• Bakıda azərbaycanlıların 1918-ci il mart soyqırımı

    soyqırım

Bakıda azərbaycanlıların 1918-ci il mart soyqırımı

1918-ci il martın 30-da Bakıda S.Şaumyanın başçılıq etdiyi, Rusiyanın Xalq Komissarları Sovetinə tabe olan Bakı Soveti, “Daşnaksutyun” erməni partiyası və Erməni Milli Şurası ilə əlbir olaraq azərbaycanlıların soyqırımına başladılar. Onların məqsədi Azərbaycan muxtarriyyətinin yaranmasının qarşısını almaq, azərbaycanlıları fiziki olaraq məhv edərək Azərbaycanı mifik “Böyük Ermənistan” tərkibinə qatmaq idi. 1918-ci ilin fevralında “Bakinski raboçiy” qəzetinin səhifələrində S.Şaumyan açıq-aşkar yazmışdır: “Azərbaycan muxtariyyətini arzu edən müsavatçılar bir yığın xarabalıqlar əldə edəcəklər”. Şaumyana 10-12 minlik “Qırmızı qvardiya” (onun 70 %-ni ermənilər təşkil edirdi), erməni silahlı dəstələri, hərbi gəmilər, hərbi aviasiya, Leninin göndərdiyi zirehli avtomobillər, toplar və zirehli qatarlar tabe idi. Milyonçu Mantaşevin və digər iri erməni neft sənayeçilərinin zavodları, habelə Bakıdakı erməni kilsəsinin zirzəmiləri ermənilərin silah anbarlarına çevrilmişdi.

Bakının müsəıman əhalisinin isə silahlı dəstələri yox idi. 1918-ci il martın 30-da şəhərin müxtəlif hissələrində azərbaycanlıların qeyri-mütəşəkkil etiraz mitinqləri başlanır. Mitinq iştirakçıları azərbaycanlılara silahların verilməsini və ya Bakıda erməni hərbi birləşmələrinin də tərksilah edilməsini tələb edirdilər. Həmin gün şəhərin istisnasız olaraq bütün müsəlman məhəllələri çoxminli bolşevik-erməni birləşmələrinin silahlı hücumuna, aeroplanlardan bombardmana və Xəzər donanmasının sahilə gətirilmiş gəmilərindən fasiləsiz top atəşinə məruz qalır. Martın 31-də elan edilmiş barışığa baxmayaraq, şəhərin müsəlman məhəllələrinin talan edilməsinə son qoyulmur. Bakının istisnasız olaraq bütün azərbaycanlı əhalisi – kübar zümrələrdən tutmuş sadə adamlara qədər bütün təbəqələr erməni zorakılıqlarının qurbanlarına çevrilmişdi. Zəngin və nüfuzlu azərbaycanlıların ünvanlarının əvvəlcədən hazırlanmış siyahıları ilə erməni hərbi dəstələri ən əvvəl bu evlərə hücum edir. Daha sonra hücumlar kütləvi xarakter alır. Bakının müsəlman əhalisinə qarşı silahlı çıxışlar şəhərin müxtəlif hissələrində – həm mərkəzi məhəllələrdə, həm də kasıb və imkansız təbəqələrdən olan sakinlərin məskunlaşdığı ucqarlarda baş verirdi. Qətlə yetirilənlərin arasında çoxlu sayda qadın, uşaq və yaşlı kişilərin olması erməni-bolşevik qüvvələrinin şəhərin azərbaycanlı əhalisini, cinsinə və yaşına baxmadan, kütləvi surətdə qırmaq niyyətini bir daha sübut edir. Talan edilmiş əmlak erməni milyonçuları və sənayeçilərinin əvvəlcədən hazırlanmış anbarlarına yığılırdı. Yandırılan və dağıdılan binalar arasında azərbaycanlıların mədəni-ictimai və dini mərkəzini təcəssüm etdirən “İsmailliyə” – Müsəlman Xeyriyyə Cəmiyyətinin binası, “Kaspi” və “Açıq göz” qəzetlərinin, “Dağıstan”, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanalarının binaları da var idi. Müsəlmanların qaldıqları bu mehmanxana və karvansaralar orada olan insanlarla birlikdə yandırılmışdı.

Bakıda mart faciələrinin təşkilində Erməni Milli Şurasının və “Daşnaksütun” partiyasının rolu, erməni ziyalı və kübar təbəqələri nümayəndələrindən tutmuş “erməni qara camaatı”na qədər əlisilahlı Bakının erməni əhalisinin azərbaycanlı qırğınlarında iştirakı təkzibedilməz faktlar və sübutlarla təsdiq edilir.

Müsəlmanların həyat və əmlakının xilas edilməsi bir çox hallarda onların yəhudi, rus, polyak, gürcü qonşularının, tanışlarının fəal iştirakı və hadisələrə müdaxiləsi nəticəsində mümkün olurdu. Azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam etmişdir. Müsəlmanların kütləvi qırğını əvvəlcə Bakı Sovetinə tabe olan, sonra isə vəhşiliklərdən dəhşətə gələn rus əsgər və zabitlərindən ibarət 36-cı Türküstan alayının və Xəzər Hərbi Donanmasının rus dənizçilərinin müsəlman qırğınlarını dayandırmaq barədə qətiyyətli tələbi və şəhərin erməni hissəsinə toplardan atəş açacaqları kimi hədələri sayəsində dayandırılır.

Erməni quldur dəstələri Bakının ətraf kəndlərinə də basqınlar edirdi. Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və s. kəndlərin sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar.

Ən ümumi hesablamalara görə təkcə bir həftə ərzində Bakıda 12 mindən artıq insan, əksəriyyətini dinc sakinlər təşkil edən müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdir. Şəhərin küçə, həyət və evlərindən meyitlərin yığılması ilə bir neçə gün ərzində ayrı-ayrı dəstələrin məşğul olduğu, ermənilər tərəfindən cəsədlərin həm hadisələrin baş verdiyi günlərdə, həm də sonra yanan binalara, quyulara, dənizə töküldüyü, qırğınlardan dərhal sonra müsəlman əhalisinin kütləvi şəkildə şəhəri tərk etdiyi və, nəhayət, Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan verməmişdir. Təkcə İran konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən artıq müsəlmanın meyitinin toplanması şəhadəti, eləcə də digər mənbələr mart qurbanlarının sayının 12 mindən də artıq olduğunu deməyə əsas verir.

Şəkili böyütmək üçün üstünə basın

Bakıda azərbaycanlıların 1918-ci il mart soyqırımı

© Milli Azərbaycan Tarixi Muzeyi