• Fövqəladə Təhqiqat Komissiyası

    təhqiqat işləri

Fövqəladə Təhqiqat Komissiyası

1918-ci ilin mayında qurulmuş Azərbaycan Demokratik Respublikası hökuməti erməni millətçi qruplaşmalarının Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin araşdırılması üçün ciddi cəhdlər göstərib. 1918-ci il avqustun 31-də ADR-in Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökuməti Fövqəladə Təhqiqat Komissiyasının (FTK) yaradılması haqqında qərar çıxarır.

Komissiya artıq 1918-ci ilin sentyabr-oktyabr aylarından geniş təhqiqat işlərinə başlayır. Qırğınlar törədilən ərazilərdə şahidlər dindirilir, əşyayi- dəlillər toplanır, cinayət yerlərində fotoşəkillər çəkilirdi.

1919-cu il yanvarın 6-da komissiyanın sədri Ə.Xasməmmədov xarici işlər nazirinə yazdığı məktubunda bildirirdi ki, Avropa sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Quba və Şamaxı şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Quba qəzalarında müsəlmanlara qarşı ermənilər tərəfindən törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatlar hazırlanmışdır. Komissiya əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd foto şəkil təqdim etmişdir. 1919-cu il mayın 5-də FTK sədri Ə.Xasməmmədov ədliyyə nazirinə məktubunda bildirirdi ki, komissiya vəziyyəti əyani şəkildə əks etdirən foto şəkillərdən əlavə 80 foto şəkilin iki nüsxədən ibarət diopozitivlərini də hazırlamışdır.

1919-cu il avqustun 27-də fövqəladə təhqiqat komissiyasının üzvü Ç.Klassovski tərəfindən komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib edilmiş arayışda göstərilirdi ki, komissiya tərəfindən toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarətdir.

Fövqəladə Təhqiqat Komissiyası öz fəaliyyətini 1920-ci il aprel çevrilişinə qədər davam etdirmişdir. FTK-nın hazırladığı məruzələr və materiallar təcavüzkar erməni bandaları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş zorakılıqların son dərəcə qiymətli sübutlarıdır.

Fövqəladə Təhqiqat Komissiyasının üzvləri

Komissiyanın sədri:

Ələkbər bəy Xasməmmədov (1870-1925) – Moskva Dövlət Universitetini bitirmiş, peşəkar hüquqşünas. 1918-ci ildə - tanınmış hüquqşünas və ictimai xadim. 1925-ci ildə bolşeviklər tərəfindən həbs edilib və güllələnib.

Komissiyanın daimi üzvləri:

İsmayıl bəy Şaxmaliyev (1883-1938) – Novorossiysk Universitetini bitirmiş, peşəkar hüquqşünas, titullu müşavir. 1918-ci ildə - Gəncə dairə məhkəməsinin üzvü. 1920-ci ildən sonra müxtəlif idarələrdə hüquq məsləhətçisi kimi işləmişdir. 1938-ci ildə həbs edilib, 10 il müddətinə məhkum olunub, həmin il Xabarovskda stalin düşərgəsində vəfat edib. 1955-ci ildə bəraət verilib.

Andrey-Klimentiy Fomiç Novatski (1866- ?) – milliyətcə polyakdır. Varşava Universitetini bitirib, peşəkar hüquqşünas, saray müşaviri. 1918-ci ildə - Gəncə dairə məhkəməsinin üzvü. 1920-ci ildən sonra taleyi məlum deyil.

Nikolay Mixayloviç Mixaylov (1867 - 1920) – milliyətcə rusdur. Xarkov Universitetini bitirib, peşəkar hüquqşünas, mülki müşaviri. 1918-ci ildə - Gəncə dairə məhkəməsinin üzvü. 1920-ci ildə Gəncə antisovet üsyanı zamanı həlak olmuşdur.

Qudvill V.V. (?-?) - – milliyətcə rusdur. Peşəkar hüquqşünas, həqiqi mülki müşavir. 1918-ci ildə - Barışdırıcı Hakimlərin qurultayının sədri. 1920-ci ildən sonra taleyi məlum deyil.

Mirzə Cavad Axundzadə - müəllim.

Daşkeviç L.U. – fotoqraf.

Litvinsev N.– fotoqraf.

Məhəmməd xan Təkinski (1888- 1930) – milliyyətcə türkmən, rus qoşunları Orta Asiyanı işğal edərkən ailəsi öldürüldüyündən Ehsan xan Naxçıvanski tərəfindən oğulluğa götürmüşdür. Novorossiysk Universitetini bitirmiş, peşəkar hüquqşünas. 1918-ci ildə - Bakı dairə məhkəməsinin üzvü. 1919-cu ilin yanvarından Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi. Sovetlər dövründə müxtəlif idarələrdə hüquq məsləhətçisi kimi işləmişdir. 1937-ci ildə həbs edilib, 1938-ci ildə güllələnib. 1955-ci ildə bəraət verilib.

Çeslav Boleslavoviç Klossovski (1874- ?) – milliyətcə polyakdır. Varşava Universitetini bitirib, peşəkar hüquqşünas, saray müşaviri. 1918-ci ildə - Gəncə dairə məhkəməsinin hakimi. 1919-cu ilin yanvarında Gəncə prokurorunun köməkçisi təyin olunub. 1920-ci ildən sonra bir müddət Azərbaycan SSR Ədliyyə Nazirliyində işləyib, sonrakı taleyi məlum deyil.

Aley Adamoviç Aleksandroviç (Litovski) (1874- ?) – milliyətcə litva tatarıdır. Peşəkar hüquqşünas. Polşa və Qafqazda məhkəmələrdə işləyib. 1919-cu ilin sentyabrından Azərbaycan Məhkəmə Palatasının andlı iclasçısı. 1920-ci ildən sonra taleyi məlum deyil.

Aleksandr Yevgenyeviç Kluqe (1879-1919) - milliyətcə almandır. Novorossiysk Universitetini bitirib, peşəkar hüquqşünas, kollegiya assesoru. 1918-ci ildə - Bakı dairə məhkəməsi prokurorunun müavini. 1919-ci ilin oktyabrında xəstəlikdən vəfat edib.

Məhyəddin bəy Şahmalıyev (?-?) - peşəkar hüquqşünas, 1918-ci ildə - Gəncə dairə məhkəməsinin xüsusi əməliyyat işləri müstəntiqi. 1920-ci ildən sonra taleyi məlum deyil.

Hidayət bəy Sultanov (?-?)- peşəkar hüquqşünas, 1918-ci ildə - Bakı quberniya dairə məhkəməsinin üzvü. 1920-ci ildən sonra taleyi məlum deyil.

Abbas Əlibəy Hacı-İrzayev (?-?)-peşəkar hüquqşünas, 1918-ci ildə - 1920-ci ildən sonra taleyi məlum deyil.

B.Yusifbəyov (?-?) - peşəkar hüquqşünas, 1918-ci ildə - Bakı dairə məhkəməsinin üzvü 1920-ci ildən sonra taleyi məlum deyil.

Fövqəladə Təhqiqat Komissiyasının yaradılması ilə bağlı sənəd

“Xarici İşlər Naziri M. Hacınski Yelizavetpol.

15 iyul 1918-ci il

HÖKUMƏTƏ MƏRUZƏ

Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında məsuliyyətsiz erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə yönəldilir. Ümumdövlət maraqları, əhalinin zərərçəkən qruplarının mənafeyi hökmən elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, o, aşağıdakılarla məşğul olsun: 1. bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; 2. həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilməsi; 3. müqəssirlərin aşkar olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdirilməsi;

Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalıdır, habelə bu Komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus, fransız, alman, və, təbii ki, türk dillərində) elan edilməli və geniş yayılmalıdır.

Bu Komissiyanın təşkilinə yubanmadan başlamaq lazımdır, çünki, bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir çox işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi - sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır.

Əgər hökumət bu təkliflə razılaşırsa, onda mən xahiş edərdim ki, həmin Komissiyanın yaradılması Nazirlərdən birinə həvalə edilsin və Komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 000 rubl pul ayrılsın.”

Azərbaycan Respublikasının Dövlət Arxivi,

fond 1061, siyahı 1, iş 105, vərəq 1

Fövqəladə Təhqiqat Komissiyası

© Milli Azərbaycan Tarixi Muzeyi