• Azərbaycanda təhsil, elm və mətbuat

    Təhsil

Azərbaycanda təhsil, elm və mətbuat

"Azərbaycan öz maarif ocağını yaratdı, türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni məşəl yandı".
V.İ.Razumovski, Bakı Dövlət Universitetinin ilk rektoru universitetin açılışı barəsində

Təhsil. Azərbaycan Cümhuriyyəti dövründə ölkənin təhsil və mədəni-maarif müəssisələri şəbəkəsinin fəaliyyətinə rəhbərlik edən dövlət orqanı Xalq Maarifi Nazirliyi (XMN) idi.

Azərbaycan Cümhuriyyəti Hökumətinin ölkə əhalisinin maarifləndirilməsini sürətləndirmək məqsədilə Əlifba İslahatı Komissiyası təşkil etmişdir. Komissiya tezliklə bir neçə əlifba layihəsi hazırlayaraq Hökumətə təqdim etmişdi. Müəllim Abdulla bəy Əfəndizadənin hazırladığı variant bəyənilmiş və yeni əlifba üçün əsas kimi qəbul olunmuşdu. Lakin Aprel işğalı əlifba islahatını həyata keçirməyə imkan vermədi

Azərbaycan Hökuməti ilk gunlərdən başlayaraq, milli kadrların hazırlanması, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ən mühüm tədbirlərdən biri məktəblərin milliləşdirilməsi oldu. Hökumətin 1918 il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Ali ibtidai və orta tədris müəssisələrində isə dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbaycan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər.

Dövlət məmurlarına Azərbaycan dilini mükəmməl öyrətmək məqsədilə direktoru Rəşid bəy Əfəndiyev olan Bakı müdərris kursları açıldı, burada 500 nəfər məmur dil öyrənirdi.

Hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919 ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi. 1919-cu ilin əvvəlində orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 Müqəddəs Nina qız tədris müəssisəsi, Politexnik məktəb, Kommersiya məktəbi var idi. İlin sonunadək daha bir kişi, bir qadın gimnaziyası, Göyçayda realnı məktəb açıldı. Müəllimlər seminariyası istisna olmaqla bu təhsil ocaqlarında oxuyan şagirdlərin sayı 9611 nəfər idi. Mühüm tədbirlərdən biri də ibtidai təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi idi.

Yaşlıların savadlandırılması məqsədilə 1919 il sentyabrın 15-dən Bakı, Gəncə, Şuşa, Nuxa (Şəki), Zaqatala, Qusar, Salyan və Qazaxda yaşlılar üçün Azərbaycan dilini öyrədən xüsusi kurslar, 1919 ilin noyabrından isə Bakıda fəhlələr üçün texniki axşam kursları açıldı. Bakı kurslarında 200 nəfərə yaxın azərbaycanlı fəhlə peşə təhsilini artırırdı.

Müəllim hazırlamaq məqsədilə 8 kişi, 3 qadın pedaqoji kursları açıldı, onların hər birində 50 müdavim oxuyur, kursları bitirdikdən sonra təyinatla müəllim kimi məktəblərə göndərildilər. Həmçinin Türkiyədən 50 müəllim dəvət olunmuşdu. Müəllim hazırlığı məsələsini daha da mükəmməlləşdirmək məqsədilə Qazax müəllimlər seminariyasi açılmışdır. Qori müəllimlər seminariyası Azərbaycan şöbəsinin bazasında yaradılmış Seminariyanın direktoru vəzifəsinə məşhur pedaqoq və ədəbiyyatşünas Firidun bəy Köçərli təyin olunmuşdu.

Məktəb islahatı sahəsində əsaslı məsələləri ətraflı müzakirə etmək, lazımi təkliflər hazırlayaraq, Hökumətə təqdim etmək məqsədilə 1919 il avqustun 20-dən sentyabrın 1-dək Bakıda Azərbaycan müəllimlərinin birinci qurultayı keçirildi.

XMN məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə xüsusi komissiya yaratmışdı. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları H.Cavid, M.Mahmudbəyov, A.Şaiq, C.Cəbrayılbəyli, S.Acalov, F.Ağazadə, A.Əfəndizadə və b. cəlb edilmişdilər. 1918-1920-ci illərdə 9 adda yeni dərslik hazırlanıb çap olundu. Türkiyədən dərs kitabları almaq məqsədilə XMN-ə bir milyon manat vəsait ayrılmışdı. Əvvəllər fəaliyyət göstərmiş kitabxanalar bərpa olunmuş, üç yeni fəhlə kitabxanası, eləcə də Səhiyyə və Ədliyyə Nazirliyinin xüsusi kitabxanaları yaradılmışdır.

Təhsil sahəsində ən böyük nailiyyətlərdən Bakı şəhərində Avropa tipli ilk universitetin açılması idi. Azərbaycan Cümhuriyyəti Parlamenti 1919 il sentyabrın 1-də “Bakı Dövlət Universitetinin təsisi haqqında” qanun qəbul etdi. Qanuna əsasən universitetdə 4 fakültənin - tarix-filologiya (Şərq şöbəsi ilə birlikdə), riyaziyyat (fizika-riyaziyyat), hüquq və tibb fakültəsinin açılması nəzərdə tutulurdu. 1919-20 tədris ilində tibb fakültəsinin ilk 4 kursu, tarix-filologiya fakültəsinin isə birinci kursu üçün ştat cədvəli və smeta təsdiq edilmişdi. Bütün fakültələrdə Azərbaycan (türk) dilinin tədrisi məcburi idi. Universitetin ilk rektoru professor V.İ.Razumovski təyin edilmişdi. 1919 il noyabrın 15-də Bakı Dövlət Universitetinin auditoriyalarında ilk mühazirələr oxundu.

Parlamentin 1919 il 1 sentyabr tarixli qərarı əsasında 100 nəfər azərbaycanlı gənc dövlət hesabına xarici ölkələrin ali məktəblərində təhsil almağa göndərildi. Bu məqsədlə dövlət xəzinəsindən XMN sərəncanıma 7 milyon manat vəsait ayrılmışdı. Xaricə göndəriləcək tələbələri seçmək üçün Məhəmməd Əmin Rəsulzadə (sədr), Əməd bəy Pepinov, Qara bəy Qarabəyli, Mehdi bəy Hacinski və Abdulla bəy Əfəndizadədən ibarət münsiflər heyəti yaradılmışdı. Xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya ayrılmış 13 nəfər tələbə göndərmək mümkün olmamışdı. Xaricə göndərilən tələbələr 1920 il yanvarın 14-də təntənəli surətdə yola salındılar. Lakin Azərbaycan Cümhuriyyəti Hökumətinin belə diqqətlə seçərək, böyük ümidlərlə xarici ölkələrin ali məktəblərinə yola saldığı bu tələbələrin taleyi Aprel işğallından (1920) sonra çox acınacaqlı oldu. Çox çətinliklə (maliyyə problemlərinə görə) təhsilini başa çatdırıb, yüksək ixtisaslı mütəxəssislər kimi vətənə qayıdan tələbələrin əksəriyyəti sonralar “qırmızı terror”un qurbanı oldular.

Elm. 1919 il dekabrın 29-da Bakı Universitetinin nəzdində Müsəlman Şərqini Öyrənən Cəmiyyət yaradılmışdı. Əsas məqsədi islam dininə etiqad edən xalqların, onların yaşadıqları ölkələrin tarixini, həmçinin müsəlman mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərmiş tarixi və mədəni amillərin öyrənilməsi idi. 1919-cu ilin dekabrında Azərbaycanda ilk muzey olan “İstiqlal” muzeyi açıldı; muzey Azərbaycan xalqının tarixi, arxeologiyası, etnoqrafiyasını əks etdirən materilalları toplayır və nümayiş etdirirdi. 1920-ci ilin əvvəlində XMN nəzdində arxeologiya şöbəsi yaradıldı. Elmi araşdırmalarla həmçinin İslam incəsənətini və mədəniyyətinin mühafizə cəmiyyəti, “Türk ocağı” kimi qurumlar da məşğul olurdu.

Mətbuat. 1918-1920-ci illərdə Azərbaycanda 89 adda jurnal və qəzetlər dərc olunurdu. Bu dövr Azərbaycan mətbuatı tarixində ən yüksək inkişaf səviyyəsidir. “İstiqlal”, “Azərbaycan”, “Ovraqi-nəfisə”, Müsəlmanlıq”, “Qurtuluş”, “Mədəniyyət”, “Gənclər yurdu” kimi milli istiqlal ideyalı qəzetləri, “Şeypur”, “Zənbur” satirik jurnalları dərc olunurdu. Bunlarla bərabər, ölkədə bolşevik yönümlü “Hümmət”, həmçinin rus, erməni, gürcü, yəhudi, polyak, fars dillərində də qəzetlər çap olunurdu.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanda mədəniyyətin inkişafı

Milli dövlətin yaradılması mədəniyyətin inkişafına təkan vermişdir. Teatr sənəti xüsusilə sürətlə inkişaf edirdi.

1918 il oktyabrın 9-dan teatr işi Maarif Nazirliyinə həvalə olunmuşdur. 1918 il oktyabrın 18-də ilk dəfə olaraq Azərbaycan Dövlət Teatrı yaradıldı. Teatrın direktoru vəzifəsinə Q.N. Şərifzadə təyin olunmuşdur. 1919 cu il oktyabrın 24-də Hökümət üzvlərinin iştirakı ilə İsa bəy Aşurbəylinin “Azərbaycan” tarixi pyesinin tamaşası ilə Azərbaycan Dövlət Teatrının təntənəli açılış mərasimi keçirildi. Azərbaycan Dövlət Teatrında opera, musiqi-teatr tamaşaları, xalq musiqi konsertləri göstərilir, təntənəli hökümət tədbirləri keçirilirdi. Teatr səhnəsində Azərbaycan dramaturqları M.F.Axundov, N.Vəzirov, N.Nərimanov, H.Cavid, C.Cabbarlı, Ü.Hacıbəyli, Z.Hacıbəyli, M.Maqomayevin tamaşaları qoyulurdu. 1919 ilin martın 7-də M.Maqomayevin “Şah İsmayıl” operasının premyerası oldu. Teatr truppaları respublikanın digər şəhərlərində də yaradılırdı. 1919 il noyabrın 17-də Hökümətin iclasında Dövlət Türk Opera və Dram Teatrının yaradılması haqqında qanun layihəsi bəyənildi.

Milli teatrın inkişafı, aktyor kadrların hazırlanması və onların peşə səviyyəsinin artırılması məqsədi ilə 1919-cu il avqustun 22-də 4 bölmədən ibarət bədii kursların yaradılması haqqında qərar qəbul edildi. Dramatik bölməyə A.Şərifzadə, H.Sarabski, komediya bölməsinə M.Əliyev, musiqi bölməsinə Z.Hacıbəyli, Ü.Hacıbəyli, M.Maqomayev, Q.Primov, ədəbi bölməyə A.Muznib, R.Zəki rəhbərlik edirdi.

1919 ildə Azərbaycanda ilk Rəngkarlıq studiyası yaradıldı.

Görkəmli Azərbaycan rəssamı Bəhruz Kəngərli (1892-1922) Azərbaycan qaçqınlarının portretləri və doğma torpaqlardan erməni şovinistləri tərəfindən didərgin salınmış azərbaycanlılara həsr edilmiş süjetli əsərlər yaratmışdır. O, həmçinin gənc rəssamlar dərnəyi təşkil etmişdir.

1919 ilin oktyabrında Jurnalistlər və Ədiblər İttifaqı yaradılmışdır. İttifaqa müxtəlif millətlərin nümayəndələri olan jurnalistlər, yazıçılar, şairlər daxil idi. İttifaqın sədri L.Umanski, sədr müavini Xəlil İbrahim, idarə heyətinin üzvlərindən biri Ü.Hacıbəyli idi.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanda təhsil, elm, mətbuat. Mədəniyyətin inkişafı (1918-1920)

© Milli Azərbaycan Tarixi Muzeyi