• Azərbaycanlılar I dünya müharibəsi cəbhələrində

    sərkərdə

Azərbaycan sərkərdələri I dünya müharibəsi cəbhələrində

1886-cı ildən başlayaraq müsəlmanlar Rusiya ordusuna çağırılmasalar da, ali silkin nümayəndələri hərbi-təhsil ocaqlarında oxumaq və zabit olmaq hüququna malik idi.

I dünya müharibəsi illərində Rusiya ordusunun tərkibində 200-dən çox azərbaycanlı fərqlənmişdir. Onlardan ali rütbə və vəzifələrə çatanlar: süvari generalı, general- adyutant Hüseyn xan Naxçıvanski – Qvardiya süvari korpusunun komandiri; artilleriya generalı Səməd bəy Mehmandarov – 2-ci Qarfqaz ordu korpusunun komandanı; general-leytenant Əli ağa Şixlinski – 10-cu ordu komandanı.

Hüseyn xan Naxçıvanski (1863-1919) Paj korpusunda təhsil almışdır. O, 1904-1905-ci illər Rus-yapon müharibəsində Müq.Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur. I dünya müharibəsi başlananda general-leytenant Naxçıvanski 2-ci süvari divisiyasının komandiri idi. 1914-cü ilin oktyabrında o, 2- ci süvari korpusunun komandanı təyin olunur. 1915-ci ilin iyununda Naxçıvanski imperatorun general-adyutatntı rütbəsinə yüksəlmiş, 1916-cı ildə Qvardiya süvari korpusunun komandiri təyin olunmuşdu. Xidmət illərində Hüseyn xan Naxçıvanski Müq.Georgi ordeninin 3-cü və 4-cü dərəcələri, Müq.Vladimir ordeninin 2, 3, 4 –cü dərəcələri, Müq.Anna və Müq. Stanislav ordenlərinin bütün dərəcələri, Ağ Qartal ordeni (qılınclarla), “İgidliyə görə” yazısı olan Qızıl silah, Prussiya, Rumıniyanın ali ordenləri ilə təltif olunmuşdur.

Səməd bəy Mehmandarov (1855-1931) Bakı gimnaziyasında, 2-ci hərbi Konstantinov məktəbində, daha sonra Zabit artilleriya məktəbində təhsil almışdır. O, 1904- 1905-ci illər Rus-yapon müharibəsində Müq.Georqi ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur. I dünya müharibəsi başlananda general-mayor Mehmandarov 21-ci piyada diviziyasının komandiri vəzifəsində idi. 1914-cü ilin dekabrında o, 2-ci Qafqaz ordu korpusunun komandanı təyin olunur. Xidmət illərində artilleriya generalı Mehmandarov Müq.Georgi ordeninin 3-cü və 4-cü dərəcələri, Müq.Vladimir ordeninin 2, 3, 4 –cü dərəcələri, Müq.Anna və Müq. Stanislav ordenlərinin bütün dərəcələri, Ağ Qartal ordeni (qılınclarla), Müq.Aleksandr Nevski ordeni (qılınclarla), Brilliant silah, “İgidliyə görə” yazısı olan Qızıl silah, İngiltərə, Fransa, Rumıniyanın ali ordenləri ilə təltif olunmuşdur.

Əli ağa Şixlinski (1865-1943) Tiflis kadet korpusunda, Mixaylov artilleriya məktəbində və Zabit artilleriya məktəbində təhsil almışdır. Rus ordusunun “Çin yürüşündə” və Rus-yapon müharibəsində iştirak etmişdir. Port-Arturun müdafiəsi zamanı göstərdiyi igidliyə görə Müq.Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur. 1907-ci ildə Şixlinski tərəfindən artilleriya nəzəriyyəsinə “Şixlinski üçbucağı” adı ilə daxil olmuş yeni hədəfgöstərmə üsulu icad olunmuşdur. 1908-ci ildən Şixlinski Zabit artilleriya məktəbində dərs deməyə başlamışdır. O, “Divizion tərkibində artilleriya manevrlərinin təşkili təlimatı”, “Səhra artilleriyasının döyüşdə tətbiqi” və “Öz qoşunların başı üzərindən artilleriya atəşi barəsində” əsərlərini hazırlayıb çap etdirmişdir. Bu əsərlər geniş yayılaraq, artilleriya elminin inkişafına böyük təsir göstərmiş, Şixlinski isə “rus artilleriyasının allahı” adını almışdır. 1913-cü ildə ona general-mayor rütbəsi verilmiş, 1914-cü ildən o, Zabit artilleriya məktəbinin rəisi vəzifəsini icra etməyə başlamışdır. 1915-ci ilin yanvarından Şixlinski Şimal-Qərb cəbhəsinin ağır artilleriya rəisi, oktyabr ayından isə Ali Baş komandan yanında artilleriya hissəsi üzrə tapşırıqlar generalı vəzifəsini yerinə yetirərək bütün rus ordusunun ağır artilleriyasının rəisi olmuşdur. 1916-cı ilin aprelindən Şixlinski Qərb cəbhəsi artilleriya inspektoru vəzifəsində çalışaraq, bir sıra əməliyyatların keçirilməsində bilavasitə iştirak etmişdir. 1917-ci ilin aprelində o, general-leytenant rütbəsinə layiq görülərək, 10-cu ordu komandanı təyin edilmişdir. Xidmət müddətində Şixlinski Müq.Georgi ordeninin 4–cü dərəcəsi, Müq.Stanislav ordeninin bütün dərəcələri, Müq. Anna ordeninin bütün dərəcələri, Müq.Vladimir oreninin 2, 3, 4-cü dərəcələri, həmçinin Fransanın Fəxri legion ordeninin Zabit və Komandor xaçları ilə təltif olunmuşdur.

Generallar:

İbrahim ağa Usubov (1872-1920) - Tiflis kadet korpusu və Konstantinov hərbi məktəbində oxumuş, piyada qoşunları zabiti olmuşdur. Rus-yapon müharibəsinin iştirakçısıdır. General-mayor, 133-cü piyada diviziyasının briqada komandiri.

Mir Kazım bəy Talışınski (1855 – 1938) - Bakı realni məktəbi və 2-ci hərbi Konstantinov məktəbində təhsil almışdır. 1877-1878-ci illər rus-türk müharibəsinin iştirakçısı olub. General-mayor, I dünya müharibəsində 3-cü Sibir atıcı alayının komandiri.

Feyzulla Mirzə Qacar (1872-1920) - Tiflis kadet korpusu və Nikolaev süvari məktəbində oxumuşdur. Rus-yapon müharibəsinin iştirakçısı olub. General-mayor, Qafqaz yerli atlı diviziyası 2-ci briqadasının komandiri; 1917-ci il sentyabrın 30-da 1-ci Qafqaz yerli atlı diviziyasının komandiri təyin olunub.

Mir Əsəd bəy Talışxanov (1857-1919) - Bakı realni məktəbi və 2-ci hərbi Konstantinov məktəbi, sonra Zabit artilleriya məktəbində təhsil almışdır. General-mayor, 52-ci artilleriya briqadasının komandiri.

Sadıq bəy Ağabəyzadə (1865-1944) - Bakı realni məktəbi və 2-ci hərbi Konstantinov məktəbində oxumuşdur; Piyada qoşunları, general-mayor rütbəli zabiti

Əmənulla Mirzə Qacar (1857-1937). - Piyada qoşunları zabiti olub. Rus- yapon müharibəsinin iştirakçısıdır. General-mayor, 1-ci Kuban plastun briqadasının komandiri.

General-mayor Əliyar bər Haşımbəyov (1856- 1920) və general-mayor Firuddin bəy Vəzirovun (1850-1925) bioqrafiya və I dünya müharibəsində iştirakları barədə məlumatlar dəqiqləşdirilir.

Polkovniklər:

Cavad bəy Şıxlinski (1874-1959) - Tiflis kadet korpusu və Konstantinov hərbi məktəbində oxumuş, topçu zabit olmuşdur. Polkovnik, 45-ci artilleriya briqadasında divizion komandiri.

Süleyman bəy Əfəndiyev (1864-1919) - Yelizavetpol gimnaziyası və Yelizavetqrad süvari məktəbində oxumuşdur. I dünya müharibəsində DİN süvari hissələrinin general-mayoru rütbəsində iştirak edib.

Davud bəy Yadigarov (1883-?) - Paj korpusunda təhsil almış, süvari hissələrdə polkovnik rütbəsində xidmət etmişdir.

Əbdülhəmid bəy Qaytabaşı (1884-1920)-Pavlov Hərbi Məktəbində oxumuşdur, piyada qoşunları zabiti olmuşdur. 52-ci piyada diviziyanın 205- ci piyada Şamaxı alayının polkovniki

İbrahim ağa Vəkilov (1853-1934) – Tiflisdə geodeziya məktəbi və Peterburq Hərbi- Topoqrafiya məktəbində oxumuşdur. Azərbaycanın ilk hərbi topoqrafıdır. Polkovnik (bu rütbəyə layiq görülmüş Qafqazda ilk hərbi topoqraf).

Mansur Mirzə Qacar (1869-1931)-Vladiqafqaz realni məktəbi və Yelisavetqrad süvari məktəbində, həmçinin Zabit süvari məktəbində oxumuşdur. Rus-yapon müharibəsinin iştirakçısı olmuşdur. Polkovnik, 12-ci qusar Axtır alayının komandiri.

Boris (Əskər) bəy Sofiyev (1872-1934) -Pskov Kadet Korpusunda və 3-cü hərbi Aleksandr məktəbində, həmçinin Zabit artilleriya məktəbində oxumuşdur. Rus-yapon müharibəsinin iştirakçısı olmuşdur. Polkovnik, 57-ci artilleriya briqadasında divizion komandiri.

Teymur bəy Novruzov (1880-1961) - Tiflis kadet korpusunda və Yelisavetqrad süvari məktəbində, həmçinin Zabit süvari məktəbində oxumuşdur. Polkovnik, atlı divizionun komandiri.

Temir- Mirzə Məmmədəlibəyov (1873-1916) -2-ci Moskva Kadet Korpusunda, 3-cü Hərbi Aleksandrov məktəbində, daha sonra Zabit Artilleriya məktəbində və Baş Qərargahın Nikolayev Akademiyasında oxumuşdur. Rus-yapon müharibəsinin iştirakçısı olub. 1916-cı ilin iyununda polkovnik rütbəsinə layiq görülmüş, Həmin ilin sentyabrın əvvəllərində döyüşdə həlak olmuşdur.

Darab Mirzə Qacar (1869-1930) -Tiflis kadet korpusunda və Pavlov hərbi məktəbində oxumuşdur. Kazak qoşunlarının polkovniki rütbəli zabitidir.

Kelbali xan Naxçıvanski (1891- 1931) Tiflis kadet korpusunda və Nikolayev süvari məktəbində oxumuş, Georqi silahı ilə təltif edilmişdir. Əlahəzrət Leyb-qvardiya ulan alayının polkovniki.

Seyfulla Mirzə Qacar (1864-1926). Piyada qoşunları zabiti.Polkovnik, 15-ci Zaamur sərhəd piyada alayının komandiri.

Məmməd Qulu Mirzə Qacar (1872-1920?) -Simbirsk kadet korpusu, Aleksandrovsk hərbi məktəbində, eləcə də Zabit artilleriya məktəbində oxumuşdur. Polkovnik, 5-ci Qafqaz əlahiddə atıcı dağ artilleriya divizionunun komandiri.

Fətəli Mirzə Qacar (1855- ?) -Paj korpusunda oxumuşdur. 1877-1878-ci illər rus- türk müharibəsinin iştirakçısı. 1913-cü ildə istehfaya çıxmış, I dünya müharibəsi başlananda yenidən orduya çağırılmışdır. Polkovnik, Petroqrad şəhəri üzrə müalicə müəssisələrinin inspektoru

Aleksandr Rza Qulu Mirzə Qacar (1869-1943) -Vilno piyada yunker məktəbində oxumuşdur. İmperator mühafizə konvoyunun Kuban yüzlüyünün polkovniki.

Şəkili böyütmək üçün üstünə basın

I dünya müharibəsi illərində Mq. Georgi ordeni ilə təltif olunan azərbaycanlılar

Rusiya imperiyasının devizi “Xidmətə və igidliyə görə” olan ən ali və şərəfli hərbi mükafatı – Müqəddəs böyük əzabkeş və qalib Georgi” devizinə malik İmperator Hərbi ordenidir. (Müq Georgi ordeni) Dörd dərəcəsi olan Müq.Georgi ordeni hərbi igidliyə görə verilən hərbi təltif nişanı idi. Bu ordenlə təltif olunanlara əhəmiyyətli imtiyazllar, o cümlədən nəsilliklə Rusiya zadəganlığı hüququ verilirdi. 1828-1913-cü illərdə 31 müsəlman, o cümlədən 11 azərbaycanlı Müq.Georgi ordeni ilə təltif olunmuş, onlardan bir müsəlman – azərbaycanlı Minatul bəy Heydərov Müq.Georgi ordeninin 3-cü dərəcəsinə layiq görülmüşdü.

1914-1917-ci illərdə cəmi 3 müsəlman Müq. Georgi ordeninin 3-cü dərəcəsi ilə təltif olunmuş, onlardan biri çeçen, ikisi isə azərbaycanlı idi:

1.Hüseyn xan Naxçıvanski (1863-1919) – general-adyutant, süvari qoşunlar.

2.Səməd bəy Mehmandarov (1855-1931) – artilleriya generalı, artilleriya qoşunları

1914-1917-ci illərdə Müq. Georgi ordeninin 4-cü dərəcəsi ilə 8 azərbaycanlı təltif olunmuşdur:

1.Boris (Əskər) bəy Sofiyev (Səfiyev) (1872-1934) – polkovnik, artilleriya qoşunları.

2.Teymur bəy Novruzov (1880-1961) - polkovnik, süvari qoşunlar.

3.Temir Mirzə Məmmədəlibəyov (1873-1916) - polkovnik, artilleriya qoşunları, döyüşdə həlak olub.

4.Rəşid bəy Əfəndiyev (1880-?) – kapitan, piyada qoşunlar.

5.İbrahim ağa Usubov (1875 – 1920) – general-mayor, piyada qoşunlar.

6.Feyzulla Mirzə Qacar (1872-1920) - general-mayor, süvari qoşunlar.

7.İsrafil bəy Xəlilbəyov (?-?) - kapitan, zirehli avtomobillər.

8.Fərrux ağa Qayıbov (1891-1916) – poruçik, aviasya, döyüşdə həlak olub.

Şəkili böyütmək üçün üstünə basın

I dünya müharibəsi illərində Müq. Georgi silahı ilə təltif olunan azərbaycanlılar

Müq. Georgi ordeninə bərabər tutulan “Müq.Georgi silahı” – Brilliant silah və Qızıl silah, Rusiya imperiyasının ən şərəfli hərbi təltif nişanlarından idi.

1828-1913-cü illərdə 27 azərbaycanlı “Georgi silahı” ilə təltif olunmuşdur.

1914-1917-ci illərdə cəmi 8 sərkərdə, o cümlədən bir müsəlman zabiti- azərbaycanlı Səməd bəy Mehmandarov “Brilliant Georgi silahı” ilə təltif olunmuşdur:

1.Səməd bəy Mehmandarov (1855-1931) – artilleriya generalı, artilleriya qoşunları.

1914-1917-ci illərdə 15 azərbaycanlı zabit “Qızıl Georgi silahı” ilə təltif olunmuşdur:

1.Darab Mirzə Qacar (1869-1930) - polkovnik, süvari qoşunlar.

2.Boris (Əskər) bəy Sofiyev (Səfiyev) (1872-1934) – polkovnik, artilleriya qoşunları.

3.Kəlbəli xan Naxçıvanski (1891-1931) - polkovnik, süvari qoşunlar.

4.Siyavuş Mirzə Qacar (1889- ?) – yüzbaşı, pulemyot hissəsi.

5.Mansur Mirzə Qacar (1869-1931) - polkovnik, süvari qoşunlar.

6.Temir Mirzə Məmmədəlibəyov (1873-1916) - polkovnik, artilleriya qoşunları, döyüşdə həlak olub.

7.Mir Əsəd bəy Talışxanov (1857-1919) - general-mayor, artilleriya qoşunları.

8.Əmənulla Mirzə Qacar (1857- 1937) - general-mayor, piyada qoşunlar.

9.Mahmud bəy Zeynalov (1888-?) - ştabs -kapitan, piyada qoşunlar.

10.Cəmşid xan Naxçıvanski (1895-1938) - ştabs-rotmistr, süvari qoşunlar.

11.Seyfulla Mirzə Qacar (1864-1926) - polkovnik, piyada qoşunlar.

12.Cəlal bəy Sultanov (1879-1916) - ştabs-rotmistr, süvari qoşunlar, döyüşdə həlak olub.

13.İsrafil bəy Xəlilbəyov (?-?) - kapitan, zirehli avtomobillər.

14.Nağı Məmmədəliyev (1895-?) – poruchik, piyada qoşunlar.

15.Kərim xan İrəvanski (1885-1937?) – ştabs-rotmistr, süvari qoşunlar.

Şəkili böyütmək üçün üstünə basın

Tatar (Azərbaycan) atlı alayı

Alayın yaradılması

I Dünya müharibəsi illərində azərbaycanlılardan ibarət milli hərbi hissə yaradılmışdı. İmperiya dövründə azərbaycanlılara “Zaqafqaziya tatarları” deyildiyinə görə həmin hərbi hissə “Tatar atlı alayı” adını almışdı.

Rusiya imperiyası tərkibində olan müsəlmanlar hərbi xidmətə çağırmadığı üçün; bu alay könüllülük prinsipi əsasında təşkil olunmuşdu. 1914-cü il iyulun 27-də imperator I Nikolay Qafqazın müsəlman könüllülərindən ibarət milli alayların yaradılmasına razılıq verdi. Yelizavetpolda (Gəncə) Tatar (Azərbaycan) alayı təşkil olundu. Bütün Azərbaycandan olan könüllülər bu alayda xidmət üçün bu şəhərə gəlirdi. Alayın tərtib olunması ilə süvari rotmistri Şahverdi xan Ziyadxanov məşğul olurdu. Alay 22 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 atlı, 68 qeyri nizami rütbələrdən ibarət idi. Alayın komandiri podpolkovnik P.Polovsov, onun köməkçiləri isə V.Staroselski və Ş.Ziyadxanov təyin olunmuşdular. Tanınmış şair və jurnalist Məhəmməd Hadi alay mollası vəzifəsində idi. Öz hesablarına paltar və ləvazimat almış milli burjuaziyanın nümayəndələri eləcədə, mühəndis və maarifçi Fərrux bəy Vəzirovun alayın yaradılmasında böyük rolu olmuşdur.

Sərəncama əsasən alayın atlıları müsəlman olsalar da, 22 zabitdən yalnız 8- 10-i azərbaycanlı ola bilərdi; digər zabitlər rus və digər millətlərin nümayəndələri olmalı idi.

Tatar (azərbaycan) atlı alayında aşağıdakı azərbaycanlı zabitlər xidmət edirdilər: Şahverdi xan Ziyadxanov, Cəlal bəy Sultanov, İsrafil bəy Yadigarov, (Məhəmməd bəy Nəbi oğlu) Cəmşid xan Naxçıvanski, Xudadad bəy Xudaverdov, Aslan bəy Kubatiyev, Zülfüqar bəy Sultanov, Səlim bəy Sultanov, Əli Murad bəy Vəzirov, Zeynal bəy Sadıxov.

Azərbaycanlı zabitlər müsəlmanlardan ibarət digər alaylarda da xidmət edirdilər: məsələn, İskəndər xan Naxçıvanski Çeçen atlı alayında, Kərim xan İrəvanski-Qabardin atlı alayında və s..

Alayda azərbaycanlılarla bərabər imperiyanın digər millətlərdən olan ən mötəbər zadəgan nəsillərinin nümayəndələri xidmət edirdilər: ruslar qraf N.Bobrinski, A.Bers (yazıçı Lev Tolstoyun qardaşı oğlu), A.Nemiroviç-Dançenko, knyaz M.Muravyev- Amurski, knyaz S.Baqration-Muxranski, kabardin Fyodr Nikolayeviç (Tembot Janxotoviç) Bekoviç-Çerkasski,gürcülər knyaz N.Qazbeqi, knyaz V.Amiloxvari, knyaz L.Maqalov, abxaz knyaz X.Şervaşidze, osetin M.Xoranov və hətta iki fransız-Şarl Testenuar və Obrien de Lassi.

Tatar atlı alayı cəbhəyə yollanmazdan öncə atlılar azərbaycan dilində (sənədlərdə “azərbaycan-tatar dialekti”) “Andlı öhdəlik” adı ilə imperator və dövlətə sadiq olacaqlarına and içmişdir. Andiçmə mərasimi zamanı hər atlı “Andiçmə vərəqi”ndə imza atmışdır.

Alayın döyüş fəaliyyəti

1914-cü il sentyabrın əvvəllərində Tatar (Azərbaycan) atlı alayı tam formalaşdırılmış və döyüş qabiliyyətinə görə “Vəhşi diviziya” adını almış Qafqaz yerli atlı diviziyanın tərkibinə qatılmışdı. Diviziyaya həmçinin Çeçen, 2-ci Dağıstan, Qabardin, İnquş, Çərçəz alayıları da daxil idi. Diviziyanın uniforması Qafqaz kişi geyimlərinin əsasında tərtib olunmuşdur. Hər alayın döyüşçülərinin geyindikləri çuxa, papaq, köynək və paqonları rəng baxımından fərqli idi. Tatar (Azərbaycan) atlı alayında çuxa, papaq və köynəklər qara rəngdə idi, qırmızı paqonlar üzərində sarı iplərlərlə “Tt” hərfləri tikilirdi.

Çarın kiçik qardaşı böyük knyaz Mixail Alekseyeviç diviziyanın komandiri təyin olunmuşdu.

Tatar (Azərbaycan) atlı alayı 1914-cü ilin noyabrından 1917-ci ilin iyulunadək diviziya tərkibində rus ordusunun Cənub-Qərb cəbhəsindəki irimiqyaslı əməliyyatlarında iştirak etmişdir.

Tatar (Azərbaycan) atlı alayının döyüşçüləri çoxsaylı təltif nişanlarına layiq görülmüşlər. Alayın 6 zabiti Müq.Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur; 5 zabitdən biri- Cəlal bəy Sultanov – ölümündən sonra Georqi silahı ilə təltif edilmişdir.

Georqi xaçının bütün dörd dərəcəsi ilə təltif olunanlar, yəni tam Georqi kavalerləri statusuna 6 atlı layiq görülmüşdü- Əli bəy Nəbibəyov, Sayad Zeynalov, Mehdi İbrahimov, Ələkbər Hacıyev, Daso Daurov, Aleksandr Kaytukov. Osman ağa Gülməmmədov üç Georgi xaçı və üç Georqi medalı almışlar. Zeynal bəy Sadıxov 3 Georqi xaçı və bir Georqi medalını qazanmış, zabit rütbəsinə layiq görüləndən sonra isə 4 döyüş ordeni ilə təltif olunmuşdur.

Diviziyanın digər alaylarında xidmət edən azərbaycanlılar da fərqlənmişdilər: Qabardin alayında – Həmid Ələsgərov, Mansur Əliyev, 2-ci Dağıstan alayında – Vəli bəy Yadigarov, Əli Hacıyev, Çeçen alayında – Məhəmməd Sadıxov, Cəbrayıl Şahtəmirov, İbrahim Səidov, Məhəmməd Əliyev, Çərkəz alayında – Mustafa Mərdov və başqaları.

Şəxsi heyətdə verdiyi itkilərə görə Tatar (Azərbaycan) atlı alayı dörd dəfə Azərbaycandan gələn könüllülərlə tamamlanmışdı.

Müharibənin sonunadək alay içdiyi anda sadiq qalmış və imperiya parçalananda cəbhədən geri çağırılmışdı. Rusiyadakı inqilab və vətəndaş müharibəsində iştirakdan imtina etmiş alay 1917-ci ilin payızında Qafqaza, Tiflisə gəlmişdi. Sonralar bu alay Qafqaz İslam Ordusunun ən döyüşkən süvari hərbi hissəsi və Azərbaycan Ordusunun ilk hərbi hissəsi oldu.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanın ilk hərbi topoqrafı – İbrahim ağa Vəkilov

İbrahim ağa Vəkilov (1853-1934) Tiflis geodeziya məktəbini bitirib, Peterburqdakı Hərbi- Topoqrafiya məktəbinə daxil olmuşdur. 1879-cu ildən Vəkilov Qafqaz hərbi dairəsinin hərbi-topoqrafiya şöbəsində xidmətə başlamışdır. Krım, Orta Asiya və İranda (Xorasan) topoqrafiya çəkilişlərində iştirak etmişdir. Rus-İran sərhəd komissiyasının üzvü olmuşdur. 1915-ci ildə Vəkilov artıq Ordu qərargahı Hərbi-topoqrafik bölməsinin rəis köməkçisi idi. 1917-ci ilin aprelində ona “polkovnik” rütbəsi verilmiş, Qafqazda bu rütbəyə layiq görülmüş ilk zabit olmuşdur. Vəkilov Türkiyənin Qars vilayəti və Alaşkərt rayonu, , həmçinin Təbriz, Xoy və Urmiyanın topoqrafik xəritələrini tərtib etmişdir. Vəkilov imperiyanın bir sıra ordenləri ilə təltif edilmişdir.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanın ilk hərbi aviatoru - Fərrux ağa Qayıbov

Fərrux ağa Qayıbov (1891-1916) rus-azərbaycan məktəbini, sonra Tiflis kadet korpusunu bitirmişdir. 1910-cu ildə Konstantinov artilleriya məktəbinə daxil olmuş, topçu zabit kimi xidmət etmişdir. 1916-cı ildə Qərb cəbhəsinə göndərilmiş və “İlya Muromets №16” bombardmançı təyyarəsinə artilleriya zabiti kimi ezam olunmuşdur. Qayıbov ekipajın tərkibində dəfələrlə döyüş uçuşları etmişdir. 1916-cı il sentyabrın 12-də ekipaj düşmənin iri mərkəzlərindən olan Borunı şəhərinin (Belarus Respublikası) bombardmanına yollanmışdır. Hava döyüşündə “İlya Muromets №16” 4 düşmən təyyarəsini vurmuş, əməliyyatı həyata keçirmək üçün digər ekipajlar üçün şərait yaratmışdır. Lakin təyyarə özü də vurulmuşdur. Almanlar təyyarə ekipajını əsgəri ehtiramla dəfn etmişdilər. Döyüşlərdə bir çox ordenlərlə təltif edilmişdir. Ölümündən sonra Müq.Georgi ordeninin 4-cü dərəcəsinə layiq görülmüşdür.

Borunı şəhəri yaxınlığında indiki Belarus Respublikası ərazisində ekipajın həlak olduğu yerdə abidə qoyulmuşdur.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanlı hərbi həkimlər

I dünya müharibəsi illərində azərbaycanlı həkimlər müxtəlif cəbhələrdə fəaliyyət göstəriblər. Onlardan bir neçəsi pəşəkar hərbi həkim olan bir neçəsi – Rusiya və Azərbaycan tibb tarixində xüsusi yer tuturlar.

Mustafa Mahmud oğlu Hacıqasımov (1883-1956). Xarkov Universitetinin tibb fakultəsini bitirib. 1914-1918 illərdə “Yaralı və xəstə əsgərlər üçün Xarkov lazareti”ndə həkim işləyib.

Əli Muxtar Əliyev (?-1954). Kiyev Universitetinin tibb fakultəsini bitirib. 1914-1918 illərdə cəbhədə həkim işləyib. 1917-ci ilə Cənub-Qərb cəbhəsinin sanitar qatarının rəisi vəzifəsinə yüksəlib. Rusiya imperiyasının ordenləri ilə təltif olunub.

Əli bəy Əlibəyov (1873-- ?) Kiyev Universitetinin tibb fakultəsini bitirib. 1914-1918 illərdə Cənub-Qərb cəbhəsində hərbi həkim işləyib.

Firuz Ordubadski (1889-?) Kiyev Universitetinin tibb fakultəsini bitirib. 1914-1918-ci illərdə müxtəlif cəbhələrdə sanitar qatarının rəisi vəzifəsində çalışıb.

Əli Heydər Allahverdiyev (1888 - ?) Kiyev Universitetinin tibb fakultəsini bitirib. 1914-1918-ci illərdə Ümumrusiya yerli ittifaqının 7 saylı Kiyev hospitalında çalışıb. 1916-1918-ci illərdə Qərb cəbhəsi sanitar qatarlarının rəisi vəzifəsində çalışıb.

Əbülfət Talışınski (1885-1949) Kiyev Universitetinin tibb fakultəsini bitirib. 1914-1916-cı illərdə Qızıl Xaç Cəmiyyətinin Xarkov hospitalında çaılışıb. 1916-cı ildən Bakı şəhər klinik hospitalında işləyib.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanlılar I dünya müharibəsi cəbhələrində

© Milli Azərbaycan Tarixi Muzeyi