• Manna Dövləti̇ (e.ə. IX – e.ə. VI Əsrlər)

    Dövlət quruluşu

MANNA DÖVLƏTİ (e.ə. IX – e.ə. VI ƏSRLƏR)

Tarixi Azərbaycan ərazisində yaradılmış ilk dövlət Manna dövləti hesab olunur. Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Aşşur mixi kitabəsində «Munna» kimi çəkilmişdir. Urartu yazılarında bu dövlətin adı Mana, Bibliyada isə Minni kimi verilmişdir. Dövlət Urmiya gölündən cənubda, İç Zamua vilayəti ərazisində yaranmışdır. E.ə. 829-cu ilin səlnamələrində Mannanın hökmdarı Udakinin və paytaxt şəhəri Zirtanın (sonralar İzirtu) adları çəkilmişdir. E.ə. IX əsrin 30 - 20-ci illərində Urmiya gölünün bütün cənub və cənub-şərqindəki siyasi qurumların - «ölkələr»in çoxu Udakinin hakimiyyəti altında birləşdirilmişdi. Nəticədə Mannanın coğrafi hüdudları xeyli genişlənmişdi.

E.ə. IX əsrin sonu - VIII əsrin əvvəllərində Manna dövləti dəfələrlə qonşu Aşşuriya və Urartu kimi qüdrətli dövlətlərin çoxsaylı talanedici yürüşlərinə məruz qalmışdı. Bu amansız savaşlarda Manna böyük əhali və təbii sərvətlərini qurban vermək bahasına öz dövlətçiliyini qoruyub saxlaya bilmiş, imkan düşən kimi özü də ona düşmən kəsilən dövlətlərin üzərinə yürüşlər etmişdi.

Manna hökmdarı İranzunun hakimiyyət illəri (e.ə. 740 - 719) ölkənin çiçəklənmə dövrü hesab olunur. Bu zaman Cənubi Azərbaycanın demək olar bütün torpaqları,eləcə də Naxçıvan ərazisinin xeyli hissəsi Manna dövlətinin tərkibində idi

Mannanın adı e.ə. 593-cü ildə Bibliyada çəkilmişdir. Burada Manna skiflər (iskitlər) və Urartu ilə birlikdə Babilə qarşı mübarizəyə çağırılmışdır.

Mannanın dövlət quruluşu

Manna dövlətinin paytaxtı İzirtu idi. Hökmdarın iqamətgahı, əsas dövlət idarələri, xəzinə bu şəhərdə yerləşirdi. E.ə. VIII - e.ə. VII əsrlərdə Mannada hakim sülalənin hakimiyyəti irsən ötürülürdü. Mannada hökmdarın yanında fəaliyyət göstərən ağsaqqalar şurası məşvərətçi orqan idi. Dövlətin ərazisi vilayətlərdən ibarət idi; vilayətlər hökmdarı təyin etdiyi canişinlər tərəfindən idarə olunurdular. İdarəçilikdə əyanlar, müşavirlər və hakim sülalənin üzvləri iştirak edirdilər. Manna döyüş arabaları və piyada hissələrdən ibarət qoşunlara malik idi. Dövlətin ərazisində çoxsaylı qalalar inşa edilmişdir.

Mannanın təsərrüfat həyatı

Əlverişli təbii - coğrafi mövqeyi Mannada əkinçiliyin və maldarlığın inkişafına şərait yaratmışdı. Burada dəmyə əkinçiliyi ilə yanaşı, süni suvarma əkinçiliyi də yayılmışdı. Mannada bir neçə növ arpa, buğda və darı əkilirdi. Əkinçilikdə dəmir toxalardan, oraqlardan və tunc kotanlardan istifadə edilirdi. Assur kitabələrində Mannada taxıl (buğda və arpa), un ehtiyatı, yağ və çaxır anbarlan haqqında çox dolğun məlumat verilmişdir.

Manna dağlıq ölkə olduğundan burada maldarlığın inkişafı üçün hər cür şərait vardı. Mixi yazılarında Manna torpaqlarında iri və xırdabuynuzlu mal saxlanılması və at ilxıları bəslənilməsi haqqında məlumatlar verilmişdir. Həsənlidə tapılmış qablar üzərindəki təsvirlərə görə Mannada bir və ya iki at qoşulmuş döyüş arabaları olmuşdur.

Manna çox zəngin faydalı qazıntılara malik idi. Mis, dəmir, qızıl və qurğuşun yataqlarının olması Mannada dağ - mədən işinin və sənətkarlıq sahələrinin yüksəlişi üçün əlverişli şərait yaratmışdı.

Mannada ayrı-ayrı sənət sahələri üzrə (dəmirçilik, misgərlik, zərgərlik və silah istehsalı) emalatxanalar fəaliyyət göstərirdi. Həsənli, Ziviyə və Marlıqtəpədə tapılan qızıl və gümüş qablar, zərgərlik məmulatları (qızıl kəmərlər, sırğalar, boyunbağılar, bilərziklər və s.) bədii metalişləmənin çox yüksək səviyyədə olduğunu göstərir. Mannada memarlıq, daşyonma və bənnalıq sənətləri də yüksək səviyyəsi ilə seçilirdi. Toxuculuq və boyaqçılıq sənəti də inkişaf etmişdi.

Dini təsəvvürlər

Mannada bütpərəstlik və çoxallahlılıq yayılmışdı. Şəhərlərdə allahların heykəlləri saxlanan məbədlər fəaliyyət göstərirdi. Həsənli abidəsində tapılan qızıl camın üzərində mannalılarm ibadət və qurbanvermə mərasimləri təsvir olunmuşdur. Qızıl camda mannalıların ibadət etdikləri Tufan və ya Müharibə, Günəş və Ay allahları təsvir edilmişdir. Mannada Həyat ağacına sitayiş geniş yayılmışdı.

Azərbaycan e.ə. VI-V əsrlərdə

E.ə. VI əsrin son illərində Manna torpaqları Midiya ordusu tərəfindən işğal olunmuş və nəticədə Manna dövləti süquta uğramış, yerli dövlətçiliyə bir neçə əsr ara verilmişdir. Ölkənin ərazisi Midiyanın tərkibinə qatılmışdı. Azərbaycanın şimal torpaqları isə onun sərhədlərindən kənarda qalmışdı. Qüdrətli Midiya dövləti dövrün Aşşur və Urartu kimi böyük imperiyalarının mövcudluğuna son qoymuş, Şərqin ən güclü dövlətlərindən birinə çevrilmişdi. Midiyanın güclənməsində Azərbaycan ərazisində yaşayan artıq midiyalı adlanan əhalinin də rolu böyük olmuş, Manna adı Kiçik Midiya,daha sonralar isə Midiya Atropatenası, Atropatena, Adurbadaqan,və nəhayət Azərbaycanla əvəz olunmuşdur. Midiya dövləti e.ə. 550-ci ildə süquta uğrayanda onun ərazisi o, cümlədən keçmiş Manna torpaqları Midiyanın yerində yaranmış Əhəməni dövlətinin tərkibinə daxil edildi. Əhəməni hökmdarı II Kir Azərbaycanın şimal torpaqlarını da ələ keçirmək üçün e.ə. 530-cu ildə Arazdan şimala massagetlər üzərinə yürüş etdi. Yunan müəllifi Herodot massagetləri Araz çayından şimalda yaşayan çoxsaylı və cəsur xalq adlandırmışdır. II Kirin Arazdan şimaldakı tarixi Azərbaycan torpaqlarını ələ keçirmək cəhdi boşa çıxmışdı. Massagetlərin hökmdarı Tomrisin başçılıq etdiyi ordu ilə Əhəməni qoşununu darmadağın etmiş, II Kir öldürülmüşdür.

Əhəməni hökmdarı I Daranın dövründə (e.ə. 522 – e.ə. 486) Arazdan şimaldakı Azərbaycan torpaqlarına yürüşləri buradakı skif-sak tayfalarının ciddi müqaviməti ilə qarşılanmışdı. Qədim yunan müəlliflərinin məlumatlarına əsasən, Arazdan şimalda yaşayan skif-sak və alban tayfaları daha sonralar artıq Əhəmənilərin müttəfiqləri kimi onların düşmənlərinə qarşı, o cümlədən Makedoniyalı Aleksandra qarşı döyüşlərdə iştirak etmişdilər.

Şəkili böyütmək üçün üstünə basın

MANNA DÖVLƏTİNİN DÜNYA MƏDƏNİYYƏTİNƏ TÖHFƏSİ

Qədim mixi yazılar, divarüstü təsvirlər Manna dövlətinin yüksək mədəni inkişaf səviyyəsindən xəbər verir. XX əsrin 50-ci illərində ABŞ və Avropa arxeoloji ekspedisiyalarının indiki İran İslam Respublikası ərazisinin Qərbi Azərbaycan ostanında aparığı qazıntıların nəticələri mannalıların bəşər sivilizasiyasına töhfəsinin olduqca böyük olduğunu sübut etmişdir . Həsənlu qalasında hökmdarın iqamətgahında, həmçinin Ziviyə və Marlik abidələrində aşkar olunan maddi-mədəniyyət nümunələrinin böyük hissəsi dünya muzeylərində nümayiş olunur. Ən məşhur tapıntılar sırasında Həsənli abidəsində tapılan qızıl cam (“ölüm camı” adı ilə məşhurdur), Ziviyədə aşkarlanan pektoral (sinə bəzəyi) məlumdur. Həsənlidə tapılan qızıl camın üzərində mannalılarm ibadət və qurbanvermə mərasimi təsvir olunmuşdur. Qatır və öküz qoşulmuş üç arabanı saçları kürəyinin ortasına çatan və saçaqlı uzun paltar geyinmiş qanadlı allahlar sürür. Allahlara tərəf gələn iki kahin ibadət mərasimini icra edir, iki xidmətçi isə qurbanlıq qoyun gətirir. Qızıl camda mannalıların ibadət etdikləri Tufan və ya Müharibə, Günəş və Ay allahları təsvir edilmişdir. Həsənli də bir qəbirdə aşkar olunmuş gənc oğlan və qız skeletləri “ölüm öpüşü” adı ilə məhşurlaşmışdır.

Həsəni qalasında hökmdar sarayı

Həsəni qalası İranın Qərbi Azərbaycan ostanında, Urmiya gölündən cənub-qərbdə, Sulduz çayının vadisində yerləşir. Qalada həyat e.ə. VI minillikdən b.e. III əsrinədək davam etmişdir. 1935-1936-cı illərdə ingilis arxeoloqu Mark Steyn və 1956-1977-ci illərdə ABŞ arxeoloqu Robert Daysonun rəhbərlik etdikləri arxeoloji ekspedisiyalar burada 10 arxeoloji təbəqə müəyyən etmişdilər. Qazıntılar nəticəsində qala divarları, bir- və ikimərtəbəli evlər, emalatxanalar, ambarlar, dini binalar, həmçinin hökmdar saray aşkar edilmişdir. Qala, ətraf düzənlikdən 8 m, narınqala isə 25 m hündürlüyündədir. Qalada aşkar olunmuş ən unikal tapıntılar Manna dövrünə, e.ə. IX- e.ə. VIII əsrlərə aiddir. Hökmdar sarayı Urartu qoşunlarının hücumu nəticəsində dağılmış, müdafiəçilər son məqamadək döyüşmüş, yanğın nəticəsində saray tam uçmuş və bir daha bərpa edilməmişdir. Arxeoloqlar dağıntılar altında yanğın izləri olan materiallar, həlak olmuş döyüşçülərin skeletlərini aşkar etmişlər. Bu materiallar hazırda ABŞ, Böyük Britaniya, İran muzeylərində nümayiş olunur. Əldə edilən tapıntılar sübut etməklə yanaşı Mannada hökmdar iqamətgahı və sarayının olduğunu, burada memarlıq, eləcə də digər sənət növləri, o cümlədən bədii metalişləmənin yüksək səviyyədə inkişaf etdiyini təsdiq edir.

Şəkili böyütmək üçün üstünə basın

Manna Dövləti̇ (e.ə. IX – e.ə. VI Əsrlər)

© Milli Azərbaycan Tarixi Muzeyi