövrlərdən inidiyənədək öz formasını dəyişməz olaraq saxlamış nadir musiqi alətlərdəndir.

Qaval üzərinə nərə balığı dərisi çəkilmiş dəyirmi ağac çərçivədən ibarətdir. Çərçivəyə cinciltili səs çıxaran 60-70 ədəd mis halqa birləşdirilir. Təsnif və muğam kimi Azərbaycan ənənəvi janrlarının ifaçıları üçün qaval mütləq alətdir.

Nağara

Nağara – Azərbaycan zərb musiqi alətidir. Ölçülərinə görə böyük, orta və kiçik nağara növləri mövcuddur. Siloindrvari nağara “qoltuq nağara” adlanır. Nağarada bir və ya iki əllə, bəzi folklor nümunələrində 1-2 ağac dəyənək istifadə olunur. Nağara ritmik rəqslər, ənənəvi folklor oyunları və teatrlaşdırılmış xalq oyunlarında istifadə olunur.

Qoşa nağara

Qoşa nağara – Azərbaycan zərb musiqi alətidir. Quruluşuna görə iki birləşdirilmiş çanaqvari nağaradan ibarətdir. Qoşa nağarada iki ağac dəyənək vasitəsilə ifa edirlər. Xalq çalğı alətləri ansambl və orkestrlərin tərkibinə daxildir, toylarda çalınır, həmçinin azərbaycan folklor nümunələrinin ifası zamanı istifadə edilir.

Şəkili böyütmək üçün üstünə basın

Simli alətlər

Kamança

Kamança — Azərbaycan simli musiqi aləti. Azərbaycan peşəkar ənənəvi muğam ansambllarında mütləq alət olmaqla bərabər, solo aləti kimi də istifadə edilir. Azərbaycan kamançası çanaq, qol və mildən ibarətdir. Mil qol ilə çanağı birləşdirir və çanaqdan çölə çıxaraq dayaq rolunu oynayır. Alman səyyahı E.Kempfer (XVII əsr) azərbaycan kamançasını gözəl səsə malik üçsimli, bəzən isə dördsimli alət kimi təsvir edir.

Saz

Saz - Azərbaycan simli musiqi aləti. Azərbaycan aşıqlarının ənənəvi musiqi alətidir. “İranika Ensiklopediyası”na görə, sazın kökündə “şirvan tənburu”, ondan əvvəl isə “Kitabi Dədə Qorqud” dastanında adı çəkilən “qopuz” dayanır. Saz alətini hələ dahi Azərbaycan şairi Nizami Gəncəvi (XII əsr) də öz əsərlərində təsvir etmişdir.

Saz armudvari formalı çanağı, qolunun kəllə hissəsinin üzərində 8-9 aşıx, ağac rezonator (xərək), simlərdən ibarətdir. Saz təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. Sazda həm solo, həm də ansamblların tərkibində ifa etmək mümkündür.

Tar

Tar - Azərbaycan simli musiqi aləti. Azərbaycan tarı digər Şərq ölkələrində yayılmış tar formalarından əsaslı şəkildə fərqlənir.

Azərbaycan tarının ikihissəli çanağı uzun qola birləşdirilib. Azərbaycan tarının 11 simi var (misal üçün, İran tarında simlərin sayı 6-dır). Yeniləşdirilmiş tarın icad olunması “tarın atası” kimi tanınan azərbaycanlı ixtiraçı-musiqiçi Sadıxcanın (Mirzə Sadıx Əsəd oğlu, XIX əsr) adı ilə bağlıdır. Azərbaycan musiqisində tar muğam üçlüyündə aparıcı alət kimi istifadə olunur. XX əsrin əvvəllərində Azərbaycanda yeni janr- “muğam operası” yarandı. Bu janra aid bütün əsərlərdə vokal partiyalar tarla müşayət olunurdu.

2012-ci ildə Azərbaycan tarında ifaçılıq sənəti YUNESKO-nun qeyrimaddi mədəniyyət siyahısına daxil edilib.

Kanon

Kanon –simli musiqi alətidir. Azərbaycan kanonu dördbucaq-trapesvari formada olan yastı ağac yeşiyi xatırladır. Azərbaycan kanonu türk və ərəb kanonlarından fərqlənir. Kanon orkestrlər və xalq çalğı alətləri ansambllarının tərkibində müşayyət edən və solo aləti kimi istifadə olunur. Kanon aləti bir çox Şərq şairlərinin, o cümlədən Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvinin əsərlərində təsvir olunub.

Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli qeyd edirdi ki, “əgər bu gün hər bir musiqiçiyə fortepiano da ifa etmək vacibdirsə, keçmişdə müxtəlif musiqi alətlərində ifa edən Şərq musiqiçiləri mütləq kanonda ifa etməyi bacarmalıydılar.”

Şəkili böyütmək üçün üstünə basın

Nəfəs alətləri

Balaban

Balaban — ağacdan hazırlanan Azərbaycan nəfəsli musiqi aləti. 9 dəliyi olan boru formasındadır. Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır.

“Balaban” sözünün mənası “bala” (kiçik) və “ban” (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, “kiçik ban” (ilk, erkən ban) deməkdir. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir.

Zurna

Zurna - ağacdan hazırlanan Azərbaycan nəfəsli musiqi aləti. Zurnanın (hərfi mənada “bayram, ziyafət neyi”) mənasını verdiyi güman edilir. Boru formasında olan alətin üz hissəsində 7, alt hissəsində isə 1 oyuq açılır. Gövdənin baş tərəfinə maşa (beçə) taxılır. Qədim insan məskənlərindən biri olan Mingəşevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin üç min il yaşı vardır. Zurnaçılar əsasən nəfəs alətləri ansamblının tərkibində çıxış edirlər. Xalq çalğı alətləri ansamblı və orkestrlərinin tərkibində də solo aləti kimi bəzi rəqslər, cəngilər və digər musiqi nümunələrinin ifasında zurna istifadə edilir.

Tütək

Tütək – fleyta tipli Azərbaycan ağac musiqi aləti. 6-7 dəliyi olan boru formasındadır. Azərbaycanda müxtəlif ölçülü tütək növləri əsasən ansambl və xalq çalğı alətləri orkestrlərinin tərkibində solo aləti kimi istifadə edilir. Qədimdə tütəkdə çobanlar və naxırçılar ifa edirdilər. Hazırda tütəklə müxtəlif, ən mürəkkəb mahnılar, rəqs havaları, hətta proqram instrumental pyeslər ifa olunur.

Şəkili böyütmək üçün üstünə basın

Fotolar

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan musiqi alətləri

© Milli Azərbaycan Tarixi Muzeyi