- Azərbaycanın müstəqilliyinin ləğv edilməsi (27.04. - Sovet Rusiyası ordu hissələrinin Azərbaycana hücumu; 28.04. - Azərbaycan Cumhüriyyətinin süqutu; marionet Azərbaycan Sovet Sosialist Respublikasının yaradılması)
- Azərbaycan milli dövlətçiliyinin ləğv edilməsi (rəmzlərin dəyişdirilməsi; dövlət dilinin dəyişdirilməsi; milli kadrların qovulması və təqib olunması; Azərbaycanın siyasi, ictimai, hərbi liderlərinin məhv edilməsi və ya mühacirətə getməsi)
- Azərbaycanın ərazi bütövlüyünə təcavüz (30.11. - Zəngəzurun rəsmi olaraq Ermənistana verilməsi)
- Azərbaycanın milli düşüncəli əhalisinin məhv edilməsi (22.05. tarixində sovet hakimiyyətinə qarşı başlayan Gəncə, Qarabağ, Naxçıvan, Zəngəzur üsyanların qəddarcasına yatırılması. 1920-1921-ci il repressiyalarında 20 mindən artıq azərbaycanlının məhv edilməsi)
- milli adət və ənənələrə qarşı mübarizənin başlanması (din və milli adət və ənənələrin tədricən qadağan edilməsi)
- Azərbaycanın nominal dövlətçiliyinin ləğv olunması (13.12. - Azərbaycan Gürcüstan və Ermənistanla bərabər Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibinə qatıldı). ZSFSR-ə daxil olan xalqların bərabərhüquqlu olması bəyan edilsə də, onun mövcud olduğu 15 il ərzində bir nəfər də azərbaycanlı ZSFSR-in 1-ci və ya 2-ci katibi vəzifəsinə təyin olunmamışdır.
- Azərbaycanın ərazi bütövlüyünə növbəti təcavüzlər: Qarabağı və Naxçıvanı Azərbaycandan qoparmaq cəhdləri. 07.07.1923- Dağlıq-Qarabağ Muxtar Vilayətinin yaradılması. 09.02.1924 – Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması.
- Milli adət-ənənələrinin ləğvi, əlifbanın dəyişdirilməsi, zorakı kollektivləşdirməyə qarşı çıxış edənlərə qarşı repressiyalar dalğasının başlaması.
Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu gündən siyasi motivlərlərlə repressiyalar davam edirdi. 1920-1934-cü illərdə “əksinqilabçılar” kimi 30.000-dən artıq insan, 1934-1939-cu illərdə “pantürkçü”, “panislamçı”, “burjua millətçilər” kimi 27.458 ziyalı repressiyalara məruz qalmışdır. Kollektivləşməyə qarşı çıxış edənlər 20.02.1930-cu ildən başlayaraq repressiyalara məruz qalmışlar: 1930-1938-ci illərdə 20.000 yaxın kəndli Mərkəzi və Orta Asiyaya sürgün olunmuşdur. 1937-ci ildə repressiyalar planlı kütləvi qırğın şəklini almışdır. Həmin il Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə SSRİ-in hər regionu üçün repressiya kvotaları müəyyən olunmuşdur. Azərbaycanın kvotası 10.07.37 il tarixində müəyyən edilmişdir: 1500 nəfər güllələnməli, 3750 nəfər sürgün olunmalı, 150 ailə “xalq düşmənlərinin ailə üzvləri üçün düşərgə”lərə göndərilməlidir. 31.01.38 tarixindən kvota dəyişdirildi – üç ay ərzində 2000 nəfər güllələnməli, 1000 nəfər məhkum olunmalıdırlar. Kvotadan artıq repressiyalar alqışlandığından artıq 1937-ci ildə 2215 nəfər güllələnmiş, 2846 nəfər azadlıqdan məhrum edilmişdir. Yerli “troyka”lardan (xüsusi məhkəmələr) başqa respublikada SSRİ Ali Məhkəməsinin gündə 40-50 nəfərin işinə baxan xüsusi qrupu fəaliyyət göstərirdı. Ümumilikdə, Azərbaycan SSR-də 1920-1949-cu illərdə 300 min, onlardan 1930-1949-cu illərdə 70 mindən artıq insan siyasi ittihamlarla məhkum edilmiş, onlardan 29 mindən artıq insan ziyalı təbəqəsinə aid idi.
Gürcüstan və Ermənistanda yaşayan azərbaycanlılar da repressiyalara məruz qalmışlar. Həmçinin Dağıstan azərbaycanlılarının böyük qismi Orta Asiyaya sürgün olunmuşdur. Azərbaycan SSR-də yaşayan mənşəcə Cənubi Azərbaycandan olanlara qarşı (31.01.38 tarixli– “Milli mənsubiyyət əsasında əhali arasında repressiyaların davam etdirilməsi barədə” qətnaməsinə əsasən) repressiyalarda sentyabr- dekabr aylarında 18000 azərbaycanlı Qazaxstana sürgün edilmiş və ya İrana göndərilmişdir. 1941-ci ilin oktyabrından 1942-ci ilin noyabrınadək Azərbaycanda yaşayan 35 min alman sürgün olunmuşdur. 1949-cu ilin iyunundan assuriyalı, yunan və Türkiyə mənşəli Azərbaycan vətəndaşlarına qarşı repressiyalar sürgünlə nəticələnmişdir.
30-40-cı illərin stalin repressiyaları Azərbaycanın intellektual inkişafı, xalqın demoqrafiyasına ağır zərbə vurmuşdur.
1941-1945-ci illərdə 681.000 azərbaycanlı faşizmə qarşı vuruşmuş, 300.000-dən artıq həlak olmuşdur. Azərbaycan beş milli diviziya formalaşdırılmışdır. Azərbaycanlılar partizan hərəkatında, həmçinin Avropada antifaşist mübarizəsində fəal iştirak etmişlər. 400 mindən artıq azərbaycanlı SSRİ və digər antifaşist bloku ölkələrinin orden və medalları ilə təltif olunmuşdur.
Müharibə dövründə Azərbaycan iqtisadiyyatı SSRİ iqtisadiyyatının vacib tərkib hissəssi idi. SSRİ neftinin 70% Azərbaycan verirdi. Respublikada 130 növ hərbi sursat istehsal olunur, 70-dən artıq hospitallarda yaralılara kömək göstərilirdi.
- 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qərar çıxardı. Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmış, nəticədə on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Qərarla Ermənistanın 23 rayonundan 100 min azərbaycanlı əhalinin könüllü köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində qərarın icrası zorakı təzyiqlər vasitəsi ilə həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən (200 yaşayış məntəqəsindən) 144 654 nəfər azərbaycanlı deportasiya edilmişdi. Ermənistan SSR Nazirlər Sovetinə icazə verildi ki, azərbaycanlı əhalinin boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana köçürülən erməniləri yerləşdirmək üçün istifadə edilsin.
- Ermənistanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması əməliyyatı həyata keçirilmişdir. 1947-1953-cü illərdə azərbaycanlılar yaşayan 60 məntəqənin adı dəyişdirmişdir. Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır.
- Daxili köçürmə adı ilə 1949-cu ildə 132 azərbaycanlı ailəsi (549 nəfər) Dağlıq Qarabağdan Azərbaycanın Xanlar rayonuna köçürülmüş, onların əvəzinə Qarabağa yenə də erməni əhali yerləşdirilmişdir.
- 1989-cu ildə SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz qalmış xalqların hüquqlarının bərpası haqqında qərar qəbul etsə də, 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar həmin xalqların siyahısına daxil edilmədi.
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
- Azərbaycanın 1969-1982-ci illər dövrünü əhatə edən tarixi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev o dövrdəki mövcud ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun məhv edilməsinə nəinki yol verməmiş, əksinə onu yüksəltmək yolunda bütün imkanlardan istifadə etməyi bacarmışdır. O illərdə milli ideyanın çatışmazlığı səbəbindən həm iqtisadi, həm də mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırılmışdır. 1969-1982-ci illər baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədə islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində ən parlaq səhifələri təşkil etmişdir. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yol öz başlanğıcını əslində, 1969-cu ildən götürmüşdür.
- Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci ildə keçirilən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003 -cü ildə keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ Klivlend şəhərində vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.
-1990 il, yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı qüvvələri Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələri əslində öz azadlığına, müstəqilliyinə doğru irəliləyirdi. Məhz bu hərəkatın qarşısını Mixail Qorbaçov başda olmaqla sovet imperiyası hərbi güclə qarşısını almağa çalışdı.
1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur; xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var; qoşunlar beynəlxlaq normativ aktlarla qadağan olunmuş ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə etmişlər.
Lakin Azərbaycan xalqının azadlıq əzmini qırmaq mümkün olmadı. İmperiyaya etiraz olaraq şəhidlər bütün xalq tərəfindən təntənəli surətdə dəfn olundu, daha sonra isə bütün respublika 40 gün ərzində tətil etdi. Bu SSRİ iqtisadiyyatına ağır zərbə vurdu, M.Qorbaçov iqtidarının süqutunu sürətləndidi. Azərbaycan xalqı mübarizliyini, əyilməzliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirdi.
1990-cı ilin 20 yanvarında sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
-1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib. 6 fəsil, 32 maddədən ibarət Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da Konstitusiya Aktı ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Bu mühüm tarixi sənədlə Azərbaycan xalqı uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra Dövlət Bayrağı, Dövlət Himni və Dövlət Gerbi haqqında da qanunlar qəbul edilib.
Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.
İrəlidə müstəqilliyin mürəkkəb, keşməkeşli və şanlı illər durur...