Cənubi Qafqazın Mərkəzi və Şərq hissələri, Şimal-şərqi Qafqazın, Cənubi Azərbaycanın və Şərqi Anadolunun əsas əraziləri elmdə Kür-Araz mədəniyyəti adlanan vahid maddi-mənəvi əsasa malik qəbilələr tərəfindən məskunlaşır. Bu mədəniyyətə xas olan material ilk dəfə 1940-cı ildə Kür və Araz çayları arasında tapıldığına görə onu belə adlandırmışlar . Kür-Araz mədəniyyəti e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edən ilk tunc dövrünə aiddir.
Əkinçi-maldar təsərrüfatının inkişafı nəticəsində yaşayış məskənlərinin bəziləri böyük məntəqələrə çevrilir. Əkinçilik və maldarlığın yüksək inkişafı əhalinin artımına və patriarxal münasibətlərinin möhkəmlənməsinə təsir edir. Tayfaların daxilində mülki və sosial təbəqələşmə artır. Hakimiyyət və mülkiyyət qəbilə başçılarının əlində cəmləşir. Bu dəyişikliklər tayfalararası əlaqələrin şaxələnməsinə də müsbət təsir göstərmiş və bu prosesdə köçmə maldarlıqla məşğul olan tayfalar böyük rol oynamışdır. Özlərinin mütəhərrik tərzi sayəsində onlar metal emalının inkişafına mədəniyyətdə baş verən yenilikləri yaya bilirdilər. Yerli tayfaların qonşu bölgələrlə əlaqələrindən xəbər verən maddi nümunələrin əsas hissəsini tunc əşyalar təşkil edir. Qafqazda qalay və nikel yataqları yoxdur. Nikel də Qafqazın mədən yataqlarında yoxdur. Ona görə də Qafqazın, o cümlədən Azərbaycanın ilk tunc dövrü abidələrində rast gəlinən bəzi qalay qatışıqlı tunc məmulatı, eləcə də mis-nikel qatışıqlı əşyalar Ön Asiya ilə mövcud olmuş əlaqələrdən xəbər verir.
Kür-Araz mədəniyyəti tayfaları Azərbaycanda eneolit dövründə tərk edilmiş bəzi yaşayış yerləri ərazisində məskunlaşmışdı. Şimali Azərbaycanda I Kültəpə, Ovçulartəpəsi, Babadərviş, Cənubi Azərbaycanda isə Göytəpə və Yanıqtəpə belə yaşayış məskənlərindəndir. Yeni yaşayış yerləri kimi Qobustanı, Mingəçeviri, Qaraköpəktəpəni, Günəştəpəni, Çardaxlıtəpəni, Mişarçayı, Sərkərtəpəni, Cüttəpəni, Şortəpəni, Qarahacını və s. göstərmək olar. Dövrün yaşayış yerləri əsasən dağa yaxın, kiçik çay sahillərində inşa olunur, orta hesabla 1-2 ha sahəni tuturdu. Cənubi Azərbaycanda Yanıqtəpə 9 ha sahəni tuturdu, bu isə ilk tunc dövrünün bəzi yaşayış yerlərində bövük əhali kütləsinin cəmləşməsini və bir çox əsrlər ərzində arasıkəsilməz həyat tərzini əks etdirir. Yaşayış yerlərində qalın mədəni təbəqələrin yaranması uzunmüddətli həyat tərzindən xəbər verir. Naxçıvanda olan I Kültəpədə mədəni təbəqənin qalınlığı 8 m, Qaraköpəktəpədə 7 m, Mişarçayda 4 m-dən artıq, Urmiya gölünün qərbində Göytəpədə 9 m-dir. Bəzi yaşayış yerlərində müdafiə sədləri tikilmişdi. Evlər dairəvi (diametri adətən 3-5 m, bəzən 13 m), bəzən düzbucaqlı planlı inşa olunurdu. Evlərin inşası zamanı adi formalı kərpiclərdən istifadə edilirdi. Dairəvi planlı evlərdə damlar örtmə konstruksiyası, konik formalı olub, dirəklər üzərində qurulmuşdu. Otaqları qızdırmaq üçün gil manqallardan istifadə edilirdi.
Otaqların qızdırılmasında istifadə edilmiş gil manqallardan biri 1960-cı ildə I Kültəpə abidəsinin ilk tunc dövrü mədəni təbəqəsində tapılmışdı. Diametri 27,3 sm olan manqal tərkibinə qum qatılmış və pis yoğrulmuş gildən əl ilə formalaşdırılmışdır.
Azərbaycan əhalisinin təsərrüfatında aparıcı yeri əkinçilik tuturdu, xış əkinçiliyi geniş yayılmışdı. Kür-Araz mədəniyyəti tayfalarının iribuynuzlu heyvanları qoşquda istifadə etməsi əşyavi dəlillərlə təsdiq edilmişdir. “Əkin sahələrinin suvarılması əvvəlki dövrlərdən məlum olduğu kimi süni suvarma yolu ilə aparılırdı. Azərbaycanın ilk tunc dövrü yaşayış yerlərindən suvarma şəraitində becərilmiş dən qalıqları tapılmışdır. Azərbaycanın aran bölgələrində süni suvarma forması, dağlıq bölgələrdə dəmyə əkinçiliyi geniş yayılmışdı. Tayfalar əkinçilik təsərrüfatlarında buğda, arpa, darı, kətan, paxlalı bitkilərdən isə noxud (nut) becərirdilər. Babadərviş yaşayış yerində bir taxıl quyusundan arpa, o birindən yumşaq buğda tapılmışdır. İlk tunc dövründə yumşaq buğda geniş yayılmış dənli bitki növlərindən olmuşdur. Taxıl məhsulunun biçilməsi yığma oraqlarla aparılırdı. Oraqların əsası ağac dəstəklərdən, dişləri isə çaxmaq daşından düzəldilirdi, I Kültəpədə tunc oraqlara da rast gəlinmişdir. Məhsulun döyülməsi müxtəlif sadə üsullarla, o cümlədən ovma yolu ilə aparılırdı. Dənin saxlanılması üçün iri saxsı küplərdən, xüsusi quyulardan və kərpic tikintilərdən istifadə olunurdu. Babadərviş yaşayış yerində dibi daş və ya kərpiclə döşənmiş 22 quyuya rast gəlinmişdi. Yanıqtəpədə aşkar olunmuş dördgözlü qalın divarlı tikinti taxıl anbarı kimi istifadə olunmuşdur. Çörək bişirilməsi üçün I Kültəpədə aşkar olunmuş düzsəthli kürələrdən istifadə olunurdu.
Təsərrüfatda digər mühüm sahəni maldarlıq təşkil edirdi. Tapılan heyvan sümükləri göstərir ki, maldarlıq təsərrüfatının əsasını öküz, inək, keçi, qoyun və donuz kimi ev heyvanları təşkil edirdi. Dövrün başlanğıcında maldarlıq təsərrüfatında iribuynuzlu heyvanlar üstün mövqe tuturdusa, sonralar bu üstünlük xırdabuynuzlu heyvanların tərəfinə keçdi. Mal-qaranın artımı yem mənbələrinin, otlaqların, örüşlərin genişlənməsinə səbəb olurdu. Bununla əlaqədar maldarlığın yarımköçəri (və ya köçmə) forması inkişaf etməyə başlayır. Mal-qaranın artması ilə izafi ərzaq məhsulu yaranır. Maldarlıq təsərrüfatı tarixində yağ istehsalının da mühüm əhəmiyyəti vardır, bu dövrdə ilk dəfə gil nehrə icad olunur. “Nehrə” adının da onun icad olduğu dövrdə meydana gəldiyi ehtimal olunur.
İlk tunc dövrünün təsərrüfatında buğda, arpa, darı və başqa dənli bitkilərdən un tədarük etmək əhalinin başlıca məişət qayğısı idi. Arxeoloji qazıntılar zamanı sürtgəc, kirkirə-dəsət və s. bəsit dənüyütmə vasitələri tapılmışdır. Belə dənüyütmə vasitələrindən biri də I Kültəpə abidəsinin ilk tunc dövrü təbəqəsindən tapılmış həvəngdəstədir. Həvəngdəstə daşdan qab şəklində oyularaq hazırlanmışdır. Dəstə hissəsi isə uzunsov qara çaydaşındandır. Həvəngin hündürlüyü 29, diametri isə 17,5 sm-dir.
Azərbaycanda ərazisində zəngin Gədəbəy, Dağlıq Qarabağ və Balakən mis mədənləri məlumdur. Filizin çıxarılması və əridilməsi, metalın tökülməsi, xüsusi qarışıqların tətbiqi, isti və soyuq döymə, əmək alətlərinin və silahların, bəzək əşyalarının çeşidlənməsi istehsalın bu sahəsinin səviyyəsini əyani surətdə əks etdirir. Kür-Araz mədəniyyəti abidələrində ayrı-ayrı külçə əridilən obyektlərin aşkar olunması bu dövrdə Azərbaycanda mis-mədən yataqlarının istismarını sübuta yetirir. Erkən dövr metal sənayesinin öyrənilməsində Babadərviş yaşayış yerində tapılmış misəritmə kürə qalıqları, metal əşyalar, əridilmiş metalı tökülməsi üçün istifadə edilən təknəyəbənzər gil qəlibin yarı hissəsi böyük əhəmiyyət kəsb edir. Kürələrin birində istehsal çıxarı və mis külçəsinin parçası tapılmışdır. Metaləritmə sənətkarlığı Kültəpə, Qaraköpəktəpə, Şortəpə, Mişarçay, Göytəpə, Yanıqtəpə və s. də mövcud olmuşdur. Metal əşyaların spektral tədqiqi, onların əksər halda mis-mərgmüş tərkibli olduğunu göstərmişdir. Qədim ustalar müəyyən etmişlər ki, misin əridilməsi üçün 1083° istilik tələb olunduğu halda, başqa metalın (mərgmüş, qalay, nikel və s.) qatışığı olduqda ərimə dərəcəsi 700°-dək azalır və bununla da metalişləmə ilə əlaqədar görülən işlər yüngülləşir.
Kür-Araz mədəniyyətinin saxsı məmulatı əsasən qum qatışıqlı yaxşı yoğrulmuş gildən hazırlanırdı. Saxsı məmulatının hazırlanmasında gəldikdə, bəzən qumla doldurulmuş torbalardan da istifadə olunurdu. Əslində dulus çarxı məhdud miqyasda işlədilirdi. Kür-Araz mədəniyyəti qablarının bəzi nümunələri nazik divarlıdır. Bu onların dulus çarxında hazırlanması təəssüratını yaratsa da belə torbalar xaricdən müəyyən formada suvanır, quruduqdan sonra qum boşaldılır və Kiçik Qafqaz ərazisindəki abidələrin qabları əsasən yaxşı şüyrələnmiş qara üzə və çəhrayı astara malikdir. Dövrün saxsı məmulatı arasında qırmızı və boz rəngli bişirilmiş qablar da az deyil. Qaraköpəktəpə yaşayış yerində qaracilalı qablar bozcilalılardan sonra yaranır. Təbriz yaxınlığında Yanıqtəpədə hər iki qrupa eyni vaxtda rast gəlinir. Mişarçay yaşayış yerində qırmızı rəngli qablar üstünlük təşkil edir. Saxsı məmulatında naxışlar da xüsusi maraq doğurur. Burada qabarıq, basma və cızma üsulu ilə verilmiş cüt spirallara, konsentrik dairələrə, rombvari, üçbucaqvari naxışlara, sxematik quş və heyvan rəsmlərinə və s. təsadüf olunur. Dulusçuluq sənətinin inkişaf səviyyəsi müxtəlif formalı kiçik miniatür camlardan tutmuş taxıl saxlanılan iri qablaradək - (çölmək, bardaq, xeyrə, parç, qazança və s.) özünü əyani surətdə göstərmir. Yarımkürə qulplu gil qapaqların geniş istehsalı başlanır və Kür-Araz mədəniyyətinin səciyyəvi əlamətlərindən birini təşkil edir.
Yaşayış yerlərində aparılmış arxeoloji qazıntılar zamanı toxuculuqda istifadə edilmiş, iribuynuzlu heyvanların sümüyündən kəsilən və ortasından deşik açılan iy başlıqlarına rast gəlinib. Onlar bəzən gildən və daşdan da düzəldirdilər. İlk tunc dövründə ipəyirmə sənətində iy başlıqları əsas alət olub. Dövrün qablarında dəfələrlə parça izlərinə təsadüf edilib.
İlk tunc dövrünün barədə arxeoloqların qazıntılar zamanı aşkar etdikləri gildən təkər modelləri, evlərdə dirək quyuları, kurqan qəbirlərində tir qalıqları və başqa bu kimi tapıntılar təsəvvür yaradır.
Bu dövrü tapıntıları arasında daşişləmə sənətinin nümunələri də vardır. Belə nümunələrdən biri Qusar bölgəsindən tapılmış daş baltadır. Onun uzunluğu 10,5 sm-dir.
İlk tunc dövründə tayfaların təsərrüfat həyatında baş verən dəyişikliklər onların mənəvi aləminə də təsir göstərmişdi. Azərbaycanda bu dövrü ayin, adət və mərasimlərdə yeni xüsusiyyətlərin yaranması ilə səciyyələnir. Məhsuldar qüvvələrin inkişafı ona gətirib çıxarır ki, təsərrüfat-məişət həyatında qadının mövqeyi xeyli zəifləyir, ona pərəstişi doğuran zəmin sarsılır. Maddi varidata sahib olan, ailə və nəslə başçılıq edən kişinin cəmiyyətdə mövqeyi xeyli artır. Bununla əlaqədar kişi heykəllər yaranır. Məhsuldarlıq rəmzi kimi gil manqalların və sacayaqların kişi əlamətini əks etdirən təsvirlərlə hazırlanması halları meydana gəlir. Dəfn adətlərində kişiyə pərəstiş aydın müşahidə edilir. Qəbilə başçıları axirət aləminə çox təmtəraqlı mərasimlə müşayiət olunur, qəbirləri üzərində böyük kurqanlar qurulur. Maldarlıq təsərrüfatı inkişaf etdikcə qədim insanların dünyagörüşlərində və etiqadlarında dəyişikliklər baş vermişdi. Qədim əkinçi-maldarlar tərəfindən hazırlanmış müxtəlif ev heyvanlarını təcəssüm etdirən fiqurlar təkcə pərəstiş obyekti olmamış, həmçinin məhsuldarlığa nail olmaq məqsədilə keçirilən xüsusi dini ayin və mərasimlər zamanı bir vasitə rolunu oynamışlar. İstehsal təsərrüfatına keçildikdən sonra da ovsun xarakterli mərasim və ayinlərə böyük əhəmiyyət verilmişdi.
Kür-Araz mədəniyyəti yaşayış yerlərində ev heyvanlarının gildən hazırlanmış fiqurlarına dəfələrlə rast gəlinmişdir. İlkin dini təsəvvürlərlə – heyvanlara pərəstişlə əlaqədar düzəldilən bu fiqurlar Yaxın Şərq və Cənubi Qafqazın bir çox abidələrindən məlumdur. Tarixi Azərbaycan ərazisində bu dövrün gil fiqurları şimalda əsasən I Kültəpədə, I Maxtada, Günəştəpədə, Uzuntəpədə, Babadərvişdə, cənubda Göytəpədə aşkar olunmuşdur. I Kültəpədə aşkar olunan heyvan fiqurlarının çoxunu öküz (21 ədəd), qalanlarını qoyun, keçi və it (3 ədəd) təşkil edir. Orijinal formalı iki öküz fiquru Babadərviş evlərinin birində ocaq kənarında tapılmışdır. Azərbaycanın erkən tunc dövrü abidələrindən aşkar edilən heyvan fiqurlarının heç biri vəhşi heyvana aid olmamışdır. Bu Azərbaycan tayfalarının yalnız əhliləşdirdikləri, təsərrüfatda istifadə etdikləri heyvanların fiqurlarını hazırlamalarına üstünlük vermələri ilə əlaqələndirilir. Gil heyvan fiqurları arasında say baxımdan üstünlük öküzə məxsusdur;yaşayış yerlərindən öküz buynuzlarına bənzədilən gil sacayaqları tapılmışdır. Buynuzvari sacayaqların, öküz fiqurlarının və həmin heyvanların qəbirlərinin tez-tez tapılması öküzə pərəstişin Kür-Araz mədəniyyəti tayfaları arasında geniş yayıldığını göstərir.
İlk tunc dövründə dəfn adətində dəyişikliklər baş verir: ölülər yaşayış yeri ərazisində basdırılmır, onlar xüsusi seçilmiş yerlərə aparılırdı. Qəbiristanlarda ailə üzvlərinin ölümdən sonra da yaşamasına inamla ayrı-ayrı ailə və nəslə aid dəfn abidələri tikilirdi. Xankəndi kurqanlarının hərəsində 40-50 ölü basdırılmışdır. Bu kurqanların qəbirlərində ətrafı kiçik xəndəklə əhatələnmiş, diametri 4,5 m-ə çatan dairəvi meydançalar vardır. Orada bükülü, oturaq və arxası üstdə uzadılmış ölülərə təsadüf olunub. Bir çox hallarda ölülərin başı altına gil camlar və ya daş qoyulub. Dəfn olunanlar sağlığında istifadə etdikləri əşyalarla, o cümlədən daşdan, metaldan və sümükdən əmək alətləri, eləcə də qızıl və başqa bəzək əşyaları, içərisinə azuqə qoyulmuş qab-qacaqla birlikdə basdırılmışlar.
Xankəndi kurqanlarının birində və Gəncəçay hövzəsi abidələrində ölüyandırma adətinə də rast gəlmək olur. Gəncə yaxınlığındakı bir kurqan qəbrində insan sümükləri, ağac kömürü, kül, qab parçaları, daşlar və başqa qalıqlar güclü yanmadan bərkimiş kütlə əmələ gətirmişdir. Göygöl rayonunda bir kurqanda ölüyandırma sal daş üzərində aparılmışdır, orada çoxlu ağac kömürü, kül və yanmış insan sümükləri qalmışdır. Ölüyandırma adəti Azərbaycanda Oğuz və Qəbələ rayonlarında da qeydə alınmışdır. Qəbələ yaxınlığında tədqiq edilən iki kurqanın qəbirlərində 26 ölü yandırılmışdır. Lakin kömür və kül qalıqlarının olmaması ölülərin yandırılmasında yağdan və ya neftdən istifadə olunduğunu ehtimal edilir.