• Şamaxıda azərbaycanlıların 1918-ci il mart soyqırımı

    soyqırım

Şamaxıda azərbaycanlıların 1918-ci il mart soyqırımı

1918-ci il martın əvvəllərində Bakıdakı bolşevik hakimiyyəti adından Şamaxı qəzasında yaşayan ermənilərə böyük miqdarda silah və hərbi sursat, sonra isə top və pulemyotlarla silahlanmış üç minədək erməni qoşun dəstəsi gəldi. Yerli ermənilər silahlanır və dəstələr təşkil edirdilər. Azərbaycanlıları sakitləşdirmək üçün erməni yepiskopu Baqratın təşəbbüsü ilə martın 15-də Şamaxıdakı bütün millətlərin və onların ruhanilərinin nümayəndələri bir yerə yığışaraq and içdilər ki, sülh şəraitində yaşayacaq və qayda-qanunu pozmayacaqlar. Baqrat və malakanların nümayəndəsi Karabanov xaç və İncil qarşısında heç vaxt azərbaycanlılara qarşı silahlı çıxış etməyəcəklərinə and içmişdilər.

1918-ci il martın əvvəllərində Bakıdakı bolşevik hakimiyyəti adından Şamaxı qəzasında yaşayan ermənilərə böyük miqdarda silah və hərbi sursat, sonra isə top və pulemyotlarla silahlanmış üç minədək erməni qoşun dəstəsi gəldi. Yerli ermənilər silahlanır və dəstələr təşkil edirdilər. Azərbaycanlıları sakitləşdirmək üçün erməni yepiskopu Baqratın təşəbbüsü ilə martın 15-də Şamaxıdakı bütün millətlərin və onların ruhanilərinin nümayəndələri bir yerə yığışaraq and içdilər ki, sülh şəraitində yaşayacaq və qayda-qanunu pozmayacaqlar. Baqrat və malakanların nümayəndəsi Karabanov xaç və İncil qarşısında heç vaxt azərbaycanlılara qarşı silahlı çıxış etməyəcəklərinə and içmişdilər.

1918-ci il mart ayının 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı məhəlləri cənubdan ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirə olunudu, top-pulemyot və tüfənglərlə atəşə tutuldu. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz oldu. Silahlı dəstələri olmasa da azərbaycanlılar müdafiə olunmağa çalışmış, lakin qüvvələr qeyri-bərabər idi.

Ermənilər azərbaycanlıların evlərini talan edir, yandırır və dinc əhalini qəddarlıqla qətlə yetirirdilər. Şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərə od vurulurdu. Ermənilər və malakanlar yandırılmış evlərdən çıxıb qaçan kişi, qadın və uşaqları güllələyirdilər.

Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla təhqir olunmuşlar. Küçələrdə pazlarla diri-diri yerə mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlak araba və furqonlarla erməni və malakan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam edir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrinin Şamaxıya köməyə gəlməsindən qorxuya düşən ermənilər və malakanlar Şamaxı qəzasının Qozluçay malakan kəndinə çəkilirlər.

Bakıdan ən müasir silahlarla silahlanmış yeni erməni- bolşevik qoşunları gələndə azərbaycanlı silahlı dəstələri döyüşə-döyüşə geri çəkilməli oldular. Bu dəstlərlə birlikdə şəhər əhalisinin böyük hissəsi şəhəri tərk etsə də, burada yenə də azərbaycanlılar, xüsusilə yoxsullar, xəstələr, qocalar, qarılar qalmaqda idi. Bir neçə gün sonra erməni və malakan quldur dəstələri geri qayıdaraq yenidən Şamaxını tuturlar. Şəhərdə qalan azərbaycanlı əhali uşaqlar, qadınlar, qocalar da daxil olmaqla tamamilə məhv edilmişdir. Küçələr, həyətlər, evlər, məscidlər meyitlərlə dolu idi.

Bütün Azərbaycanda tanınmış axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla öldürmüşdür. Ermənilər əvvəlcə onun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişlər. Ermənilər xilas olmaq üçün axundun evinə və həyətinə pənah gətirmiş çoxlu sayda qadın və uşağı da öldürmüş və ya diri-diri yandırmışlar. Şəhərdə öldürülmüş insanları cəsədlərini yalnız 1918-ci ilin yayında Qafqaz İslam Ordusu Şamaxını azad edəndən sonra basdırmaq mümkün olmuşdur. 1918-ci ilin oktyabr-noyabrında Şamaxıda işləmiş Fövqəladə Təhqiqat Komissiyasının üzvləri qeyd edirdilər ki, şəhərdə hələ də çürümüş meyitlərin qoxusu qalmaqdadır, həyətlərdə çoxlu sayda insan sümükləri tapılır.

Şamaxı üzərinə hər iki hücum zamanı yanğınlar, talanlar, qətllər Bakıdan göndərilən erməni- bolşevik dəstələri, eləcə də illərlə burada sülh şəraitində yaşamış, azərbaycanlılardan daim hörmət görmüş nankor yerli ermənilərin rəhbərliyi ilə daşnaklar tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata törədilmişdir.

Qətllər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Belə ki, qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmış, qarınları yırtılmış, yandırılmış, onlar çox böyük əziyyətlərlə öldürülmüşlər. Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard rubldan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan "Cümə məscidi" yandırılmışdır.

Şəhərdə qətlə yetirilənlərin sayını dəqiq hesablamaq mümkün olmasa da, minlərlə dinc azərbaycanlı əhalinin – kişi, qadın, uşaqların qətlə yetirilməsi məlumdur.

Şamaxı şəhəri kimi, Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi də ermənilərin xaincəsinə qəfil hücumlarına məruz qalmışdır.

Əngəxaran kəndində 237 nəfər böyük işgəncələrlə qətlə yetirilmişdi. Üstəlik Meyitlərin qulaqları, burunları, əlləri və ayaqları kəsilmiş, bir çox ölülərin döşlərində yanıq izləri aşkar edilmişdir. Bu da sübut edirdi ki, hələ sağ ikən ermənilər onların sinələri üzərində od qalamışlar. Nəvahi kəndində 995 nəfər azərbaycanlı öldürülmüşdür ki, onlardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Yəhyalı kəndində 922 nəfər öldürülmüşdür ki, onlardan da 360 nəfəri kişi, 412 nəfəri qadın və 150 nəfəri uşaq idi. Ümumilikdə Şamaxı qəzasının ən böyük dağıntılara məruz qalmış 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur.

Talayıb apara bilmədikləri evləri, mal-qara sürülərini, üzüm, meyvə və tut bağlarındakı ağac və meynələri ermənilər yandırmışlar.

Şamaxı şəhərinin və Şamaxı qəzasında ermənilərin dağıdıb məhv etdikləri azərbaycanlı kəndlərinin sağ qalmış əhalisi didərgin düşmüş, Azərbaycanın başqa bölgələrinə pənah gətirmişdir.

Şəkili böyütmək üçün üstünə basın

Şamaxıda azərbaycanlıların 1918-ci il mart soyqırımı

© Milli Azərbaycan Tarixi Muzeyi