AZƏRBAYCANDA ƏRƏB AĞALIĞINA QARŞI ÜSYANLAR. BABƏKİN BAŞÇILIĞI İLƏ AZADLIQ MÜHARİBƏSİ
Xilafətin Azərbaycanda həyata keçirtdiyi köçürmə, soyğunçu torpaq və ağır vergi siyasəti əhalinin bütün təbəqələrinin haqlı narazılığına səbəb olmuş, artıq mərkəzi hakimiyyət əleyhinə yönəlmiş çıxışlar başlamışdı.
VIII əsrin ortalarında ərəb ağalığına qarşı güclü xalq narazılığı üsyanlara çevrildi. 748-ci ildə ərəb mənbələrində “beyləqanlı” kimi təqdim olunan “Qəssab” ləqəbli Müsafirin başçılığı ilə Beyləqanda başlanmış üsyan Ərdəbilə və Bərdəyə yayıldı. Üsyanda xalqın bütün təbəqələri iştirak edirdi. Üsyançılar Bərdədəki ərəb qarnizonunu məhv edərək Xilafətin canişinini öldürdülər. Əməvilərin göndərdiyi cəza ordusu məğlubiyyətə uğradı. Əməviləri əvəz edən Abbasilər artıq qərbdə Sisyanadək az qala bütün Cənubi Qafqazı bürümüş üsyanı amansızlıqla yatıraraq üsyançılara divan tutdular. Müsafir öldürülür, onun son iqamətgahı – Sisyandakı Kiləb qalası alınır. 752-ci ildə Şəmkirdə, VIII əsrin 90-cı illərində Ərdəbil, Şirvan və Aranda baş vermiş üsyanlar da böyük ordu göndərilməsi hesabına amansızlıqla yatırıldı.
Xilafətə qarşı baş vermiş ən böyük azadlıq mübarizəsi «xürrəmilər»in çıxışları hesab olunur. Tarixdə «xürrəm» anlayışı müxtəlif cür şərh olunur. Əksər alimlər bu anlayışı od, günəşlə bağlayırlar. Orta əsr Azərbaycan filosofu Şəhabəddin Sührəvərdi xürrəmi anlayışının «mənəvi, ilahi işıq» bildirdiyini yazmışdır. İlk dəfə bu hərəkat 778-ci ildə başlamışdır. Xürrəmilərin 808-ci ildə baş vermiş ikinci çıxışı Harun ər - Rəşidin göndərdiyi 10 minlik ərəb ordusu tərəfindən yatırılmışdı.
Ərəb qaynaqlarına görə, 816-cı ildə xürrəmilərin başçısı Cavidanın ölümündən sonra Babək adlı şəxs «Azərbaycan vilayətinin Bəzzeyn dağında meydana çıxdı və onun tərəfdarlarının sayı artdı...». Ərəblərdən narazı olan bütün qüvvələr - xürrəmilər, xristianlar, hətta müsəmanlar da Babəkin ətrafına toplanmışdı. Ərəb mənbələrində «Babəkin ölkəsi» dedikdə «Bəzz, Azərbaycan, Arran və Beyləqan» nəzərdə tutulmuşdur. Babək sayı 300 min nəfərdən çox olan böyük bir quvvəyə malik idi. 823/824-cü ildə döyüşdə qazandığı qələbə nəticəsində Babək Bərdə, Ərdəbil, Naxçıvan, Beyləqan, eləcə də Sunik, Arsak, Uti və Şirvanı azad edərək öz silahdaşı Rüstəmi Azərbaycanın şimal torpaqlarına - Arrana hakim təyin etdi. Babək 829-cu ildə ərəblərin görkəmli sərkərdəsi Məhəmməd ət-Tusinin başçılıq etdiyi 150 minlik ordunu Marağa yaxınlığında Həşdadsər döyüşündə məğlub etdi, ərəb sərkərdəsi öldürüldü. Daha sonra Babək bir neçə ərəb ordusunu ağır məğlubiyyətə uğratdı.830-cu ildə Babək Həmədanı ələ keçirdi və Abbasilərin paytaxtı Bağdadı Mərkəzi Asiya və Qafqazla bağlayan çox mühüm strateji yolu tutdu.
Xəlifə ordularının ağır məğlubiyyətə uğradılması, Azərbaycan kimi çox mühüm ərazinin itirilməsi, Babəkin qələbələrinin digər bölgələrdə də xalqların azadlıq hərəkatını gücləndirməsi xəlifə ƏL-Məmunu qorxuya saldı. Ərəb tarixçisi əl-Məsudi yazırdı: «Babək hərəkatı elə bir əzəmətli həddə çatdı ki, onun təsiri və qoşunlarının sayı o qədər çoxaldı ki, az qala Abbasilər dövlətini məhv edəcəkdi».
Xəlifə əl-Mütəsim böyük xərc və güc hesabına Babəklə müharibənin gedişində dönüş yarada bildi. 833-cü ildə ikinci Həmədan döyüşündə Babək ağır məğlubiyyətə uğradı. Xəlifə Misirdə Bizansla müharibədə ad qazanmış istedadlı sərkərdəsi, türk Afşin Heydər ibn Kavusu Babəkə qarşı vuruşan qoşunlann komandanı təyin etdi. Təkcə 837-ci ildə xəlifə Babəklə müharibəyə 1 milyon dirhəm pul xərclədi. Ağır döyüşlər nəticəsində Afşin xürrəmiləri sıxışdırıb Bəzzə yaxınlaşmağa müvəffəq oldu. Ərəblər mühasirə qurğularından istifadə edərək, Bəzz qalasını ələ keçirdilər. Xəyanət nəticəsində Babək əsir götürüldü. Bəzz döyüşündən sonra xəlifədən Babəkə aman verilməsi haqqında məktub gəldi. Ancaq Babək bu təklifi qətiyyətlə rədd edərək yazmışdı: “...Bircə gün rəhbər kimi yaşamaq, 40 il aciz qul olmaqdan yaxşıdır». 838-ci ildə Babəki Xilafətin əsas şəhəri Samirədə ağır əzablarla edam olundu. Hətta təəssübkeş, Babəki düşmən obrazında təqdim edən dövrün ərəb müəllifləri onun edam zamanı göstərdiyi dözümlülük və mətanətə heyranlıqlarını gizlədə bilməmişlər.
Babəkin başçılığı ilə Xilafətə qarşı aparılmış azadlıq müharibəsi Azərbaycan tarixinin ən şanslı səhifələrindən biridir. Babək üç qitədə yerləşən və dövrün ən güclü dövləti olan Xilafətlə 20 illik müharibədə bu dövlətin dərindən sarsıdaraq zəiflətmiş, Azərbaycan torpaqlarının da Xilafətin əsarətindən azad edilməsi üçün zəmin hazırlamışdı.