• Hacı Zeynal Abdin Tağıyev

    Sahibkar

    Bioqrafiya

    H. Z. Tağıyev haqqında

    3.jpg

    XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynal Abdin Tağıyevin adı və fəaliyyəti insana xas olan ən yaxşı keyfiyyətləri – vətənpərvərliyi, alicənablığı, səxavəti, xalqına, doğma ailəsinə sədaqəti özündə ehtiva edir. H.Z.A.Tağıyev özünün həyat amalını belə təsvir etmişdir: “Ən çox sevdiyim, ən qiymətli sandığım vaxtlarımda məni sənaye işlərim qədər, mən deyərdim, hətta onlardan daha artıq mənim xalqım, onun gələcək xoşbəxtliyi və necə yaşayacağı məsələləri məşğul edir. Bu məqsədə çatmaq üçün mənim vacib bildiyim birinci şey xalqımın tərbiyəsi və təhsili məsələsidir”.

    Hacı Zeynal Abdin Tağıyevin ictimai fəaliyyəti xalqımızın mədəni, təhsil səviyyəsinin yüksəlməsinə, milli şüurun oyanmasına yönəlmişdir. O, yalnız böyük sərvət sahibi kimi deyil, daha çox özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalmışdır. Elə buna görə hələ sağlığında “millət atası” adını almışdı.

    Hacı Zeynal Abdin Tağıyev Bakıda, İçəri şəhərdə, başmaqçı Məhəmmədtağı Tağıyev və onun arvadı Ümmixanımın ailəsində dünyaya göz açmışdır. Bir ehtimala əsasən o, 1823-cü, digərinə, daha etibarlısına görə isə, 1838-ci ildə anadan olmuşdur. Hələ uşaq ikən Zeynal Abdin anasını itirmiş və atasının himayəsində yaşamışdır. Balaca Zeynal Abdin tikintidə çalışır, gündə 5-6 qəpik pul qazanırdı. 15 yaşına çatdıqda, o, bənnaçı sənətini mənimsəyir.

    Zeynəb xanımla birinci nikahdan H.Z.A.Tağıyevin üç övladı dünyaya gəlmişdir: İsmayıl, Sadıx və Xanım. Zeynəb xanımın vəfatından sonra, 1896-cı il iyunun 28-də o, general-mayor B.Ərəblinskinin qızı Sona xanımla evlənmişdir. Bu nikahdan onların beş övladı doğulmuşdur: Leyla, Sara, Məhəmmədtağı, Məhəmmədkazım və Sürəyyə.

    1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından və sənayenin milliləşdirilməsindən sonra H.Z. A.Tağıyevə Mərdəkandakı bağ mülkündə yaşamağa icazə verilmişdi. H.Z. A.Tağıyev 1924-cü il sentyabrın 1-də vəfat etmiş və vəsiyyətinə görə Bakının Mərdəkan kəndində, görkəmli din xadimi, maarifpərvər Axund Abuturabın qəbri yanında dəfn olunmuşdur.

    Sahibkarlıq fəaliyyəti

    H. Z. Tağıyevin Sahibkarlıq fəaliyyəti

    5.jpg

    XIX əsrin 60-70-ci illərində Rusiyada keçirilmiş islahatlar cəmiyyətdə yeni sosial təbəqənin – sahibkarların formalaşmasına gətirib çıxardı. Azərbaycan sahibkarlığının parlaq simalarından biri də Hacı Zeynal Abdin Tağıyev oldu.

    H. Z. Tağıyev neft sənayesində

    XIX əsrin 50-ci illərinin sonu – 60-cı illərin əvvəllərində müəyyən kapital toplaya bilmiş H.Z.A.Tağıyev manufaktura ticarəti ilə məşğul olmağa başladı. O, 1870-ci ildə çox da böyük olmayan ağ neft zavodu, 1873-cü ildə isə 9 min rubla Bibi-Heybətdə torpaq sahəsi satın alır. 1878-ci ildə sahədə qazılmış buruq güclü neft fontanı vurur. Sonrakı illərdə H.Z.A.Tağıyevin kiçik neftçıxarma müəssisəsi qazma, hasilat, emal və nəqletməni özündə birləşdirən iri istehsalat kompleksinə çevrilir. Bibi-Heybətdə və Balaxanıda 30 desyatin (1 desyatin = 1,092 hektar) neftli torpaq, iki neftdaşıyan gəmi, Saritsın, Nijni Novqorod və Moskva şəhərlərində anbarlar, ağ neft və sürtkü yağları istehsal edən zavodlar ona məxsus idi. 1882-ci ildə Moskvada keçirilən sənaye-bədii sərgisində “H.Z.Tağıyev” şirkəti “ağ neftin yaxşı keyfiyyətinə görə” bürünc medal ilə təltif olunmuşdur. Bu mükafat H.Z.A.Tağıyevin zavodlarında istehsal edilən məhsulun yüksək keyfiyyətini göstərdiyi kimi, neft məhsulları bazarında onun rəqabətliliyini də artırırdı. XIX əsrin 80-ci illərində H.Z.Tağıyevin firması 10 mln. pud (1 pud = 16,38 kq) neft hasil edirdi, 1896-cı ildə hasilat 32 mln. pudu keçmişdi. “Rotşild qardaşları” Paris bankir evinin məlumatına görə, H.Z.Tağıyevin 20 mln. rubla qiymətləndirilən neft işi “əla və indiki gəlirləri xeyli idi”.

    XIX əsrin 90-cı illərinin ikinci yarısında Bakı neft sənayesi iri inhisarlar arasında bölüşdürülmüşdü. Rəqabətin uğursuz olacağını anlayan H.Z.A.Tağıyev mədənləri, neft kəməri, neft daşıyan donanması, dəmiryolu sisternləri, Rusiyanın müxtəlif şəhərlərində ağ neft, mazut anbarları olan firmasını ingilis bankiri E.Qubbardın başçılıq etdiyi qrupa 5 mln. rubla satmışdı. Onun müəssisələri əsasında 1897-ci ildə ingilislər tərəfindən “Rusiyada neft və duru yanacaq çıxaran cəmiyyət” (“Oleum”) yaradıldı. H.Z.A.Tağıyev “Oleum”un direktorlarından biri kimi qalmışdı. Onun öz neft biznesini belə ucuz satmasını uzaqgörənliklə, neft sənayesində yeni böhranın baş verəcəyini və bununla əlaqədar neftin hasilatına, daşınmasına olan xərclərin artacağını, ixracla bağlı çətinliklərin olacağını dərk etməsi ilə izah etmək olardı; bəlkə də ona öz planlarını gerçəkləşdirmək üçün böyük pul məbləği lazım idi. Cənubi Qafqazda ilk iri toxuculuq fabrikinin, daha sonra isə Bakıda H.Z.Tağıyevin bilavasitə iştirakı ilə Tacir bankının açılması ilə bu planların bir qismi reallaşdı.

    H. Z. Tağıyev digər sənaye sahələrində

    H.Z.A.Tağıyevin əlində altı paroxod və dəmir yolu vaqon – sisternləri parkı var idi. 1894-cü ildə H.Z.A.Tağıyevin şirkəti 28,5 mln. pud neft məhsulu daşımışdı; bu göstəriciyə görə, onun şirkəti yalnız “Nobel qardaşları” birliyindən geri qalırdı. 1898-ci ildən H.Z.A.Tağıyev “Xəzər” gəmiçilik səhmdar cəmiyyəti idarə heyətinin sədri olur.

    Bakının iri sənaye mərkəzinə çevrilməsi və onun əhalisinin artması yeyinti, xüsusilə də balıq sənayesinin intensiv inkişafını şərtləndirirdi. Bu sahədə azərbaycanlı sahibkarlar üstün mövqeyə malik idilər. H.Z.A.Tağıyev balıq sənayesinə 1 mln. rubladək vəsait qoyaraq, Kürdə 30 balıq vətəgəsinə sahib oldu. 1916-cı ildə bu vətəgələrin əsasında “Xəzər-Tağıyev” balıq sənayesi ticarət səhmdar cəmiyyəti yaradıldı. Balıq məhsulları saxlamaq üçün H.Z.A.Tağıyev Petrovsk şəhərində (indiki Mahaçqala) soyuducu zavod tikdirdi. 1910-cu ildə Bakının Əhmədli kəndində “H.Z.Tağıyevin dizel motorlu vallı dəyirmanı” istismara verildi. H.Z.A.Tağıyevin rabitə, üzümçülük sahəsində iştirakını, torpaq sahələrinin, mülklərin və b. daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əməliyyatlarını da qeyd etmək olar.

    H.Z.A.Tağıyevin bankir kontoru əsasında Tacir bankının açılması sənaye müəssisələrinin daha geniş miqyasda maliyyələşdirilməsi, bankın ilk növbədə milli sahibkarlara kömək göstərilməsi sahəsində onun planlarının həyata keçirilməsi demək idi. Hələ Tacir bankının açılmasından əvvəl H.Z.A.Tağıyev Rusiya Dövlət bankının Bakı şöbəsinin uçot komitəsinin, Peterburq Beynəlxalq bankı şurasının üzvü idi və 1895-ci ildə Dövlət bankı Bakı şöbəsinin uçot komitəsinin üzvü kimi üzərində “Səyinə görə” yazısı olan qızıl medalla təltif olunmuşdu.

    Bakı Tacir bankı 1914-cü ildə fəaliyyətə başladı. Səhmdarların ilk yığıncağı H.Z.A.Tağıyevin sarayında keçirilmişdi. Tacir bankının müştərilərinin sayı getdikcə artırdı, onların xeyli hissəsi azərbaycanlılar idi. Volqa-Kama bankı Bakı şöbəsinin arayışında bildirilirdi ki, H.Z.A.Tağıyev “çox varlı və kommersiya dairələrində hörmət və etibara malik adamdır”. Elə ilk yarım ilin əməliyyatları Bakı Tacir bankına 109 min rubl xalis gəlir gətirdi.

    H.Z.A.Tağıyevin toxuculuq fabriki

    Rusiya toxuculuq müəssisələrinin xam ipliyə olan tələbatı H.Z.Tağıyevi pambıq parça məhsulları istehsal edən fabrik tikməyə sövq etdi. 1897-ci ilin oktyabrında Bakıda “Lifli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti” təsis edildi və xaricdən gətirilən müasir texnika ilə təchiz olunmuş toxuculuq fabriki tikməyə başladı. Müəssisənin əsas obyektlərinin inşası 1901-ci ildə başa çatdırıldı. Bu, Azərbaycanda təkcə qiymətli ixrac məhsulları və külli miqdarda gəlir verən yeni sənaye sahəsini yaradılması deyil, həm də minlərlə işsizin işlə və pulsuz evlə təmin edilməsi demək idi. Fabrik Bakının Əhmədli kəndində işə salınmışdı. Onun nəzdində fəhlə və qulluqçular üçün pulsuz mənzilli evləri və öz elektrik stansiyası olan qəsəbə, o cümlədən ambulatoriya tikilmiş, yaşlı fəhlələr üçün məktəb və kurslar açılmışdı. İstehsal artdıqca genişlənən H.Z.A.Tağıyevin fabriki məşhur memar İ.Qoslavski tərəfindən əvvəlcədən vahid istehsal-yaşayış kompleksi kimi inşa olunmuşdu. Bu, Bakıda xüsusi planla tikilən ilk fəhlə qəsəbəsi idi. Bura mərkəzi korpusdan, su şirinləşdirici və elektrik stansiyası binalarından ibarət idi. Artıq ilk 2-3 ildə fabrikin nəzdində darayıcı, qəbuledici, toxucu, rəngləyici və başqa şöbələri yaradılmışdı. Qulluqçular üçün ev tikilmiş, fəhlələr üçün qəsəbə salınmış, mətbəx və yeməkxana, yaşayış üçün kazarma, məktəb binası tikilmişdi. Bu nəhəng kompleks Hacıya 3 mln. 310 min rubla başa gəlmişdi.

    Fabrikini xammalla təmin etmək məqsədilə H.Z.Tağıyev Yevlax yaxınlığında pambıq əkini üçün torpaq sahəsi almış, 1909-cu ildə isə Cavad qəzasında pambıqtəmizləmə zavodu tikdirmişdi.

    1912-ci ilin məlumatına əsasən, H.Z.A.Tağıyevin toxuculuq fabrikində 1430 işçi çalışırdı. Onların 70 %-ni azərbaycanlılar, 20 %-ni ruslar və 10 %-ni başqa millətlərin nümayəndələri təşkil edirdi. Bütün fəhlələrə su, istilik və işıqla təchiz edilmiş otaqlar ayrılmışdı. Fəhlələr üçün 9 əsas bina tikilmişdi. Subay fəhlələr yaşayan kazarmadan əlavə, ailəlilər üçün 160 ayrıca mənzil nəzərdə tutulmuşdu. Fabrikdə çalışan fəhlə və qulluqçular mənzillərlə pulsuz təmin edilirdi. Fəhlənin illik orta əmək haqqı 154 rubl 84 qəpik idi. Birinci növ ağ çörək 4 qəpik, mal əti 12 qəpik, qoyun əti 13 qəpik, sabun 15 qəpik, yeməkxanada isti xörəyin qiyməti 4 qəpikdən 15 qəpiyə qədər idi.

    İctimai fəliyyət

    H. Z. Tağıyevin İctimai və Xeyriyyəçilik fəaliyyəti

    13.jpg

    H.Z.A.Tağıyev Azərbaycanın XIX əsrin sonu – XX əsrin əvvəllərində fəaliyyət göstərən ən görkəmli ictimai xadimlərindən, xeyriyyəçilərindən olmuşdur. O, dəfələrlə Bakı dumasının üzvü seçilmiş, şəhərin mühüm problemlərinin həllində iştirak etmişdi. O, həm də öz vəsaiti ilə belə təkliflərin həyata keçməsinə kömək edirdi. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Bakıda ilk teatr binası tikildi, at-dəmir yolu (konka) işə salındı, şəhərin mərkəzində bir sıra dükan və kontorların yerləşdiyi Ticarət evi – Tağıyev passajı fəaliyyətə başladı. 1898-ci ildə H.Z.A.Tağıyev Bibi-Heybət fəhlə rayonunda ambulatoriya binası tikdirdi. Memar İ.Qoslavskinin layihəsi üzrə tikilən Aleksandra rus-müsəlman qız məktəbinin binası (1898-1901) və H.Z.A.Tağıyev sarayı (1895-1901) Bakının abadlığına yeni görkəm verdi.

    H.Z.Tağıyev Bakıya içməli suyun çəkilməsi layihəsinin hazırlanıb həyata keçirilməsində yaxından iştirak etmişdir. 1874-cü ildə o, öz vəsaiti hesabına Bakı şəhərinə su kəmərini çəkdirdiyinə görə üzərində “Səyinə görə” yazısı olan gümüş medalla təltif olunmuşdu. H.Z.Tağıyev Bakı şəhərini içməli su ilə təchiz etmiş Şollar su kəmərinin (1911-1916) ən fəal lobbiçilərindən biri olmuş, Şollarda su mənbəyində işlərin aparılması üçün vəsaitlərini təklif etmişdir.

    H.Z.A.Tağıyev 1905-1911-ci illərdə Cənubi Azərbaycanda gedən milli-azadlıq hərəkatının iştirakçılarına, 1912-1913-cü illər Balkan müharibəsi illərində Türkiyənin bəzi vilayətlərində erməni quldur dəstələrinin vəhşiliklərinə məruz qalmış müsəlmanlara yardım etmişdir.

    H.Z.A.Tağıyev 1917-ci ilin aprelində Bakıda keçirilmiş Qafqaz müsəlmanlarının qurultayında fəxri qonaq kimi iştirak etmiş və qurultayın yaratdığı milli fonda 50 min rubl köçürmüşdü.

    1917-1918-ci illərdə H.Z.Tağıyev İrandan aldığı taxılı Azərbaycan qəzalarında aclıq keçirən kəndlilərə göndərirdi. 1918-ci il mart soyqırımı günlərində Hacı milli müdafiə dəstələrinə və zərər çəkmiş Azərbaycan əhalisinə də maddi kömək göstərirdi. Həmin günlərdə onun teatr binası və “Kaspi” mətbəəsi ermənilər tərəfindən yandırılmışdı.

    1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaradılmasını alqışlayan H.Z.A.Tağıyev müstəqil milli dövlətçilik mənafelərini dəstəkləmiş, təntənəli dövlət tədbirlərində iştirak etmişdir. O, yüksək səviyyəli dövlət qonaqlarını öz yaşayış mülkündə qonaq etmiş, Britaniya diplomatik missiyasının başçısı O.Uordrop Bakıya gələrkən, mülkünün bir hissəsini onun sərəncamına vermiş, general C.Harbord başda olmaqla, ABŞ missiyasının üzvləri onun mülkündə qalmış, burada hökumət başçısı Nəsib bəy Yusifbəyli tərəfindən qəbul edilmişdi. 1919-cu ilin iyununda H.Z.Tağıyev N.Yusifbəyliyə gənc respublikanın iqtisadi tənəzzüldən çıxmasına maliyyə yardımı göstərməsi ərizəsi ilə müraciət etmiş və əlavə etmişdi ki, onun bu müraciəti tacirin şəxsi mənfəəti naminə deyil, sırf səmimi vətənpərvər hissi ilə yazılmışdır. Dövlət qadağalarının və məhdudiyyətlərinin inkişafa əngəl olduğunu xüsusi qeyd edən H.Z.A.Tağıyev ilk addımlarını atan Azərbaycan Cümhuriyyətinin iqtisadi müstəqilliyi üçün zəmin yaratmaq, onun dünyanın digər dövlətləri sırasında tamhüquqlu üzv kimi şərəfli yer tutması naminə sənaye və ticarət sərbəstliyini müdafiə etdiyini bildirirdi.

    Dövri nəşrlərə öz münasibətini bildirən H.Z.A.Tağıyev deyirdi: «Mən mətbuatı xalqın mənəvi-maarif və iqtisadi cəhətdən yüksəlişinin güclü vasitələrindən biri kimi görürəm, buna görə də qəzetlərə maddi yardım göstərməyi öz mənəvi borcum sayıram». 1895-ci ildə H.Z.A.Tağıyev “Kaspi” qəzetini (redaktoru – Əlimərdan bəy Topçubaşov) satın aldı. 1905-ci ildən «Həyat» qəzeti (redaktorları – Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə), 1906-cı ildən “Füyuzat” jurnalı (redaktoru - Əli bəy Hüseynzadə) H.Z.Tağıyevin maddi köməyi ilə nəşr olunmağa başladı.

    1900-1906-cı illərdə o, İranda nəşr olunan «Müzəffər» və «Gilan» qəzetlərini maliyyələşdirir, “Tərbiyəçi” qəzetinə maddi yardım göstərirdi. O, həmin qəzetin həcmini bir səhifə artırmağı məsləhət görmüş və həmin səhifənin nəşri xərclərini öz üzərinə götürmüşdü. H.Z.A.Tağıyevin xeyriyyəçilik fəaliyyəti bütün müsəlman Şərqində məşhur idi. Misirin Məktəblər və Universitetlər İdarəsinin Hacıya göndərdiyi məktubu buna misaldır: “İslamın böyük fəxri əziz Zeynal Abdin Tağıyevə. Sizin şöhrətli varlığınızın şəxsində müsəlman dünyasında qürur günəşi doğduğu xoşbəxt bir vaxtda, biz, bütün dünyanın müsəlmanları, böyük yaradandan Sizin daha da ucalmağınızı diləyirik. Sizə böyük hörmətimizi izhar edərək bildiririk ki, dünən Misirin bütün ibtidai məktəblərinin müdiri... icazə verdi ki, Tur Tentin nümunəvi məktəbində Sizin həyatınız və fəaliyyətiniz barəsində, Sizin müsəlmanların xeyrinə gördüyünüz xeyirli işlərə həsr olunmuş kitabdan mətnin bir hissəsini oxuyaq. Bu bizim üçün böyük şərəf idi. Çox sağ olun ki, Siz müsəlmanların nüfuzunu başqa xalqların nəzərində ucaldırsınız”.

    Hacı Zeynal Abdin Tağıyev və Azərbaycanda təhsil

    Maarifin yayılması kimi vacib bir problemin həlli H.Z.A.Tağıyevin ictimai fəaliyyətində geniş yer tuturdu. Maarif sahəsində fəal iştirakına görə Hacı Bakı Mariinski qadın gimnaziyasının, orta texniki məktəbin, Aleksandra rus-müsəlman qız məktəbinin, Kommersiya məktəbinin fəxri hamisi, Tiflis şiə müsəlman məktəbinin fəxri nəzarətçisi təsdiq olunmuşdu.

    H.Z.A.Tağıyev 1896-cı ildə Mərdəkanda bağçılıq məktəbi açmışdı. Məktəbin məqsədi sənaye mərkəzi olan Bakının kənd təsərüffatı məhsullarına olan və günü-gündən artan tələbatını təmin etmək üçün məhsuldarlığı artırmaq, kəndliləri təsərrüfatın səmərəli üsulla aparılmasına yiyələdirmək idi. Azərbaycan əhalisi arasında savadlığın aşağı olması şəraitində 1897-ci ildə Bakıda ilk dəfə yaşlılar üçün H.Z.A.Tağıyev tərəfindən açılmış kurslar böyük əhəmiyyət kəsb edirdi. Kurslar dinləyicilərə qara fəhlə əməyində daha münasib iş tapmağa kömək edirdi.

    H.Z.A..Tağıyev özünəməxsus səxavətlə ehtiyacı olan şagirdlərə maddi yardım göstərir, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verirdi. Həmin tələbələr arasında sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər - Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əziz Əliyev, Ağa Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və bir çox başqaları var idi.

    Milli xeyriyyəçilik cəmiyyətlərinin yaradılması ilə H.Z.A.Tağıyevin fəaliyyəti daha da genişləndi. İlk cəmiyyət - 1905-ci ildə yaranan Bakı müsəlman xeyriyyə cəmiyyəti idi. H.Z.A.Tağıyevin sədri olduğu cəmiyyət təkcə xeyriyyəçiliklə deyil, həmçinin mədəni-maarif tədbirləri keçirməklə də məşğul olur, şagird və tələbələri vəsait və təqaüdlə təmin edirdi. H.Z.A.Tağıyev 1906-cı ildən fəaliyyət göstərən Bakı quberniyası müsəlmanları arasında savadın yayılması üzrə “Nəşri-Maarif” cəmiyyətinin sədri və “Nicat” maarif-xeyriyyə cəmiyyətinin fəxri sədri seçilmişdi.

    H.Z.A.Tağıyev Bakıda orta texniki məktəbin açılması barədə uzun illər ərzində şəhər duması qarşısında vəsatət qaldırırdı. Sənaye müəssisələrində texniki kadrlara kəskin tələbat vardı. Bu məsələnin müzakirəsi zamanı H.Z.Tağıyev məktəbin gələcəkdə ali təhsil müəssisəsinə çevriləcəyini səbəb gətirərək, bunun üçün dumanın planlaşdırdığı torpaq sahəsindən daha böyük sahənin ayrılmasına nail oldu. 1905-ci ildə memar İ.Qoslavskinin layihəsi əsasında tikilən məktəb Bakı orta texniki məktəbi adını aldı. H.Z.A.Tağıyev onun fəxri hamisi seçildi. Məktəb binasının və ikinci mərtəbənin tikilməsi, M.Muxtarovla birgə kimyəvi laboratoriyanın təchiz edilməsi sahəsindəki xidmətlərinə, göstərdiyi maddi yardıma görə Bakı şəhər duması H.Z.Tağıyevin portretinin sifariş edilməsi və məktəbin akt zalında yerləşdirilməsi barədə qərar verdi. Portret 1912-ci ildə görkəmli rəssam İ.Brodski tərəfindən hazırlandı. Hal-hazırda portret Milli Azərbaycan Tarixi Muzeyində Hacının iş otağında asılmışdır.

    Cümhuriyyət dövründə H.Z.Tağıyev öz böyük arzularından birinin - Bakıda ali təhsil ocağının açılmasının şahidi oldu. 1919-cu il 1 sentyabr tarixli qanunla Bakı Universiteti təsis edildi. H.Z.A.Tağıyev Bakı Universitetinin xeyrinə ticarət evinin - Passajın gəlirlərindən istifadə etməyi təklif etdi.

    “Hacı Zeynal Abdin Tağıyevin qız məktəbi” - Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi

    H.Z.A.Tağıyevin gördüyü mühüm işlərdən biri 1901-ci ildə Bakıda “Tağıyevin qız məktəbi” adı ilə tanınan, İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbinin açılması idi. H.Z.A.Tağıyev görkəmli ictimai xadim, “Şərqi-Rus” qəzetinin redaktoru Məmmədağa Şahtaxtinskiyə məktubunda yazırdı: “Məktəb və yalnız məktəb müsəlman qadınlarının indi üzləşdikləri çıxılmaz vəziyyətdən yeganə çıxış yoludur. Beləliklə də, bu məktəb lazımi qaydada təsis olunmalı, ehtiyatla təşkil edilməlidir ki, müsəlmanlar ona şübhə ilə yanaşmasınlar və öz qızlarını etibar edərək, bu məktəbə göndərsinlər”.

    Məktəb Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi olmuşdur. Onun yaradılması üçün H.Z.A.Tağıyev 1896-cı ildə 150 min rubl məbləğ ayırmış və banka köçürmüşdü. Ondan 125 min rubl işçi heyət, kitab və dərs ləvazimatı üçün, 25 min rubl isə binanın tikintisinə ayrılmışdı. Məktəb binasının tikintisi 1896-cı ildə başlanmış və 1901-ci ildə başa çatdırılmışdı. Binanın memarı İ.V.Qoslavski idi. Mesenatın məqsədi ibtidai məktəbi gələcəkdə orta məktəbə çevirmək idi. H.Z.A.Tağıyev öz məktublarının birində etiraf edirdi: “mən kiçik məktəb təşkil etmək niyyətində deyiləm... Məbləğ böyükdür, amma Allah mərhəmətlidir, əsas məsələ məqsədə çatmaqdır”.

    1901-ci il oktyabrın 7-də Aleksandra rus-müsəlman qız məktəbinin təntənəli açılışı oldu. “Kaspi” qəzeti həmin hadisəni belə təsvir edirdi: “Oktyabrın 7-ci günündə sübh tezdən məktəbin Nikolayev küçəsində vaqe olan gözəl imarəti bayraqla bəzənmişdi. Bu imarətin ikinci mərtəbəsindəki böyük zal gündüz saat 12-dək dəvət olunmuş əyan və əşrəflə dolmuşdu. Məktəbin yaradılması və tikilməsi haqqında məlumat dinlədildikdən sonra çıxışlar oldu. Hamı məktəbin açılışını böyük bir hadisə kimi qiymətləndirirdi. Məktəbdə təlim görəcək qızlardan düzəldilmiş xor dəstəsi bir neçə Azərbaycan mahnısı oxudu... Sonra məktəbin adına və ünvanına göndərilən təbrik teleqramları oxundu. Ə.Topçubaşovun oxuduğu təbrik ünvanına Həsən bəy Zərdabi imza etdi və bu sözləri yazdı: “Çox yaşa, Hacı!”

    21.jpg

    Xalq Maarifi Nazirliyinin ibtidai məktəblər haqqında Əsasnaməsinə əsasən, məktəbin dərs proqramına Azərbaycan dili, islam dini, evdarlıq, tikmə, musiqi fənləri də əlavə edilmişdi. Məktəb 40 nəfər şagird üçün nəzərdə tutulmuşdu, onlardan kasıb ailələrdən olan 20 nəfəri təhsil haqqından azad edilmişd. Təhsil alanlar əsasən bakılılar idi, lakin Azərbaycanın başqa şəhərlərindən, eləcə də Tiflis, Vladiqafqaz, Dərbənd və b. yerlərdən də oxumağa gəlirdilər. Məktəb məzunlarının ilk buraxılışı 1906-cı ildə olmuşdur. 15 nəfər qızın hamısı məktəbi əla qiymətlərlə bitirmişdi.

    1916-cı ildən Tağıyev məktəbi nəzdində ikiillik pedaqoji kurslar açıldı. Pedaqoji kursların və rus-müsəlman qız məktəbinin məzunları Azərbaycanın məktəblərində işləmək üçün pedaqoq hazırlanmasının, azərbaycanlı qadınların peşə təhsilinin formalaşmasının əsasını qoydu. Məzunların bəzisi təhsillərini orta, sonra isə ali tədris müəssisələrində davam etdirdilər. Onlardan professorlar Ümnisə Musabəyova və Sona Axundova, həkim Firəngiz Novruzova, pedaqoq Məryəm Bayraməlibəyova və başqaları ali təhsil almışdılar.

    Hacı Zeynal Abdin Tağıyev və Azərbaycan mədəniyyəti

    H.Z.Tağıyev Azərbaycanın görkəmli yazıçı və şairlərindən N.Vəzirovun, S.Ə.Şirvaninin, S.M.Əfəndiyevin, N.Nərimanovun, Ə.Haqverdiyevin və başqalarının əsərlərini, eləcə də coğrafiya, şəriət və b. dərslikləri öz vəsaiti hesabına nəşr etdirmişdi. Milli burjuaziyanın maddi yardımı ilə çıxan belə əsərlər Azərbaycan xalqının mədəni-mənəvi inkişafında müsbət rol oynamışdır. H.Z.A.Tağıyev Quranın Azərbaycan dilində nəşrini də özünün mənəvi borcu saymış, bu mürəkkəb əsərin tərcüməsini Axund Mirməhəmməd Kərim Cəfərzadəyə həvalə etmişdir; dövrün görkəmli din xadimləri Mirzə Abuturab Axundov və Axund Ruhulla mütərcimə bu işdə yardım göstərmişlər.

    1873-cü ildə Azərbaycan tarixində əlamətdar hadisə baş verdi - milli teatrın əsası qoyuldu. Onun təşəkkülündə H.Z.A.Tağıyevin də böyük rolu olmuşdur. Hacı 1883-cü ildə öz vəsaiti hesabına Azərbaycanda ilk teatr binasını tikdirdi. O, 1890-cı ildə 80 min rubl xərcləyərək, binanı yenidən qurdu. Bakının mərkəzində yerləşən teatr binası geniş, dövrünə görə yüksək səviyyədə təchis olunmuş, gözəl tərtibata malik idi. Maraqlıdır ki, teatrda qadınlar üçün ayrıca loja nəzərdə tutulmuşdu. Teatrın açılışı milli mədəniyyət tarixində mühüm hadisə oldu: Azərbaycan truppaları çoxdan gözlədikləri səhnəni əldə etdilər. H.Z.A.Tağıyevin teatrında Azərbaycanın görkəmli dramaturqlarının, həmçinin rus və Qərbi Avropa müəlliflərinin əsərləri tamaşaya qoyulurdu. 1908-ci ildə teatrda ilk milli opera - Ü.Hacıbəyovun “Leyli və Məcnun”u səhnələşdirildi.

    HACI ZEYNAL ABDİN TAĞIYEV

    © 2019 Azərbaycan Tarixi Muzeyi