E.ə. IV- eramızın VII əsrlərində Azərbaycanın әsasәn şimal vilayәtlәrini əhatə edən ölkәnin vә onun xalqının antik mәnbәlәrdәn mәlum olan adlarıdır. Bu mənbələrə görə alban tayfaları cәnubda Araz çayı vә Talış dağlarından şimalda Böyük Qafqaz sıra dağlarının şimal-şәrq ətəklərinədək olan ərazidə məskunlaşmışdı. Bu ərazidə başqa tayfalar da – kaspi, uti, aynian, anariak, savdey, qardman, her, gel, leq, didur, çilb, lpin və b. yaşamışdır. Onlar Yaloylutəpə və küp qəbirləri mədəniyyətlərinin sahibləri olmuş, vahid dövlət yaratmışlar.
Qədim dövrlərdə Araz çayından şimalda yaşayan çoxsaylı tayfalardan biri albanlar idi. Albanlar Qavqamelada Makedoniyalı Aleksandra qarşı döyüşmüşlər. Antik məlumatlara əsasən, Albaniya dövləti e.ə. IV əsrdə yaranmışdır. E.ə. III əsrdə Makedoniyalı Aleksandrın pullarına oxşar yerli gümüş alban pullarının kəsilməsi, üzərində müxtəlif süjetlərin əks olunduğu üzük formalı möhürlərdən istifadə olunması dövlətin mövcudluğundan xəbər verirdi. Qədim Alban dövlətinin paytaxtı Qəbələ şəhəri idi.
E.ə. IV əsrin II yarısında Azərbaycanın cənubunda Atropatena, şimalında isə Alban dövləti artıq mühüm siyasi amilə çevrilmişdi.
Albaniyanın şərq sərhədini Xəzər dənizi, qərb sərhədini isə İberiya (İori çayınadək) təşkil edirdis. Kaspi-Xəzər dənizini həm də Alban dənizi adlandırmışdılar. Alban dövlətinin şimal hüdudları Dərbənddən yuxarı, Samur dağ silsiləsindən başlayırdı; Araz çayı isə Alban dövlətinin cənub sərhədi hesab olunurdu.
Strabona görə, Albaniyada yaşayan 26 tayfanın içərisində kaspiləri, utiləri, qarqarları, qardmanları, leqləri, gelləri və başqalarını göstərmək olar. Onlar e. ə. I minilliyin ortalarında daha böyük tayfanın adı ilə - albanlar adlandırılmışdır. Antik müəlliflərə görə əvvəllər burada hər qəbilənin öz padşahı var idisə, artıq e.ə. I əsrin 60-cı illərində bütün alban qəbilələrinə bir padşah başçılıq edirdi. Roma sərkərdələri Pompeyin yürüşləri zamanı Albaniyanı Oroys, Antoninin yürüşləri vaxtı isə Zober adlı hökmdar idarə edirdi. E.ə. I əsrdə Albaniyanın hökmdarı Aran olmuş, sonralar hakimiyyət onun nəslinə - Aranşahilərə mənsub olmuşdur. Alban müəllifinə görə Arandan başlayraq Albaniyada hakimiyyətə Parfiya Arşakilərinin nəslindən olan, I Qoçaq Vaçaqan, I Vaçe, Urnayr, II Vaçaqan, Mirhavan, Satay, Asay, Arsvaqen (Yesuagen), II Vaçe və Mömin III Vaçaqan gəlmişdir.
Albaniyada hökmdardan sonra ən böyük hörmət sahibi antik dövrdə baş kahin sonralar xristian kilsəsinin başçısı sayılırdı. Baş kahin əhalisi sıx olan böyük müqqəddəs məbəd torpağına başçılıq edirdi və məbəd qulları da onun ixtiyarında idi. Albaniyada hakim zümrəyə əyanlar və kahinlər daxil idi. Cəmiyyət ali zümrə ilə yanaşı, kəndlilər, sənətkarlar və tacirlərdən ibarət idi. Misir, Mesopotamiya, Yunanıstan, Roma kimi klassik quldar dövlətlərindən fərqli olaraq Albaniyada qul əməyindən az istifadə olunmuşdur. Strabona görə, Pompeyin yürüşləri zamanı albanlar romalılara qarşı 60 min piyada və 22 min atlı qoşun çıxarmışdılar.
E. ə. I əsrdə romalıların hərbi planlarında Albaniya və qonşu İberiya önəmli yer tutmağa başlamışdı. E.ə. 66 və e.ə. 65-ci illərdə Roma sərkərdəsi Pompey Albaniya üzərinə yürüş etmiş, Kür çayı və Alazan çayı döyüşlərində qalib gəlsə də, sonda geri çəkilməyə məcbur olmuşdu. Romalılara qarşı kişilərlə birlikdə mənbələrdə amazonkalar adlandırılan alban qadınlarının da qəhrəmanlıqla vuruşması antik Roma müəlliflərinin heyrətinə səbəb olmuşdu.
Roma imperatoru Oktavian Avqustun hakimiyyətinin sonlarına aid Ankir kitabəsində Albaniya hökmdarının Roma ilə dostluq etmək niyyətindən bəhs edilmişdir. Bu yazı göstərir ki, eramızın I əsrinin əvvəllərində öz ölkəsini müstəqil idarə edən Alban hökmdarları Roma ilə dinc münasibətlər qurmağa çalışırdılar. Qobustanda bir qaya üzərində Roma imperatoru Domisianın adı ilə bağlı olan kitabənin qalması eramızın I əsrində Roma-Alban əlaqələrindən xəbər verir.
Bizim eranın I – II əsrlərində şimaldan gələn sarmat-alan tayfalarının yürüşləri talançılıq məqsədi daşıdığından Albaniyaya böyük ziyan vurmuşdu.
Azərbaycanda monetar pul dövriyyəsinin tarixi Makedoniyalı Aleksandrın gümüş draxma və tetradraxmaları ilə başlayır. Aleksandrın ölümündən sonra yaranmış ellinist dünyası ilə sıx əlaqələri nəticəsində Azərbaycanda bir çox xarici ölkənin - Makedoniya, Frakiya, Afina, Roma, Vifiniya, Kappadokiya, Pont, Selevkiya, Parfiya, Baktriyanın gümüş sikkələri işlədilirdi. Azərbaycan beynəlxalq əmtəə-pul mübadiləsi sferasına daxil olur, öz pul vahidlərini – gümüş draxmalar və tetradraxmalarını zərb edirdi. İlk alban zərbxanası, çox ehtimal ki, Albaniyanın paytaxtı Kabalaka (indiki Qəbələ) şəhərində yerləşir və təqlidi alban sikkələri də burada kəsilirdi. Azərbaycan dövlətçiliyinin ilkin və önəmli rəmzləri olan bu sikkələr Albaniyanın inkişaf etmiş əmtəə-pul münasibətlərinin səviyyəsindən və formalaşmış dövlət siyasi-inzibati qurumlarından xəbər verir.
Qafqaz Albaniyasının iqtisadiyyatı əkinçilik, maldarlıq, sənətkarlıq və ticarət üzərində qurulmuşdur. Yaşayış yerləri və qəbir abidələrindən ölkə təsərrüfatının hər sahəsinə aid maddi-mədəniyət nümunələri aşkar olunmuşdur.
Albaniyanın əhalisi ağac xış və bel ilə yeri şumlayır, torpağa dənli bitkilər səpir, süni arxlar vasitəsilə suvarır, məhsulu dəmir oraqlar və dəryazlarla biçir, sünbülü heyvan qoşulmuş vəllərlə döyür, taxılı quyulara və küplərə yığır, dəni qayıqvari dən daşları və istifadəsi I-II əsrlərdən başlamış əl dəyirmanları vasitəsilə üyüdürdü. Albaniyada su dəyirmanları da olmuşdur. Bir çox abidələrdən əkinçilik alətləri və müxtəlif bitki qalıqları, Mingəçevirdən isə quyuların birində hətta 15 kiloqram un, qabların birindən isə buğda unundan yoğrulmuş xәmir tapılmışdır. Albanlar bağçılıq və bostançılıqla məşğul olur, qoz, nar, şaftalı, gilas, üzüm və s. meyvə ağacları, qarpız, qabaq kimi bostan məhsulları yetişdirirdilər. Üzümü xüsusi şirə çıxaran təknələrdə (axurlarda) sıxır, şirəsini qıcqırdaraq şərab əldə edirdilər. Mingəçevirdən tapılmış pambıq çiyidləri albanların texniki bitkilər də becərdiyini göstərir.
Şamaxıda və Qəbələdə arxeoloji qazıntılar zamanı şərab istehsal edilən emalatxanaların qalıqları və şərab saxlanılan çoxlu böyük küplər tapılmışdır.
Albanlar yaylaq maldarlığı ilə məşğul olur, yayda mal-qaranı alp çəmənliklərinə qaldırır, qışda düzənliklərə endirirdilər. Albanlar ev heyvanlarından qoyun, keçi, inək, donuz, at, dəvə, it, ev quşlarından toyuq, xoruz və s.saxlayırdılar. Yağ əldə etmək üçün nehrələrdən istifadə olunurdu. Süd süfrəyə xüsusi süddan qablarda qoyulurdu. Qoyunları qırxmaq üçün dəmir qayçılardan istifadə edirdilər. Qəbirlərə qurbanlıq heyvan parçaları, bəzən müqəddəs hesab etdikləri heyvanların fiqurlarını qoyurdular. Albanlar balıqçılıqla da mәşğul olurdular. Balıqçılar balıqları tor və ya qarmaqlar vasitəsilə tutur, duzlayır vә qurudurdular. Ovçuluqla məşğul olan albanların çöl donuzu, maral, tülkü, durna və s. heyvanları ovladıqları arxeoloji qazıntılardan aydın olur.
Albaniyada dulusçuluq özünəməxsus çalarları ilə intensiv olaraq inkişaf etmişdi. Burada qonşu ölkələrdə təsadüf edilməyən süddanlar, birayaqlı və üçayaqlı vazların istehsalı geniş yayılmışdı. Saxsı məmulatı dulusçuluq kürələrində bişirilirdi. Kürələr dördkünc və ellips formalı, ikiyaruslu (aşağı yarusda yanacaq, yuxarı yarusda isə bişirmə kameraları) olurdu. Dulusçular müxtəlif ölçülü və formalı qablarla yanaşı, kirəmit, heykəlcik, əyircək və b. gil əşyalar da hazırlayırdılar.
Albaniyada metaldöymә, metalda naxışaçma vә qəliblәrdә metaltökmә geniş yayılmışdı. Metal iki üsulla – qızdırılaraq vә ya soyuq halda döyülürdü. Yerli zərgərlər əlvan metallardan və qiymətli daşlardan müxtəlif bəzək əşyaları hazırlayırdılar. Qazıntılar zamanı yerli və xarici istehsal olan müxtəlif qolbaqlar, boyunbağılar, qaşlı və qaşsız üzüklər, sırğalar, sancaqlar, toqqa bəndləri, piləklər, asmalar, müxtəlif muncuqlar aşkar edilib.
II-III əsrlərdən başlayaraq şüşə istehsalına da başlanılmışdı. Onlar əvvəllər isə şüşə qablar və bəzək əşyaları Yaxın Şərq ölkələrindən idxal olunurdu.
Albaniya əhalisi kətan, yun, pambıq və ipəkdən parçalar toxuyurdu. Bunun üçün istifadə olunan sapları ağac iylərlə əyirirdilər. Azərbaycan arxeolaqları yaşayış yerləri və qəbirlərdən çoxlu sayda gil, daş və ağac əyircəklər, yun, iplik və sap yumaqları, dəzgah hissələri aşkar etmişlər. Yaşayış yerindəki döşəmələrin birindən açıq-qəhvəyi rəngli xalça və ya palaz qalığı tapılmışdır.
Antik dövrdə Albaniyada daxili ticarət inkişaf edir, xarici ticarət əlaqələri genişlənirdi. Beynəlxalq ticarət yollarından biri Xəzər dənizinin sahilindən keçərək, şimalla cənubu birləşdirirdi. Albaniyadan beynəlxalq su yolu da keçirdi. Mənbələrə görə Hindistandan gətirilən malları Oks çayı (Amudərya), Hirkan dənizi (Xəzər) və Kür çayı ilə su yolu vasitəsi ilə, bir qədər də da quru yolla getməklə, Qara dənizə çıxarmaq olurdu. Albaniyanı İberiya ilə birləşdirən ticarət yolu haqqında Strabon məlumat vermişdir. Ölkəyə xaricdən şirli saxsı, şüşə və metal qablar, bəzək əşyaları da gətirilirdi.
E.ə. I minilliyin ortalarında Albaniyada sənətkarlığın və ticarətin inkişafi üçün əlverişli olan yerlərdə salınmış yaşayış məskənləri böyüməyə başlamışdı. Ellinizm dövründə ölkə dünya ticarətinə qoşulmuşdu. Nəticədə belə məskənlərdən bəziləri şəhərlərə çevrilmişdi. Antik müəlliflər antik Albaniyanın 29 şəhər və böyük yaşayış yerlərinin adını çəkmişlər: Kabalaka (Qəbələ), Kemaxiya (Şamaxı), Ayniana, Anariaka, Xəzər dənizi sahilində Telaba, Gelda, Albana, Qaytara və b.
Strabona görə albanlar Səma, Günəş və Ay allahlanna sitayiş edirdilər. Albaniyada ilk xristian icmaları eramızın ilk əsrlərinin başlanğıcında, Yerusəlimdən və Suriyadan həvarilərin (apostolların) və onların şagirdlərinin buraya gəldikləri vaxtdan meydana çıxmışdır. Xristianlığın dövlət dini kimi qəbulu alban hökmdarı Urnayrın adı ilə bağlıdır. 313-cü ildə Urnayrın başçılığı ilə alban əyanları xristianlığı qəbul etdi. Lakin əhali arasında hələ də köhnə inanclar - tanrıçılıq, maniçilik, zərdüştilik geniş yayılmışdı. 488-ci il Aquen kilsə məclisinin qərarları yeni dinin feodal əsaslarını qaydaya salmaqla yanaşı əvvəlki dinlərin təqib olunmasını qanuniləşdirdi. Xristianlığın yayılmasında təkmilləşdirilmiş alban əlifbasının yaranması, məktəblərin təşkili, Bibliya və b. dini ədəbiyyatın tərcüməsi böyük rol oynadı. Xristianlığın qəbul edilməsi ilə əlaqədar olaraq burada mərkəzi günbəzli və bazilikal sitayiş qurğuları meydana çıxdı. Azərbaycanın şimal-qərbində, Qum kəndində olan bazilika, Böyük Əmili (Qəbələ) və Ləkit (Qax) kəndlərindəki dairəvi məbədlər Azərbaycanın ilk xristian abidələridir.
Albaniya yazı mədəniyyətinə malik olmuşdur. Mingəçevirdən tapılmış xaçaltı daşda 52 hərf, qalan abidələrdə (gil şamdanlar, qablar və s.) isə 140-dək hərf işarəsi olduğu müəyyən edilmişdir. Alban hərflərinə bir sıra keramika əşyalarında, bəzi Yaxın Şərq monastırlarında qalmış əlyazmalarında isə bütöv mətnlərə rast gəlinir.