Abbasilər xilafətinin tənəzzülü dövründə Azərbaycanda ilk yaranan dövlət Şirvanşahlar dövləti oldu. Şirvana hakimlik edən ərəb mənşəli Məzyədilər sülaləsinin nümayəndəsi Heysəm ibn Xalid xəlifə əl-Mütəvəkkilin öldürülməsindən sonra Bağdadda baş verən qarışıqlıqdan istifadə edərək 861-ci ildə “Şirvan işlərində müstəqilləşdi”.
O, Məzyədilərin “şirvanşah” titulunu qəbul etmiş ilk nümayəndəsi oldu, Şirvan şəhərini paytaxt elan etdi. Heysəmin qardaşı, qonşu Layzan vilayətini idarə edən Yəzid isə Layzanşah oldu. Heysəmin nəvəsi II Heysəm Şirvanşahlar dövlətinin sərhədlərini möhkəmləndirdi. Onun oğlu Əli ibn Heysəmin dövründə baş verən hadisələr, o cümlədən rusların 913-914-cü illərdə Bakı sahillərinə hücumu, hərbi uğursuzluqlar sirvanşahın nüfüzunu sarsıtdı.917-ci ildə artıq öz mülklərini cənubda Kür çayına, şimalda az qala Samuradək genişləndirə bilmiş Layzanşah Əbu Tahir Yəzid “şirvanşah” titulunu da mənimsədi. 918-ci ildə qədim Şamaxı şəhərini bərpa etdirərək paytaxtı bura köçürtdü.
981 - 984-cü illərdə Şirvanşah Məhəmməd ibn Əhməd Qəbələ, Bərdə, Şabranın ilhaqı ilə dövlətin ərazisini genişləndirdi. 1066-ci ildən başlayaraq Səlcuqilərin Arran və Şirvana müdaxiləsi nəticədə Şirvanşahları vassal tabeliyinə salsa da onun zəiflədə bilmədi; artıq XI əsrin sonunda Şirvandan siyasi yüksəklişin başlanğıcı nəzərə çarpırdı Qafqaz dağları ilə Xəzər dənizi arasındakı keçiddə yaranmış və ərəb köklü Haşimilərin idarə etdiyi Dərbənd əmirliyinin XI əsrin 70-ci illərində nəhayətki, Şirvanşahlar dövlətinə birləşdirilməsi isə çox böyük hadisə oldu. Qədim türk yurdu olan və mənbələrdə “Dəmir qapı” adlandırılan Dərbənddə Şirvanşahlar böyük quruculuq işlərinə başladılar. Dərbənddən sonra Xursan və Tabasaran torpaqları da şirvanşahlara tabe olmuş, Şəki və Sənariyyə hakimləri isə asılı vəziyyətə salınmışdı. Şirvanın bu yüksəlişi XII əsrədək davam etdi. XII yüzildə Şirvanşahlar dövləti özünün çiçəklənmə dövrünə qədəm qoydu. XIII əsrin əvvəllərində baş verən monqol hücumları paytaxt Şamaxının dağılmasına səbəb oldu. Şirvanşahlar monqolların hakimiyyətini qəbul etsələr də dövlətçiliyi qoruyub saxlaya bildilər. XIV əsrin ortalarında Şirvanşahların istiqlal mübarizəsi Şirvanın müstəqilliyini təmin etdi. Həmin əsrin axırlarında Şirvanşah I Şeyx İbrahim ölkəyə hücum etmiş Qızıl Orda xanı Toxtamışa qarşı cənubdan Şərq ölkələrini zəbt edib irəlləməkdə olan Əmir Teymurla ittifaqa girdi. XV əsrin əvvəlində Qarabağ, Şəki və Ərdəbil hakimləri ilə sazişə girən I İbrahim Teymurilərə qarşı birlik yarada bilsə də, Azərbaycanı birləşdirə bilmədi. Bütün XV əsr boyu Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin hakimiyyətləri dövrlərində Şirvan vilayəti Şirvanşahlar tərəfindən idarə olunurdu. Paytaxt Şamaxı Yaxın və Orta Şərqin ən böyük sənətkarlıq və ticarət mərkəzlərindən biri idi. XV əsrin ikinci yarısı Azərbaycanda Səfəvilərin güclənməsi ilə əlamətdardır. Sülalənin başçısı I İsmayılın hücumu Şirvanşah Fərrux Yasarın qoşununun Gülüstan qalası yanındakı qanlı döyüşdə məğlubiyyəti, şahın öldürülməsi ilə nəticələndi. 1501-ci ildə Bakı Səfəvi qoşununun əlinə keçdi. Müstəqilliyini itirən Şirvan 1538-ci ildə Səfəvilər dövlətinin tərkibinə daxil edildi.
X əsrdə Dərbənd, Bakı, Şamaxı və Şabran şəhərləri mühüm ticarət mərkəzlərinə çevrilmişdi. Dövrün ərəb müəllifi Əl-Müqəddəsi yazırdı ki, Bakı bu bölgənin yeganə dəniz limanıdır. IX - XI əsrlərdə Bakıda çoxlu neft çıxarılırdı. Neftdən hərbi işdə, təsərrüfatda, məişətdə və müalicə işində geniş istifadə edilirdi.
Ərəb Xilafətinin zəifləməyə və parçalanmağa başladığı IX əsrin xüsusi ilə ikinci yarısında Azərbaycan ərazisində Sacilər sülaləsinin yaratdığı yeni dövlət meydana gəldi. Bu sülalə öz adını Mərkəzi Asiya (Usruşana) köklü türk sərkərdəsi Əbussac Divdad Sacdan götürmüşdür. Sacilərin Azərbaycanda Xilafət nümayəndəsi canişin kimi fəaliyyəti 889-cu ildən başlayır. 898-ci ildə bu sülalənin nümayəndəsi Məhəmməd ibn Əbusac Cənubi Qafqazın ərəb valisi təyin edilir. İlk paytaxtı Marağa şəhəri olmuşdur .
Onun qardaşı Yusif ibn Əbu Sacın (901-928) hakimiyyəti dövrü Azərbaycan dövlətçiliyinin yüksəliş dövrü hesab olunur. Paytaxt Ərdəbilə köçürülür. 902-ci ildən Yusif öz adına gümüş pul (dirhəm) kəsdirmişdi. Sacilər dövlətinin sərhədləri cənubda Zəncanadək, qərbdə Ani və Dvindən, şərqdə Xəzər dənizinədək böyük bir ərazini əhatə edirdi. Bu ərazidə olan yerlərin (Şirvan, Şəki, Xaçın, Sünik və b) hakimləri Sacilərə vergi ödəyirdilər. Azərbaycan formal olaraq Xilafət sərhədləri daxilində qalsa da, Sacilər daxili və xarici siyasətlərində tam müstəqil hərəkət edirdilər. Hətta Yusif ibn Əbu Sac artıq 912/913-cü ildən Bağdada xərac göndərməyi dayandırmışdı.Onun siyasi fəaliyyətinin ən önəmli cəhətini bütün Azərbaycan torpaqlarını birləşdirməsi təşkil edir.
Dövlətin qərb sərhədlərində Bizans ekspansiyasına qarşı mübarizə aparılırdı. Azərbaycan Ərdəbil, Marağa, Zəncan, Qəzvin, Muğan, Dvin, Təbriz, Bərdə kimi önəmli şəhərlərə malik idi. Ölkənin illik gəliri 4,5 milyon dirhəmə çatmışdı. Lakin Sacilər dövlətinin güclənməsi, Yusifin müstəqil siyasət yürütməsi Xilafəti narahat edirdi. Yusifdən sonra onun xələflərinin siyasi fəaliyyəti xaricdən olan təhlükənin aradan götürülməsinə doğru yönəlmişdi. 937-938-ci illərdə Deyləm hakiminin Azərbaycana olan hücumlarının qarşısı alınsa da artıq bir neçə ildən sonra – 941-ci ildə Sacilərin Azərbaycandakı hakimiyyətinə son qoyulur. Sacilər sülaləsinin itaətində olan Azərbaycan torpaqları Deyləmdən olan Salarilərin tabeliyinə keçdi.
941-ci ildə Azərbaycanda Sacilər dövlətinin son nümayəndəsi olan Deysəm taxtdan salınmış və Deyləmdən olan Salarilər sülaləsi hakimiyyətə gəlmişdi. Sülalənin ilk nümayəndəsi, Deyləm hakiminin oğlu Salar Mərzban ibn Məhəmməd Azərbaycanın cənubunu, sonra qısa müddətdə bütün ərazisini öz hakimiyyəti altında birləşdirdi. Mərzbanın dövründə dövlətin xəzinəsinə daxil olan illik verginin miqdarı 500 min dinara çatırdı. Salarilər dövründə Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başlamışdı.
Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Mərzban ibn Məhəmməd Azərbaycanın şimal - qərb torpaqlarını, o cümlədən Şirvanşahlığın ərazisini özünə tabe edib, Dərbənd şəhərinə yiyələnmişdi. Dövlətin ərazisi şimalda Dərbənddən başlayaraq cənubda Dəclə və Fərat çaylarının yuxarı axarlarınadək, şərqdə Gilan da daxil olmaqla Xəzər sahilindən qərbdə Kartli - Kaxeti, Dvin, Vanətrafı torpaqlaradək uzanırdı.
X əsrin əvvəllərində Xəzər xaqanlığının getdikcə zəifləməsi şəraitində bölgədə İtil (Volqa) çayı ilə gəmiçiliklə məşğul olan, xəz dərilərini “isti ölkələrin” tacirlərinə satan ruslar quldurluq və basqınlarla məşğul olmağa başladı. Rusların 909-910-cu və 913-914-cü illər basqınları Xəzər sahilindəki ərazilərə böyük fəlakətlər gətirmişdi. 943-944-cü ildə ruslar tərəfindən Bərdə şəhərinin tutulması və burada minlərlə insanın öldürülməsi nəinki Azərbaycanda, hətta bütün islam dünyasında böyük həyəcanla qarşılanmışdı. Altı aylıq işğaldan sonra şəhər Salarilər qoşunu tərəfindən azad edilir. X əsrin 70-ci illərində artmış feudal çəkişmələri və yerli hakimlərin müstəqillik cəhdləri Salarilərin tabeliklərində olan torpaqların bir hissəsinin itirmələrinə, bu torpaqların Rəvvadilər və Şəddadilər dövlətləri tərkibinə daxil edilməsinə səbəb oldu.
Azərbaycanın siyasi tarixində X yüzilin sonundan başlayaraq təqribən bir əsr ərzində Rəvvadilər dövləti mühüm rol oynamışdır. Mənbələrə görə Ərəb köklü Rəvvadi nəsli 775-ci ildən Təbrizdən az sonra Babəki Xürrəminin istinadgahı olmuş Bəzz şəhərinədək olan yerlərə hakimlik edirdi. Bu nəslin nümayəndəsi Ravvad əl-Əzdi və oğulları quruculuq işləri apararaq Təbrizi kiçik bir kənddən böyük, abad, qala divarları ilə əhatə olunmuş şəhərə çevirmişdilər. Bu nəslin nümayəndələrindən olan Əbülheyca 981-ci ildə Salari hökmdarı İbrahimin başçılıq etdiyi qoşunu məğlub edərək nəhayət Azərbaycan taxtına oturdu. Təbriz Rəvvadilərin paytaxtı oldu. Rəvvadilər Azərbaycanın cənub torpaqlarını öz idarəsi altına aldıqdan sonra Muğanı da asılı vəziyyətə sala bilmişdilər. Hökmdar Vəhsudanın hakimiyyəti dövründə (1020 - 1059) Xorasanda məskunlaşmış oğuzların Azərbaycana axınları başlamışdı. Qəznəvilərə qarşı üsyan qaldırmış və 1028-ci ildə Azərbaycanda sığınacaq tapmış 2000 oğuz ailəsini (10000 nəfərdən çox əhali) Vəhsudan dostcasına qarşılamış, onlara yerləşmək üçün torpaq vermişdi. Vəhsudan Azərbaycanı zəbt etməyə çalışan Bizans imperiyasına qarşı müharibədə oğuzların gücündən istifadə etmək istəyirdi.
1054/1055-ci ildə Səlcuq sultanı Toğrul bəy Azərbaycana yürüş edərək Təbrizə daxil olanda, Vəhsudan ona tabe olmuşdur. Beləliklə, Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatılır, az sonra isə imkan düşən kimi asılılıqdan azad olmağa cəhd göstərən Rəvvadilər hakimiyyətdən uzaqlaşdırıldılar.
Şəddadi nəslinin əsasını qoymuş Məhəmməd ibn Şəddad ibn Qurtaq Dvin və Ani bölgələrində məskunlaşmış tayfalara başçılıq edir, bölgənin hərbi- siyasi həyatında fəal rol oynayırdı. Şəddadilər sülaləsinin ilk müstəqil hökmdarı 971-ci ildə Gəncə şəhərinin idarəsini ələ ala bilmiş onun oğlu Ləşkəri (971-978) olmuşdur. Arranın Bərdə, Şəmkir, Naxçıvan və başqa şəhərləri, habelə Dəbil və ətrafdakı torpaqlar da özlərinə arranşah adlandıran Şəddadilərin hakimiyyəti altına keçmişdi. 986-cı ildə hakimiyyətə gələn Fəzl ibn Məhəmməd (985/986-1030/1031) uğurlu yürüşlər nəticəsində Beyləqan, Xaçın, Sünik, Gorus, Taşir və Tiflisə qədər olan əraziləri öz dövlətinə qatmışdı. 1026/1027-ci ildə Şəmkir yaxınlığındakı döyüşdə o, abxaz -gürcü qoşunu üzərində qələbə qazanımş, 1030-cu ildə isə şimaldan təhlükə yaradan alanları məğlubiyyətə uğratmışdı. I Fəzl ibn Məhəmməd 1027-ci ildə Araz çayı üzərində hərbi və ticarət əhəmiyyəti daşıyan Xudafərin körpüsünü saldırmışdı. Görkəmli Azərbaycan şairi Qətran Təbrizinin qəsidəsində “Arranşah” adlandırdığı II Ləşkəri (1034-1049) Bizans başda olmaqla, xristian feodallarının təşkil etdiyi ittifaqın hücumlarını uğurla dəf etmiş, 1046 - 1047-ci illərdə səlcuqların Gəncəyə hücumunun qarşısını almışdı. Əbüləsvar Şavurun dövründə (1049/1050 - 1067) şirvanşahlar asılı vəziyyətə salınmış, Bizansa qarşı savaşlarda uğur qazanılmışdı. Səlcuqların bölgədə böyük güc sahibinə çevrilməsini nəzərə alan Şavur sultan Toğrulun vassalı olmağa razılıq versə də, ikinci səlcuq sultanı Alp Arslanın müttəfiqi olmuşdur.
Sultan Alp Arslan 1065-ci ildə Ani şəhərini Bizansdan alıb Əbüləsvar Şavura vermiş, Şəddadilərin Anidəki hökmranlığı 130 il davam etmişdi. Bu sülalənin Dəbildəki (Dvin) hakimiyyətinə 1130-cu ildə Səlcuqlar tərəfindən son qoyulmuşdu. Şəddadilərin dövründə Azərbaycanda sənətkarlıq, ticarət və şəhərlər inkişaf etmişdi. Şəddadi hökmdarı Şavur Gəncə şəhərinə xüsusi diqqət yetirirdi. O, şəhərin ətrafında xəndəklər qazdırmış, hasarlar çəkdirmiş və 1063-cü ildə möhkəm qala qapıları düzəltdirmişdi (usta İbrahim ibn Osman).