B.e. III əsrində Azərbaycan sosial-iqtisadi inkişafın yeni mərhələsinə daxil oldu. Ölkənin başlıca sərvətini təşkil edən torpaqla bağlı feodal münasibətlərinin aparıcı yer tutması bu dövrün əsas əlamətidir. Araz çayından cənubda olan Atropatena torpaqlar Sasani imperiyasının tərkibində, onun vilayətlərindən birinə çevrilmiş, Azərbaycanın Araz çayından şimaldakı torpaqlarını özündə birləşdirən Albaniyada I əsrin ortalarından Alban Arşakilər sülaləsi möhkəmlənmişdi.
Antik dövrdə olduğu kimi, I-VII əsrlərdə Albaniyaya şimalda Qafqaz dağlarından, cənubda Araz çayına, qərbdə İberiyadan (Alazan və İori çaylarının yuxarı axarlarından) şərqdə Xəzər dənizinədək torpaqlar daxil idi. Alban dövlətinin paytaxtı V əsrə qədər Qəbələ şəhəri olmuşdur.
Albaniyanın erkən orta əsr siyasi tarixi üç dövrə bölünür: 1.Arşakilər sülaləsinin hakimiyyəti dövrü (I əsrin ortalarından 510-cu ilə qədər); 2.Sasani mərzbanlığı dövrü (510 - 629-cu illər); 3.Mehranilər sülaləsinin hakimiyyəti dövrü (630 - 705-ci illər).
I əsrdə çar I Qoçaq Vaçaqan Albaniyanın bütün vilayətlərini vahid dövlətdə birləşdirmişdi. Alban çarı Urnayrın (313-371) dövründə xristianlıq dövlət dini elan edilmiş və kilsələrə torpaqlar bağışlanmışdı. Sasani hökmdarı II Şapurun müttəfiqi olan Urnayr Roma-Sasani müharibələrində hərbi qüvvə ilə iştirak edirdi. Sasanilərin tərəfində çıxış etməkdə Urnayrın məqsədi Albaniyanın müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqdan ibarət idi. Çar Yesuagenin dövründə köhnə alban əlifbası yenidən işlənib hazırlanmış və məktəb şəbəkəsi genişlənmişdi. Yesuagen alban əlifbasının yeni variantını başa çatdırandan sonra, dini kitabların yunan dilindən alban dilinə tərcüməsinə xüsusi diqqət yetirirdi.Hökmdar II Vaçenin hakimiyyəti dövründə (444-463) dövlətin paytaxtı Partav (Bərdə) şəhərinə köçürülmüşdü. Mömin ləqəbli Çar III Vaçaqanın (487-510) hakimiyyət dövrü Albaniyanın siyasi, mədəni və dini dirçəlişi dövrü hesab edilir. O, Sasani zülmündən qaçmış kəndliləri, sənətkarları geri qaytardı, sadə xalqın dinc əməklə məşğul olmasına şərait yaratdı, kənd təsərrüfatı, sənətkarlıq və ticarət inkişaf etməyə başladı. 488-ci il Aquen kilsə yığıncağının qəbul etdiyi qanunlarla Albaniyada dünyəvi və dini əyanlara məxsus kəndlilərin, xüsusilə kilsə torpaqlarında yaşayan sakinlərin ödəməli olduqları vergilər və mükəlləfiyyətlər tənzimlənmişdir.
Sasani imperiyası müxtəlif üsul və vasitələrlə Albaniyanı bir dövlət kimi ləğv etmək, torpaqlarını öz ərazisinə qatmağa çalışırdı. Sasanilərin həyata keçirdiyi köçürmə, vergi və dini siyasət Azərbaycanda və ona qonşu olan ölkələrdə tez-tez üsyanların baş verməsinə səbəb olmuşdu. Albanların digər Qafqaz xalqları ilə birlikdə Sasanilərə qarşı yönəlmiş 450-ci il üsyanına alban katalikosu başçılıq edirdi. 450-ci il Xalxal döyüşündə üsyançılar sasanilərə qalib gəlsələr də, 451-ci il Avarayr düzündə baş vermiş döyüşdə ağır məğlubiyyətə uğramışdılar. 481- 484-cü illərdə Albaniya, İberiya və başqa bölgələrdə sasanilərə qarşı baş vermiş üsyan qələbə ilə başa çatdı. 485-ci ildə üsyançılarla Sasani hökmdarı Valaş arasında bağlanmış Nvarsak müqaviləsinə görə Albaniya daxili müstəqil idarəetmə hüququ qazanmışdı. Xristianların təqibi dayandırılmış, Albaniyadan Sasani xəzinəsinə daxil olan bacın miqdan isə azaldılmışdı. Sasani hakimiyyəti altında olan Atropatena vilayətində V əsrin 80-ci illərində Məzdəkilər xalq hərəkatı (481-529) başladı. Hərəkatın başçısı Məzdəkin əsas ideyası bütün nemətlərin insanlar arasında bərabər bölünməsindən ibarət idi. Məzdəkilər əmlak və sosial bərabərliyi yaratmaq, ədalətli cəmiyyət qurmaq uğrunda mübarizə aparırdılar. Hərəkatda kəndlilər, sənətkarlar, şəhər yoxsulları və bəzi əyanlar da iştirak edirdilər. Şahənşah I Kavad 529-cu ildə Məzdəkilər hərəkatını amansızlıqla yatırdı.
510-cu ildən 629-cu ilədək Albaniyanı Sasani canişinləri - mərzbanlar, idarə edirdilər. “Böyük mərzbanlıq” adlanan bu dövrdə Azərbaycan dəfələrlə Bizansla Sasanilər arasında gedən müharibənin meydanına çevrildiyindən ölkənin iqtisadiyyatı tənəzzülə uğramışdır.
VI əsrin sonu - VII əsrin əvvəllərində Albaniyada Mihranilər nəsli möhkəmlənmişdi. Bu nəslin nümayəndələri Sasanilərlə qohum olub, Albaniyanın Girdiman vilayətini idarə edirdilər. Hökmdar Varaz Qriqorun (630 - 642) hakimiyyəti dövründə Albaniya Sasanilərlə yaxınlıq etdiyindən o, oğlu Cavanşiri ərəblərə qarşı müharibədə Sasanilərə köməyə göndərmişdi. Cavanşir 7 il ərəblərə qarşı aparılan ağır döyüşlərdə bir sərkərdə kimi qəhrəmanlıqla vuruşduqdan sonra vətəninə dönmüş və hələ atası sağlığında 642-ci ildən Albaniyanı idarə etməyə başlamışdı.
Dövrün tarixçisi Moisey Kalankatuklu «Alban tarixi» əsərində Cavanşiri dövləti ədalətlə idarə edən, bütün gücünü öz ölkəsinin inkişafına və təhlükəsizliyinin təmin olunmasına yönəldən hökmdar kimi təsvir etmişdir. Burada həmçinin, Cavanşirin ölkədə gözəl saraylar və binalar tikdirməsi, alimləri, şairləri, elm və mədəniyyət xadimlərini himayə etməsi haqqında məlumat verilir. Cavanşirin xarici siyasətinin məqsədi Albaniyanın bütövlüyünü və müstəqilliyini qoruyub saxlamaqdan ibarət idi. O, ərəblər tərəfindən məğlubiyyətə uğradılan Sasani qoşunlarının Albaniyaya basqınlarının qarşısını almış, ərazini sasanilərdən təmizləmişdi. Ərəblərin Albaniyaya basqınlarının güclənməsi Cavanşiri dövrün güclü dövlətin - Bizansa sığınmağa məcbur etmişdi. Albaniyanın strateji əhəmiyyətini əsas götürən və ərəb hücumları qarşısında özünün şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi güdən Bizans hökmdarı II Konstantin 660-cı ildə Cavanşirlə «səmimi» ittifaqa girmişdi. O, Cavanşirə qızıl taxt, mirvarilərlə bəzədilmiş qılınc göndərmiş və 1200 Aqvan əsilzadəsinə patrisi və digər yüksək əyan rütbələri bağışlamışdı.
662-ci ildə xəzərlərin qazanc və qənimət dalınca Albaniya üzərinə yürüşünün qarşısını alan Cavanşir Kür çayı sahilində döyüşdə qalib gəldi. 665-ci ildə xəzərlərin böyük qoşunla Albaniyaya yürüşünü dayandırmaq üçün Cavanşir xəzərlərin düşərgəsinə getmiş, onlarla sülh bağlayıb, xaqanın qızı ilə evlənmişdi. Cavanşir əsir düşmüş 1200 nəfər albanı, çoxlu at və mal-qaranı geri qaytarmışdı. Bizansın getdikcə zəifləməsi, Ərəb dövlətinin güclənməsi şəraitində Cavanşir ərəblərlə yaxınlaşmağa başladı. 667-ci ildə Ərəb xəlifəsi Müaviyənin Dəməşqdəki sarayında olan Cavanşir ondan vassal asılılığını qəbul edərək ölkəsini müharibədən xilas etdi. 670-ci ildə xəlifə ilə ikinci dəfə diplomatik danışıqlar apararaq Albaniyanın daxili müstəqilliyini qoruyub saxladı.
680-ci ildə Cavanşir bizansmeylli alban feodalı tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Tədricən zəifləməkdə olan Albaniya 705-ci ildə dövlət kimi ləğv edildi, ölkəni ərəb əmirləri idarə etməyə başladılar.
III-VII əsrlərdə Albaniyada iqtisadiyyatın əkinçilik, maldarlıq və sənətkarlıq sahələri inkişaf edirdi. Əhali əkinçiliklə məşğul olur, taxıl, pambıq, üzüm, bağ-bostan bitkiləri yetişdirirdi. İlk orta əsrlərdə Albaniyanın əhalisi xış və bel ilə yeri şumlayır, torpağa müxtəlif dənli bitkilər səpir, süni arxlar vasitəsilə suvarır, məhsulu dəmir oraqlar və dəryazlarla biçir, sünbülü heyvan qoşulmuş vəllərlə döyür, taxılı quyulara və küplərə yığır, dəni qayıqvari dən daşları və istifadəsi I-II əsrlərdən başlamış əl dəyirmanları vasitəsilə üyüdürdü. Albaniyada su dəyirmanları da olmuşdur. Geniş yayılmış şumlama əkinçiliyində dəmir kotan, xış, oraq və s. alətlərdən istifadə olunurdu. Kür sahillərində qiymətli pambıq növləri yetişdirilməsi haqda alban tarixçisi Moisey Kalankatuklu məlumat vermişdir. Dərbənddən Tiflisədək ərazidə boyaq bitkisi olan marena (qızıl boya) yetişdirilirdi. Üzüm məhsulu şərabçılığın inkişafı üçün əlverişli zəmin yaratmışdı. Albaniyanın maldarlıq təsərrüfatı yüksək səviyyədə idi. İlk orta əsrlərdə albanlar yaylaq maldarlığı ilə məşğul olur, yayda mal-qaranı alp çəmənliklərinə qaldırır, qışda düzənliklərə endirirdilər. Burada iri və xırda buynuzlu mal, dəvə və at saxlanılırdı.
Yerli xammal (yun, kətan, ipək, pambıq və s.) əsasında inkişaf etmiş toxuculuq istehsalı sənətkarlığın mühüm sahələrindən birinə çevrilmişdi. Albaniyada ipək, yun, kətan parçalar və yüksək keyfiyyətli xalçalar toxunurdu. Mingəçevir və Beyləqandan arxeoloji qazıntılar zamanı parça və xalça toxuyan dəzgahlar tapılmışdır. Metallurgiya sahəsi yüksək inkişaf səviyyəsinə çatmışdı. Şirvan, Qarabağ, Gədəbəy, Şəki - Zaqatala və başqa bölgələr metal məhsulları istehsalı üzrə mərkəz rolunu oynayırdı. Ən çox inkişaf etmiş sənət sahələrindən biri dulusçuluq idi. Ağac emalı, daşyonma, gön-dəri, şüşə istehsalı və sair sahələr də inkişaf edirdi.
Albaniyada köhnə qədim şəhərlərin - Qəbələ, Naxçıvan, Dərbənd, Şamaxı və b. inkişafı ilə yanaşı, yeni şəhərlərin - Bərdə, Beyləqan, və başqalarının yaranması və şəhər həyatının canlanması prosesi gedirdi
Albaniyanın paytaxtı Partav (Bərdə) şəhəri Yaxın və Orta Şərqin ən böyük ticarət mərkəzlərindən biri olub, İran körfəzi, Orta Asiya, Bizans və Şimali Qafqazı birləşdirən karvan yollarının üzərində yerləşirdi.
Erkən orta əsrlərdə Albaniyanın maddi və mənəvi mədəniyyətində mühüm dəyişikliklərin baş verməsi şəhər həyatının inkişafı, memarlıq abidələrinin inşası və xristian dininin yayılması ilə bağlı idi. Bu dövrdə ölkədə çoxlu qalalar, sədlər, saraylar, kilsə və məbədlər tikilmişdi. Belə abidələrdən arxeolaqların aşkar etdikləri Alazan çayı sahilindəki Torpaqqala, Ağdamdakı Govurqala, İsmayıllıdakı Cavanşir qalası, Gilgilçay, Beşbarmaq və Dərbənd səddləri və b. alban memarlığının çox yüksək səviyyədə olduğunu göstərir. Albaniya dünyada xristianlığın ən qədim mərkəzlərindən biri olduğundan cəmiyyətin mənəvi həyatına bu din güclü təsir göstərmişdi. Albanların öz yazısı, öz təqvimi və məktəbləri var idi. Mingəçevirdən tapılmış alban yazıları xüsusi əhəmiyyətə malikdir. Xaçaltı daşda 62 hərf, qalan abidələrdə (gil şamdanlar, qablar və s.) isə 140-dək hərf işarə olduğu müəyyən edilmişdir.
Albanlar ilk vaxtlar Ay təqvimindən, IV əsrin ortalarından isə İskəndəriyyə məktəbi üçün səciyyəvi olan təqvimdən istifadə edirdilər. Bu təqvimdə ilin başlanğıcı avqustun 29-undan hesablanırdı.
Albaniyada V əsrdə yeni təkmilləşdirilmiş əlifbanın yaranması ilə məktəblərin fəaliyyəti artdı. M.Kalankatuklunun yazdığına görə alban hökmdarı Yesuagen uşaqların məktəblərə göndərilməsi və onlara yazmağın öyrədilməsi, məktəblərdə uşaqlar hətta yeməklə təmin olunması haqqında əmr vermişdi.
Azərbaycanın şimal hissəsində - Albaniyada ilk xristian icmaları eramızın ilk əsrlərinin başlanğıcında, Yerusəlimdən və Suriyadan həvarilərin, apostolların və onların şagirdlərinin buraya gəldikləri vaxtdan meydana çıxdı. Bununla belə xristianlığın 313- cü ildə dövlət dini kimi qəbulu alban hökmdarı Urnayrın adı ilə bağlıdır. Lakin əhali arasında hələ də köhnə inanclar - tanrıçılıq, maniçilik, zərdüştilik qalmaqda idi. Aquen kilsə məclisinin qanunları yeni dinin feodal əsaslarını qaydaya salmaqla yanaşı əvvəlki dinlərin təqib olunmasını qanuniləşdirdi. Xristianlığın yayılmasında təkmilləşdirilmiş alban əlifbasının yaranması, məktəblərin təşkili, Bibliya və digər dini ədəbiyyatın tərcüməsi böyük rol oynadı. Xristianlığın qəbul edilməsi ilə əlaqədar olaraq burada mərkəzi günbəzli və bazilikal sitayiş qurğuları meydana çıxdı. Azərbaycanın şimal-qərbində, Qum kəndində olan bazilika, Böyük Əmili (Qəbələ) və Ləkit (Qax) kəndlərindəki dairəvi məbədlər Azərbaycanın ilk xristian abidələridir.
Azərbaycanın cənub hissəsində - Adurbadaqan vilayətində də xristian kilsələri fəaliyyət göstərirdi. Mənbələrin məlumatına görə Urmiyada, Səlmasda, Marağada, Təbrizdə və başqa cənub şəhərlərində yepiskopluqlar vardı
Albaniyada geniş yayılmış qəbir tiplərindən olub, Mil, Qarabağ və Şirvan düzlərində və dağətəyi bölgələrdə, Kür çayı sahillərində qeydə alınmışdır. Küplərdə dəfn etmə adəti e.ə. I minilliyin ikinci yarısında başlanmış, b.e. VIII əsrinə qədər davam etmişdir. Təsərrüfat küplərindən fərqlənməyən qəbir küpləri məhz dəfn məqsədilə düzəldilirdi. Ölünün başı küpün ağzı tərəfdə qoyulurdu. Küpün içinə xırda əşyalar, ərafına isə iri gil qablar və qurbanlıqlar düzülürdü. Küpün ağzı küp qırığı, yastı daş və ya çiy kərpiclə örtülürdü. Küpün ağzında şər qüvvələrdən təmizlənmək məqsədilə tonqal qalanırdı. Küplərdə adətən tək, bəzən qoşa və hətta üç nəfər dəfn olunurdu. Küplər çox vaxt ağız hissəsi şimal-qərbə tərəf olmaqla böyrü üstə basdırılırdı.
Yeraltı sapma üsulu ilə qazılan qədim sərdabələrdir. Azərbaycanda e.ə. I minilliyin sonlarından məlum olub, türkdilli sarmat və massaget tayfalarının təsiri ilə yayılmışdır. Katakombalar üçün tək, cüt və kollektiv dəfn səciyyəvidir.
Geniş yayılmış ən sadə və qədim qəbir tiplərindəndir. Əsasən dördbucaq və oval formadadır. Ölüləri qəbirə az və ya çox bükülü halda qoyurdular. Bəzən qəbirin eni 2 metr, uzunluğu 4 metr olurdu. Qəbirə məişət əşyaları və qurbanlıqlar da qoyulurdu. Torpaq qəbirlər Mingəçevir, Yaloylutəpə, Qəbələ, Xınıslı, Çıraqlı, Nüydi, Qırlartəpə, Uzunboylar, Torpaqqala, Kiş, Şəmkir və b. yerlərdə aşkar olunub.
Dəfn etmə adəti e.ə. III əsrdən eramızın II əsrinə qədər Azərbaycanın İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı rayonlarında geniş yayılmışdı. Gil təknə və ya tabutlar bir-biri ilə birləşən iki hissədən ibarət olur, divarlarında bir neçə kiçik dəliklər açılırdı. Kiçik gil təknələr böyüklərdən iki qulplu və dəliksiz olması ilə fərqlənirdi. Skeletlər bükülü vəziyyətdə, sol və ya sağ böyrü üstdə qoyulardı. Təknələrdən kənarda gil qablar, içərisində isə bəzək əşyaları aşkar olunur. Qəbirin baş tərəfində dəfn mərasimində yandırılmış odun izləri qalmışdır.
Şamaxı rayonundakı Xınıslı abidəsində aşkar olunmuşdur. Qəbirlərdə meyiti və avadanlığı yerləşdirdikdən sonra onun üstünə ağac düzərək torpaq örtmüşlər. Tədricən ağaclar çürümüş və qəbir narın torpaqla dolmuşdur. Quyu qəbirlər e.ə. IV-I əsrlərə aid edilir.
Xanlar, Mingəçevir və Cəfərxanda aşkar olunmuş qəbir tiplərindəndir (e. ə. I əsr-b.e. II əsri). Bu qəbirlərdə ölülər arxası üstə qoyulurdu. Çiy kərpic qəbirlər türk sarmat-massaget tayfalarının izlərini daşıyır.
Yalnız Mingəçevirdən aşkar olunmuşdur. Azərbaycana türk sarmat tayfalarının gətirdiyi bu qəbir tipi eramızın I-IV əslərinə aid edilir. Bu qəbirlərdə ölülər qoşa dəfn edilir, üz-üzə, bükülü vəziyyətdə, başları cənub-şərqə tərəf qoyulurdu. Dəfn avadanlığı (gil qablar, silahlar, gümüş piyalələr, bəzək əşyaları) taxta qəbirin həm içərisində, həm də kənarında yerləşdirilirdi. Qəbirlər zadəgan zümrəsinə mənsub idi.
Daşişləmə sənətkarlığı Azərbaycanda qədimdən yayılmışdır. Antik və ilk orta əsrlərdə Qafqaz Albaniyası ərazisində yerli əhəngdaşından əhalinin dünyagörüşü əsasında daha çox kişi formasında daş heykəl-bütlər hazırlanırdı. Onlar qədim türk balballarını xatırladır, forma və ölçüsünə görə fərqlənirdi. Xınıslı və Ağdam heykəl-bütləri çox iri, Çıraqlı və Qəribli heykəl-bütləri orta, Nərgizava heykəl-bütü isə kiçik ölçülüdür.