Midiya (Maday) dövlətinin süqutundan sonra Azərbaycanın cənub torpaqları Əhəməni (Haxamanışi) dövlətinin tərkibinə daxil oldu. Əhəməni imperiyası satraplıqlara (canişinliklərə) bölünürdü. Araz çayından cənubda yerləşən və Kiçik Midiya adlandırılan torpaqların da canişini olmuşdur. E.ə. IV əsrdə satrap Atropat buranı müstəqil idarə edirdi. Əhəməni imperiyası darmadağın edildikdən sonra Atropat, makedoniyalılarla qarşılıqlı münasibətlər yaradaraq, e.ə. 328-ci ildə yenidən satrap vəzifəsinə qaytarıldı. Makedoniyalı Aleksandrın (İsgəndərin) ölümündən (e.ə.323-cü il) sonra imperiyanın parçalanması nəticəsində Kiçik Midiya ərazisi Atropatena adı ilə müstəqil dövlət oldu.
Atropatena Cənubi Azərbaycanın bütün ərazisini və müasir Azərbaycan Respublikasının xeyli torpaqlarını əhatə edirdi. Atropatena Qafqaz, Volqaboyu, Orta Asiya, Hindistan, Kiçik Asiya və Mesopotamiya, eləcə də Qara dəniz və Aralıq dənizi hövzələri ölkələri ilə geniş ticarət əlaqələri saxlayırdı. Daxili ticarətdə dövlətin öz pulları mühüm rol oynayırdı. Е.ə. III yüzildən başlayaraq, Atrоpatеnanın iri iqtisadi mərkəzlərindən olan Еkbatana şəhərində kəsilən qızıl və gümüş sikkələr üzərində Azərbaycanın adı yunan hərflərindən ibarət A.T.P. mоnоqramı = <ATPоpatnνη> şəklində həkk оlunmuşdur.
Məhz “Atropatena” adının əsrlər boyunca transformasiya olunması nəticəsində “Azərbaycan” adı meydana gəlmişdir.
Atropatena Parfiya və Selevkilərə qarşı mübarizədə öz müstəqilliyini qoruyub saxladı. Roma-Parfiya müharibələri dövründə Atropaten Parfiyanın tərəfini saxlayırdı.
Atropatenanın malik olduğu 50 minlik ordunun 40 min nəfərini piyadalar, 10 min nəfərini isə atlı döyüşçülər təşkil edirdi. E.ə. 36-cı ildə Roma triumviri Mark Antoni Parfiyanı və onun müttəfiqi, hökmdarı I Artabazd olan (e. ə. 59 - 20) Atropatenanı işğal etmək üçün böyük yürüşə başladı. Lakin romalılar ağır itkilər verərək, geri çəkilməyə məcbur oldular. Sonralar Atropatenlə Roma arasında qarşılıqlı münasibətlər quruldu.
Atropatenada hökmdar hakimiyyəti irsi idi. Cəmiyyət əyan, kahin (maq), kəndli, sənətkar, tacir və qullardan ibarət idi.
Eramızın 20-ci ilində Atropatena ərazisi Parfiya tərəfindən ələ keçirilmiş, Atropatena dövləti siyasi müstəqilliyini itirərək Parfiyanm tərkibinə qatılmışdı.
Atropatenada matienlər, saqartilər, kadusilər, gellər, utilər, maqlar, kaspilər və başqa tayfalar yaşayırdı.
Atropatenada əhali əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdu. Əkinçilikdə buğda və arpa növləri üstün yer tuturdu. Antik müəlliflər Atropatenada torpağın məhsuldarlığını qeyd edərək yazırdılar ki, burada bir üzüm məhsulundan 40 litrə yaxın çaxır hazırlanır, bir əncir ağacı isə 52 litrdən çox məhsul verir. Antik dövr müəlliflərinin əsərlərində Atropatenada heyvandarlığın, xüsusilə atçılığın geniş yayılması haqqında məlumatlar var. Atropatenanın Kaspiana vilayətində maldarlıq, dəvəçilik və atçılıq geniş yayılmışdı. Kaspilər ovladıqlan balıqları duzlayıb qurudur və Ekbatanaya aparırdılar. Kaspilər balıq yağı hazırlayır, balığın içalatından çox möhkəm yapışqan düzəldirdilər.
Atropatena yüksək inkişaf etmiş sənətkarlıq ölkəsi kimi məşhur olub, müxtəlif sənət sahələrinin inkişafı üçün çox zəngin faydalı qazıntılara malik idi. Ölkədə Qazaka, Fraaspa, Fanaspa, Aqnazana kimi şəhərlər var idi. Atropatenada şəhərlər sənətkarlıq və ticarət mərkəzləri idi. Ölkənin ərazisindən beynəlxalq ticarət yollarının keçməsi daxili və xarici ticarətin inkişafına müsbət təsir göstərirdi. Baktriya (Orta Asiya), Hindistan və Çin malları Ekbatan şəhərinə, oradan ölkənin paytaxtı Qazakaya gətirilir, buradan isə Pont (Qara) dənizinə. Kiçik Asiya vasitəsilə Aralıq dənizi sahillərinə aparılırdı. Ekbatan - Qazaka beynəlxalq ticarət yolu Kaspi (Xəzər) dənizi sahili ilə Albaniyaya, oradan isə şimala doğru uzanırdı.
Ticarətdə puldan geniş istifadə edilirdi. Atropatena ərazisində tapılmış ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. Sonralar ölkədə Makedoniyalı Aleksandrın pullarına oxşatmalar kəsilir, onlar üzərində Atropatena çarları təsvir olunur, adları yazılırdı.
Atropatena zəngin mədəniyyətə malik olmuşdur. Burada yüksək şəhərsalma mədəniyyətinin olduğunu arxeoloji qazıntılar nəticəsində tapılmış şəhər qalıqları sübut edir. Şəhərlər mühüm ticarət yolları üzərində yerləşən oturaq yaşayış məskənlərinin inkişafı nəticəsində, böyük məbədlərin ətrafında yaranır və yaxud hökmdarlar tərəfindən salınırdı. Şəhərlər ölkənin inzibati - iqtisadi və mənəvi-ideoloji mərkəzləri rolunu oynayırdı. Şəhərlərdəki binalarda daş sütunlardan, kirəmitdən geniş istifadə edilirdi. Şərqdə Ellin mədəniyyətinin yayılması nəticəsində Atropatenada da yunan yazısı və dilindən istifadə olunurdu.
Atropatenada əhali zərdüşt dininə sitayiş edirdi. Bu dinin yaradıcısı Zərdüşdün e.ə. VII əsrin ortalarında Azərbaycanda anadan olması və e.ə. 595-ci ildə özünü peyğəmbər elan etməsi haqqında ehtimallar vardır. Zәrdüştiliyin dini-fәlsәfi sistemi üçün dualizm, yəni iki başlanğıcın - Xeyirlә Şәrin, Hәqiqәtlә Yalanın, İşıqla Zülmәtin mübarizəsi səciyyəvidir. Xeyir qüvvələrə Ahura Mazda (sonralar Hörmüz), şәr qüvvәlәrə Anhra Manyu (sonralar Əhrimən) başçılıq edir. Zərdüştiliyin baş məbədi Atropatena ərazisindəki Qazakada yerləşirdi. Baş məbədin mehrablarında daima od yanır və heç vaxt onu sönməyə qoymurdular. Sasanilәr dövründә Atropatena zәrdüştiliyin dayaq mәntәqәsi idi. Sasani şahlarının hakimiyyətə gələrkən ilk piyada ziyarət etdikləri Adurquşnasp atәşpәrәstlik mәbәdi Atropatenada, Şiz şəhərində yerlәşirdi. Zərdüştiliyin dini kitabı olan “Avesta” dini vә mәrasim qanunlarının, kosmoqonik vә esxatoloji tәsәvvürlәrin, müxtәlif tanrılara həsr olunmuş müqәddəs himnlərin, müxtәlif duaların, əxlaqi formaların, mifoloji, epik, әfsanәvi vә başqa materialların nəhәng külliyyatı olmuşdur.