• Azərbaycan Orta Tunc Dövründə

    Təsərrüfat

AZƏRBAYCAN ORTA TUNC DÖVRÜNDƏ

Orta tunc dövrü

Orta Tunc dövrü (e.ə. III minillliyin sonu-II minilliyin birinci yarısı) Azərbaycanın maddi mədəniyyətində əvvəl mövcud olan ümumiliyin aradan çıxması, kiçik ərazili mədəniyyətlərin yaranması ilə səciyyələnir. Bu, memarlıqda düzbucaqlı tikililərin inşasında, metalişləmə və dulusçuluq sənətində yeni formalı predmetlərin istehsalında öz əksini tapır. Azərbaycanın cənub ərazilərində boya naxışlı, qırmızı, şimalında isə qazma naxışlı qara-boz saxsı məmulatı bu dövr abidələrinin mədəni mənsubiyyətinin göstərici əlamətini təşkil edir.

Yaşayış yerləri

Azərbaycanda Orta Tunc dövrü abidələri Naxçıvanda, Kür və Araz vadilərində, Urmiya gölü hövzəsində, Qarabağ düzənliyində, Muğanda, Qobustanda, Abşeronda və başqa bölgələrdə məlumdur. Naxçıvanın I və II Kültəpə yaşayış yerlərində evlər düzplanlıdır. II Kültəpədə yaşayış yeri 3 ha sahəni əhatə edir, 1/3 hissəsi bürcləri, dayaqları olan müdafiə divarı ilə əhatə olunmuşdur. Eni 2 m olan qala divarı palçıqla bərkidilmiş daş bünövrə üzərində hörülmüşdür. Divarın inşasında iri kvadrat kərpiclərdən istifadə olunmuşdur. Sonrakı mərhələdə evlər palçıqla bərkidilmiş daşdan hörülmüş, bəzi evlər bir neçə otaqlıdır. Dövrün abidələri Bərdə rayonunda Şortəpə, Ağdam rayonunda Rəsultəpə, Göytəpə, Çinartəpə, Ağcabədi rayonunda Çaqqallıtəpədə və başqa abidələrdə yerlərdə müəyyən edilmişdir. Üzərliktəpə Ağdam şəhərinin şərq kənarında yerləşir, 3 ha sahəni tutur. Yaşayış yeri iri, kvadratşəkilli kərpicdən hörülmüş, eni 2 m olan müdafiə qalası ilə əhatə olunmuşdur. Qalanın şərq divarında giriş yolunun hər iki tərəfındə üz tərəfdən düzbucaqlı dayaqlar hörülmüşdür.

İlk tayfa ittifaqları və əlaqələr

Orta tunc dövrünün əvvəllərində maldar tayfaların aparıcı mövqelər tutması, yarımköçəri maldarlığın meydana gəlməsi, metal emalının inkişafı, Ön Asiyanın şəhər sivilizasiyaları ilə sıx əlaqələr məhsuldar qüvvələrin əhəmiyyətli dərəcədə inkişafına, izafi məhsulun xeyli miqdarda yaranmasına səbəb olmuşdur. Bütün bunlar,həmçinin, ictimai təbəqələşmənin dərinləşməsinə, bölgədə məskunlaşmış tayfaların iqtisadi, siyasi və mənəvi həyatında mühüm dəyişikliklərə gətirib çıxarırdı. Bu dəyişikliklər etnik proseslərə də təsir göstərmişdi. Arxeoloji materiallar bu dövrdə əhalinin çoxalmasını, iri tayfa ittifaqlarının meydana gəlməsini, tayfalardaxili münasibətlərin mürəkkəbləşməsini, hərbi toqquşmaların artmasını göstərir.

Cənubi Azərbaycanda və ona bitişik ərazilərdə yaşayan tayfalar haqqında e.ə. XXIII əsrə aid ilkin yazılı mənbələr, kuti, lullubi, hurri və kaşşu (kassit) tayfa birləşmələri haqqında məlumat verir. Bu birləşmələrdən hər biri qonşu ərazilərdə yaşayan, bir dilin müxtəlif ləhcələrində danışan və ümumi mədəniyyətin bir çox xüsusiyyətlərinə yiyələnmiş qohum tayfalardan ibarət idi.

Bu dövrdə Azərbaycan tayfalarının Ön Asiya bölgələri ilə əlaqələri onlara yeni texniki və mədəni nailiyyətləri mənimsəmək imkanı verir, mübadiləni genişləndirirdi. Dulus çarxında hazırlanmış boyalı saxsı məmulatının meydana çıxması, uzunqulağa, qoşqu atına eyni vaxtda rast gəlinməsi, borulu nizə ucluqlarının, dəstəyi çərçivəli xəncərlərin və bir sıra Ön Asiya bəzək əşyalarının yayılması Qədim Şərq ölkələri ilə əlaqələri əks etdirir.

Tuğ-bayraqlar (Ştandartlar)

Azərbaycanın tunc dövrü maddi mədəniyyət nümunələri arasında tuğ-bayraqların özünəməxsus yeri vardır. Tuğ-bayraqlar hər bir dövrdə dövlətçiliyin rəmzi olub. Onların döyüş arabalarına bərkidildiyi və döyüşlər zamanı tuğ-bayraq rolu oynadığı düşünülür. Belə tuğ-bayraqlardan biri də Şəmkir rayonunun Qaracəmirli kurqanından tapılmış maral fiqurlu tuğ-bayraqdır. Tökmə üsulu ilə hazırlanmış bu tuğ və iki hissədən ibarətdir. Yuxarı hissəsi maral fiqurundan, aşağı hissəsi isə halqadan ibarətdir.

Şəkili böyütmək üçün üstünə basın

ORTA TUNC DÖVRÜNDƏ TƏSƏRRÜFAT VƏ SƏNƏTKARLIQ

Əkinçilik və maldarlıq

Orta Tunc dövrü təsərrüfatının əsasını əkinçilik və maldarlıq təşkil edirdi. Əkinçilik təsərrüfatı düzənlikdə və çay vadilərində məskən salan və oturaq həyat tərzi keçirən tayfaların əsas məşğuliyyəti olmuşdur. Torpağın şumlanmasında ağac xışlardan istifadə olunurdu. Taxılın biçilməsində və üyüdülməsində tətbiq olunan əmək alətlərinin əsasən hissəsini çaxmaqdaşından oraq dişləri, dəndaşları, sürtgəclər və daş dəstəklər təşkil edirdi. Bəzi yaşayış yerlərinin su mənbələrindən kənarda, münbit torpaqlarda salınması suvarma əkinçiliyinin inkişafını göstərir.Arxeoloji qazıntılar zamanı yaşayış yerlərindən müxtəlif taxıl növlərinin yanıb kömürləşmiş qalıqları əldə edilmişdir. Azərbaycanın qədim oturaq əhalisinin inkişafında əkinçiliyin rolu nə qədər böyük olsa da, bu təsərrüfat sahəsi həmişə maldarlıqla birgə olmuşdur. Üzərliktəpə yaşayış yerinin materialına görə, onun əhalisi ən çox iribuynuzlu heyvan saxlayırdı. İkinci yeri isə xırdabuynuzlu heyvanlar tuturdu, sonrakı mövqelər ev donuzu və ata məxsusdur. Sürüdə ev donuzunun olması Üzərliktəpə sakinlərinin yaxşı otlaq sahələrindən istifadə edərək, oturaq maldarlıqla məşğul olduğunu göstərir. II Kültəpə yaşayış məskənindən xırdabuynuzlu, iribuynuzlu heyvan və at sümükləri tapılmışdır. Buradan həm də uzunqulaq sümüklərinin tapılması Cənubi Qafqazda uzunqulağın istifadə olunması haqqında ən qədim ilk məlumatdır.

Metalişləmə və dulusçuluq

Bu dövrdə metallurgiyanın inkişafında yeni mərhələ başlanır. Əvvəllər məlum olmayan alət, silah və bəzək formaları yaranır, onların hazırlanma texnikasında yeniliklər tətbiq olunur. Tunc məmulatı istehsalında yeni elementlərin (qalay 5-10 %) qatılmasından istifadə olunur. Qatma element kimi qalayla birlikdə mərgmüş və sürmə, eləcə də qurğuşun işlənirdi. Əsas xammal mənbələrini yerli mədənlər təşkil edirdi. Hər bir yaşayış yerində metal əşyaların istehsalı mövcud idi. Misəritmə istehsalı ilə əlaqədar qalıqlar Üzərliktəpədə aşkar olunmuşdur. II Kültəpədə və Qobustan Böyükdaş yaşayış yerində gil çömçələrə rast gəlinmişdir. Həftəvan yaşayış yerində ox ucluğu tökülən daş qəlib tapılmışdır. Hazırlanmış tunc məmulatına balta, nizə ucluqları, xəncər tiyəsi, borulu qarmaq, mis qazan, dördtilli bizlər, çoxlu düymələr, sürmədən bikonik muncuqlar, qızıl və gümüşdən asmalar və s. aiddir. Silah və alətlər tökmə üsulu ilə hazırlanır, bəzəklər isə əvvəllər olduğu kimi əsasən mumdan və ya başqa tezəriyən materialdan hazırlanmış modellər vasitəsilə ərsəyə gətirilirdi.

Əkinçi-maldar əhalisinin sənət sahələrindən birini dulusçuluq təşkil edirdi. Urmiyaətrafı ərazidə, Kür-Araz ovalığında, Naxçıvanda orta tunc dövründə boyalı qablar istehsalı geniş yayılır, onlar əldə, eləcə də dulus çarxında hazırlanırdı. Azərbaycanın şimal rayonlarında və Xəzərsahili ərazidə boyalı qablara, demək olar ki, rast gəlinmir. Burada qab-qacaq əl üsulu ilə hazırlanırdı. Qara və boz qablarda naxışlanma cızma üsulu ilə, həm də dişli qarqara ilə aparılmışdı. Naxışlama kompozisiyalarında əsas yeri tağvari fiqurlar, bir-birinin içərisində yerləşən asma yarımdairələr tutur. Sınıq və dalğavari xətlərə, bəzən də meandr (həndəsi ornament) və qıvrım təsvirlərinə də rast gəlinir. Bəzən qablar cızma bəzəklərlə bəzədilirdi.

Boyalı qablar mədəniyyəti: Şahtaxtı küpü

Urmiya ətrafında, Kür-Araz ovalığında, Naxçıvanda geniş yayılmış boyalı qablarda naxış adətən bir rənglə vurulurdu. Lakin çox rənglə naxışlanmış qablara da rast gəlinir. Qabların yuxarı yarısında qırmızı və sarı şirə (anqob) üzərində müxtəlif həndəsi naxışlar çəkilirdi. İnsan, heyvan, quş təsvirlərinə olduqca az təsadüf olunur. Belə nadir qablardan biridə 1936-cı ildə Şahtaxtı nekropolundan tapılmış küpdür. Polixrom rəsmli küp üzəri müxtəlif cinsli heyvan və quş rəsmləri ilə bəzədilmiş üç zolağa ayrılmışdır. Üst zolaqda bir-birinin arxasında qu quşları təsvir edilir. İkinci zolaq nisbətən enli olub, şaquli istiqamətdə çəkilən həndəsi formalı naxışlarla iki hissəyə bölünmüşdür. Birinci hissədə keçilər, onlara hücum edən canavar, başqa vəhşi heyvan və quşlar çəkilmişdir. İkinci hissədə həmin heyvanlardan əlavə, keçilərlə qarşı-qarşıya vəhşi eşşək və ya at təsvir edilmişdir. Üçüncü zolaqda bir-biri ilə bağlı olan və üfüqi vəziyyətdə küpü əhatə edən romblar çəkilmişdir.

Şəkili böyütmək üçün üstünə basın

ORTA TUNC DÖVRÜNDƏ MƏNƏVİ MƏDƏNİYYƏT

Ayinlər, mərasimlər

Üzərliktəpə yaşayış yerində daşla əhatələnmiş ocağın kənarlarında yanmış taxıl, gildən dairəvi kökə və gildən qadın heykəlciyi aşkar olunub. Qadın obrazında təcəssüm etdirilən məhsuldarlıq ideyası əkinçi əhalinin dini təsəvvürlərində bu dövrdə əhəmiyyətli rol oynamaqda davam edirdi.

Bu dövrün etiqadlarını və inanclarını təsəvvür etmək üçün Nəhacirdən (Naxçıvan) əldə edilmiş təsvirli saxsı qab da maraq doğurur. Qırmızı anqoblu (şirəli) qabda qara boya ilə keçinin boğazına bağlanmış ipdən tutan kişi təsvir olunmuşdur. Kişinin əlləri yuxarıya doğru, səmaya qaldırılmışdır. Göygöl rayonunda sonrakı dövrə aid bir qabda da əllərini göyə qaldırmış kişinin qarşısında bir neçə heyvan dayanmışdır. II Kültəpədə tapılmış boyalı qab parçasında bir-birinə yaxın dayanmış iki adam əllərini yuxarı qaldırmışlar. Dövrün incəsənəti qaracilalı və boyalı qab-qacaqda öz əksini tapır. Qaracilalı qablar düz, sınıq və dalğalı xətlərdən yarımdairə və başqa həndəsi naxışlarla bəzədilirdi. Üzərliktəpədəki boyalı qablarda naxışlar həndəsi şəkildədir. Başqa boyalı qablarda isə quş, insan və heyvan təsvirləri çəkilmişdir. Urmiya gölü hövzəsi və Naxçıvanın boyalı qablarında həndəsi naxışlar qabın yuxarı yarısını əhatə edən üfüqi xətlər arasında çəkilirdi. İstehsal təsərrüfatının təşəkkül və inkişafı dövründən insanların ideologiyasında əkinçilik və maldarlıqla bağlı ayin və etiqadlar mühüm rol oynamışdır. Həmçinin səma, günəş, qadın və s. ilə bağlı ayinlər də olmuşdur.

Qaracəmirli küpü

Azərbaycanın qədim incəsənətinin təkrarolunmaz nümunələri arasında Qaracəmirli (Şəmkir) küpü diqqəti xüsusilə cəlb edir. Küp əldə səliqəli formalaşdırılıb və bişirildikdən sonra gili qaramtıl boz rəng alıb. Gövdənin çiyin hissəsində daraqvari alətlə araba təkərini xatırladan dairələr, svastika işarəsi, üçbucaq əmələ gətirən, çarpaz və meandr xətlər və maral çəkilmişdir. Üzərində təsvir olunmuş maralın - hakimiyyəti, svastikanın - əbədiyyəti, çarxın isə günəşi təcəssüm etdirməsi ehtimal edilir.

Dəfn adəti

Axirət dünyası ilə əlaqədar dini görüşlər əhalinin ideologiyasında özünə məxsus yer tuturdu. Tayfalar ölülərini daş kromlexli kurqanlarda, daş qutularda, üstü götürülməyən torpaq qəbirlərdə dəfn edirdilər. Bəzən dəfn ölüyandırma mərasimi ilə icra olunurdu. Bu mərasim qəbirlərdə aparılır və üzərlərində bir çox hallarda kurqan qurulurdu. Kurqanlar əhalinin maldarlıqla məşğul olan, hərəkətli həyat tərzi keçirən hissəsinə məxsusdur. Bu qəbirlərdə ölülər böyrü üstə və bükülü vəziyyətdə basdırılırdı. Qəbirə ölü ilə bərabər heyvan əti və digər ərzaqlar, müxtəlif avadanlıq o cümlədən əmək alətləri, silahlar, bəzək əşyaları qoyulurdu. Bu qədim insanların şüurunda axirət dünyasında həyatın davam etməsi, orada ərzağın, insanın sağlığında istifadə olunan başqa şeylərin labüdlüyü barədə təsəvvürlərin kök salması ilə bağlı idi.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan Orta Tunc Dövründə

© Milli Azərbaycan Tarixi Muzeyi