• Azərbaycan Cümhuriyyətinin dövlət rəmzləri

    Rəmz

Azərbaycan Cümhuriyyətinin dövlət rəmzləri

“...Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış; türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhrarnəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtiraz edəcəkdir. Bir kərə yüksələn bayraq bir daha enməz”.
Məhəmməd Əmin Rəsulzadə

Dövlət Bayrağı.

1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında yeni Dövlət Bayrağı qəbul edildi. Bayraq “yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət” olmalı idi. Bayraqdakı yaşıl rəng islamın, qırmızı (al) müasir azadlıq ideologiyasının, mavi isə türkçülüyün rəmzi idi. Cümhuriyyətin Dövlət bayrağı Aprel işğalı (1920) nəticəsində ləğv edilsə də, Azərbaycan xalqının istiqlal mübaruzəsində böyük rol oynadı. 1988-ci ildə azadlıq hərəkatı başlandıqda, üçrəngli bayraq yenidən qaldırıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən 1-ci sessiyasında Azərbaycan Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. 5 fevral 1991-ci il tarixində üçrəngli bayraq Azərbaycan Respublikasının Dövlət bayrağı elan edildi.

Dövlət Gerbi.

Cümhuriyyət Hökuməti 1919-cu il martın 23-də dövlət gerbinin layihəsini hazırlamaq üçün müsabiqə elan etdi. Ən yaxşı layihə üçün 25 min manat mükafat təyin olunmuşdu. Müsabiqəyə təqdim edilmiş layihələr sırasında dəyirmi qalxan üzərində, səkkizgüşəli ulduz, çələng, alov rəmzi olan nümunə bəyənilmişdir. Müsabiqənin nəticələrinin rəsmi elan olunması 1920-ci il mayın 28-nə nəzərdə tutulurdu. Lakin 1920-ci il aprelin 27-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğalı buna imkan vermədi. 1993-cü il 19 yanvar tarixi konstitusiya qanunu ilə 1920-ci il layihəsi düzəlişlərlə Azərbaycan Respublikasının Dövlət Gerbi elan edildi.

Dövlət Himni.

Cümhuriyyət Hökumətinin 1920-ci il yanvarın 30-da qəbul etdiyi qərarda Azərbaycan Cümhuriyyətinin dövlət himninin layihəsini hazırlamaq üçün müsabiqə elan olundu. Ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat müəyyən edilmişdi. Azərbaycanın hərbi hissələrində düzülüşlərdə, paradlarda, dövlət əhəmiyyətli tədbirlərdə Üzeyir bəy Hacıbəylinin “Milli marş”ı (“Azərbaycan marşı”) ifa ediliridi. Müsabiqənin nəticələri mayın 28-də elan edilməli idi. Lakin 1920-ci il aprelin 27-də Azərbaycanın işğalı Azərbaycan Cümhuriyyətinin dövlət himninin qəbul olunmasına imkan vermədi. Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli qanunu ilə Ü.Hacıbəylinin “Azərbaycan marşı” dövlət himni kimi təsdiq olundu.

Azərbaycan Cümhuriyyətinin digər rəmzlərinin, o cümlədən dövlət möhürünün, orden və medallarının hazırlanmasına da xüsusi fikir verilmişdir.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan Cümhuriyyətinin Parlamenti

Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli iclasında qəbul olunmuş “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında” qanununa müvafiq olaraq Azərbaycan Cümhuriyyətinin Parlamenti formalaşdı. 120 deputat olan Parlamentdə Azərbaycan Cümhuriyyətində yaşayan xalqların nümayəndələri aşağıdakı kimi təmsil olunmuşdu: Cümhuriyyət ərazisində yaşayan xalqların sayı nəzərə alınaraq, azərbaycanlılardan 80 nəfər, ermənilərdən 21 nəfər, ruslardan 10 nəfər, yəhudilərdən, almanlardan, gürcü və polyak milli komitələrinin hərəsindən 1 nəfər nümayəndə. Həmçinin Parlamentə Bakı həmkarlar ittifaqları təşkilatları tərəfindən 3 nəfər və Bakı Neft Sənayeçiləri İttifaqından 2 nəfər nümayəndənin göndərilməsi nəzərdə tutulurdu.

1919 ilin axırına yaxın Parlamentdə 11 fraksiya və qrupu 96 deputat təmsil edirdi. Parlamentdə təmsil olunan siyasi partiya və qurumların qüvvələr nisbəti: “Musavat” və bitərəflər fraksiyası- 38 nəfər, “İttihad”- 13 nəfər, “Əhrar”- 6, sosialistlər fraksiyası- 13 nəfər, partiyasızlar- 4 nəfər, müstəqillər -1 nəfər, Slavyan-rus cəmiyyəti- 4 nəfər, erməni fraksiyası- 5 nəfər, “Daşnaksutyun”- 6 nəfər, milli azlıqlar fraksiyası- 4 nəfər. Qanuna əsasən, Parlament üzvü eyni zamanda dövlət qulluqçusu ola bilməzdi.

Bütün türk dünyasında və müsəlman Şərqində ilk Parlamentin birinci iclası 1918-ci dekabrın 7-nə keçirildi. İclası açan Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə böyük təbrik nitqi söylədi. Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, Həsən bəy Ağayev (1920-ci ilin fevralına qədər) isə sədrin birinci müavini seçildilər. 1920 il fevralın 2-dən Cümhuriyyətin süqutuna qədər Məmməd Yusif Cəfərov Parlament sədrinin müavini olmuşdur. Mehdi bəy Hacınski baş katib olmaqla, Parlamentin üç nəfərdən ibarət katibliyi seçildi. Azərbaycan Cümhuriyyəti Parlamenti respublika olduğundan Parlamentin sədri, eyni zamanda, dövlət başçısı funksiyasını yerinə yetirirdi.

Parlamentin 17 aylıq fəaliyyəti dövründə 145 iclası keçirilmişdir. İclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyatı və maliyyə vəziyyəti, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və s. məsələləri müzakirə olunmuşdur. Müzakirəyə çıxarılan qanun layihələri, bir qayda olaraq, yalnız üçüncü oxunuşdan sonra qəbul edilirdi. Parlamentin fəaliyyəti dövründə müzakirəyə 270-dən cox qanun layihəsi çıxarılmış, onlardan təxminən 230-u qəbul edilmişdir. Parlamentin müzakirəsinə təqdim olunan qanun layihələri əvvəlcə onun komissiyalarında müzakirə olunurdu. Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Parlamentinin fəaliyyətini nizamlayan xüsusi sənəd - Parlamentin Nizamnaməsi Qara bəy Qarabəyli başda olmaqla xüsusi komissiya tərəfindən yaradılmışdı.

Azərbaycan Cümhuriyyəti Parlamentinin mühafizəsi üçün xüsusi mühafizəsi dəstəsi yaradılmışdır. Dəstənin rəisi vəzifəsinə Azərbaycan (Tatar) atlı alayı tərkibində I Dünya müharibəsində və Qafqaz İslam Ordusunun yürüşündə iştirak etmiş podpolkovnik Nağı bəy Əliyev təyin olunmuşdu. Dəstə parlamenti mühafizə etməklə bərabər, Qarabağda gedən döyüşlərdə də faəl iştirak etmişdir.

Azərbaycan Cümhuriyyəti Parlamentinin sonuncu iclası 1920 il aprelin 27-də keçirilmişdir. Azərbaycan Cümhüriyyəti Parlamenti fəaliyyəti dövründə yüksək işguzarlıq nümayiş etdirdi, Azərbaycan xalqının həqiqətən parlament idarəçiliyi səviyyəsində yüksəldiyini sübut etdi. Aprel işğalı nəticəsində fəaliyyəti yarımçıq qalsa da, Azərbaycan Parlamenti Azərbaycan xalqının dövlətçilik və ictimai-siyasi fikir tarixində misilsiz rol oynamışdır.

Azərbaycan Milli Şurası. Azərbaycan Milli Şurası Rusiyada Fevral ingilabından (1917) sonra Cənubi Qafqazın türk-müsəlman əhalisi tərəfindən Ümumrusiya Parlamentinə seçilmiş deputatlardan ibarət qanunvericilik səlahiyyətinə malik olan hakimiyyət orqanı idi. 1918 il iyunun 17-də Gəncədə fəaliyyətini dayandırmağa məcbur olmuş Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da fəaliyyətini yenidən bərpa etdi. Azərbaycan Milli Şurasının 1918 il noyabrın 19-da növbəti iclasında Parlament yaratmaq haqqında qanun layihəsi qəbul olundu. Azərbaycan Cümhuriyyətinin qanunverici orqanı olan Parlamentin işə başlaması ilə Azərbaycan Milli Şurasının fəaliyyətinə xitam verildi.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan Cümhuriyyəti Hökuməti

Azərbaycan Cümhuriyyəti Hökuməti haqqında ümumi məlumat

II – V hökumət kabinələrinin tərkibi

Azərbaycan Cümhuriyyəti Hökumətinin strukturu

Azərbaycan Cümhuriyyəti Hökuməti haqqında ümumi məlumat

Azərbaycan Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı Parlament qarşısında məsuliyyət daşıyan Azərbaycan Cümhuriyyəti Hökuməti idi.

Hökümətin fəaliyyətini tənzimləyən və həyata keçirən qurum Hökümətin işlər idarəsi idi. Işlər idarəsinin müdiri vəzifəsində Rüstəm xan Xoyski, Rəşid bəy Axundzadə, Pərviz Mirzə olmuşlar.

Azərbaycan Cümhuriyyəti Hökumətinin rəsmi mətbu orqanı "Azərbaycan" qəzeti idi. Hökumətin başqa rəsmi orqanı olan “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri" qəzetində, həmçinin "Azərbaycan Cümhuriyyəti Hökumətinin qanun və binagüzarlıqları məcmuəsi" adlı topluda qanunvericilik və binagüzarlıq sənədləri dərc olunurdu.

Azərbaycan Cümhuriyyəti Hökumətinin 1919 il 3 mart tarixli qərarı ilə Azərbaycan Teleqraf Agentliyi (AZƏRTAc) yaradılmışdır.

II – V hökumət kabinələrinin tərkibi
II hökumət kabinəsi: 06.10.1918 tarixli dəyişikliklərdən sonra

Nazirlər Şurasının sədri – F.Xoyski

Ticarət, sənaye və daxili işlər naziri – B.Cavanşir

Xarici işlər naziri – Ə.M.Topcubaşov

Maliyyə naziri – M.Hacınski

Yollar naziri – X.Xasməmmədov

Əkinçilik naziri – X.Sultanov

Poçt-teleqraf naziri – A.Aşurov

Sosial təminat və dini etiqad naziri – M.Rəfiyev

Hərbi işlər üzrə müvəkkil – G.Ziyadxan

Dövlət müfəttişi – Ə.Əmircanov

III hökumət kabinəsi: 24.12.1918 -14.03.1919

Nazirlər Şurasının sədri və xarici işlər naziri – F.Xoyski

Daxili işlər naziri – X.Xasməmmədov

Maliyyə naziri Ġ.Protasov

Yollar naziri – X.Məlikaslanov

Maarif və dini etiqad naziri – N.Yusifbəyli

Poçt-teleqraf və əmək naziri – A.Səfikürdski

Hərbi nazir – S.Mehmandarov

Sosial təminat naziri – R.Xoyski

Xalq səhiyyəsi naziri – Y.Gindes

Ticarət və sənaye naziri – M.Əsədullayev

Dövlət müfəttişi – M.H.Hacınski (16.01.1919 tarixindən – Ə.Həsənov)

Ərzaq naziri – K.Lizqar

Əkinçilik naziri – X.Sultanov

IV hökumət kabinəsi: 14.03.1919-26.12.1919

Nazirlər Şurasının sədri və daxili işlər naziri – N.Yusifbəyli

Maliyyə naziri – Ə.Həsənov

Ticarət və sənaye naziri – A.Əminov

Xarici işlər naziri – M.Y.Cəfərov

Yollar naziri – X.Məlikaslanov

Poçt-teleqraf naziri – C.Hacınski

Hərbi nazir – S.Mehmandarov

Sosial-təminat naziri – V.Klenevski

Səhiyyə naziri – A.Dastakov

Maarif və dini etiqad naziri – R.Kaplanov

Əkinçilik naziri – A.Qardaşov

Portfelsiz nazir – X.Amaspür

Dövlət müfəttişi – N.Nərimanbəyli

Ədliyyə və əmək naziri – A.Səfikürdski

Sonralar daxili işlər naziri – X.Xasməmmədov

V hökumət kabinəsi: 24.12.1919 – 01.04.1920

Nazirlər Şurasının sədri – N.Yusifbəyli

Xarici işlər naziri – F.Xoyski

Hərbi nazir – S.Mehmandarov

Daxili işlər naziri – M.H.Hacınski (18.02.1920-dən sonra M.Vəkilov)

YƏdliyyə naziri – X.Xasməmmədov

Maliyyə naziri – R.Kaplanov

Maarif və dini etiqad naziri – H.Şaxtaxtinski (05.03.1920-dən sonra Şahsuvarov)

Əmək və əkinçilik naziri – Ə.Pepinov

Yollar naziri, eyni zamanda ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir – X.Məlikaslanov (18.02.1920-dən sonra ticarət, sənaye və ərzaq naziri – M.H.Hacınski)/p>

Poçt-teleqraf naziri – C.Hacınski

İctimai təminat və səhiyyə naziri – M.Rəfiyev

Dövlət müfəttişi – H.Məmmədbəyov

Azərbaycan Cümhuriyyəti Hökumətinin strukturu

Ölkədə ictimai asayişi, qanunçuluğu və hüquq normalarını qoruyan dövlət orqanı Daxili İşlər Nazirliyi idi. DİN mürəkkəb tarixi dövrdə ölkədə hökm sürən anarxiyanın qarşısının alınması, qanunçuluğun və hüquq normalarının bərqərar edilməsi, vətəndaşların şəxsi və əmlak təhlükəsizliklərinin təmin olunması, cinayətkarlıqla mübarizə aparılmasında mühüm rol oynamışdır.

Azərbaycan Cümhuriyyətinin bütün məhkəmə və hüquq idarələri sisteminə və onların fəaliyyətinə nəzarət edən hökumət orqanı Ədliyyə Nazirliyi idi. Nazirlik ölkədə hüquq mühafizə orqanlarının təşkili ilə yanaşı, hüquq mühafizəsi, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi sahəsində də böyük iş gördü.

Erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün yaradılmış rəsmi təhqiqat orqanı Fövqəladə Təhqiqat Komissiyası idi.

Azərbaycan Cümhuriyyətinin müstəqil məhkəmə hakimiyyətini formalaşdırmaq məqsədilə yaradılmış mühüm dövlət strukturu Azərbaycan Məhkəmə Palatası idi. Ələkbər bəy Xasməmmədov palatanınn sədri, keçmiş hüquqşünas Olgerd Kriçinski isə palatanın prokuroru təyin edilmişdilər.

Azərbaycan Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları Baş Qərargahın kəşfiyyat və əks-kəşfiyyat bölməsi, daha sonra Əks-inqilabla mübarizə təşkilatı (ƏMT), 1920-ci ilin martından Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi idi.

Poçt və Teleqraf Nazirliyi ölkənin rabitə müəssisələrinin yaradılmasına və rabitə işinin təşkilinə rəhbərlik edən ali hakimiyyət orqanı. 1919 ilin axırlarına yaxın Azərbaycan ərazisində artıq 54 poçt-teleqraf müəssisəsi bərpa olunmuş, habelə bir beynəlxalq teleqraf stansiyası fəaliyyət göstərirdi. Poçt və teleqraf nazirliyi Hökumətin tapşırığı ilə 1919 il oktyabrın 20-də milli poçt markaları buraxıldı. Markaların layihələrinin müəllifi rəssam Zeynal Əlizadə idi.

Səhiyyə Nazirliyi Azərbaycan Cümhuriyyətində ölkənin səhiyyə sisteminin yaradılmasına və fəaliyyətinə rəhbərlik edən ali icra orqanı idi.

Müxtəlif idarələrdə cinayətlərin və sui-istifadə hallarının təhqiqatı üzrə xüsusi qurum Təftiş-İstintaq Komissiyası idi.

Azərbaycan Cümhuriyyəti dövründə vətəndaşların və nəqliyyatın hərəkətini, yüklərin daşınmasını təmin edən yollar şəbəkəsinin fəaliyyətinə rəhbərlik edən ali icra hakimiyyəti orqanı Yollar Nazirliyi idi. 1919 ilin sonuna yaxın Yollar Nazirliyinin strukturuna işlər idarəsi, dəmir yol idarəsi, su və şose yolları idarəsi, Bakı Dənizçilik Məktəbi, dəmir yolunun mühafızəsi idarəsi və Bibiheybət buxtasının torpaqla doldurulması idarəsi daxil idi.

Ölkədə icra strukturlarının qərarlarının yerinə yetirilməsi üzərində dövlət nəzarətini təmin edən orqan Dövlət Nəzarəti Nazirliyi idi.

Azərbaycan Hökumətinin qəbul etdiyi vacib sənədlərdən biri Cümhüriyyətin vətəndaşlıq normalarını müəyyən edən hüquqi sənəd Azərbaycan Vətəndaşlığı Haqqında Əsasnamə idi.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan Cümhuriyyətinin dövlət rəmzləri, Parlamenti və Hökuməti

© Milli Azərbaycan Tarixi Muzeyi