• Azərbaycanda 1914-1917-ci illərdə daxili vəziyyət

    İqtisadiyyatı

Azərbaycan iqtisadiyyatı 1914-1917-ci illərdə

Şimali Azərbaycanın ərazisində bilavasitə döyüşlər getməsə də, müharibə ölkəyə böyük ziyan vurdu. Şimali Azərbaycan ərazisində bilavasitə döyüşlər getməsə də, müharibə ölkəyə böyük ziyan vurdu. Bu müharibə Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənaysindəki depressiyanı dərinləşdirdi. Əgər müharibənin əvvəlində Azərbaycanda ildə 431 mln. pud neft çıxarılırdısa, 1917-ci ildə bu rəqəm 402 mln. pudadək azaldı. Dəmir yolu və dəniz nəqliyyatı hərbi yükləri daşıyır, bu isə mülki əhalinin tələbatlarının ödənilməsində çətinliklər yaratdı. Nəqliyyatın çatışmazlığı xammalın gətirilməsini çətinləşdirdi. Mis sənayesi, ipək fabrikləri istehsalı azaltdı. Qafqazda ən böyük toxuculuq müəssisəsi olan H.Z.Tağıyevin fabriki hərbi malların (bez, bint və pambıq) buraxılmasına baxmayaraq xammalın çatışmazlığı səbəbindən istehsalı o da azalmışdı.

Kənd təsərrüfatında durğunluq başlandı, vergilər 50% artırıldı, cəbhə üçün at və öküzlər müsadirə olundu, 1916-cı ildən başlayaraq qeyri-rus millətlərindən olan gənclər arxa cəbhədə işlərin görülməsi üçün səfərbərliyə alındı.

Müharibənin ilk bir neçə ayında sənaye məhsulları və kənd təsərrüfatı mallarının qıtlığı yarandı. Bu şəraitdə hökumət inflyasiya ilə mübarizə aparmır, qiymətlərin dondurulması və ya kartlar sisteminin tətbiqi üçün səy göstərmirdi. 1916-cı ildə ölkədə ərzaq böhranı başlandı. Ərzaq məhsulları və ilk tələbat mallarının qiymətləri 300-500% artdı.

Türkiyə ərazisində gedən döyüşlərə görə əvvəlcə müsəlman- qaçqınlar, sonra isə minlərlə erməni qaçqını İrəvan, Yelizavetpol və Bakı quberniyalarının ərazsində yerləşdirildi.

Bakı və digər şəhərlərdə çoxsaylı hərbi hissələr yerləşdirilmiş, hərbi hospitallar açılmış, qaçqınlar məskunlaşmış, bunların hesabına əhalinin sayı kəskin surətdə artmışdı.

Davamlı iqtisadi siyasətin olmaması, əhalinin arxa cəbhə işlərinə səfərbər olunmasından narazılığı siyasi vakuumun yaranmasına, daha sonra isə hökumətin siyasəti ilə narazılığa səbəb oldu. 1915-ci ilin ortalarından ölkədə fəhlə nümayişləri, payızdan isə kəndli çıxışları başlandı.

1917-ci il yanvarın 9-da Rusiyanın iri sənaye mərkəzləri, o cümlədən Bakıda, tətillər keçirildi. Yanvarın 19-da şəhərin 57 müəssisəsinin fəhlələri işi dayandırdı. Yanvarın 25-dən tətil hərəkatı artıq 87 müəssisənin 22 min fəhləsini əhatə etmişdi.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanlıların arxa cəbhə işlərinə cəlb olunmasına əhalinin münasibəti

Hərbi idarəetmə qurumlarının milli məsələdə naşılğı və biganəliyi 1916-cı ilin yayında özünü daha çox biruzə verdi. Bunu qeyri-rus millətlərdən olan 18-23 yaşlı gənclərinin arxa cəbhədə işlərin görülməsi üçün səfərbərliyə alınması barədə hökümətin qərarı nümayiş etdirdi.

Qərar imperiyanın qeyri millətlərin rus ordusu arasında olan ənənəvi münasibtləri pozurdu. Əvvəllər yalnız könüllülər hərbi hissələrə cəlb olunur, digərləri xüsusi hərbi vergi ödəyirdilər. Könüllü hərbi hissələrin sayı elə də az deyildi; belə ki, 1853- 1856-cı illər Krım müharibəsində təkcə azərbaycanlılardan ibarət 4 atlı-müsəlman alayı, 4 atlı drujina yaradılmış və bu hissələr döyüşlərdə iştirak etmişdilər; bununla yanaşı sərhəd mühafizə, jandarmeriya hissələri də yaradılmışdı. İmperiya üçün ağır dövrlərdə hərbi vergi kəskin surətdə artırılsa da əhali bunu normal qəbul edirdi. Əvvəllər Qafqaz müsəlmanlarının arxa cəbhədə çöl işlərində istifadə olunması qəti qadağan idi; müsəlmanların belə işlərə məcburi mükəlləfiyyəti onları cəbhədə vuruşanlara nisbətən alçaldılmış vəziyyətə salırdı.

1916-cı ilin düşünülməmiş qərarı əvvəlcə Türküstanda tətbiq olunmağa başlamış, bu isə dərhal yerli əhali ilə rus qoşunları arasında toqquşmalara, daha sonra isə üsyanlara səbəb olmuşdu. Qafqaz canişini və eyni zamanda Qafqaz cəbhəsinin komandanı böyük knyaz Nikolay Nikolayeviç Romanov çara 1916-cı il avqustun 9-da məktub göndərərək Qafqazda “dövlət maraqları üçün artıq dərəcədə təhlükəli olan” vəziyyət barədə onu xəbərdar etmişdi: “Qafqaz müsəlmanlarının məcburi səhra işlərinə cəlb edilməsi bir çox müsəlmanlar tərəfinən onların ləyaqətlərinin alçaldıması kimi qəbul olunur”. Qubernator və vilayət rəhbərlərindən ibarət xüsusi müşavirə bunun nəticəsi olaraq yaranan etirazların ən yumuşaq formasının kişilərin kütləvi şəkildə dağlara çəkiləcəyində biruzə verəcəyini bildirimiş daha sonra isə silahlı qiyamların, rus üsul- idarəsinə hücumların artacağını, dəmir yolları və neft mədənlərinin dağıdılacağına qənaətinə gəlmişdilər

Yalnız öz nüfuzu ilə yerlərdəki məmurlara qərarı icra etməmək icazəsini vermiş Nikolay Nikolayeviçin uzaqgörənliyi nəticəsində Qafqazda qan tökülməsinin qarşısı alınmışdı.

Şəkili böyütmək üçün üstünə basın

Bakı dəniz aviasiyası məktəbi

1915-ci il noyabrın 22-də Azərbaycanda ilk hərbi məktəb – Dəniz aviasiyası zabit məktəbinin Bakı filialının təntənəli açılışı oldu. 1916-cı il fevralın 25-də məktəb müstəqil status alaraq “Bakı Dəniz Aviasiyası Məktəbi” adını aldı.

Sahil qurğularının, hidroplanların suya buraxılması üçün aşırımların, anqarların və başqa binaların tikinti xərcləri Bakı şəhər upravası tərəfindən ödənildi. Məktəbin açılışında böyük rol Peterburq Texnologiya İnstitutunun məzunu, uprava rəhbəri Məmməd Həsən Hacınskiyə məxsus idi.

1915-ci ilin noyabrından 1917-ci ilin noyabrınadək məktəbdə 40 zabit və 17 aşağı rütbəli, o cümləən 20 dəniz təyyarəçisi hazırlandı. Təyyarələrin orta sayı – 20-25 ədəd.

Dəniz aviasiyası kadrlarının hazırlığından başqa məktəbdə ilk dəfə D.Qriqoroviçin M-9, M-7 hidroplanları, İ.Qolenişev-Kutuzovun aeroqlisseri, A.Sedelnikovun M-10, M-15 hidroplanları, E.Engelsin qayıq-qırıcı təyyarəsi sınaqdan keçirildi.

1918-ci ilin iyul ayında Bakı Dəniz Aviasiyası Məktəbi Bakı Soveti bolşevikləri tərəfindən bağlanıldı.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanda qaçqınların yerləşdirilməsi

1915-ci ilin fevralında Acarıstanda rus hakimiyyətinə qarşı üsyan başlandı. Üsyanın yatırılması zamanı 45 min insan qətlə yetirilmiş, on minlərlə insan ölkədən qaçmışdı. 1915-ci ilin aprelin 1-dən sentyabr ayınadək Mərkəzi Qafqazda 74.99 müsəlman qaçqını qeydə alınmışdır. Onlara kömək məqsədilə Qafqaz cəbhəsi qaçqınların yerləşdirilməsi üzrə Baş müvəkkil (mənşəcə erməni olan general Tamamşev), Ümumrusiya şəhərlər ittifaqı nəzdində Qaçqınlara kömək Bakı ümumşəhər komissiyası, Qaçqınlara kömək Qafqaz komitəsi kimi qurumlar fəaliyyət göstərirdi. Lakin hadisələr göstərdi ki, bu qurumlar xristian qaçqınlara kömək məqsədilə yaradılmışdı. Müsəlmanlara kömək göstərilmirdi; çünki, “döyüş bölgələrindən çıxarılıb, polisin nəzarəti altına verilən şəxslər qaçqın sayıla bilməzlər”. Nəticədə müsəlman qaçqınlara köməyi başda azərbaycan xeyriyyəçiləri H.Z.Tağıyev və Ş.Əsədullayev olmaqla Bakı müsəlman xeyriyyə cəmiyyəti göstərirdi. Hesablamalara görə, cəmiyyət azı 12 min yetim uşağı ölümdən xilas etmişdi. Rus qoşunlarının Türkiyəyə hücumundan sonra qaçqın acarlar (130 min nəfər) yaşamaq üçün şərait olmayan Alaşkert vadisinə köçürüldülər.

Hələ 1914-cü ilin noyabrında II Nikolay başda katolikos V Georq olmaqla erməni nümayəndə heyətini qəbul etdi və “erməni məsələsi müharibə qurtaran kimi, sülh danışıqları gedən zaman, ermənilərin gözlədiyi kimi həll olunacaq”ın vədini verdi. O, rus qoşunları ilə birlikdə Türkiyə ərazisində fəaliyyət göstərmək üçün erməni qoşunlarının yaradılmasına icazə verdi.

Rus qoşunları irəlilədikcə erməni dəstələri müsəlman əhalisinə divan tuturdu. Eyni zamanda Türkiyə vətəndaşları olan ermənilər cəbhə arxasında qiyam qaldıraraq, “Van dövləti” adı ilə qondarma qurum yaratdılar. Türklərə qarşı soyqırım siyasəti başlandı. Erməni vəhşiliklər barədə ilk xəbəri Yelizavetpol müsəlmanlarının yığıncağında Xəlil bəy Xasməmmədov çatdırdı. Azərbaycan şəhərlərində qaçqın türklərin yerləşdirilməsinə başlandı; elə həmin vaxt, Yelizavetpolda Ərzurumdan pənah gətirmiş 160 türk qaçqını məskunlaşmdı. Hökümət qurumları onlara heç bir kömək göstərmədiyi üçün bu işi Azərbaycan xeyriyyə cəmiyyətləri öz boyunlarına götürdü.

Rus qoşunlarının Kiçik Asiyadan geri çəkilməsi nəticəsində Azərbaycana erməni qaçqınları da gəlməyə başladı. Əgər acar və türk qaçqınlarını Bakıda yerləşdirmək yasaq edilmişdisə, erməni qaçqınları məhz Bakı və digər iri şəhərlərdə məskunlaşırdı. Onlara köməyi yalnız erməni xeyriyyə cəmiyyətləri deyil, həmçinin hökumət komitələri və Antanta ölkələrinin komitələri göstərirdi. Belə ki, 1915-ci ilin dekabrında Bakıda 2.412 erməni qaçqını yerləşdirilmiş və onlara dərhal general Tamamşev tərəfindən 18.34 rubl məbləğində kömək göstərilmiş, bir ay sonra daha 46.452 rubl verilmişdi. Tanınmış maqnat Rokfeller təkcə 1916-cı ildə erməni qaçqınlarına 200 min dollar məbləğində kömək göstərmiş, “Fransa- Ermənistan” komitəsi erməni katolikosu V Georqu “bəxtsiz və nəcib erməni millətinin işinə sadiq qalacağında” əmin etmiş və maliyyə yardımı göstərmişdi. Bundan sonra da erməni qaçqınları Azərbaycana gəlməkdə davam edirdi.

Aydınır ki, 1914-1917-ci illərdə “Qaçqınların tələbatlarının ödənilməsi barədə” qanunu əsasında yaradılmış dövlət strukturlarının fəaliyyəti Rusiya imperiyasının müstəmləkə siyasətinə cavab verir və əsas məqsəd kimi xristian elementin- ermənilərin dəstəklənməsini nəzərdə tuturdu. Ermənilərə həmçinin Qərb ölkələrinin ayrı-ayrı nümayəndələri və ictimai-siyasi təşkilatları da kömək göstərirdi. Qaçqın müsəlmanlara kömək göstərilməsi kimi missiyanı isə Azərbaycan xeyriyyə cəmiyyətləri öz üzərlərinə götürdülər.

Azərbaycanda qaçqınların yerləşdirilməsi demoqrafik vəziyyətə təsir göstərir, ərzaq problemini kəskinləşdirirdi.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanda 1914-1917-ci illərdə daxili vəziyyət

© Milli Azərbaycan Tarixi Muzeyi