• Azərbaycan Atabəyləri dövləti (Eldənizlər dövləti)

    Atabəyləri dövləti

Azərbaycan Atabəyləri dövlətinin yaranması

Sultan I Məlikşahın (1072-1092) ölümündən sonra Səlcuq imperiyasında mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri gücləndi. Dövlət tədricən tənəzzülə uğradı. Sultan Səncərin (1118 - 1157) hakimiyyəti dövründə imperiya ayrı-ayrı müstəqil dövlətlərə parçalanmışdı. Həmin dövlətlər “hökmdar” mənasında işlənən “Atabəy” titulunu daşıyan hökmdarlar tərəfindən idarə olunurdu. Belə dövlətlərdən biri də Azərbaycan Atabəyləri dövləti və ya Eldənizlər dövləti idi.

Azərbaycan torpaqları Böyük Səlcuq imperatorluğundan 1118-ci ildə ayrılan İraq Səlcuq sultanlığının tərkibində idi. Azərbaycan dövlətçiliyinin bərpası və güclənməsi atabəy Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Şəmsəddin İraq Səlcuq sultanlarının sarayında adi qulamdan yüksələrək nüfuzlu əmirlərdən birinə çevrilmişdi. Sultan II Toğrul Şəmsəddinin oğlu Arslan şahın atabəyi-tərbiyəçi təyin etmiş, Naxçıvan və çevrəsini ona iqta olaraq bağışlamışdı. 1136-cı ildə sultan Məsud bütün Aranı iqta olaraq Şəmsəddin Eldənizə bağışlamış, o da Bərdə şəhərini özünə iqamətgah seçmişdi. Mənbələrin yazdığına görə, 1136-cı ildə “Atabəy Şəmsəddin gücləndi, bütün böyük hökmdarları yenərək bir çoxunu özünə tabe etdi, üsyan başçılarını aradan qaldırdı və Arran ölkəsindəki (Azərbaycanın Arazdan şimaldakı torpaqları) qarmaqarışıqlığa son qoydu”. Bununla Azərbaycanda Eldənizlər sülaləsi hakimyyətə gəldi, Azərbaycan Atabəyləri dövləti yarandı.

Şəmsəddin Eldəniz bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirə bilmiş, öz adından pul kəsdirmiş, ilk paytaxtı Naxçıvan şəhəri olmuşdu. Şəmsəddin Eldəniz (1136 - 1175) İraq Səlcuq sultanlığı sarayında böyük nüfuza malik idi və həmin dövlətin də idarə edilməsində yaxından iştirak edirdi.

Azərbaycan Atabəyləri dövlətinin daxili və xarici siyasəti

“Tiflis qapılarından Məkrana qədər” çox geniş ərazilər: Azərbaycan, İraq, Həmədan, Mazandaran, İsfahan, Rey Eldənizlər dövlətinin tərkibinə daxil idi, Xilat, Fars, Mosul və digər hakimlər isə Şəmsəddindən asılı idilər.

1139-cu ildə baş vermiş dəhşətli zəlzələ zamanı əhalisinin çoxusunu itirmiş Gəncə şəhərinə gürcü qoşunları hücum edərək burada qırğınlar törətmiş və məşhur Gəncə qala qapılarını qənimət kimi aparmışdılar.

1161-ci ildə Çar III Georginin başçılığı ilə gürcü və qıpçaq qoşunları Ani şəhərini ələ keçirib, çoxlu müsəlman əhalini qılıncdan keçirtdilər, sonra isə Dvin şəhərində müsəlmanlara qarşı böyük qətllər törətdilər. Şəmsəddin Eldəniz 1163-cü ildə Naxçıvandan yürüşə başlayıb, Dvini (Dəbil) düşməndən geri aldı, sonra isə Gürcüstana yürüş edib döyüşdə və qalib gələrək 10 mindən çox düşməni qılıncdan keçirtdi.

Şəmsəddin Eldəniz 1164-cü ildə düşməni ağır məğlubiyyətə uğradıb Ani şəhərindən qovdu və şəhərin bərpasına başladı. 1174- 1175-ci illərdə o, gürcülərə qarşı yürüşə çıxdı. Gürcülər darmadağın edildi və gürcü çarı qaçmaqla canını qurtardı. Döyüş meydanında gürcülərə aman verməyən Şəmsəddin Eldəniz dinc xristian əhalisinə toxunmurdu.

Eldənizin oğlu, Məhəmməd Cahan Pəhləvan (1172-1186) Həmədandan Naxçıvana gələrək, orduya, xəzinəyə və Azərbaycan taxt- tacına sahib çıxdı. İraq Səlcuq sultanı Arslan şah öldüyünə görə III Toğrulu sultan taxtına çıxartdı, özü isə “böyük atabəy” titulunu daşıyırdıo. O, Azərbaycan və Aranın idarəsini qardaşı Qızıl Arslana verərək Təbrizi Azərbaycan dövlətinin paytaxtı elan etdi, Mosul, İlat, Fars, Xuzistan və digər bölgələrdə sultan III Toğrulun adına xütbə oxunması və pul kəsdirilməsi haqqında əmr verdi. İraq Səlcuq sultanlığında ali hakimiyyəti gücləndirdi, itaət etməyənləri, xüsusilə Əcəm- İraqının əmirlərini yola gətirdi, bacarıqsız sərkərdələri və məmurlari vəzifədən götürdü. Ən önəmli dövlət vəzifələrinə 70 nəfər şəxsi məmlükünü (qulluqçusunu) təyin etdi və hər birinə iqta torpaqları bağışladı. İraq Səlcuq sultanlığını və Azərbaycan taxtını öz hökmü altında saxlamaqla, Bağdadda oturan Abbasi xəlifəsinin dövlət işlərinə müdaxilə etməsinin qarşısını aldı, onun səlahiyyətlərini azaltdı.

Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra hakimiyyət uğrunda övladları, qardaşı Qızıl Arslan və sultan III Toğrul mübarizəyə başladılar. Bu savaşda Qızıl Arslan qalib gəldi və o, Eldənizlər sülaləsindən sultan titulunu götürən ilk hökmdar oldu. Paytaxtı Həmədan olan İraq Səlcuq sultanlığını və Azərbaycan dövlətini idarə etməyə başlayan Qızıl Arslan daxildə siyasi çəkişmələrə son qoymaq üçün Məhəmməd Cahan Pəhləvanın dul arvadı ilə evlənərək qardaşı oğulları ilə barışığa getmişdi. O, 1190-cı ildə sultan III Toğrulu Həmədan döyüşündə məğlubiyyətə uğradaraq Naxçıvanda qalada həbsə atmış və bu yolla əsas siyasi rəqibini zərərsizləşdirmişdi. Qızıl Arslan qısa vaxtda Azərbaycan, Arran, Həmədan, İsfahan, Rey, Fars, Xuzistan üzərində öz hakimiyyətini möhkəmləndirə bilmişdi. Ancaq 1191-ci ildə sui - qəsdçi tərəfindən öldürülmüşdü. Hakimiyyətə Əbu Bəkr (1191-1210) gəlmiş, lakin ölkə daxili çəkişmələr nəticəsində zəifləmişdir. Eldənizlər dövlətinin sonuncu hökmdarı Özbəyin (1210-1225) dövlət tənəzzülə uğramaqda idi.

Bütün bunların nəticəsidir ki, 1220-1222-ci illər ərzindəki monqol yürüşü nəticəsində zəifləmiş Eldənizlərin hakimiyyətinə 1225-ci ildə Xarəzmşah şahzadəsi və sərkərdəsi Cəlaləddin Maqburnu tərəfindən son qoyulmuşdur.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan Atabəyləri dövləti (Eldənizlər dövləti)

© Milli Azərbaycan Tarixi Muzeyi