• Azərbaycanın müstəqilliyi uğrunda mübarizə

    Azərbaycan

Azərbaycanın müstəqilliyi uğrunda mübarizə

Denikin təhlükəsinə qarşı mübarizə. 1919 ildə Rusiyada bolşeviklərə qarşı mübarizə aparan general A.Denikinin komandanlığı altında olan qoşunlar Port -Petrovsk (indiki Mahaçqala) şəhərini tutaraq, cənuba doğru hərəkət etdi. Denikin vahid və bölünməz Rusiya tərəfdaşı olduğundan Azərbaycanın müstəqilliyini tanımaqdan imtina etdi.

Azərbaycan hökuməti müttəfiq qoşunları komandanlığından Denikin ordusunun cənuba doğru irəliləməsinin qarşısını almaq üçün tədbirlər görülməsini tələb etdi. 1919 ilin yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general U.Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirdi. Lakin 1919 ilin martında Dağlılar Respublikasını aradan qaldıran Denikin ordusu Azərbaycan üçün birbaşa təhlükə yaratdı. Denikin ordusunun nümayəndəsi general Lazarev Azərbaycan hökumətini əmin etdi ki, “Denikin ordusu Azərbaycana münasibətdə heç bir təcavüzə əl atmaq fikrində deyil və onun müstəqilliyini tanıyır”. Lakin Denikin cənuba doğru irəliləməkdə davam edir və mayın sonlarında Dərbəndi tutdu. Bununla, demarkasiya xətti pozuldu. 1919 il iyunun 14-də yaradılan Dövlət Müdafiə Komitəsi bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. Bu tədbirlə ölkə bütün qüvvələrini şimaldan gələn təhlükəyə qarşı səfərbər edirdi. Şimal sərhədlərində üç xəttdən ibarət müdafıə istehkam sistemi quruldu: 1. Xəzri mövqeləri (ön xətt), 2. Sarvan xətti (aralıq xətt), 3) Hilhil xətti (arxa xətt). Şimal sərhədində general İ.Usubovun komandir olduğu 2-ci piyada diviziyası yerləşdirildi. 1919 il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycan−Gürcüstan hərbi müdafiə paktı imzalandı. Denikinlə gizli saziş bağlamış Ermənistan bu pakta qoşulmadı.

1920 ilin əvvəllərində sovet−bolşevik qoşunlarından ağır zərbələr alan Denikinin ordusunun vəziyyəti ağırlaşdı. Fevralın 7-də Cənubi Qafqaz respublikalarının müstəqilliyi general Denikin tərəfindən tanındı. Onun qoşunlarının qalıqları Azərbaycan sərhədlərindən uzaqlaşdı.

Lənkəran əməliyyatı. Bakıda “Səntrokaspı diktaturası”nın yaradılması ilə Azərbaycan ərazisinin cənub bölgəsində 1918 il avqustun 5-də rus zabitləri Muğan müvəqqəti hərbi diktaturası adlı qurum yaratdılar. Qurumun rəhbəri polkovnik İlyaseviç Denikin qoşunları ilə sıx əlaqədə idi. Keçmiş çar ordusunun 6 minlik qüvvələrinə rəhbərlik edən İlyaşeviç Azərbaycanın müstəqilliyini tanımır, vahid və bölünməz Rusiya tərəfdaşı idi. Azərbaycanın cənubunu idarə etmək üçün diktatura Suxorukovun başçılığı ilə “Beşlər diktaturası” yaratdı. 1919 il aprelin 25-dən iyulun 27-nə kimi Lənkəran qəzasında hakimiyyəti bolşeviklər ələ keçirdilər və burada Muğan Sovet Respublikası yaratdılar. İlyaseviçin qoşunları əkshücuma keçərək bolşevikləri devirdilər. Lakin “Beşlər diktaturası” Azərbaycana yenə tabe olmurdu. Azərbaycan hökumətinin keçirdiyi tədbirlər nəticəsində Cümhuriyyət ordusu üçün xeyli silah və hərbi sursat əldə olundu. 1919 il avqustun əvvəllərində Azərbaycan milli ordusunun Lənkəran əməliyyatı nəticəsində rus qo.unları tərksilah olundu, “Beşlər diktaturası” ləğv olundu, İlyaşeviş və rus əhalisi, o cümlədən rus hərbçiləri Azərbaycan dövlətini tanıdılar və ona tabe oldular, ölkənin cənub bölgəsində Azərbaycan Cümhuriyyətinin hakimiyyəti təmin olundu.

Beləliklə, iqtisadi, diplomatik və hərbi xarakterli tədbirlər sayəsində 1919-1920-ci ilin əvvəllərində Azərbaycanın müstəqilliyinə şimaldan və cənubdan olan təhlükələrin qarşısı alındı.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə

1905-1906-cı il hadisələrində ağır zərbələr almış şovinist erməni qüvvələri bir ara Azərbaycanın torpaqlarına olan iddiaları açıq bəyan etmirdilər. Lakin 1917-ci ildə vəziyyət mürəkkəbləşməyə başlamışdır. Türkiyəyə qarşı müharibə məqsədilə Rusiya ordusu tərkibində yaradılmış və ən müasir silahlarla təmin olunmuş erməni silahlı dəstələrinin bir qismi 1917-ci ildə Anadoludan çıxarılaraq Azərbaycan torpaqlarında yerləşdirilməyə başladı. Bu dəstlər azərbaycanlı əhalisini məhv edir, kəndləri yerlə yeksan edirdilər. 1918-ci ilin mayında əzəli Azərbaycan torpaqlarında elan olunan Ermənistan dövləti bütün qonşu dövlətlər- Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etdi. Avropa ölkələri, ABŞ və Rusiyada olan havadarlarına arxalanan Ermənistan öz məkrli niyyətlərinə nail olmağa çalışırdı. Öz növbəsində, adı çəkilən qüvvələr Ermənistana arxalanaraq bölgədəki dövlətlərə təzyiq göstərir, burada sabitliyi pozur, hərbi, siyasi və iqtisadi böhran yaradırdı.

1918-ci ilin may-sentyabr aylarında Azərbaycan Cümhuriyyətinin Bakı istiqamətində müharibə aparmasından istifadə edən ermənilər İrəvan şəhəri və ətraf ərazilərdə yaşayan azərbaycanlıların öz dədə-baba torpaqlarından qovmuşdular. Daha sonra etnik təmizləmə Qarabağ və Zəngəzura qarşı yönəldildi. İrəvan quberniyasında azərbaycanlıların qırğınları nəticəsində qaçqınların 70 mini Cənubi Azərbaycanda, 400 min nəfəri isə Naxçıvanda, onun ətrafındakı ərazilərdə yurdsuz-yuvasız qalmışdı. Kütləvi qırğın və talanlardan qaçqınların 45 mindən çoxu aclıqdan və xəstəliklərdən tələf olmuşdu. Qırğınların qarşısının alınması məqsədilə 1918 ilin sentyabr-oktyabrında Qafqaz İslam Ordusunun 1-ci Azərbaycan piyada diviziyası və ona kömək edən türk hərbi hissələri Qarabağ Hərəkatı həyata keçirdilər. Ermənistanda birbaşa dəstək alan erməni silahlı birləşmələri məğlub edildi. Oktyabrın 4-də Şuşada Azərbaycan- türk hərbi hissələrinin rəsmi keçidi ilə tamamlanan əməliyyatdan sonra bölgədə nisbətən sabitlik yarandı.

Lakin Mudros müqaviləsi ilə məğlub elan edilən Türkiyə öz qüvvələrini Azərbaycandan çıxarandan sonra vəziyyət kəskin surətdə dəyişdi.

Azərbaycanın yüzlərlə kəndini yerlə yeksan edən, əhalisinə qarşı tarixdə görünməmiş vəhşiliklər törədən ermənilər bütün bu faktları saxtalaşdırır, özlərini "zərərçəkən" kimi qələmə verir, azərbaycanlılara və Azərbaycan Hökumətinə qarşı təbliğat aparır, bütün dünyaya haray-həşir salırdılar. Antanta ölkələrinin himayədarlığından istifadə edən Ermənistan yenə təcavüzkar siyasətini davam etdirdi. Erməni silahlı dəstələrini öz ətradında birləşdirmiş Andranik Zəngəzur, Naxçıvan, Qarabağ ərazilərinə hücum edir, Azərbycan hərbi hissələrində zərbə alanda Ermənistana keçirdi. Ermənistana verilən diplomatik notalar, Antanta ölkələrinin Qafqazdakı nümayəndələrinə müraciətlərin fayda vermədiyini görən Azərbaycan hökuməti 1919-cu il yanvarın Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarını əhatə edən Qarabağ general- qubernatorluğunu yaratdı. Xosrov Paşa bəy Sultanov Qarabağ general- qubernatoru təyin edildi. Qəti tədbirlər həyata keçirən X.P.Sultanov erməni silahlı dəstələrini məğlub etmiş, Ermənistandan gələn emissarların Tiflisə sürgün olunmasına nail oldu. Lakin Zəngəzurda ermənilər azərbaycanlıların soyqırımını davam etdirirdi. Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığı göstərilir. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Erməni-daşnak silahı quldur dəstələrinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımlarının qarşısmı almaq məqsədilə Azərbaycan Cümhuriyyəti qoşun hissələri 1919 il noyabrın 3-7-də bölgədə hərbi əməliyyat keçirdi. Zəngəzur ekspedisiyasının hərbi əməliyyatları başa çatdırılmadı. Zəngəzur məsələsinin Azərbaycan və Ermənistan hökumətləri arasında danışıqlar yolu ilə həll ediləcəyi ehtimalına görə bölgədə döyüşlər dayandırıldı. Antanta ölkələrinin Cənubi Qafqazda Ali komissarının müavini C.Reyin iştirakı ilə noyabrın 23-də Tiflisdə Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusbəyli və Ermənistanın baş naziri Xatisov arasında saziş imzalandı. Lakin Ermənistan hökuməti bu sazişin şərtlərini pozaraq, dekabrın 8-də Zəngəzura qoşun yeritdi. Lakin Antanta sazişin pozulmasını sanki görmədi.

1920 il martın 22-də erməni qüvvələri eyni vaxtda Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərə hücum etdilər. Azərbaycanın qərb sərhədlərinə də hücumlar təşkil edildi. Azərbaycan ordusu bütün qüvvələri səfərbər edərək qərb sərhədlərinə olan zərbələri dəf etdi, Qarabağa hücum etmiş erməni qüvvələrini darmadağın etdi. Aprelin 3-nə artıq vəziyyət bərpa edildi. Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovet Rusiyası və bolşeviklərin ölkə daxilində apardığı pozuculuq-təxribatçılıq işləri də mühüm rol oynadı, çünki Azərbaycan ordusunun əksər qüvvələri qərb bölgələrində cəmləşmişdir.

Araz Türk Cümhuriyyəti (ATC). Ermənilərin yürütdükləri "yandırılmış torpaq" − etnik təmizləmə siyasəti nəticəsində Naxçıvan 1918-20 illərdə böyük qaçqınlar ordusu problemi ilə də üz-üzə qaldı. Erməni hərbi hissələrinin Naxçıvana hücumları da çoxsaylı dinc əhalinin qırılması ilə nəticələnmişdi. Bütövlükdə, 1918-21 illərdə erməni quldur dəstələri Naxçıvan bölgəsində 73727 nəfər türk−müsəlman əhalisini vəhşicəsinə qətlə yetirmişdilər.

1918 ilin noyabrından 1919 ilin martınadək fəaliyyət göstərmiş Araz Türk Cümhuriyyəti dövlət qurumu olaraq Naxçıvan, Şərur-Dərələyəz və Ordubad mahallarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və b. Azərbaycan torpaqlarını əhatə etmişdir. Mərkəzi Naxçıvan şəhəri olan Cümhuriyyətdə bir sıra dövlət strukturları-hakimiyyət orqanları mövcud olmuşdur. Onun parlamenti bölgədəki müsəlman milli şuralarının üzvlərindən ibarət idi. ATC hökumətinə Əmir bəy Əkbərzadə başçılıq edirdi. ATC-nın yaradılması və qısamüddətli fəaliyyəti böyük tarixi əhəmiyyətə malik idi. Bu Cümhuriyyət Şimali Azərbaycan üçün çox ağır və gərgin bir dövrdə Naxçıvan bölgəsi və çevrəsinin türk-müsəlman əhalisinin erməni işğalçılarına qarşı mübarizəyə səfərbərliyə alınmasında mühüm rol oynadı. Bu ərazilərin erməni daşnaklarının əlinə keçməsinə imkan verməməklə Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyü təmin edildi. Yerli azərbaycanınlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Cümhuriyyəti Hökumətinin 28 fevral 1919 il tarixli qərarı ilə Naxçıvan general-qubernatorluğu yaradılmışdı. Həmin qərara Bəhram xan Naxçıvanski general−qubernator, Kərim xan İrəvanski hərbi işlər üzrə, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə onun müavinləri təyin olunmuşdular. Naxçıvan general−qubernatorluğunun fəaliyyəti və yerli əhalinin qəhrəmanlığı sayəsində erməni təcavüzünün qarşısı alındı.

Şəkili böyütmək üçün üstünə basın

Aprel işğalı (1920-ci il) və Azərbaycan Cümhuriyyətinin ləğv edilməsi

Sovet Rusiyasının hakim dairələri Azərbaycanın müstəqilliyini tanımaqdan imtina edir, Azərbaycanın sərvətlərinin, ilk növbədə Bakı neftinin ələ keçirilməsini strateji məqsəd hesab edirdi. Plana əsasən Azərbaycanda kommunist qüvvələr inqilab etməli, hökuməti devirməli və Sovet Rusiyası qoşunlarını müttəfiq qismində dəvət etməli idi. 1920 il fevralın 11-12-də Rusiya Kommunist Partiyasının Bakı komitəsi, "Hümmət" və "Ədalət" təşkilatlarının qurultayı oldu. Ölkədə fəaliyyət göstərən bütün kommunist təşkilatlarını vahid "Azərbaycan Kommunist (bolşeviklər) Partiyası" adı altında birləşdirmək qərara alındı. AK(b)P-nin I qurultayı qanuni Azərbaycan Cümhuriyyəti Hökumətini zorakılıqla devirmək xətti götürdü. Lakin aydın idiki, silahlı üsyan uğurla nəticələnməyəcək. İ.V. Stalin yazırdı: "Bu üsyanın heç bir şansı yoxdur.

Buna görə də Azərbaycanın sərhədlərini keçmək lazım gələcəkdir". Belə bir şəraitdə Antantanın Cənubi Qafqaz respublikalarına hərbi yardım göstərməməsi, Rusiya tərəfindən müdaxilə təhlükəsinə qarşı Gürcüstan və Azərbaycanın hərbi qüvvələrini əlaqələndirmək cəhdlərinin nəticəsiz qalması, ermənilərin xaricdən sifarişlə qaldırdıqları qiyam, istiqlal mübarizəsi aparan Türkiyənin Sovet Rusiyası ilə sıx əlaqələr qurmaq siyasəti və Azərbaycanın öz daxilində siyasi durumun sabit olmaması respublikanı xarici təcavüzlə təkbətək qoydu. Aprelin 26-dan 27-nə keçən gecə, heç bir üsyanın olmaması şəraitində Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin adından hərbi yardım xahişilə Moskvaya radioteleqram göndərildi: "Bakıda çevriliş baş vermişdir və biz Qırmızı qoşunların Bakıya yeridilməsini xahiş edirik". Azərbaycanın şimal sərhədlərində hazır dayanan, 70 minlik qüvvəsi olan 11-ci Qızıl Qrdu dərhal sərhəddi keçərək Bakıya doğru irəliləməyə başladı. Sərhəd döyüşlərində azsaylı Azərbaycan hərbi hissələri itkilər verdi. Bu zaman Azərbaycan ordusunun əsas qüvvələri Qarabağda Ermənistanın təcavüzünə qarşı mübarizə aparırdı.

Beləliklə, beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycanın hüdudlarını keçən 11-ci Qırmızı Ordunun birbaşa hərbi müdaxiləsi Azərbaycan Cümhuriyyətinin müqəddaratını həll etdi.

Ərazisində təcavüzkar xarici hərbi qüvvələrin 11-ci Qırmızı Ordu hissələrinin olduğu bir şəraitdə, açıq silahlı təzyiq altında qalan Azərbaycan Parlamenti 1920 il aprelin 27-də kommunistlərin təqdim etdikləri ultimatumu gündəliyə çıxardı və qızğın müzakirələrdən sonra, axşam saat 11 radələrində, hakimiyyətin aşağıdakı şərtlərlə Azərbaycan İnqilab Komitəsinə verilməsi barədə qərar qəbul etdi (şərtlər 1920-ci il mayın 6-da, artıq bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra “Kommunist” qəzetində çap edilmişdir): 1.Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti saxlanılır; 2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; 3.Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirəcəkdir; 4.Hökumət idarəsinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; 5.Yeni yaradılan müvəqqəti kommunist hökuməti parlament və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; 6.Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcəkdir; 7.Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir. Lakin bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra bütün şərtləri pozdular.

1920 il aprelin 27-də beynəlxalq hüquq normalarını kobudcasına pozan təcavüzkar sovet qoşunları tərəfindən Azərbaycan Cümhuriyyəti ərazisinin işğalı və müstəqil Azərbaycan dövlətinin aradan qaldırılması baş verdi.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə. Aprel işğalı

© Milli Azərbaycan Tarixi Muzeyi