Müharibənin gedişində İran ərazisi, əsasən də Cənubi Azərbaycan döyüş meydanına çevrildi. 1914-cü ilin sonunda Cənubi Azərbaycan Osmanlı qoşunları tərəfindən tutuldu. 1915-ci ilin yanvarında rus qoşunları hücuma keçdi, Təbrizi ələ keçirdi və tezliklə türkləri Cənubi Azərbaycandan çıxara bildi. Osmanlı ordusu ilə mübarizə üçün rus komandanlığı ermənilərdən ibarət hərbi hissələr yaratdı, onları silahlandırdı və hazırladı. Rus ordusu ilə birlikdə hücuma keçən çoxsaylı erməni hərbi dəstələri Xoy, Salmas, Urmiya, Soucbulaq və s. şəhərlərdə bazar və dükanları talan edir, evləri dağıdır, azərbaycanlılara qarşı vəhşiliklər törədirdilər.
Qırğınlar 1918-ci ilin əvvəlində, rus qoşunları regionu tərk etdikdə daha kəskin xarakter aldı. Fürsətdən istifadə edən erməni hərbi hissələri Cənubi Azərbaycanın şimal-qərb torpaqlarında azərbaycanlılara qarşı soyqırım siyasəti yürüdürdü. 1918-ci ildə türk qoşunları Cənubi Azərbaycana daxil oldu və soyqırımın qarşısını ala bildi. Daha sonra bölgəyə ingilis qoşunları daxil oldu, millətlərarası toqquşmaların qarşısını isə Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi Azərbaycan Demokratik Partiyasının dəstələri aldı.
Müharibə Cənubi Azərbaycanın təsərrüfat həyatını tamamilə bərbad hala salmışdı.