• Azərbaycan intibah mədəniyyəti (IX - XIII əsrin əvvəlləri)

    Təhsil sistemi

Təhsil sistemi

Babəkin başçılığı ilə azadlıq müharibəsi nəticəsində Xilafətin Azərbaycandan çəkilməsi, dövlətçiliyin yenidən bərpası, səlcuq dövrü və Eldənizlərin hakimiyyəti dövründə baş vermiş siyasi və iqtisadi yüksəliş mədəni sahədə də böyük oyanışa - intibaha səbəb olmuşdur. İntibah dövrü Azərbaycan mədəniyyəti və elmi VIII-IX əsrlərdə ərəb, türk və digər xalqların görkəmli alim və mütəffəkirlərinin yaratdıqları ortaq İslam mədəniyyəti və elmindən bəhrələnmişdir.

Azərbaycan hökmdarları maarif və elmin inkişafına qayğı göstərir, qabaqcıl elm adamlarını saraya toplayır, mədrəsələr açırdılar. Azərbaycanın bütün Şərqdə məşhur olan Gəncə, Bərdə, Marağa, Şamaxı, Dərbənd, Təbriz, Ərdəbil və digər şəhərlərində çoxlu məktəb və mədrəsələr fəaliyyət göstərirdi. İbtidai məktəblərdə “Qurani-Kərim” öyrədilir və müxtəlif elm sahələrinə dair ilkin məlumatlar verilirdi. Mədrəsələrdə dini biliklər və şəriətlə yanaşı məntiq, Şərq dilləri və müxtəlif təbiət elmlərinin öyrənilməsinə xüsusi diqqət yetirilirdi.

İntibah dövrünün parlaq şəxsiyyətlərindən olan Xətib Təbrizi (1030 - 1109) təhsilini Təbrizdə, sonra Suriyanın Numan məscidi nəzdindəki mədrəsədə almış, Bağdadda “Nizamiyyə” mədrəsəsində 40 ildən çox müddət ərzində dərs demişdir. O dövrdə dünyanın ən böyük elm və təhsil ocağı - universiteti sayılan həmin mədrəsədə Xətib Təbrizi akademik İ.Kraçkovskinin sözləri ilə deyilsə, “ədəbiyyat kafedrasının professoru” olmuş, İslam dünyasında dilçilik və ədəbiyyatşünaslıq sahəsində ensiklopedik biliyə malik ən görkəmli alimlərdən biri idi. “Nizamiyyə” mədrəsəsində mühazirələr oxumuş digər azərbaycanlı tarixçi Fəxrəddin Əbül Fəzl olmuşdur.

Elm

Bağdadın Nizamiyyə mədrəsəsində təhsil almış böyük alim və şair Ömər Gəncəvi dilçilik və ədəbiyyatşünaslığa dair qiymətli araşdırmaların müəllifidir. Məşhur Mövlanə Cəlaləddin Ruminin dostu və həkimi Əkmələddin Naxçıvani öz dövründə “həkimlərin ağası” və “dünya həkimlərinin başçısı”adını almışdı. XII əsrdə təbib Mahmud ibn İlyas xəstəliklərin müalicəsi və əczaçılıq haqqında ensiklopedik əsər yazmışdır. XI - XII yüzilliklərdə təbabət sahəsində məşhur olan Kafiəddin Ömər ibn Osman Şamaxının Məlhəm kəndində Tibb mədrəsəsi və müalicəxana açaraq insanlara xidmət etmiş və çoxlu təbib yetişdirmişdir. Astronom Fazil Fəridəddin Şirvani XII əsrdə bir neçə qiymətli ulduz cədvəli tərtib etmişdi. İbn Sinanm tələbəsi olmuş böyük Azərbaycan filosofu Bəhmənyar əl-Azərbaycani Şərq və qədim yunan fəlsəfəsini dərindən öyrənməklə dünya fəlsəfə fikrinin inkişafına böyük töhvə verən fikirlər irəli sürmüşdür. Panteist görüşlərinə görə 32 yaşında öldürülən Eynəlqüzzat Miyanəçi XI-XII əsrlərdə çox qiymətli fəlsəfi əsərlər yaratmışdır. XII - XIII əsrin əvvəllərində Alban mədəniyyətinin görkəmli nümayəndəsi Gəncə sakini Mxitar Qoş Bizans və Alban kilsə qanunları əsasında “Qanunnamə”, “Alban salnaməsi” əsərlərini qələmə almışdı.

Ədəbiyyat

VIII əsrdə meydana çıxmış və intibah dövründə oğuz yurdu olan Azərbay-canda, Xəzər dənizindən Diyarbəkirə və Qara dənizədək geniş yayılmış “Kitabi-Dədəm Qorqud” qəhrəmanlıq dastanı bütövlükdə türklüyün tərcümeyi-halı olub, möhtəşəm bir abidə hesab edilir.

IX-XII əsrlərdə şair və mütəfəkkirlər Təbriz, Şirvan və Gəncədə fəaliyyət göstərən Azərbaycan ədəbi məktəblərinin əsasını qoymuşdular.

XI əsrdə yaşamış şair Qətran Təbrizi Azərbaycan saray ədəbiyyatının lk görkəmli nümayəndəsi sayılır. Onun ədəbi irsi "Tövsnamə", "Quşnamə", "Vamiq və Əzra" adlı əsərlər, habelə əsasən qəsidələrdən ibarət iri həcmli “Divan”daQətran Təbrii fars leksikoqrafiyası tarixində ilk izahlı lüğətin müəllifi olmuşdur. Qətran Təbrizinin yetirməsi, böyük istedad və yüksək əxlaq sahibi olan Əbülüla Gəncəvi (1096 - 1159) Şirvanşahlar sarayına gəldikdən sonra burada böyük nüfuz qazanmış və “Məlük-üş-şüara” (“şairlərin hökmdarı”) adını almışdır.

Şirvan ədəbi məktəbini Əbülüladan sonra onun şagirdi Əfzələddin Xaqani Şirvani idarə etməyə başlamışdı. İntibah ədəbiyyatının ən görkəmli şairlərindən biri olan Xaqani (1121 -1199) farsdilli Azərbaycan ədəbiyyatına yeni üslub, təmtəraqlı obrazlar və bədii təsvir vasitələri gətirmiş, nəinki Azərbaycanda, bütün Şərqdə qəsidə janrı üzrə intibah ədəbiyyatının ən uca zirvəsini fəth etmişdir. Xaqani Azərbaycan ədəbiyyatında ilk poema yazan şair kimi məşhurdur.

XI əsrdə Məsud ibn Namdarın ərəb və əcəm (fars) dilləri ilə yanaşı, türkcə şeirlər yazması haqqında mənbələrdə məlumatlar vardır. Şair Mücirəddin Beyləqani Eldənizlər sarayında xidmət etmiş, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslana şeirlər həsr etmişdir. XII əsrdə şair Qivami Gəncəvi şeirlərində humanist insan idealı yolunda əngələ çevrilən cahilliyə, riyakarlığa, ədalətsizliyə və natəmizliyə qarşı üsyan edirdi. Şair Fələki Şirvani ömrünü nücum (astrologiya), riyaziyiyyat elmlərinin inkişafına həsr etmişdir. Onun şeirlər toplusu olan “Divan”ı təkcə bədii keyfiyyətləri ilə deyil, dövrün tarixi hadisələrini real şəkildə işıqlandırmaq baxımından da seçilir. XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, yüksək poetik istedad sahibi qadın şairə Məhsəti Gəncəvi (1089 - 1183) idi.

Azərbaycanın intibah ədəbiyyatı Nizami Gəncəvi (1141 -1209) yaradıcılığı ilə özünün ən yüksək zirvəsinə ucaldı. Ümumdünya mədəniyyətinin ən nadir simaları sırasında öz əzəməti ilə ucalan Nizami Gəncəvi Şərq və dünya poeziyasının inkişafına güclü təkan vermişdir. Yaxın və Orta Şərqin ən böyük sənətkarları yüzillər boyu dahi Nizaminin tükənməz poeziyasının təsirindən çıxa bilməmiş, onun poeziya xəzinəsindən bəhrələnmiş və ən yaxşı əsərlərini böyük ustada ithaf etmişdir. Nizaminin ölməz beş kitabı; “Xəmsə”si (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərmamə”) onu dünya mədəniyyətinin dahiləri sırasma çıxardığı kimi, şairi yetirən xalqa da dünya şöhrəti gətirmişdir.

Memarlıq

İntibah dövründə Azərbaycan memarlığının bir neçə məktəbi formalaşmışdır. Onlar sırasında Dövrümüzə qədər çatmış Şirvan-Abşeron, Naxçıvan-Marağa və Aran memarlıq məktəbləri xüsusilə fərqlənir. Naxçıvan-Marağa məktəbi mükəmməl keramik-kaşı fasad işləmələri, Şirvan-Abşeron məktəbi hamar divar səthi və memarlıq elementlərinin plastik işləmələrinin kontrastı, Arran memarlıq məktəbi isə kərpic işləmələri ilə fərqlənir. Dövrümüzə qədər çatmış klassik dini tikililər sırasında Bakıdakı 1078/79-cu ilə aid “Sınıqqala” məscidi (Məhəmmədin məscidi) və Ərdəbilin Came məscidini göstərmək olar. IX-XIII əsrin əvvəllərində Azərbaycan memarları şəhərsalmanın inkişafı ilə bağlı əzəmətli saraylar və qəsrlər, karvansaralar, körpülər və türbələr ucaldırdılar. Bakıdakı Qız qalası, Şamaxıdakı Gülüstan qalası, Ağsu çayı sahilindəki Buğurd qalası, Naxçıvandakı Əlincə-qala, Lerikdəki Oğlanqala, Abşerondakı Mərdəkan qalası və digər tikililərin hər biri dünya memarlığının nadir inciləri sayılır. Abşeron abidələri içərisində möhtəşəmliyi ilə seçilən Bakıdakı Qız qalasını memar Məsud Davudoğlu Xəzər sahilində böyük bir qaya üzərində ucaltmışdır. Orijinal quruluşa maliki olan bu qala 28 metr hündürlüyündədir. Müdafiə qurğuları içərisində Abşeronda 1187-ci ildə kvadrat planda tikilmiş Mərdəkan qəsrini və 1204-cü ildə inşa edilmiş dairəvi baş bürclü Mərdəkan qalasını xüsusilə qeyd etmək olar.

İntibah dövrü Azərbaycan memarlığının ən görkəmli nümayəndəsi XII əsrdə yaşamış memar Əcəmi ibn Əbubəkr idi. Sağlığında “mühəndislər şeyxi” adını, almış Əcəmi Naxçıvan memarlıq məktəbinin əsasını qoymuşdu. O, özündən əvvəlki ənənələrimizi daha da zənginləşdirərək riyazi hesablamalar əsasında mürəkkəb memarlıq kompleksləri yaratmışdı. Yusif ibn Küseyr və Möminə Xatın türbələrində kufi xətlə yazılmış kitabələrlə mürəkkəb həndəsi naxışlar əsasında, yaradılmış misilsiz bəzək ahəngdarlığının yaradılması memarlıq sənətinin çox böyük nailiyyətidir. Memar Əcəminin 1162-ci ildə “Şeyxlərin başçısı” Yusif ibn Küseyrin şərifinə ucaltdığı türbə ikiqatlı olub, keyfiyyətli bişmiş kərpicdən inşa edilmişdir.

İntibah memarlığının ən möhtəşəm abidələrindən biri Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin 1027-ci ildə Araz çayı üzərində saldırdığı məşhur Xudafərin körpüsüdür. On beş aşırımlı bu nadir sənət abidəsi əsrlər boyunca-Azərbaycanın şimalı ilə cənubu arasında iqtisadi və hərbi - siyasi əlaqələrin qurulmasında mühüm rol oynamışdı.

Dekorativ tətbiqi sənət

İntibah dövründə yaşayan Azərbaycan ustaları metal məmulatları hazırlamaqda çox mahir idilər. Metaldan hazırlanıb, üzərinə müxtəlif, təktarolunmaz bəzəklər vurulmuş, müxtəlif növ qablar və silah nümunələri bir incəsənət nümunəsi kimi dəyərlidir. Belə sənət nümunələrindən biri də Gəncənin məşhur qala qapılarıdır. Gəncə qapılarını Şəddadi nəslindən olan Azərbaycan hökmdarı Əbuləşvar Şavurun göştərişi ilə məşhur usta İbrahim Osmanoğlu 1063-cü ildə düzəltmişdi. Bu nadir sənət incisi dəhşətli 1139-cu ii zəlzələsindən istifadə edib Gəncə şəhərinə hüçum edən gürcü işğalçıları tərəfindən qənimət kimi aparılmışdır.

XI - XIII əsrin əvvəllərində Azərbaycanda tətbiqi incəsənətin əsas növünü bədii tərtibatlı dulusçuluq (keramika) təşkil edirdi. Beyləqan, Şamaxı, Qəbələ, Gəncə, Naxçıvan, Təbriz bu «dövrün əsas dulusçuluq mərkəzləri idi.

Xalçaçılıq və bədii üsulla parçaların hazırlanması intibah dövründə Azərbaycanın dekorativ tətbiqi incəsənətində özünəməxsus yet tuturdu

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan intibah mədəniyyəti (IX - XIII əsrin əvvəlləri)

© Milli Azərbaycan Tarixi Muzeyi