• Azərbaycan Cümhuriyyətinin xarici siyasəti

    Azərbaycan

Azərbaycan Cümhuriyyətinin xarici siyasəti

Azərbaycan Cümhuriyyətinin xarici siyasətini həyata keçirən dövlət orqanı Xarici İşlər Nazirliyi (XİN) idi.

Cümhuriyyət Hökumətinin və XİN-nin qarşısında duran başlıca vəzifələrindən biri ölkənin müstəqilliyinin dünyanın böyük dövlətləri tərəfindən tanınmasına nail olmaq idi.

Xarici dövlətlərin Azərbaycandakı diplomatik nümayəndəlikləri. 1920-ci ilin aprelinə Bakıda Gürcüstan və Ermənistan Cümhuriyyətlərinin diplomatik nümayəndəlikləri, İranın baş konsulluğu, Belçika, Hollandiya, Yunanıstan, İsveç, İtaliya, Danimarka və İsveçrənin konsulluqları, İngiltərə, ABŞ və Ukraynanın vitse-konsulluqları, Fransa, Litva, Polşa və Finlandiyanın konsul agentlərikləri fəaliyyət göstərirdi. Yaponiya hökuməti Azərbaycanla diplomatik münasibətlər yaratmağa hazır olduğunu bildirmiş, Vatikan da öz nümayəndələrini Bakıya göndərmişdi.

Azərbaycanın xarici dövlətlərdə nümayəndəlikləri.

Azərbaycan Cümhuriyyətinin İstanbul (Osmanlı dövləti), Tehran (İran dövləti), Tiflis (Gürcüstan Respublikası), İrəvan (Ermənistan Respublikası), Kuban və Donda, Türküstanda, Paris sülh konfransı yanında diplomatik nümayəndəlikləri, Batum (Gürcüstan Respublikası), Kiyev (Ukrayna), Təbrizdə (İran dövləti) baş konsulluqları, Krım və Petrovsk-Portda (Dağlılar Respublikası), Ənzəli, Xoy, Rəşt və Əhərdə (hamısı -İran dövləti) konsul agentlərikləri, Məşhəddə (İran dövləti) vitse-konsulluqları fəaliyyət göstərirdi. 1920-ci il aprelin 1-dən Fransa, Böyük Britaniya, İsveçrə, İtaliya, Amerika Birləşmiş Ştatları, Almaniya, Polşa, Sovet Rusiyasının hökumətləri yanında Azərbaycan Cümhuriyyətinin diplomatik nümayəndəliklərinin təsis edilməsi nəzərdə tutulurdu.

Azərbaycanın xarici dövlətlərlə müqavilələri. Azərbaycan Cümhuriyyəti xarici dövlətlərlə bir sıra müqavilələr imzalamışdır: Osmanlı dövləti ilə Dostluq müqaviləsi (04.06.1918, İstanbul); Gürcüstan və Osmanlı dövlətləri ilə Bakı-Batum ağ neft kəmərinin normal işləməsini təmin etmək haqqında saziş (04.06.1918, Batum); Gürcüstan və Ermənistan ilə Zaqafqaziya bonu ((pul vahidi) buraxılması haqqında (06.09.1918, Tiflis); Dağlılar Respublikası ilə 1-ci müqavilə (28.11.1918); Gürcüstanla mal mübadiləsi haqqında müqavilə (26.12.1918, Bakı); Gürcüstanla teleqraf rabitəsi haqqında saziş (03.01.1919, Tiflis); Gürcüstanla poçt xidməti haqqında saziş (04.01.1919, Tiflis); Gürcüstanla poçt bağlamalarının dəmir yolu ilə daşınması haqqında konvensiya (04.01.1919, Tiflis); Dağlılar Respublikası ilə 2-ci müqavilə (09.01.1919); Azərbaycanla Dağlılar Respublikası arasında 3-cü müqavilə (23.02.1919); Gürcüstanla Hərbi-Müdafiə sazişi (16.06.1919, Tiflis); Gürcüstanla hərbi-texniki əməkdaşlıq haqqında saziş (16.06.1919, Tiflis); İranla dostluq müqaviləsi (20.03.1920, Tehran); İranla ticarət-gömrük məsələləri haqqında konvensiya; İran ilə poçt müqaviləsi; İranla teleqraf müqaviləsi (20.03.1920, Tehran); İranla konsulluq haqqında konvensiya (20.03.1920, Tehran).

Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması. Azərbaycan Cümhuriyyətini rəsmi tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur (04.06.1918).

1918-ci ilin dekabrında Azərbaycan Cümhuriyyəti Parlamenti Paris sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqa malik olan nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Paris sülh konfransında aparılacaq danışıqlar Azərbaycan Cümhuriyyəti üçün həyati əhəmiyyətə malik idi. Odur ki, Parlamentin sədri Əlimərdan bəy Topçubaşov Parisə göndəriləcək nümayəndə heyətinə başçı təyin edildi. Nümayəndə heyəti aşağıdakı tərkibdə idi: Ə.M.Topçubaşov (sədr), M.H.Hacınski (sədrin müavini), Ə.Ağayev, Ə.Şeyxülislamov, M.Məhərrəmov, M.Y.Mehdiyev, C.Hacıbəyli (müşavir). Nümayəndə heyətinə katiblər, tərcüməçilər daxil idi. Üç ay İstanbulda gözlədikdən sonra, nümayəndə heyətinin üzvləri Parisə yola düşdülər. 1919-cu ilin payızında A.Atamalıbəyov nümayəndə heyətinə qatıldı.

Azərbaycan Cümhuriyyəti 1920-ci il yanvarın 11-də Paris sülh konfransının (1919-20) iştirakçısı olan böyük dövlətlər tərəfindən de-fakto tanındı. Parlamentin bu məsələyə həsr olunmuş təntənəli iclasındakı (1920, 14 yanvar) çıxışında Fətəli xan Xoyski demişdi: "... Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə, bir il yarım içərisində qazandıq".

1920-ci il 20 mart tarixli müqaviləyə əsasən İran Azərbaycan Cümhuriyyətinin müstəqilliyini de-yure tanıdı.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanın iqtisadi inkişafı

1918-1920

“Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır”
Məmməd Əmin Rəsulzadə

Azərbaycanın müstəqilliyi elan olunanda ölkə iqtisadiyyatı dağılmış vəziyyətdə idi. I Dünya müharibəsinin fəsadları, azərbaycanlılara qarşı törədilmiş soyqırımları, Bakı Soveti və “Sentrokaspi diktaturası”nın talançı fəaliyyəti, ölkə ərazisində olan xarici dövlətin qoşunlarının özbaşnalıqları iqtisadiyyatı fəlakət həddinə gətirmişdi. Azərbaycan Cümhuriyyəti Hökuməti müstəqil milli iqtisadiyyat quruculuğu sahəsində mühüm tədbirləri həyata keçirirdi.

Bolşeviklərin sahibkarlardan müsadirə etdikləri sənaye, ticarət və maliyyə müəssisələri əvvəlki sahiblərinə qaytarılmış, sahibkarların müdafiəsinə yönəlmiş bir sıra qanunlar qəbul edilmiş, bu da ölkə iqtisadiyyatının sürətlə bərpasına gətirmişdi. Neft sənayesi ağır vəziyyətdən çıxarılmış, dağıdılmış Bakı – Batum neft kəməri bərpa olunmuş, milli pul nişanları buraxılmış, inflyasiyanın qarşısı alınmışdı.

Nəqliyyat əsasən bərpa olunmuşdu. Bakı – Culfa dəmir yolunun inşası davam etdirilmiş, Kür çayı üzərində körpü salınmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi. Bakı-Batum və Bakı-Port–Petrovsk (Mahaçqala) istiqamətlərində gündə 4 cüt qatar hərəkət edirdi. Bakı ticarət limanı bərpa olunmuş, Xəzər Dəniz gəmiçiliyində 17 böyük buxar gəmisinin, Kür çayında 10 gəminin fəaliyyəti təşkil edilmişdi. Bakı avtomobil təmiri zavodu fəaliyyətini bərpa etmişdi.

Milli maliyə sisteminin qurulması böyük zəhmət nəticəsində mümkün olmuşdu. 1918-ci ilin sentyabrında “Bakı bonları” adlı pul vahidi dövriyyəyə buraxıldı. Həmin dövrdə bu pul vahidi ilə yanaşı dövriyyədə çar pulları (“nikolayevka”), Müvəqqəti hökumət pulları (“kerenka”), Zaqafqaziya bonları da var idi. Hökumət 1919-cu ilin əvvəllərindən dövlətin ən mühüm atributlarından sayılan milli kağız pullarını buraxmağa başladı. 1919-cu il ərzində 25, 50, 100, 250 manatlıq kağız pullar, 1920-ci ilin 500 manatlıq əsginas dövriyyəyə buraxıldı. 1919-cu il avqustun 20-də Hökumətin icazəsi ilə Bakı bələdiyyə idarəsi tərəfindən uduşlu istiqrazlar buraxıldı. 1919-cu ilin oktyabrında ölkədə 12 mərkəzi və 70 yerli bank kassası, 200 yerli kredit müəssisəsi təşkil olundu.

İlk növbədə Azərbaycan Respublikası Ticarət, Sənaye və Qida Nazirliyi yaradıldı. Kənd Təsərrüfatı və Dövlət Əmlak Nazirliyi kənd təsərrüfatını, maddi ehtiyatları və əmlakı idarə edirdi. 21 yanvar 1919-cu ildə təşkil edilən Əmək Nazirliyi əmək münasibətlərini və əlaqəli prosesləri tənzimləyirdi.

Maliyyə Nazirliyi dövlətin maliyyə sisteminin təşkili və tənzimlənməsinə rəhbərlik edən orqan idi. Gömrük Xidməti respublikada tədricən yaradıldı: 1919-cu ilin iyununda Maliyyə Nazirliyi gömrük rüsumlarına nəzarət edən bir şöbə yaratdı. Sərhəd Xidməti də nazirliyə tabe idi və 99 keçid məntəqəsində 992 sərhədçi xidmət edirdi.

Azərbaycan Respublikasının maliyyə siyasətinin həyata keçirilməsində 7 mart 1919-cu ildə yaradılan Azərbaycan Dövlət Bankının (ADB) mühüm rolu olmuşdur. Sentyabrın 30-da ADB-nin təntənəli açılışı oldu. ADB-nin məqsədi pul məsələlərini asanlaşdırmaq, milli ticarətə, sənaye və kənd təsərrüfatına kömək etmək, həmçinin pul sistemini gücləndirmək idi. Yarandığı dövrdə ilkin kapital 500 milyon rubl, ehtiyat kapitalı isə 20 milyon idi. Bankın milli valyuta buraxmaq üçün müstəsna hüququ var idi. ADB bankirlər şurası tərəfindən idarə olunurdu. Həm də Azərbaycanda özəl banklar var idi: Bakı Tacir Bankı, Bakı Persia Bankı, Tiflis Ticarət Bankının Bakı filialı və s.

Azərbaycan Respublikasının maliyyə sistemində mühüm dövlət qurumu olan Azərbaycan Xəzinədarlıq Palatası vergi gəlirlərinin toplanmasına cavabdeh idi.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan Cümhuriyyətinin xarici siyasəti və iqtisadi inkişafı

© Milli Azərbaycan Tarixi Muzeyi