• 1918-ci ilin mart-aprel aylarında azərbaycanlıların soyqırımı

    soyqırım

1918-ci ilin mart-aprel aylarında azərbaycanlıların soyqırımı

I Dünya müharibəsindən, eləcə də Rusiyada 1917-ci il fevral və oktyabr çevrilişlərindən sonra yaranmış vəziyyəti öz məqsədləri üçün istifadə edən ermənilər Qafqazın ən böyük iqtisadi və inzibati mərkəzi olan Bakı şəhərini ələ keçirməyə çalışırdılar. Bunun üçün “Daşnaksütün” partiyası və Erməni Milli Şurası bolşeviklərlə öz səylərini birləşdirməyə başladı. Bolşeviklər Bakını və Azərbaycanı Sovet Rusiyasının, daşnaklar isə mifik “Böyük Ermənisan”ın tərkib hissəsi kimi görürdülər. Onların son məqsədləri fərqlənsə də, bu mərhələdə yalnız bir rəqibləri vardı – öz milli partiyalarını, ilk növbədə “Musavat”ı dəstəkləyən yerli azərbaycanlı əhali. Bu rəqibin məhv edilməsi üçün şüurlu surətdə etnik təmizləmə kursu seçildi.

Bolşeviklər və daşnakların təmsil olunduğu Bakı Soveti Bakı quberniyasında azərbaycanlıların məhv edilməsini nəzərdə tutan cinayətkar planın həyata keçirilməsinə başladı. Onun tabeçiliyində “Qırmızı qvardiya” adlandırılan, əsasən ermənilərdən təşkil edilən 20 min nəfərlik qoşun var idi. Milli qırğına rəhbərlik məqsədilə martın 30-da Bakı Soveti nəzdində İnqilabi Müdafiə Komitəsi yaradıldı.

1918-ci il martın 30-da erməni – bolşevik “Qırmızı qvardiyası” Bakının azərbaycanlılar yaşayan məhəllələrinə hücum etdi. Martın 31-də hücum siyasi mənsubiyyətdən asılı olmayaraq bütün türk-müsəlman əhalisinin qırğını xarakterini aldı. Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 min nəfər azərbaycanlı qətlə yetirilmişdir. Ermənilər milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri dağıtmışdılar.

Bolşevik-erməni birləşmələri azərbaycanlıları Quba, Salyan, Lənkəran qəzalarında məhv etməkdə davam edirdilər. Aprelin 3-dən 16-dək daşnak dəstələri Şamaxının dinc əhalisinə qarşı qanlı qırğınlar törətdilər. Burada 7 min dinc azərbaycanlı öldürüldü, 72 kənd məhv edildi.

Quba qəzasında daşnak dəstələri 162 kəndi yandırmış, 16 min azərbaycanlını qırmışdılar.

Azərbaycanlıların soyqırımı 1918-ci ilin ortalarınadək davam etmiş, bu müddətdə 50 mindən artıq azərbaycanlı qətlə yetirilmişdir.

Azərbaycanın qərb torpaqlarında İrəvan, Naxçıvan, Zəngəzur və Qarabağın azərbaycanlı kəndlərinə hücumlar davam edirdi. Bakı quberniyasında qırğınlara rəhbərlik edən bolşevik Stepan Şaumyan, qərb vilayətlərində qırğınlar törədən daşnak Andraniklə daim əlaqə saxlayırdı.

Azərbaycan xalqının mövcudluğu sual altına qoyulmuşdu.

Yalnız Azərbaycanın müstəqilliyinin elan edilməsi, milli silahlı qüvvələrin yaradılması, Türkiyənin hərbi köməyi Azərbaycan xalqını məhv olmaqdan xilas etdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Şəkili böyütmək üçün üstünə basın

1918-ci ilin mart-aprel aylarında azərbaycanlıların soyqırımı

© Milli Azərbaycan Tarixi Muzeyi