• Azərbaycan musiqisi

    Azərbaycan

Azərbaycan musiqisi

Azərbaycan musiqisi – azərbaycan xalqının özünəməxsus, dərin realistik ənənələrinin çoxəsrlik tarixi formalaşması və inkişafının nəticəsidir. Bu ənənələr XX əsrin əvvəllərinədək şifahi xarakter daşıyır, bir tərəfdən öz kökləri ilə xalq məişət yaradıcılığına gedir, digər tərəfdən isə muğamat və aşıq yaradıcılığında peşəkar incəsənət səviyyəsinə yüksəlir.

Azərbaycan xalq musiqisi Yaxın və Orta Şərq xalqlarının musiqi sənətinin ayrılmaz hissəsidir, bununla belə özünəməxsusluğu və milli xüsusiyyətləri ilə seçilir.

Azərbaycan xalq musiqisi janr müxtəliyi ilə seçilir. Bura muğam, mahnı, aşıq yaradıcılığı, rəqs, meyxana daxildir.

Azərbaycan musiqi alətləri də müxtəlifdir – onların sayı 60-a çatır. Onlar sırasında geniş yayılanlar: nəfəs alətləri – tütək, balaban, zurna; simli alətlər – tar, saz, ud, kanon, kamança; zərb – qaval, nağara, qoşa-nağara və b..

1900-cü ildə Bakıda bir neçə fərdi musiqi məktəbi var idi: Yermolayevanın Musiqi Məktəbi; Şefferlinqin Musiqi Məktəbi, Semyonovun Musiqi Məktəbi, Rozinin Musiqi Məktəbi. Lakin bu məktəblərdə yalnız Avropa musiqi alətləri və Avropa musiqi texnikası öyrədilirdi. Azərbaycan xalq musiqi alətləri ustad-şagird prinsiplərinə əsasən fərdi qaydada inkişaf edirdi. Dövrün tanınmış musiqişünaslarından olan Üzeyir bəy Hacıbəylinin fikrincə, məqsəd yalnız Avropa texnikası, janrları və formalarında əsər yazmaqda deyil, bu əsərləri qavrayaraq, yeni musiqini anlaya biləcək, bununla da inkişafı tələb və təmin edəcək, Azərbaycan xalqının bütün zümrələrini əhatə edə biləcək mühitin və dinləyicinin yetişdirilməsi idi.

İlk dəfə olaraq Üzeyir bəy Hacıbəyli Avropa və milli Azərbaycan musiqi ənənələri və texnikasını birləşdirərək Azərbaycan klassik musiqisinin əsasını qoydu. XX əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir bəy Hacıbəyli müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan musiqisi

© Milli Azərbaycan Tarixi Muzeyi