• Cənubi Azərbaycanda Milli Hökumət. Xiyabani

    Azərbaycan

Cənubi Azərbaycanda Milli Hökumət. Xiyabani

“Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir".
Şeyx Məhəmməd Xiyabani

I Dünya Müharibəsi zamanı rus hərbi hissələrinin İranın tərkib hissəsi olan Cənubi Azərbaycana yeridilməsindən istifadə edən erməni daşnakları silahlı dəstələr yaradaraq azərbaycanlı əhaliyə hücum etməyə başlamışlar. 1918 il martın 17-də Urmiyada ermənilər 500-dən çox evi yandırıb, 10 mindən çox azərbaycanlını qırmışlar. Urmiya, Salmas, Xoy, Maku şəhərlərində və onların ətrafındakı kəndlərdə azərbaycanlıların soyqırımı davam etdiyi vaxt Osmanlı ordusu İrana yerildildi. Döyüşlərdə erməni ordusu darmadağın edilib, qaçmağa başladı. Həmin vaxt daşnak qoşunlarının komandanı Andranik Xoy şəhərini ələ keçirmək və erməni qoşunu ilə birləşmək üçün 8 min nəfərlik hərbi qüvvə ilə Culfa yolundan hərəkət etdi. Ermənilər Xoyu ələ keçirib, əhalini qırdıqdan sonra özləri ilə gətirdikləri 10 min erməni ailəsini burada yerləşdirmək və buranı Ermənistana birləşdirmək niyyətində idilər. İyunun 24-də Andranikin ordusu Xoyu mühasirəyə aldı. Lakin şəhər sakinləri düşmənə ciddi müqavimət göstərdi. Osmanlı ordusunun yaxınlaşdığını görən ermənilər gəldikləri yolla da geri döndülər. Beləliklə, Cənubi Azərbaycan ərazisində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının qarşısı alındı.

Bakı neftinə can atan İngiltərə öz hərbi qüvvələrini Cənubi Azərbaycanda yerləşdirməyə başladı. 1919 il avqustun 9-da işğalçıların təzyiqi altında İranla İngiltərə arasında saziş bağlandı. Sazişə əsasən İran İngiltərədən asılı dövlətə çevrilirdi. Saziş xalq hərəkatını alovlandırdı.

Cənubi Azərbaycanda xalq öz milli dövlətçilik ənənələrinin dirçəlişi uğrunda mübarizəyə qalxdı. Azərbaycan Demokratik Firqəsi sədri seçilmiş Şeyx Məhəmməd Xiyabani (1879-1920) həm Cənubi Azərbaycan ərazisindəki xarici işğalçılara, həm də İngiltərə−İran sazişini bağlayan İran hökumətinə qarşı mübarizə aparırdı. Xiyabaninin başçılığı ilə yaradılan silahlı dəstələr Şərəfxan, Salmas, Urmiya və b. bölmələrində ermənilərin törətdiyi soyqırımının qarşısını aldılar.

Xiyabaninin “təcəddüd” (“yeniləşmə məsləki”) adlı siyasi platforması imperialist ağalığına, şah hakimiyyətinə, sosial ədalətsizliyə qarşı yönəlmişdir. 1920 il aprelin 7-də Təbrizdə qalxan üsyana rəhbərlik etmək üçün Xiyabaninin başçılığı ilə ictimai idarə heyəti təşkil olundu. 1920 il iyunun 23-də Milli Hökumət yaradıldı, Xiyabani onun sədri seçildi. Cənubi Azərbaycan “Azadıstan” – Azadlıq ölkəsi adlandırıldı. Milli Hökumət təkcə Cənubi Azərbaycanın deyil, bütün İranın demokratikləşdirilməsi və ölkədə konstitusiyalı quruluş yaradılması, daxili irticaya və ingilis ağalığına son qoyulması uğrunda mübarizə xəttini davam etdirirdi. Xiyabani əmin idi ki, “Təbriz İrana nicat verəcəkdir”. Milli Hökümət kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə və s. sahələrdə islahatlar həyata keçirdi. Xiyabaninin başçılıq etdiyi milli azadlıq və demokratik hərəkat İngiltərənin İrandakı rəsmi nümayəndələrini və İran hökümətini təşvişə saldığından, onlar hərəkata qarşı birləşdilər və əlbir fəaliyyət planı hazırladılar. İrtica sentyabrın 12-də hərəkata qarşı hücuma keçdi. Təbriz hökumət mərkəzi İran−kazak döyüşçüləri tərəfindən ələ keçirildi. Üsyançılara amansız divan tutuldu, Xiyabani vəhşicəsinə öldürüldü.

Beləliklə, Azərbaycan xalqının istiqlal mübarizəsinin daha bir parlaq səhifəsi tarixə qovuşdu. Şimali Azərbaycanda Sovet Rusiyasının bolşevik rejimi Azərbaycan Cümhuriyyətinin varlığına son qoyduğu kimi, Cənubi Azərbaycanda da İranın irticaçı şahlıq rejimi Azadıstan məmləkətini qan içində boğdu.

Şəkili böyütmək üçün üstünə basın

Cənubi Azərbaycanda Milli Hökumət. Xiyabani

© Milli Azərbaycan Tarixi Muzeyi