• E. ə. III - II Minilliklərdə Azərbaycanda Erkən Dövlət Qurumları

    Kutilər

ERKƏN DÖVLƏT QURUMLARI

E. ə. III - II minilliklərdə tarixi Azərbaycan ərazisinin cənubunda və şimalında ilkin tayfa ittifaqları mövcud idi. Azərbaycanın cənubunda yaşayan etno - siyasi birliklərdən kutilər, lullubilər, hurrilər su və turukkilər haqqında qədim Şumer - Akkad mixi yazılarında kifayət qədər məlumatlara rast gəlinir. E.ə. III minilliyin II yarısında Azərbaycanın cənubunda Lullubi və Kutilərin erkən dövlət qurumları yaranmışdır.

Şəkili böyütmək üçün üstünə basın

KUTİLƏR

Azərbaycanın Urmiya gölü bölgəsində hələ e.ə. XXIII əsrdə Kuti tayfa birləşməsi yaşayırdı. Mənbələrdə kutilərin məskunlaşdığı ərazi dağlıq Kutium ölkəsi kimi xatırlanmışdır. Kuti tayfa ittifaqı Urmiya gölünün cənub və şərqində formalaşmışdır.

E. ə. XXIII əsrin sonlarında Kutilər xeyli güclənmişdi. Döyüşkənliyi ilə seçilən və çoxsaylı əhaliyə malik olan kutilər Mesopotamiyaya hərbi yürüşlərə başlayaraq, Akkad qoşunlarını darmadağın etmişdi. Kuti hökmdarı Enridavazir bu qələbə şərəfinə ucaltdığı abidədə özünü «Kutiumun və dünyanın dörd ölkəsinin hökmdarı» adlandırmışdı.

Kutilərin Dəclə və Fərat çayları arasında siyasi 100 ilədək-e.ə XXII əsrin sonunadək davam etmişdir. Şumer mixi yazılarında 21 kuti çarının adı çəkilmişdir.

Şəkili böyütmək üçün üstünə basın

LULLUBİLƏR

E.ə. III minilliyin II yarısında Azərbaycan ərazisində mövcud olan etno-siyasi ittifaqlardan biri də lullubilər tərəfindən yaradılmışdır. Lullubilər haqqında ilk məlumat Akkad mənbələrində verilmişdir. Akkad hökmdarı Naramsinin kitabəsində «Lullubum dağlılarını öz ətrafında toplanmış [hökmdar] Sidurri» haqqında danışılır. Lullubi tayfa ittifaqı Urmiya gölü hövzəsində meydana çıxmışdı. Onlar Diyala çayının yuxarı axarından Urmiya gölünədək olan torpaqlarda kutilərdən cənubda və şərqdə yaşayırdılar.

Lullubi hökmdarı Anubanininin e.ə. XXII əsrə aid relyefli kitabəsində Akkad dilində yazılmışdır: «Anubanini, qüdrətli çar, Lullubum çarı öz təsvirini və İştar ilahəsinin təsvirini Batir dağında həkk etdirdi». Lullubilər təxminən 1500 il ərzində region tarixində mühüm rol oynadılar.

Kuti və Lullubi ittifaqları e.ə. III minilliyin sonlarında süquta uğramışdı.

Şəkili böyütmək üçün üstünə basın

TURUKKİLƏR

Azərbaycanın cənubunda yaşayan əhalinin tərkibinə turukki adlı etnik birlik də daxil idi. Turukki tayfa birliyi tarix səhnəsinə kutilər və lullubilərlə eyni vaxtda çıxmışdılar. E.ə. III minilliyin II yarısında turukkilərin kutilər və lullubilərlə bir müttəfiq kimi xatırlanması onların bir - biri ilə qonşuluqda yaşadığını göstərir.

Turukkilər e.ə. XVIII əsrdə assurlarla dəfələrlə müharibə aparmışdılar. Mari məktublarında turukki hökmdarı Lidayanın adı assurlara qarşı vuruşan turukkilərin başçısı kimi xatırlanmışdır. Turukkilər assurların Dəclədən şərqdəki əraziləri ələ keçirmək cəhdini sədd çəkən ciddi bir qüvvə kimi çıxış edirdilər.

SU, SUBİLƏR

E.ə. III minlliyin sonlarında qədim mixi yazılarında Urmiya gölü hövzəsində “Su adamlarının ölkəsi” haqqında məlumat verilir. E.ə. 2003-cü ildə su tayfaları elamlılarla ittifaqda Mesopotamiyada hakimiyyətdə olmuş III Ur sülaləsinə qarşı qələbə ilə nəticələnən yürüşdə iştirak etmişdilər. Aşuriya çarı II Sarqonun dövrünə aid bir kitabədən aydın olur ki, su, subi tayfaları Manna əhalisinin formalaşmasında iştirak etmişlər: “...Urartu insanları Subi ölkəsinin insanlarını mannalılar adlandırırlar”.

E. ə. III - II Minilliklərdə Azərbaycanda Erkən Dövlət Qurumları

© Milli Azərbaycan Tarixi Muzeyi