XIX əsrdən başlanan mürəkkəb ictimai- siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxartdı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycanda müstəqil dövlətin qurulması üçün münbit zəmin yarandı.
1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi.
Mayın 28-də Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi, Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİ qəbul edildi. “Azərbaycan Cümhuriyyəti” adlı müstəqil dövlətin yaranması bəyan olundu.
Azərbaycan Cümhuriyyəti müsəlman şərqində ilk parlamentli respublika, türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmuşdur.
Bəyannamə yeni yaranmış Azərbaycan Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi: Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyi, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq.
Mayın 30-da Azərbaycan Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərildi.
Azərbaycan Cümhuriyyəti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə yaranmışdı. Bakıda hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasındakı rəqabət vəziyyəti daha da mürəkkəbləşdirirdi.
Azərbaycanın müstəqilliyini tanımış ilk dövlət Osmanlı dövləti oldu: 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında Sülh və dostluq haqqında müqavilə imzalandı.
Dövlətin paytaxtı Bakı şəhəri elan olundu, lakin bu zaman Bakı bolşevik- daşnak blokunun əlində idi. Azərbaycan hökumətinin Bakını özünə qaytarmaq əzmini M.Ə.Rəsulzadə belə ifadə etmişdir: “Məmləkətin istiqlalını fəth etmək fikrindən heç bir zaman sərfnəzər etməyən Azərbaycan əhalisi Bakını geri qaytarmaq arzusundan da heç bir zaman əl çəkə bilməz. Bu məsələ Azərbaycan üçün yalnız ərazi məsələsi deyil, o, indi xalq üçün ölüm-dirim məsələsinə çevrilmişdir”.
Nazirlər Şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski
Hərbi nazir – Xosrov Paşa bəy Sultanov
Xarici işlər naziri – Məmmədhəsən Hacınski
Maliyyə və xalq maarifi naziri – Nəsib bəy Yusifbəyli
Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov
Ticarət və sənaye naziri – Məmmədyusif Cəfərov
Əkinçilik və əmək naziri – Əkbər ağa Şeyxülislamov
Yollar, poçt və teleqraf naziri – Xudadat bəy Məlikaslanov
Dövlət müfəttişi – Camo bəy Hacınski
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Tiflisdən Gəncəyə köçdü. Cümhuriyyətin “Gəncə dövrü” ərzində 130-dan çox qərar qəbul edildi.
İyunun 17-də Milli Şura bütün qanunverici və icraedici hakimiyyətin Azərbaycan hökumətinə verilməsi haqqında qətnamə qəbul etdi.
İyunun 19-da ölkədə hərbi vəziyyət elan olundu. Bütün Azərbaycandan könüllü dəstələri Gəncəyə axışırdı. Burada onlar keşmiş rus ordusunun azərbaycanlı zabitləri, eləcə də Azərbaycana gəlmiş osmanlı zabitlərinin rəhbərliyi altında hərbi təlim keçir, hərbi hissələrə bölünürdülər.
İyunun 24-də Azərbaycan Cümhuriyyətinin ilk bayrağı qəbul edildi. Qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edildi.
İyunun 26-da “Əlahiddə Azərbaycan Korpusu” yaradıldı. General Əliağa Şıxlinski korpusun komandiri təyin edildi. Gəncə Hərbi Məktəbi fəaliyyətə başladı. İsmayıl xan Ziyadxanov Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsinə təyin edildi.
İyunun 27-də Azərbaycan dili dövlət dili elan olundu.
İyulun 2-də Cümhuriyyətin Nazirlər Şurasının sədri F.x.Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi.
İyulun 15-də azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı.
İyulun 30-da çar Rusiyası dövründə Yelizavetpol adlanan Gəncə şəhərinə rəsmən öz tarixi adı qaytarıldı.
Avqustun 28-də təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul edildi.
Sentyabrın 6-da Azərbaycan Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşdü. Milli Şuranın sədri M.Rəsulzadənin rəhbərlik etdiyi heyət Osmanlı sultanı VI Mehmet Vahidəddin tərəfindən qəbul edildi. Bu, Cümhuriyyətin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Cümhuriyyətə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub. Bu görüşdən sonra Bakıya həlledici hücum barədə qərar verildi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik, erməni və ingilis hərbi dəstələrindən azad etdi və sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçdü.
Nazirlər Şurasının sədri və ədliyyə naziri – Fətəli xan Xoyski
Xarici işlər naziri (və müvəqqəti olaraq, dövlət nəzarəti naziri) – Məmmədhəsən Hacınski
Xalq maarifi və dini etiqad naziri – Nəsib bəy Yusifbəyli
Daxili işlər naziri – Behbud xan Cavanşir
Əkinçilik naziri – Xosrov Paşa bəy Sultanov
Səhiyyə və sosial təminat naziri – Xudadat bəy Rəfibəyli
Yollar naziri (və müvəqqəti olaraq, poçt və teleqraf naziri) – Xudadat bəy Məlikaslanov
Ticarət və sənaye naziri – Ağa Aşurov
Maliyyə naziri – Əbdüləli bəy Əmircanov
Portfelsiz nazir – Əlimərdan bəy Topçubaşov
Portfelsiz nazir – Musa bəy Rəfiyev
Portfelsiz nazir – Xəlil bəy Xasməmmədov