• Azərbaycan Böyük Səlcuq imperiyasının tərkibində

    Böyük Səlcuq imperiyası

Azərbaycan Böyük Səlcuq imperiyasının tərkibində

XI əsrin 40-cı illərində Azərbaycanın həm şimalında (Arranda), həm də cənubunda möhkəmlənən səlcuqilar Bizans və onun müttəfiqlərinin Azərbaycana qarşı yönələn yürüşlərinin qarşısını almış. 1055-ci ildə sultan Toğrulun qoşunları Bağdada daxil olub, bütün İraqı ələ keçirərək, Abbasilər Xilafətini asılı vəziyyətə saldılar. Sultan Toğrul xəlifəni müsəlman dünyasının dini başçısı kimi tanıdı. Xəlifə isə onu bütün “Şərqin və Qərbin hökmdarı” elan etdi.

Səlcuq yürüşləri dövründə Azərbaycanın Araz çayından cənubdakı torpaqları Rəvvadilər, şimal - şərq torpaqları Şirvanşahlar, Şimali Azərbaycanın digər hissəsi və Şərqi Anadolunun bəzi əraziləri Şəddadilər tərəfindən idarə edilirdi. Səlcuqilər Rəvvadilər və Şəddadiləri hakimiyyətədən məhrum etmiş, dövlətlərini ləğv etmişdilər. 1066-cı ildə şirvanşahların vassal asılılığına salınmasından sonra bütün Azərbaycan torpaqları Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil olmuşdu.

Sultan I Toğrulun vəfatından sonra hakimiyyətə Alp Arslan (1063-1072) gəldi. O, Qafqazı ələ keçirdi, Orta Anadoluyadək irəlilədi. Hələb yürüşü zamanı Bizans imperatoru IV Roman Diogenin Azərbaycan istiqamətində yürüşə başlaması xəbərini alaraq geri döndü. Bizans hökmdarı Azərbaycan və İran torpaqlarını işğal etmək planlarını gizlətmirdi. 1071-ci il avqustun 26-da Malazgird döüyüşündə Alp Arslan qalib gəldi, Bizans imperatoru əsir düşdü. Bu döyüş dünya tarixində dönüş nöqtəsi oldu. Malazgird döyüşündən sonra Səlcuq imperiyasının təsir dairəsi şərqdə Qaşqardan qərbdə Aralıq dənizinədək, şimalda Qafqazdan cənubda Yəmənə qədər böyük ərazini əhatə edirdi.

Səlcuq axınları ilə bağlı olaraq oğuz-türk tayfaları bütün Cənubi Qafqazda və Ön Asiyada başlıca etnik və siyasi qüvvəyə çevrildi. Bu amil Yaxın və Orta Şərqin bütün sonrakı taleyində mühüm rol oynadı. Avropa feodallarının Şərq torpaqlarına işğal məqsədilə təşkil etdikləri Səlib yürüşləri zamanı səlibçilərə sarsıdıcı zərbələr endirən səlcuq türkləri Yaxın və Orta Şərqin siyasi xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişməsinə imkan vermədilər. Onların Cənubi Qafqazda möhkəmlənməsi Bizans və onun müttəfiqləri olan gürcü və erməni feodallarının Azərbaycanın qərb torpaqlarını ələ keçirmək qəsbkarlıq planlarını puça çıxardı. Türklük və islam amilləri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qəti olara möhkəmləndi. Səlcuqların hakimiyyəti dövründə iqtisadiyyat və sənətkarlıq inkişaf etmiş, şəhərlər böyümüş, feodal rentasında pul sisteminin rolu artmışdır. Səlcuqilərin hərb sistemi öz üstünlüyü ilə qonşu dövlətlərdən fərqlənirdi. Səlcuq imperiyası dövründə türk xaqları yenidən öz əvvəlki qüdrətini bərpa etmiş, İslam dünyasının və İslam mədəniyyətinin inkişafının yeni mərhələsinə yol açmışdır.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan Böyük Səlcuq imperiyasının tərkibində

© Milli Azərbaycan Tarixi Muzeyi