Ərəb qoşunlarının VII əsrin 30-cu illərində Sasanilər dövlətinin əsas şəhərləri yanındakı döyüşlərdə əldə etdikləri qələbələr regionda, o cümlədən Azərbaycanda hərbi-siyasi vəziyyəti dəyişdirdi. 639-cu ildə cənubdan Azərbaycana hücum edən ərəb qoşunu güclü müqavimətə rast gəldi. 643-cü ildə Ərdəbil şəhəri yaxınlığındakı döyüşdə qalib gələndən sonra ərəblər Azərbaycanın cənub torpaqlarının mərzbanı İsfəndiyarla müqavilə bağladılar. Müqaviləyə əsasən, Azərbaycan torpaqları Xilafət tərkibinə daxil edilir, əhali torpaq və müəyyən güzəştlərlə can vergisi ödəyir, onların dini etiqad və adətlərinə toxunmayacaqlarına söz verilir, ərəb qoşununda qulluğa girmək istəyənlər bir il vergidən azad olunurdular. 642-643-ci illərdə ərəb qoşunları Muğanda və Şirvanda, 644-cı ildə Aranda, o cümlədən Beyləqan və Bərdədə güclü müqavimətlə qarşılaşdılar, son nəticədə qalib gələrək, yerli hakimlərlə yeni oxşar müqavilələr bağladılar. 705-ci ildə Albaniyada Mehrani sülaləsinin hakimiyyətinə son qoyulması ilə ərəblər Azərbaycan ərazisinin işğalını başa çatdırdılar. VIII əsr boyu Azərbaycan torpaqlarında baş verən ərəb-xəzər müharibələrində də Xilafət ordusu qələbə əldə edə bilmişdi.
Ərəblər işğal etdikləri ərazilərdə yerli əhali arasında islam dinini təbliğ edir, yalnız bütpərəstlərə qarşı zor işlədirdilər. İslamdan əvvəl Azərbaycanın cənub torpaqlannda zərdüştilik, şimalda Albaniya-Arranda əsasən xristianlıq eləcə də bütpərəstlik və bəzi yerlərdə yəhudilik mövcud idi. Ərəblərin müsəlmanların bərabərliyi haqqındakı şüarları, islamın verdiyi maddi və mənəvi üstünlüklər o cümlədən müsəlmanlardan can vergisinin alınmaması, digər vergilərin azaldılması islamın Azərbaycanın xüsusilə cənubunda nisbətən daha tez yayılmasına şərait yaratdı. Xilafətdə hakimiyyət 750-ci ildə Əməvilərdən Abbasilərə keçən vaxt Azərbaycanın Araz çayından cənubdakı torpaqlarında əhalinin müsəlmanlığı qəbul etməsi prosesi başa çatdı. Ərəblər Tövrata, İncilə ibadət edən yəhudi və xristianların dininə toxunmur, onlardan “cizyə” can vergisi almaqla kifayətlənirdilər. Tarixi Azərbaycan ərazisinin şimalında-Albaniyada xristian kilsəsinə və kitab əhli olan xristianlara da əsasən toxunulmurdu. Lakin ərəblərin rəqibi olan Bizansla əlaqə yaradılacağından ehtiyat edən ərəblər yerli feodalları və kilsə xadimlərini təqiblərə məruz qoymuşdular.
Ərəblər Azərbaycanda canişinlik - valilik idarəetmə sistemini yaratdılar. İşğaldan sonrakı ilk çağlarda ərəblər Azərbaycanı və Arranı, bir sıra digər yerlərlə birlikdə yeni yaratdıqları Ərəb dövlətinin beş vilayətindən bizi etdilər. Vali ilk əvvəl Dəbil bir qədər sonra Bərdə şəhərini özünə mərkəz etdi. Azərbaycanın bu dövrdə sərhədləri şimalda Dərbənddən cənubda Həmədana qədər uzanırdı. VIII yüzilin əvvəlində Xilafətin həyata keçirdikləri inzibati islahat ərəblərin Cənubi Qafqazda işğal etdikləri yerləri vahid inzibati bölgədə, eyni valinin idarəsində birləşdirir. Lakin artıq IX əsrin əvvəllərindən bütün Xilafət ərazisində olduğu kimi Azərbaycan ərazisində də mərkəzi hakimiyyətdən ayrılma prosesi başladı.
Ərəblər Azərbaycanda möhkəmlənmək, özlərinə dayaq yaratmaq, əhalini ərəbləşdirmək və müsəlmanlaşdırmaq məqsədi ilə köçürmə siyasəti yeridirdilər. Suriya, Kufə, Bəsrə və başqa yerlərdən ərəb əhalisi köçürülərək Azərbaycan torpaqlarında yerləşdirilirdi. Bu, IX yüzilin birinci rübündək davam etdi.
725/26-cı ildə Azərbaycanda və Arranda əhali, torpaq, mal-qara və hər cür əmlak siyahıya alındı. Bu zaman daha çox xərac vergisinin yığılmasına diqqət yetirilsə də, əhali üzərinə əlavə vergilər də qoyuldu. Vergilərin nəqd pulla tələb edilməsi Azərbaycanda gümüş və qızılı tamamilə tükəndirmişdi. Vergi siyahıyaalması insanları və bütün ölkəni köləlik boyunduruğu altına salmış və 727-ci ildə dəhşətli aclıq baş vermişdi.
Xəlifə əl Mənsur (754 - 755) və xəlifə Harun ər-Rəşidin dövründə (786 - 809) Azərbaycanın və Aranın əhalisindən alınan vergilərin miqdarı artırıldı: Azərbaycanın cənubundan ildə 4 milyon dirhəm, Muğandan 300 min dirhəm vergi toplanılırdı. Vergi zülmündən qaçan və ya şəhərə köçənlərin mülkiyyəti ərəb və yerli əyanlar tərəfindən mənimsənilirdi.