Məktəb və mədrəsələr. Monqol hücumları Azərbaycan mədəniyyətinə mənfi təsir göstərsə də, onu inkişafdan saxlaya bilmədi. Azərbaycan Şərqin əsas elm və mədəniyyət mərkəzlərindən biri olaraq qalırdı. Təhsil sisteminin əsasını məktəb və mədrəsələr təşkil edirdi. Məktəb əsasən ibtidai təhsil verirdi. Burada şagirdlərə yazmağı və oxumağı öyrədirdilər. Əsas diqqət şəriət dərslərinə, Quranın oxunuşuna, Şərq ədəbiyyatının öyrənilməsinə yönəldilirdi. Orta təhsil müəssisələri mədrəsələr idi. İri şəhərlərin hər birində mədrəsələr mövcud idi. XIII - XIV əsrlərdə Təbrizdə Qazaniyyə, Qiyasiyyə, Fələkiyyə, Məqsudiyyə, Nəsriyyə adlı mədrəsələr vardı.
Təbrizdə Rəb-i Rəşidi mədrəsəsi Şərqin ən iri universitetləri sırasında. Təbrizin Rəb-i Rəşidiyyə məhəlləsində Hülakü hökmdarı Qazan xanın vəziri Fəzlullah Rəşidəddin tərəfindən yaradılmış ali mədrəsə Bağdaddakı Nizamiyyə mədrəsəsindən sonra Şərqdə ikinci ali təhsil ocağı idi. Faktiki olaraq universitet olan bu ali mədrəsədə təbiətşünaslıq, tarix, fəlsəfə, təbabət, ilahiyyət, astronomiya və başqa şöbələr fəaliyyət göstərirdi. Universitetdə 500-ə qədər alim dərs deyir, 7 min tələbə oxuyurdu. Tələbələrin 6 min nəfəri müxtəlif müsəlman ölkələrindən gəlmişdi. Rəb-i Rəşidiyyə məhəlləsində tədris binaları ilə birlikdə alim və tələbə məhəllələri, 60 min kitaba malik böyük bir kitabxana yerləşirdi. Təbrizdəki Dar əş-şəfa hospitalında Misirdən Çinə qədər ərazilərdən dəvət olunmuş ən yaxşı həkimlər çalışır, eyni zamanda tibb fakultəsinin tələbələrinə dərs deyirdilər Təbriz yaxınlığında inşa edilmiş ikinci böyük qəsəbə Şam-Qazandakı ikinci böyük kitabxana bütün Şərqin qiymətli kitablar xəzinəsi hesab olunurdu.
Elmin inkişafı. 1259-cu ildə Marağada Nəsirəddin Tusinin rəhbərliyi ilə açılmış rəsədxana və XIV əsrin əvvəlində Şam - Qazanda tikilmiş rəsədxana Şərqdə astronomiya elminin mərkəzlərinə çevrilmişdi. Marağa rəsədxanası Avropada elmin inkişafına, eləcə də Səmərqənddəki Uluqbəy və Pekin rəsədxanalannm elmi fəaliyyətinə müsbət təsir göstərmişdi.
Marağa rəsədxanasının fəaliyyətində əvəzsiz rol oynayan Nəsirəddin Tusi (1201 - 1274) Hülakü xanın məsləhətçisi, Abaqa xanın isə vəziri olmuşdu. O, ”Zic Elxani” (“Elxani cədvəlləri”),”Təhriri - Öqlidis” (“Evklidin şərhi”) əsərləri ilə elmə böyük töhfələr vermişdir. O, planetlərin hərəkətinə dair çox dəqiq cədvəllər hazırlamış və demək olar bütün planetlərin ölçülərini hesablamışdı. Onun ”Əxlaqi - Nasiri” əsəri yüz illər boyu Şərq ölkələrinin məktəblərində dərslik kimi istifadə olunmuşdur. Böyük alimin qəbri üzərində “Elm ölkəsinin şahı” sözləri yazılmışdır.
Hülakülər dövlətinin baş vəziri Fəzlullah Rəşidəddinin məşhur “Came ət- təvarix” (“Tarixlər toplusu”) əsərində dünya və Azərbaycan tarixinə diqqət yetirilmişdir.
Coğrafiya sahəsində Zəkəriyyə Qəzvininin, Həmdullah Qəzvininin və Əbdürrəşid Bakuvinin əsərlərini xüsusilə qeyd olunurdu. Dilçilik sahəsində Hinduşah Naxçıvani və onun oğlu Məhəmməd Naxçıvani daha çox tanınırdılar.
Memarlıq. Abşerondakı Mərdəkan dairəvi və dördkünc qalaları, Nardaran, Ramana qalaları, Təbrizdə Elxani vəziri Tacəddin Əlişahın tikdirdiyi “Əlişah məscidi” (sonralar “Ərk qalası” kimi tanınmışdır), Naxçıvandakı Gülüstan türbəsi, 1305 - 1313- cü illərdə Sultaniyyədə tikilmiş Olcaytu Xudabəndə türbəsi, Bərdə türbəsi (1322), Qarabağlar kəndindəki memarlıq kompleksində Qoşaminarəni birləşdirən Baştağ türbəsi XIII - XIV əsrlərin çox qiymətli memarlıq abidələridir.
Musiqi sənətinin inkişafında Səfiəddin Urməvinin (1230-1294) və Əbdülqadir əl- Marağayinin (1353-1445) əvəzsiz xidmətləri olmuşdur. Marağayi ilk dəfə muğamların təsnifatını vermişdir.