• Skif Çarlığı

    Skiflər

SKİF (İŞKUZ) ÇARLIĞI

Azərbaycan tarixində iz qoymuş tayfalar içərisində kimmer, sak və skif tayfalarının özünəməxsus yeri vardır. Antik mənbələr və arxeoloji qazıntıların nəticələri e.ə. I minniliyin ilk əsrlərində kimmer, sak və skif tayfalarının şimaldan Ön Asiyaya böyük axınla yayıldığını nümayiş etdi. Onların bir hissəsi qədim Azərbaycan ərazisində məskunlaşdı. Yunan tarixçisi Herodotun (e.ə V əsr) məlumatına görə, “skiflər Avropadan qovduqları kimmerlərin arxasınca Asiyaya, oradan da qaçan kimmerləri izləyərək, Midiyaya soxuldular”. Aşşur mixi yazılarına görə “skiflər Manna ölkəsinin hüdudlarına gəldilər”. E.ə.693-cü ilə aid mənbələrdə Skif çarlığının adı göstərilmişdir. Skif çarlığı Azərbaycan ərazisində sabit əraziyə malik idi. Bu çarlığı Azərbaycanda kimmer, skit və sakların məskunlaşdığı, yəni Kür çayının orta axarı ilə Urmiya gölünün şimal və qərb hissəsində, Manna ilə Urartunun arasında meydana gəlmiş, tayfaların bir hissəsi Qafqaz sıra dağlarından Arazadək uzanan ərazilərin şimal-qərb və qərb hissələrində yaşayırdı.

Tədqiqatlar bu çarlığın azı 80 il yaşadığını sübut edir. Onun öz hakim sülaləsi var idi, Asiyada skif hegemonluğu dövrü başlanmışdı. Skiflər mannalılarla müttəfiq kimi çıxış edir, aşşurlara qarşı vuruşurdular. Midiya çarı Kiaksar e.ə. VI əsrin ilk illərində Skif çarlığına son qoydu, skiflərin böyük hissəsini öz ordusuna cəlb edib, Aşşur və Urartuya qarşı müharibələrdə istifadə etməyə nail oldu. Azərbaycan ərazisində yaşayan skiflər, saklar Makedoniyalı Aleksandra qarşı Əhəmənilərin müttəfiqi kimi çıxış etdilər.

Azərbaycan Respublikasının bir çox ərazilərindən (Mingəçevir, Gədəbəy, Abşeron, Naxçıvan və s.) aşkar olunan skif tipli ox ucları, ölünü uzadılmış formada dəfn adəti, şişpapaq sak təsvir olunmuş möhür-üzüklər, heyvani üslubda bəzək elementləri, eləcə də tarixi rəvayətlər skiflərin Azərbaycanda əsaslı surətdə məskunlaşdığını göstərir. Qədim toponimik adların bir hissəsi də skiflərin Azərbaycan ərazisində uzun müddət yaşamasını təsdiqləyir. Skif hərb sənəti və incəsənəti təkcə Azərbaycan deyil, bir çox Ön Asiya xalqlarına hərtərəfli təsir etmişdir.

Şəkili böyütmək üçün üstünə basın

Skif Çarlığı

© Milli Azərbaycan Tarixi Muzeyi