Ölkənin müdafiəsi, ordu qurumlarının yaradılması və fəaliyyətinə bilavasitə rəhbərlik edən icra orqanı olan Hərbi Nazirlik 1918 il noyabrın 1-də yaradılmışdır. Hökumətin 25 dekabr 1918 il tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski hərbi nazirin müavini təyin edildi. Hökumət ordu quruculuğuna xüsusi diqqət yetirir, büdcənin 27,7 %-ı hərbi xərclərə yönəldilmişdi. Ölkəyə birbaşa hərbi təhlükə yarananda Hökumət tərəfindən Dövlət Müdafiə Komitəsi təşki olunur, bu qurum ölkənin qüvvələrini səfərbər etməyə imkan verirdi. Dövlətin qayğısı, zabit heyətinin peşəkarlığı və fədakarlığı, əhalinin Vətəni qorumaq əzmi sayəsində qısa müddət ərzində güclü ordu yaradılmışdır.
Azərbaycan ordusunun formalaşdırılması milli əsaslarla, dövrün tələblərinə uyğun olaraq həyata keçirilirdi. Hərbi nimaznamələr, qanunlar yazılır, hərbi lüğət tərtib edilirdi. Ordu təzə yaradılanda hərbi paltar çar Rusiyası paltarına bənzəyirdi, yalnız poqonlarda “Azərbaycan” sözü yazılmışdır. 1919-cu il yanvarın 11-dən ordu bütünlüklə milli hərbi formaya keçdi. Ordunun zabit kadrları ilə təmin etmək üçün Gəncədə praporşiklər məktəbi açıldı (1919 ilin sonunda onun əsasında Bakıda Hərbiyyə məktəbi açıldı). Həmçinin İstehkamçılar, Hərbi dəmiryolçular və Hərbi feldşer məktəbləri də açılmışdı. Azərbaycan ordusunun idarəetmə orqanları təkmilləşdirildi, Baş qərargah təsis edildi və general-leytenant Məhəmməd bəy Sulkeviç onun rəisi təyin edildi.
Ordunu silah-sursatla təmin etmək üçün hələ çar Rusiyası dövründən ərazisində çoxlu hərbi baza və ambarları olan Gürcüstandan müxtəlif növ silah və hərbi texnika alındı, eləcə də Denikin ordusu tərksilah olunarkən çoxlu sayda silah əldə olundu. Bakını tərk edərkən ingilislərin Azərbaycan Hökumətinə qaytardığı gəmilər əsasında Azərbaycanın Hərbi Donanması yaradıldı. Hərbi donanmada “Qars”, “Ərdağan”, “Astrabad” hərbi gəmiləri, həmçinin çoxlu sayda köməkçi gəmilər var idi. Müasir silahlar (torpeda katerləri, təyyarələr, tanklar, sualtı qayıqlar və s.) əldə olunması üçün İtaliyaya general İbrahim ağa Usubovun rəhbərliyi ilə nümayəndə heyəti göndərildi. Hərbi paltar, hərbi ləvazimat fabrikləri açıldı, silah zavodlarının (ilk növbədə patron və mərmi zavodlarının) yaradılması işi aparıldı.
Ölkəyə Denikin təhlükəsi yarananda şimal sərhədlərində üç xətt müdafiə zolaqları yaradıldı, Bakını şimaldan və dənizdən qorumaq üçün Bakı istehkam hissəsi təşkil olundu. Gürcüstandan alınan fövqəladə sahil topları Şıxov, Bayıl, Nargin və Zığda yerləşdirildi.
Ordu quruculuğu prosesi döyüş əməliyyatları ilə parallel aparılırdı. Belə ki, milli ordunun qoşun hissələri 1919 il avqustun 12-dən sentyabr ayının 3-dək Lənkəran əməliyyatında iştirak edərək, ölkənin cənub bölgəsində respublikanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı döyüş tapşırığını uğurla yerinə yetirdilər.
Milli ordu hissələri 1919 il noyabrın 3-dən 7-nə kimi əsasən, 1-ci piyada diviziyası Zəngəzur ekspedisiyasının tərkibində ermən qüvvələrinə qarşı döyüş tapşırığını yerinə yetirdilər.
1920 ilin mart-aprel aylarında Azərbaycan ordusu Qarabağ əməliyyatını keçirərək, Qarabağda və Ermənistanla sərhəd xəttində irimiqyaslı erməni təcavüzünə qarşı uğurlu döyüşlər apardı, verilən tapşırıqları yerinə yetirdi.
Döyüşlərdə Həbib bəy Səlimov, Cavad bəy Şixlinski, Teymur bəy Novruzov və yüzlərlə digər zabitlərin peşəkarlığı, əsgər və çavuşların fədakarlığı Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi.
1920-ci ilin aprelinə 30 min canlı qüvvəsi olan Azərbaycan ordusunun iki piyada diviziyası, bir süvari diviziyası, iki topçu briqadası var idi. Orduda atıcı silahlar, həmçinin yüngül səhra topları, qaubisalar, dağ topları, mortirlər var idi. Zirehli avtomobillər dəstəsində toplu-pulemyotlu və pulemyotlu zirehli avtomobillər var idi. 3 zirehli qatar mobil zərbə qüvvəsi rolunu oynayırdı. Aviasiya Təyyarə dəstəsindən, hərbi donanma isə hərbi və köməkçi gəmilər, mövqe batareyası və Bakı hərbi limanından ibarət idi. 1920-ci ilin sonuna ordunun sayı 40 min nəfər çatdırılmalı, həmin vaxta İtaliyadan alınacaq yeni ağır silah-sursatla keyfiyyət dəyişikliyinin həyata keçirilməsi nəzərdə tutulmuşdu.
1920 ilin mart ayında Azərbaycan ordusunun əsas qüvvələri Qarabağ əməliyyatına və Ermənistanla sərhəd xəttində irimiqyaslı erməni təcavüzünə qarşı mübarizəyə səfərbər olundular. Nəticədə, şimal sərhədinin müdafiə sisteminin zəifləməsi bolşevik işğalı üçün daha əlverişli şərait yaratdı.