Bakı və Şamaxı qırğınlarından sonra Bakı Sovetinin erməni-bolşevik liderləri hakimiyyətlərini Quba qəzasına yaymaq qərarına gəldilər. Bu zaman Əli bəy Zizikskinin rəhbərlik etdiyi Quba sakinlərinin dəstələri Xırdalan yaxınlığında müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları ilə döyüşlər aparırdı. Ona görə David Gelovaninin başçılıq etdiyi 187 nəfərlik sovet dəstəsi Qubaya daxil oldu və aprelin 23-də Qubada Sovet hakimiyyəti elan etdi. Qubaya Ağacanyanın 2 topla 150 nəfərlik erməni hərbi dəstəsi daxil oldu. Dəstə bir sıra qubalıları qətlə yetirdi, bir neçə küçələrdə evləri, Qəza İdarəsi, Şəhər Duması və Barışıq məhkəməsini yandırdı. Dağıstandan azərbaycanlıların köməyinə gəlmiş ləzgi dəstəsi ilə toqquşmadan sonra Gelovani və Ağacanyanın dəstələri şəhəri tərk etdilər.
1918-ci ilin may ayının 1-də Bakı Sovetinin göndərdiyi Amazaspın komandanlığı altında 3 minlik erməni qoşunu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan 715 müsəlman öldürülür. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilirlər. Basdırılmayan və yeni öldürülənlərin meyitləri ermənilər gedənə qədər, yəni 9 gün küçələrdə qaldı.
Qubaya gəlişinin dördüncü günü Amazasp Cümə məscidində toplanan qubalılara müraciət etdi: “bizə sizlər və türklər tərəfindən öldürülmüş qardaşlarımıza – ermənilərə görə dənizin (Xəzər) sahillərindən Şahdağa qədər olan bütün müsəlmanları Şirvanda (Şamaxıda) qırdığımız kimi məhv etmək, evlərinizi isə yerlə yeksan etmək əmri verilmişdir”.
Bakıya yollanaraq Bakı Sovetinin rəhbəri Şaumyanla görüşmüş şəhər başçısı Ə.b.Əlibəyov sonradan göstərirdi: “Şaumyan məni sifətində təbəssümlə dinlədi və dedi ki, müsəlmanlar və türklər yüz minlərlə erməni öldürüblər, ermənilər Qubada iki müsəlman öldürəndə isə müsəlmanlar şikayət edir və göz yaşı axıdırlar”. D.Gelovani də cəza dəstəsinin Qubaya göndərilməsinin təşəbbüskarı kimi Şaumyanı göstərirdi: “Amazaspın dəstəsində bircə nəfər də olsun rus yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya qədər, qatı daşnaksakan, Amazaspın özü də qatı daşnaksakandır. Hesab edirəm ki, cəza dəstəsi Qubaya Şaumyanın arzusu ilə göndərilmişdi”.
Amazaspın dəstəsi yalnız Quba qırğınlarının 9-cu günü talan etdiyi 4 milyon rubl nağd pul, 4,5 milyon rubl dəyərində qızıl, qızıl əşyaları və qiymətli daşlar, 25 milyon rubl dəyərində müxtəlif mallar və ərzaq ehtiyatı ilə Qubanı tərk edirlər.
1918-ci ilin əvvəlində Quba qəzasında 540 kənd, 171 248 nəfər əhalisi var idi. 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək Amazaspın dəstəsi tərəfindən qəzada, erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla, ən azı 167 kənd yandırılmış və talan edilmişdi. Ə.b.Zizikski və başqa nüfuzlu şəxslərin könüllülərdən təşkil etdiyi dəstələr erməniləri qəzanın digər iri yaşayış nahiyələrinə buraxmamaq üçün ağır döyüşlər aparırdılar.
Bolşevik-daşnak birləşmələrinin hədəfinin, etnik faktor nəzərə alınmadan, qəzanın bütün müsəlman əhalisinin olduğu, yalnız azərbaycanlı-türk deyil, ləzgi və tat kəndlərinin dağıdılması və yandırılması ilə sübut edilirdi. Digah və Xucbala kəndləri arasındakı dərədə Qusar ləzgilərinin böyük qrupu erməni- bolşeviklər tərəfindən qırıldığından dərə sonralar “Qanlı dərə” adını aldı. Qırmızı komissar Kasradze belə məlumat verir: “Biz Xaçmazdan geri çəkilərkən yəhudi kütlələrinin qorxu içərisində Qubadan və digər kəndlərdən qaçdığının şahidi olduq. Onlar ayaqyalın, əldən düşmüş vəziyyətdə, açıq səma altında, palçıq içində sığınacaq taparaq istər-istəməz yatalaq, çiçək və digər xəstəliklərin epidemiya ocağına çevrilmişdilər”.
Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2000 – 2900 arasında, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğunu söyləməyə əsas var.
Erməni – bolşevik rejimi Quba qırğınlarını gizlətməyə çalışırdı. Hadisələrin şahidi D.Gelovani 1919-cu ilin oktyabr ayında erməni terroristi Sarkis Terunts tərəfindən öldürülür. Amazasp 1921-ci ilin fevralında Yerevan həbsxanasında ermənilər tərəfindən öldürüldü.
Fövqəladə Təhqiqat Komissiyasının 1918-1919-cu illərdə topladığı sənədlər və şahid ifadələri, 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il may ayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu oldu.