Xilafətin dağılması ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpası, Səlcuq imperiyasının parçalanması ilə Eldənizlər (Atabəylər) sülaləsinin Azərbaycanda hakimiyyət sürməsi ölkəmizin təsərrüfat həyatının dirçəlişinə gətirib çıxartdı. O dövrün tarixi mənbələrində Azərbaycan Şərqin ən inkişaf etmiş ölkələrindən biri kimi təsvir olunur. X əsr ərəb müəllifi əl-İstəxri Azərbaycan haqda yazırdı: “Orada elə bolluqdur ki, kimə danışsan özü onun şahidi olmasa, bu bolluğu inkar edir”. Ərəb müəllifi İbn Havqəl qeyd edirdi ki, Azərbaycanda hər yer “buğda zəmiləri ilə örtülmüşdür..., hər cür nemətlə zəngindir və Allahın xeyir - bərəkəti ilə doludur. Meyvələri çox ucuz, ərzaq məhsulları isə, demək olar ki, havayıdır”. XII - XIII əsrlərin müəllifi Yaqut əl-Həməvi yazırdı ki, Azərbaycan “çox böyük yer və əzəmətli məmləkətdir”.
Azərbaycanda kənd təsərrüfatının əsas sahəsi əkinçilik idi. Burada dənli bitkilər (buğda, arpa, çəltik, darı və s.), habelə müxtəlif texniki bitkilər (pambıq, kətan və s.) əkilib becərilirdi. Kür və Araz çayları boyunca yerləşən torpaqlarda, Şirvanda və Şəkidə əhali daha çox taxılçılıqla məşğul olurdu. Dərbənd ətrafında zəfəran və kətan, Şəki və Lənkəran bölgəsində isə çəltik növləri becərilirdi. Azərbaycanda yetişdirilən zəfəran daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilirdi. Kənd təsərrüfatında bostan və tərəvəz bitkiləri yetişdirilməsi və bağçılıq mühüm yer tuturdu. Dövrün mənbələrinin məlumatına görə, Azərbaycanda olan gözəl və dadlı meyvələr dünyanın başqa yerlərində yox idi. Təbriz bağlarını sulamaq üçün 900-dən çox kəhrizin suyu kifayət etmirdi. Muğanda, Şirvanda bol üzüm yetişdirilirdi. X yüzildə Azərbaycana gələn səyyahlar, demək olar, bütün şəhərlərində üzümün bol olduğunu, onun yaş və qurusunun Yaxın Şərq ölkələrinə aparıldığını qeyd edirdilər.
IX - XIII əsrlərdə Azərbaycanda ən çox inkişaf etmiş təsərrüfat sahələrindən biri də ipəkçilik idi. Şəki, Şirvan, Bərdə və başqa bölgələrdə ipəkçilik əhalinin əsas məşğuliyyət sahəsinə çevrilmişdi.
Kənd təsərrüfatının əsas sahələrindən biri maldarlıq idi. Azərbaycanda yaylaq - qışlaq maldarlığı əsas yer tuturdu. Maldarlar iribuynuzlu mal - qara, qoyun, dəvə və at saxlayırdılar.
Ölkə daxilində iqtisadi əlaqələr genişlənmiş və xarici ölkələrlə ticarət əlaqələri canlanmışdı. Sənətkarlıq və ticarət mərkəzləri kimi yeni şəhərlər meydana gəlmişdi. Ərəb müəllifləri Azərbaycanda Bərdə, Gəncə, Ərdəbil, Təbriz, Bakuyə (Bakı), Şəki, Nəşavə (Naxçıvan), Şamaxı, Beyləqan, Marağa, Dərbənd və başqaları da daxil olmaqla, 50-dək şəhər adını çəkmişlər. X əsr Azərbaycan şəhərlərindən danışarkən, Arran vilayətinin əsas şəhəri Bərdəni xüsusi qeyd edir, onu “Arranın anası, bu diyarın gözü” adlandırırlar. Əl-İstəxri yazırdı: “İraq və Xorasan arasında Rey və İsfahandan sonra Bərdədən daha böyük, daha məhsuldar, daha yaxşı mövqeyi olan şəhər yoxdur”. İbn-Havqəl isə xələfinin bu sözlərinə “ Rey və İsfahandan sonra ondan daha yaxşı təsərrüfat sahələri, bazarlarından tutmuş mehmanxanalarına, karvansaralarına, binalarına, əmlak və ticarətinə kimi daha böyük şəhər yoxdur” sözlərini əlavə etmişdir. O, Bərdədə ipəkdən çoxlu məhsullar hazırlandığını və xaricə ipək ixrac olunduğunu da göstərmişdir. Əl-İstəxrinin “Ərdəbildən daha böyük” şəhər hesab etdiyi Bab əl-Əbvab-Dərbənd ölkənin ən iri liman şəhəri idi. Dərbənd kətan istehsalı üzrə Cənubi Qafqazda yeganə toxuculuq mərkəzi hesab olunurdu. Dərbənd sənətkarlarının kətan parçadan hazırladıqları müxtəlif paltarlar satış üçün xarici ölkələrə göndərilirdi. Bərdənin Kürkiy, Ərdəbilin Kulsərə bazarları kimi Dərbənd bazarı bütün Şərqdə məşhur idi. Şəhər həm də təmizliyi və məişət mədəniyyəti ilə seçilirdi. Azərbaycanın Bərdə, Gəncə, Şamaxı və digər böyük şəhərlərində olduğu kimi burada da çirkli suları kənara axıtmaq üçün xüsusi tünglərdən quraşdırılmış təmizlik sistemi yaradılmışdı.
Ərəb müəlliflərindən əl-İstəxri, İbn-Havqəl və əl-Müqəddəsi Ərdəbili Cənubi Azərbaycanın ən böyük və əsas şəhəri, adlandırırlar. X əsrdə cənub bölgəsində Ərdəbildən sonra böyüklüyünə görə Marağa və Urmiya şəhərləri gəlirdi. Təbriz şəhəri X əsrin sonunda Rəvvadilərin dövründə paytaxt olduqdan sonra Azərbaycanın ən böyük şəhərlərindən birinə çevrilmişdi. Bu şəhər, Azərbaycanın daxili ticarət və beynəlxalq karvan yollarının qovşağında yerləşirdi. Əl-Müqəddəsi Təbrizin Mədinət əs-Salamdan-Bağdaddan daha üstün şəhər olduğunu qeyd etmişdir. Ərəb səyyahı “gözəlliyinin həddi olmayan”, qiymətləri ucuz, meyvələri bol olan Təbriz şəhərini “saf qızıla” bənzədir, onu “nadir kimya, alınmaz şəhər” hesab edirdi. Təbriz sənətkarlarının toxuduğu xalçalar, atlas, xətayi, tafta və başqa ipək parçalar dünya bazarlarında əlbəəl gəzirdi. Eldənizlərin əsas pul zərbxanalarından biri Təbrizdə yerləşirdi. Yaqut əl-Həməvi Təbrizi “Azərbaycanın ən məşhur şəhəri” adlandırmışdır.
IX - XI əsrlərdə Bakı şəhərinin də iqtisadi əhəmiyyəti yüksəlirdi. Ərəb səyyahı əl-Məsudi Bakını “Şirvan məmləkətinin neft çıxan torpağı və sahil şəhəri” adlandırmışdı. Bakının “ağ və başqa növ neft mədənləri”ndən danışan əl- Məsudi “dünyada buradan başqa ağ nefti çıxan başqa bir yer” olduğuna şübhə ilə yanaşırdı. XI - XIII əsrlərdə Bakıdan Azərbaycan şəhərlərinə və qonşu ölkələrə neft və duz ixracı xeyli genişlənmişdi.
Azərbaycanda şəhər əhalisinin əsas məşğuliyyət sahəsi sənətkarlıq və ticarət idi. Şəhərlərdə eyni peşədən olan sənətkarlar birliklər- qardaşlıqlar yaradırdılar. Dulusçular, dabbaqlar, boyaqçılar, dəmirçilər, silahqayıranlar və başqaları ayrı-ayrı qardaşlıqlarda birləşmişdilər.
XII - XIII əsrlərin əvvəllərində ölkədə kənd təsərrüfatı, sənətkarlıq və ticarət öz yüksəliş dövrünü yaşayırdı. Eldənizlərin hakimiyyəti dövründə Gəncə, Naxçıvan, Beyləqan, Təbriz, Şamaxı şəhərlərinin Azərbaycanın iqtisadi həyatında rolu xeyli artmışdı. Bu şəhərlərin hər birində on minlərlə, hətta bəzilərində 100 min nəfərdən çox əhali yaşayırdı. Eldənizlər dövründə Gəncədə bir neçə yüz min nəfər əhalinin yaşaması haqqında mənbələrdə vardır. Gəncə Azərbaycanın böyük ipəkçilik və mühüm dulusçuluq mərkəzlərindən biri idi, dünyanın bir çox ölkələrinə xam ipək, ipək və pambıq parçalar və s. ixrac olunurdu. Naxçıvan böyük sənətkarlıq və ticarət mərkəzi idi.
Eldənizlər dövründə Beyləqan şəhərində 40 min nəfərə yaxın əhali yaşayırdı. Şəhərdə toxuculuq, boyaqçılıq, silahqayırma, dulusçuluq və s. kimi otuzdan çox sənət və peşə növü inkişaf etmişdi. Şəhərdə bir neçə bazar var idi. Eldənizlərin pul zərbxanalanndan biri Beyləqanda yerləşirdi.
Azərbaycanın mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri Şamaxı şəhəri idi. Şamaxıda 100 minə yaxın əhali yaşayırdı. Şamaxı Azərbaycanın ipəkçilik mərkəzlərindən biri idi. Dərbənddən Gəncəyə və Bərdəyə, həmçinin Azərbaycanın cənub bölgələrinə gedən karvan yolları Şamaxıdan keçirdi. Şirvanın xam ipəyini, növbənöv zərif ipək parçalarını almaq üçün dünyanın hər yerindən buraya tacirlər gəlirdi. Xam ipək Qərbi Avropa ölkələrinə (İtaliya, Fransa və b) ixrac olunurdu.
Bu dövrdə daxili iqtisadi əlaqələrin genişlənməsində gəmiçilik böyük rol oynayırdı. Urmiya gölünün qərb və şərq sahilləri arasında daim gəmilər üzürdü. Mənbələrin verdiyi məlumata görə, Kür çayının Bərdədən Xəzər dənizinə qədər olan hissəsində gəmilər gedib - gəlirdi. Azərbaycamn xarici dəniz ticarəti isə Xəzər dənizi vasitəsilə həyata keçirilirdi.
Bu dövrdə Azərbaycanda iki böyük beynəlxalq bazar var idi. Avropada belə bazarlar yarmarka adlanırdı. İlin müəyyən vaxtlarında belə bazarlara dünyanın bir çox yerlərindən tacirlər axışıb gəlirdi. Azərbaycanın birinci beynəlxalq bazarı "Arranın anası" Bərdədəki əl-Kürkiy bazarı idi. Əl-İstəxri, İbn-Havqəl və əl-Müqəddəsinin məlumatlarına görə, təxminən 1 kvadrat fərsəx (6-7 kvadrat kilometr) böyüklüyündə olan əl-Kürkiy bazarında dünyanın müxtəlif ölkələrinin tacirləri qızğın alver edirdilər. Bu bazar xalq arasında o qədər məşhur idi ki, həftənin bazar gününü “əl-Kürkiy günü” adlandırırdılar. Azərbaycanın ikinci böyük beynəlxalq bazarı Ərdəbil - Marağa ticarət yolunun üstündə yerləşən Kulsurə (Gülsəra) bazarı idi. Hər ayın əvvəlində açılan Kulsurə bazarına gələn xarici tacirlər buradan Azəraycanda, Hindistanda və başqa ölkələrdə toxunmuş ipək parçalar, qızıl - gümüş, misgərlik məmulatları, ətir, mal - qara və s. alıb aparırdılar. İbn-Havqəlin yazdığına görə, bu bazarda bir dəfəyə yüz min baş qoyun - quzu satılırdı.
İbn-Hövqəlin verdiyi məlumata görə, Azərbaycandan Reyə gedən ticarət yolu üzərində yerləşən Xunəc gömrükxanasının illik gəliri 100 min dinar olmuşdur, bu gəlir ildə 1 milyon dirhəm artıb- azalırdı. Bu qədər böyük gəlirə təəccüblənən ərəb səyyahı dünyanın başqa heç bir ölkəsində “buna tay ola biləcək şey” olmadığını xüsusi qeyd etmişdi.
XI - XIII əsrin əvvəllərində kənd təsərrüfatı, sənətkarlıq və ticarətin inkişafı əmtəə - pul münasibətlərinin geniş miqyas almasına əlverişli şərait yaratmışdı. Bu dövrdə ayrı-ayrı Azərbaycan hökmdarlan öz adlarından pullar kəsdirirdilər. Tədavüldə əvvəllər qızıl dinar və gümüş dirhəmlərlə yanaşı mis fəlslər işlənilsə də, artıq XI-XII əsrlərdə bütün Şərqi, o cümlədən Azərbaycanı bürüyən gümüş böhranı ilə əlaqədar pul dövriyyəsində əsas yeri mis pul-fəls tuturdu.
Beləliklə, arxeoloji tədqiqatların nəticələri ilə təsdiq olunan yazılı mənbələr ərəb işğalı, xəzər yürüşləri, yerli əhalinin Xilafətə qarşı çıxışları və s. ilə əlaqədar iki əsrdən çox davam edən iqtisadi durğunluq sonra Azərbaycanda şəhərlərin, sənətkarlığın və ticarətin inkişaf etməyə başıadığını göstərir. Bu yüksəliş baş verən müxtəlif hadisələrə baxmayaraq tariximizin XII yüzilliyində Azərbaycanda xüsusilə şəhər həyatının səviyyəsinin bütün orta əsrlər tarixi ərzində ən yüksək səviyyəyə çatdığını nümayiş etdirir.